Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) FEVRAL 2016

Yehovaya sadiq qalın

Yehovaya sadiq qalın

«Qoy Yehova səninlə mənim, sənin nəslinlə mənim nəslim arasında həmişə şahid olsun» (1 İŞM. 20:42).

NƏĞMƏ: 125, 62

1, 2. Nəyə görə Yonatanın Davudla dostluğu gözəl sədaqət nümunəsidir?

YONATAN heyrət içindədir. Davud gənc ola-ola o boyda Calutun qarşısına çıxıb. İndi isə əlində həmin o filiştlinin başı Yonatanın atası Talut padşahın qarşısında durub (1 İşm. 17:57). Yonatan Davudun cəsarətinə valeh olub. O, aydın görür ki, Allah Davudladır. Buna görə də Yonatanın qəlbi Davuda bağlanır. Onlar əhd-peyman bağlayırlar, çünki Yonatan onu öz canı kimi sevir (1 İşm. 18:1—3). O, ömrünün sonuna qədər Davuda sadiq qalır.

2 Allahın Yonatanı yox, Davudu İsrailin növbəti padşahı seçməsinə baxmayaraq, Yonatan Davuda sadiq idi. Talut Davudu öldürmək istəyəndə Yonatan onun üçün narahat olmuşdu. Həmin vaxt Davud Xoreşdə, Yəhudiyyə çöllüyündə gizlənirdi. Yonatan ora gedib dostuna ürək-dirək verdi. O, Davudun «Yehovaya inamını möhkəmləndirdi». Ona dedi: «Qorxma... İsrailin padşahı sən olacaqsan, mən də səndən sonra ikinci adam olacağam» (1 İşm. 23:16, 17).

3. Yonatan üçün Davuda sadiq qalmaqdan vacib nə idi və bunu haradan bilirik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

 3 Demək olar ki, hamı sədaqətə yüksək dəyər verir. Ancaq biz sadəcə Yonatanın Davuda olan sədaqətinə valeh olub onun Allaha sədaqətinə fikir verməsək, vacib məqamı nəzərdən qaçırarıq. Yonatanın Davuda rəqib kimi yox, dost kimi baxması səbəbsiz deyildi. Onun üçün həyatda yüksək pilləyə qalxmaqdan daha vacib şey var idi. Xatırlayırsınızsa, o, Davudun Yehovaya inamını möhkəmləndirmişdi. Bundan aydın olur ki, Allaha sədaqət Yonatanın ürəyində birinci yerdə idi. Onun Davuda sədaqətinin də əsasında məhz Yehovaya sədaqət dururdu. Onların hər ikisi: «Qoy Yehova səninlə mənim, sənin nəslinlə mənim nəslim arasında həmişə şahid olsun», — deyə içdikləri anda sadiq qaldılar (1 İşm. 20:42).

4. a) Bizə əsil məmnunluğu və sevinci nə gətirir? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?

4 Biz məsihilər sadəcə başqalarının sadiqliyinə valeh olmuruq, biz özümüz də ailə üzvlərimizə, dostlarımıza və həmimanlılarımıza sadiqik (1 Salon. 2:10, 11). Ancaq bizə həyat verən Kəsə sədaqət ürəyimizdə birinci yerdə olmalıdır (Vəhy 4:11). Bəli, Allaha sədaqət bizə həqiqi sevinc və məmnunluq bəxş edir. Allaha sadiq qalmaq üçün hətta çətin sınaqlar zamanı belə Ondan üz döndərməməliyik. Bu məqalədə nəzərdən keçirəcəyik ki, Yonatanın nümunəsi dörd vəziyyətdə Allaha sadiq qalmağa bizə necə kömək edə bilər: 1) səlahiyyətli şəxs hörmətə layiq olmayanda, 2) iki od arasında qalanda, 3) bizi səhv başa düşəndə və ya haqsızlıqla qarşılaşanda, 4) sədaqətlə şəxsi istəklərimiz toqquşanda.

SƏLAHİYYƏTLİ ŞƏXS HÖRMƏTƏ LAYİQ OLMAYANDA

5. Nəyə görə Talutun hakimiyyəti dövründə İsrail xalqı üçün Allaha sadiq qalmaq çətin idi?

5 Allah Yonatanın atası Talutu padşah olmaq üçün məsh etsə də, sonralar itaətsizlik göstərəndə onu rədd etdi (1 İşm. 15:17—23). Lakin Allah Talutu dərhal taxtdan salmadı. Onun pis əməlləri həm təbəələrinin, həm də yaxın adamlarının həyatını ağırlaşdırdı. «Yehovanın taxtında» oturan padşah özbaşınalıq etdiyindən onlar üçün Allaha sadiq qalmaq çətin idi (1 Saln. 29:23).

6. Yonatanın Yehovaya sadiq qaldığı nədən görünür?

6 Yonatan Yehovaya sadiq qaldı. Atası Talut ilk dəfə itaətsizlik edəndə görün Yonatan nə etdi (1 İşm. 13:13, 14). Ondan əvvəl İşmuil peyğəmbər demişdi: «Yehova Öz böyük adı naminə xalqını atmayacaq» (1 İşm. 12:22). Yonatan bu vədə inandığını göstərdi. Həmin vaxt filiştlilərin 30 000 cəng arabası İsrailin üstünə gəlmişdi. Talutun cəmi 600 döyüşçüsü var idi. Ən betəri isə o idi ki, təkcə onun və Yonatanın silahı var idi! Yonatan silahdarı ilə birgə filiştlilərin keşikçi dəstəsi tərəfə getdi. O dedi: «Yehova istəsə, az adamla da, çox adamla da qurtuluş verər, Ona heç nə mane ola bilməz». Bu iki nəfər keşikçi dəstəsindən iyirmiyə qədər adam qırdı. Sonra «yer titrədi. Allah hamının canına vəlvələ saldı». Çaxnaşmaya düşən filiştlilər bir-birini qılıncdan keçirməyə başladılar. Beləliklə, Yonatanın Allaha imanı sayəsində israillilər qələbə qazandı (1 İşm. 13:5, 15, 22; 14:1, 2, 6, 14, 15, 20).

7. Yonatan atası ilə necə davranırdı?

7 Talutun Yehova ilə münasibətləri pisləşsə də, Yonatan mümkün olduğu qədər  atasına tabe olurdu. Məsələn, onlar Allahın xalqını müdafiə etmək üçün birgə döyüşmüşdülər (1 İşm. 31:1, 2).

8, 9. Səlahiyyət sahiblərinə hörmət etdikdə Allaha sadiq olduğumuzu necə göstəririk?

8 Biz də mümkün olduğu qədər, hətta hörmətə layiq olmayanda belə, hökumətə tabe olmaqla Yonatan kimi, Yehovaya sadiq qala bilərik. Məsələn, ola bilsin, dövlət məmuru rüşvətxordur, ancaq biz onun mövqeyinə hörmət etməliyik, çünki Yehova bizdən hökumətə tabe olmağı tələb edir. (Romalılara 13:1, 2 ayələrini oxuyun.) Ümumiyyətlə, biz Yehovanın səlahiyyət verdiyi kəslərə tabe olmalıyıq. Belə etməklə Yehovaya sadiq qalırıq (1 Kor. 11:3; İbr. 13:17).

Yehovaya sadiq qalmağın bir yolu imanda olmayan həyat yoldaşına hörmət etməkdir (9-cu abzasa baxın)

9 Cənubi Amerikada Olqa [1] adlı bir bacı Yehovaya sədaqətini ərinə hörmət etməklə göstərirdi. Bacı Yehovanın Şahidi olduğu üçün əri uzun illər onun gününü qara etmişdi. O, bacını təhqir edir, alçaldır, danışdırmırdı, onu hədələyirdi ki, uşaqları da götürüb çıxıb gedəcək. Ancaq Olqa bacı pisliyə pisliklə cavab vermirdi. Ərinin yeməyinə-içməyinə, əyin-başına fikir verir, ailəsinin qeydinə qalırdı (Rom. 12:17). İmkan daxilində ərinin qohum-əqrəbasının və iş yoldaşlarının məclislərinə onunla birgə gedirdi. Məsələn, yoldaşı başqa şəhərə atasının dəfn mərasiminə getmək istəyəndə bacı tez uşaqları geyindirmiş və yola çıxmaq üçün hazırlıq görmüşdü. Yas mərasimi qurtarana qədər kilsənin qapısı ağzında ərini gözləmişdi. Olqanın səbri və hörmətcil münasibəti sayəsində illər sonra əri yumşaldı. İndi o, özü bacını yığıncağa getməyə təşviq edir, onu ibadət evinə aparır, hərdən özü də yığıncaqda oturur (1 But. 3:1, 2).

İKİ OD ARASINDA QALANDA

10. Yonatan haradan bilirdi ki, kimə sadiq qalmalıdır?

10 Talut Davudu öldürməyi qət edəndə Yonatan iki od arasında qalmışdı. Bir tərəfdən o, Davudla əhd kəsmişdi, ona sadiq qalmalı idi, digər tərəfdən Talut atası idi, ona itaət etmək istəyirdi.  Ancaq Yonatan bilirdi ki, Yehova Talutun yox, Davudun tərəfindədir. Buna görə də Davuda sadiq qalmağı üstün tutdu. Davudu xəbərdar etdi ki, gizlənsin, sonra isə gedib onu Taluta təriflədi. (1 İşmuil 19:1—6 ayələrini oxuyun.)

11, 12. Allaha məhəbbət bizə sədaqət məsələsində düzgün qərar verməyə necə kömək edir?

11 Avstraliyadan olan Alis adlı bir bacı kimə sadiq qalacağına qərar verməli olmuşdu. O, Müqəddəs Kitabı öyrənməyə başlayanda öyrəndiyi yaxşı şeyləri ailəsinə də danışırdı. Sonra Alis onlara Milad bayramını qeyd etməyəcəyini dedi və səbəbini izah etdi. Onlar əvvəl-əvvəl mülayim şəkildə məyus olduqlarını bildirsələr də, tədricən üzləri döndü. Onlara elə gəlirdi ki, Alis ailəsinə arxa çevirir. Alis deyir: «Axırda anam məni övladlıqdan çıxartdığını dedi. Bu, məni sarsıtdı, qəlbimə dərin yara vurdu. Mən ailəmi çox sevirdim, amma qərar verdim ki, Yehova və Onun Oğlu ürəyimdə birinci yerdə durmalıdır. Növbəti toplantıda vəftiz olundum» (Mət. 10:37).

12 Əgər ehtiyatlı olmasaq, xalqa, məktəbə, idman komandasına olan sədaqət Yehovaya sədaqəti boğa bilər. Misal üçün, Henri şahmat oynamağı xoşlayır. Onun oxuduğu məktəb, adətən, yarışda qalib gəlirdi. O da buna öz töhfəsini vermək üçün əlindən gələni etmək istəyirdi. Ancaq o, deyir: «Tədricən məktəbə sədaqətim Yehovaya sədaqətimi üstələdi. Hər həftənin axırı yarışlar olduğu üçün xidmətə və yığıncağa vaxtım qalmırdı. Buna görə də komandadan ayrılmaq qərarına gəldim» (Mət. 6:33).

13. Allaha sədaqət ailə problemlərinin öhdəsindən gəlməyə necə kömək edə bilər?

13 Bəzən eyni vaxtda ailənin hər bir üzvünə sadiq qalmaq çətin olur. Məsələn, Ken deyir: «Mən tez-tez yaşlı anama baş çəkmək istəyirdim. İstəyirdim ki, o, aradabir bizdə qalsın. Ancaq anamla arvadım bir-biri ilə yola getmirdi. Əvvəlcə çıxılmaz vəziyyətdə qalmışdım, birini razı salanda o biri inciyirdi. Sonra başa düşdüm ki, belə vəziyyətdə ilk öncə arvadıma sadiq qalmalıyam. Ona görə də elə bir tədbir tökdüm ki, həm yoldaşım razı qalsın, həm də məsələ yoluna düşsün». Ken Allaha sadiq idi, Onun Kəlamına hörmət edirdi. Bundan irəli gələrək, arvadını başa saldı ki, anası ilə mehriban rəftar etməlidir, anasını da başa saldı ki, arvadına hörmət etməlidir. (Yaradılış 2:24; 1 Korinflilərə 13:4, 5 ayələrini oxuyun.)

BİZİ SƏHV BAŞA DÜŞƏNDƏ VƏ YA HAQSIZLIQLA QARŞILAŞANDA

14. Talut Yonatana qarşı hansı haqsızlığı etdi?

14 Səlahiyyətli şəxslərdən kimsə bizə qarşı haqsızlıq edəndə Allaha sədaqətimiz sınana bilər. Yonatan belə bir vəziyyətlə üzləşmişdi. Allahın məsh etdiyi Talut padşah oğlunun Davudla dostluğundan agah idi. Ancaq bunun səbəbini başa düşə bilmirdi. Bir dəfə onun qəzəbi kükrədi və Yonatanı təhqir edib alçaltdı. Lakin Yonatan əvəz çıxmadı. Eyni zamanda Yehovaya və İsrailin gələcək padşahı Davuda sədaqətindən də dönmədi (1 İşm. 20:30—41).

15. Qardaş bizə qarşı haqsızlıq edəndə nə etməliyik?

15 Bu gün Yehovanın xalqının yığıncaqlarında çətin ki, kiməsə qarşı haqsızlıq olunsun. Lakin məsul qardaşlar qeyri-kamildirlər və bizim hərəkətlərimizi səhv yoza bilərlər (1 İşm. 1:13—17). Buna görə də nə vaxtsa bizə qarşı haqsızlıq olunsa, yaxud bizi səhv başa düşsələr, gəlin Yehovaya sadiq qalaq.

 SƏDAQƏTLƏ ŞƏXSİ İSTƏKLƏR TOQQUŞANDA

16. Hansı vəziyyətlərdə Allaha sadiq qalmalı, xudbin olmamalıyıq?

16 Talut Yonatanı öz mənfəətini güdməyə təhrik edirdi (1 İşm. 20:31). Ancaq Allaha sədaqətdən irəli gələrək Yonatan Davudla dostlaşdı, onunla hakimiyyət davası döymədi. Əgər yadda saxlasaq ki, Yehova zərərinə olsa belə, əhdindən dönməyən insandan razı qalır, onda biz də Yonatan kimi fədakar olacağıq (Zəb. 15:4). Yonatan Davudla kəsdiyi əhddən dönmədi. Biz də verdiyimiz sözün ağası olmalıyıq. Məsələn, işlə əlaqədar bağladığımız müqavilə gözlədiyimizdən çətin olarsa, Allaha sədaqətdən və Müqəddəs Kitaba hörmətdən irəli gələrək verdiyimiz sözü tutmalıyıq. Bəs əgər nikahda çətinliklər yaşayırıqsa, onda necə? Allaha məhəbbət bizi həyat yoldaşımıza sadiq qalmağa təşviq edəcək. (Məlaki 2:13—16 ayələrini oxuyun.)

İşlə bağlı müqavilələr bizim Allaha sədaqətimizi və Müqəddəs Kitaba hörmətimizi sınağa çəkə bilər (16-cı abzasa baxın)

17. Bu məqalə sizə necə kömək etdi?

17 Yonatan barədə düşünəndə məgər biz də onun kimi Allaha sadiq qalmaq istəmirik? Gəlin heç vaxt xudbin arzuların dalınca düşməyək. Hətta bacı-qardaşlarımızdan kimsə bizi məyus etsə belə, Allahın xalqına sadiq qalaq. Biz çətin vəziyyətlərdə də Yehova Allaha sadiq qalanda Onun qəlbini sevindiririk. Bundan isə böyük xoşbəxtlik ola bilməz (Məs. 27:11). Yehovaya sadiq qalsaq, bir şeyin şahidi olacağıq: Yehova həmişə elə edir ki, hər şey əvvəl-axır Onu sevənlərin xeyrinə olur. Bu məqalədə Yonatanın nümunəsini araşdırdıq. Lakin Davudun dövründə başqa sadiq insanlar, o cümlədən xain insanlar yaşayırdı. Onların hər birindən nə isə öyrənə bilərik. Növbəti məqalədə bu barədə danışacağıq.

^ [1] (9-cu abzas) Bəzi adlar dəyişdirilib.