Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  fevral 2016

Yehovaya sevinclə xidmət edin

Yehovaya sevinclə xidmət edin

ƏN XOŞBƏXT gününüzü yadınıza salın. Ola bilsin, bu, toy gününüz, ilk övladınızın dünyaya gəldiyi gündür. Yaxud da həyatınızı Yehovaya həsr etdiyinizin rəmzi kimi vəftiz olunduğunuz gündür. Çox yəqin ki, siz bu günü həyatınızın ən vacib və xoşbəxt günü hesab edirsiniz. Yehovanı bütün qəlbinizlə, varlığınızla, ağlınızla və gücünüzlə sevdiyinizi bəyan etməyiniz həmimanlılarınızı da çox sevindirmişdi (Mark 12:30).

Sözsüz ki, vəftiz olunandan bəri Yehovaya xidmət etmək sizə böyük sevinc bəxş edib. Ancaq bəzi müjdəçilər bir vaxtlar duyduqları sevinci itirmişlər. Buna səbəb nədir? Nəyə görə bundan sonra da Yehovaya sevinclə xidmət etmək olar?

SEVİNCİ İTİRMƏYİN SƏBƏBLƏRİ

Padşahlıq xəbəri bizə sevinməyə əsas verir. Bu xəbərə Yehova Allahın şər dünyaya tezliklə son qoyacağı, yeni dünya yaradacağı daxildir. Üstəlik, Səfənya 1:14 ayəsi bizi əmin edir: «Yehovanın möhtəşəm günü yaxındır. O gün yaxındır və böyük sürətlə gəlir». Lakin əgər bizə elə gəlirsə ki, həmin gün gecikir, onda bir vaxtlar ürəyimizdə olan sevinc tükənə bilər və bu səbəbdən xidmətdən soyuya bilərik (Məs. 13:12).

Allahın xalqı ilə xoş ünsiyyət Yehovaya sevinclə xidmət etmək üçün bizə stimul verir. Ola bilsin ki, bizi həqiqi ibadətə Yehovanın xalqının nümunəvi davranışı cəlb etmiş və Yehovaya sevinclə xidmət etməyə təşviq etmişdi (1 But. 2:12). Bəs əgər hansısa həmimanlımız Allahın qanununu pozduğuna görə töhmət alarsa, onda necə? Belə halda Yehovanın xalqının gözəl davranışına görə həqiqətə gələn insanlar məyus olub sevinclərini itirə bilərlər.

Şeytan dünyasının reklamları da bizim sevincimizi boğa bilər. Müəyyən şeylər bizə qətiyyən lazım olmadığı halda Şeytan öz dünyası vasitəsilə bizi inandırmağa çalışır ki, onlarsız keçinə bilmərik. Amma yaxşı olardı ki, İsanın sözlərini yadımızdan çıxarmayaq: «Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz» (Mət. 6:24). Mümkün deyil ki, biz həm Yehovaya sevinclə xidmət edək,  həm də bu dünyadan bacardığımız qədər çox istifadə etməyə çalışaq.

FƏRƏHİMİZ BİZİ XİLAS EDƏN ALLAHDIR

Yehovanı sevənlər üçün Ona xidmət etmək ağır deyil (1 Yəh. 5:3). Yadınızdadırsa, İsa Məsih demişdi: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər. Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Mət. 11:28—30). Məsihi boyunduruğu insana təravət və sevinc verir. Həmçinin Yehovaya xidmət etməyin özü böyük xoşbəxtlikdir. Bəli, bizim fərəhimiz bizi xilas edən Allahdır (Həb. 3:18). Gəlin bunun üç vacib səbəbini nəzərdən keçirək.

Bizə həyat verən, xoşbəxt Allaha ibadət edirik (Həv. 17:28; 1 Tim. 1:11). Biz başa düşürük ki, mövcudluğumuza görə Yaradana borcluyuq. Buna görə də, vəftiz olunmağımızın üstündən nə qədər vaxt keçirsə-keçsin, yenə də Ona sevinclə xidmət edirik.

Ektor Padşahlıq ümidini yadda saxlayaraq və fəal xidmət edərək sevincini qoruyur

Yehovaya 40 il səyyar nəzarətçi kimi xidmət etmiş Ektor qardaşın nümunəsinə baxaq. O, qocalsa da, hələ də bar verir (Zəb. 92:12—14). Həyat yoldaşı xəstə olduğu üçün Ektor artıq Yehovaya çox xidmət edə bilmir. Ancaq bu, onun sevincini əlindən almayıb. O deyir: «Həyat yoldaşımın səhhətinin pisləşməsi məni çox kədərləndirir. Ona qulluq etmək asan deyil. Amma qoymuram ki, bu, məni xidmətdə duyduğum sevincdən məhrum etsin. Həyatımı Yehovaya, insanı müəyyən niyyətlə yaradan Allaha borclu olduğumu bilmək bəs edir ki, Onu ürəkdən sevim, Ona can-dildən xidmət edim. Mən çalışıram, təbliğ işində fəal olum və sevincimi itirməmək üçün Padşahlıq ümidi düşüncələrimdə əsas yeri tutsun».

Yehova xoşbəxt yaşamağımız üçün fidyə qurbanlığı verib. Həqiqətən də, «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəh. 3:16). Bəli, Allahın Məsih vasitəsilə verdiyi fidyə qurbanlığına iman etməyin sayəsində günahlarımız bağışlanır və əbədi yaşamağa ümidimiz olur. Məgər buna görə Allaha şükür etməyə dəyməz? Fidyəyə görə minnətdarlığımız bizi Yehovaya sevinclə xidmət etməyə təşviq etməməlidir?

Xesus həyatını sadələşdirdi və uzun illər Yehovaya sevinclə xidmət etdi

Meksikada yaşayan Xesus adlı qardaş demişdi: «Mən işimin qulu idim. Hərdən dalbadal beş  növbə işləyirdim. Bunu etməyə məcbur deyildim, sadəcə çox pul qazanmaq istəyirdim. Sonra Yehova haqqında, Onun bəşəriyyət üçün Oğlunu qurban verdiyi barədə öyrəndim. Ürəyim Ona xidmət etmək istəyi ilə alışıb-yandı. Həyatımı Yehovaya həsr etdim. 28 il işlədiyim şirkətdən çıxıb tammüddətli xidmətə başlamaq qərarına gəldim». Atdığı bu addımın sayəsində Xesus qardaş uzun illər sevinclə Yehovaya xidmət etdi.

Gətirdiyimiz bəhrə kədər yox, sevinc bəxş edir. Yehovanı tanımazdan qabaq həyatınızın necə olduğu yadınızdadır? Həvari Bulus Romadakı məsihilərə xatırlatmışdı ki, «vaxtilə günahın qulu» idilər, amma sonra «salehliyin qulu» oldular. Onlar əbədi həyata yol açan müqəddəslik bəhrəsi gətirirdilər (Rom. 6:17—22). Biz də əxlaqsızlığın, zorakılığın acı nəticələrindən azad olan təmiz, müqəddəs həyat yaşayırıq. Bu da sevinmək üçün bir səbəbdir.

«Yehovaya xidmətdə keçirdiyim illər həyatımın ən xoşbəxt illəridir» (Xeymi)

Bir vaxtlar ateist və təkamülçü olan Xeymi boksla da məşğul olurdu. O, yığıncaqlara gəlməyə başladı. Orada gördüyü məhəbbət ona böyük təsir bağışladı. Həyat tərzini dəyişmək üçün Xeymi Yehovaya dua edirdi. Ondan diləyirdi ki, iman etməyə ona kömək etsin. Xeymi deyir: «Tədricən Yehovanın mərhəmətli Allah, mehriban Ata olduğunu gördüm. Yehovanın adil qayda-qanunları məni hifz etdi. Dəyişməsəydim, keçmiş boks yoldaşlarımdan bəziləri kimi, yəqin mən də artıq həyatda olmazdım. Yehovaya xidmətdə keçirdiyim illər həyatımın ən xoşbəxt illəridir».

TƏSLİM OLMAYIN!

Bu şər dünyanın sonunu gözlədiyimiz bir vaxtda bizdə hansı əhval-ruhiyyə olmalıdır? Unutmayın, biz ruh üçün əkirik, buna görə də əbədi həyat biçəcəyik. «Odur ki, gəlin yaxşı iş görməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik» (Qal. 6:8, 9). Yehovanın köməyilə gəlin dözümlü olaq, böyük müsibətdən sağ çıxmaq üçün lazım olan keyfiyyətləri yetişdirək və hətta çətinliklər vaxtı da Yehovaya sevinclə xidmət edək (Vəhy 7:9, 13, 14; Yaq. 1:2—4).

Əmin ola bilərik ki, dözümlü olduğumuz üçün mütləq mükafat alacağıq. Allah bizim çəkdiyimiz zəhmətdən, Ona və adına bəslədiyimiz məhəbbətdən agahdır. Əgər bundan sonra da Yehovaya sevinclə xidmət etsək, Davud padşah kimi deyəcəyik: «Yehovanı daim gözümün önündə saxlayıram, sağımda durub, əsla sarsılmaram! Buna görə qəlbim sevinir, bütün varlığım şadlanır. Arxayın yaşayıram» (Zəb. 16:8, 9).