Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2016

«Qoy dözüm öz işini tamamlasın»

«Qoy dözüm öz işini tamamlasın»

«Qoy dözüm öz işini tamamlasın ki, siz kamil və hər cəhətdən sağlam olasınız, heç nədə əskiyiniz olmasın» (YAQ. 1:4).

NƏĞMƏ: 135, 139

1, 2. a) Cədunun və onun 300 döyüşçüsünün dözümündən nə öyrənə bilərik? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Luka 21:19 ayəsinə əsasən, dözmək nəyə görə olduqca vacibdir?

DÖYÜŞ uzanırdı. Hakim Cədunun başçılığı altında İsrail döyüşçüləri bütün gecəni düşmənlərini — Mədyən ordusunu və onların müttəfiqlərini təqib edib təxminən 32 kilometr yol qət etmişdilər. Müqəddəs Kitab hadisənin ardını belə nəql edir: «Sonra Cədun İordan çayının yanına gəlib o taya keçdi. Cədun da, onunla olan 300 nəfər də çox yorulmuşdu». Ancaq onlar hələ tam qələbə qazanmamışdılar, çünki düşmənin təxminən 15 000 döyüşçüsü qalmışdı. İsraillilər uzun illər idi ki, mədyənilərin əlindən zülm çəkirdi. Onlar bilirdilər ki, indi təslim olmaq olmaz. Buna görə də düşmənin kökünü kəsmək üçün təqibi davam etdirdilər və mədyəniləri tamamilə məğlub edib özlərinə tabe etdilər (Hak. 7:22; 8:4, 10, 28).

2 Biz də amansız müharibədə döyüşürük. Düşmənlərimiz isə Şeytan, onun dünyası və öz qeyri-kamilliyimizdir. Bizlərdən bəziləri artıq onilliklərdir ki, bu müharibədə vuruşur. Yehovanın köməyilə bir çox döyüşlərdə qalib çıxmışıq. Ancaq hələ tam zəfər çalmamışıq. Bəzən düşmənlərimizlə döyüşmək, bu dünyanın sonunu gözləmək bizi taqətdən sala bilər. İsa Məsih xəbərdarlıq etmişdi ki, axırzamanda  yaşayanlar sərt sınaqlarla üzləşəcək, zülüm çəkəcək. O həm də vurğulamışdı ki, dözsək, mütləq zəfər çalacağıq. (Luka 21:19 ayəsini oxuyun.) Bəs dözüm nədir? Dözməyə bizə nə kömək edə bilər? Çətinliklərə dözən insanlardan nə öyrənə bilərik? Dözümün öz işini tamamlamasına necə yol verə bilərik? (Yaq. 1:4).

DÖZÜM NƏDİR?

3. Dözüm nədir?

3 Müqəddəs Kitaba görə, dözüm, sadəcə olaraq, sınaqlara və ya bədbəxtliyə boyun əyib qatlaşmaq demək deyil. Dözüm, həmçinin fikirlərimizi, hisslərimizi, başqa sözlə, çətinliyə olan münasibətimizi özünə daxil edir. Dözümlü insan cəsur, mətin və səbirli olur. Bir kitaba əsasən, dözüm «çətinliyə sadəcə mütiliklə yox, parlaq ümidlə tab gətirmək deməkdir. Bu, üzü küləyə gedən adama yıxılmayıb, ayaq üstdə qalmağa kömək edən keyfiyyətdir. Elə bir mənəvi gücdür ki, ən şiddətli sınağı belə zəfərə çevirir, çünki insan əzabların arxasında çatmaq istədiyi məqsədi görür».

4. Nəyə görə deyə bilərik ki, məsihini dözməyə təşviq edən qüvvə məhəbbətdir?

4 Məsihini dözməyə təşviq edən qüvvə məhəbbətdir. (1 Korinflilərə 13:4, 7 ayələrini oxuyun.) Yehovanı sevdiyimizə görə Onun iradəsinə uyğun olan hər şeyə dözürük (Luka 22:41, 42). Bacı-qardaşlarımıza olan məhəbbət bizə onların qeyri-kamilliyinə səbir etməyə kömək edir (1 But. 4:8). Həmçinin həyat yoldaşımızı sevdiyimiz üçün ailədəki çətinliklərə tab gətiririk. Unutmuruq ki, hətta ən xoşbəxt ailədə belə ər-arvad arasında problem yaşanır, buna görə də biz dözüb, nikah tellərini möhkəmləndirməyə çalışırıq (1 Kor. 7:28).

DÖZMƏYƏ NƏ KÖMƏK EDƏCƏK?

5. Nə üçün təkcə Yehova bizə dözməyə kömək etməyə qadirdir?

5 Yehovadan güc istəyin. Yehova «dözüm və təsəlli verən» Allahdır (Rom. 15:5). Təkcə O, bizim problemlərimizi tam anlayır. O nəinki problemlərimizi, həm də vəziyyətimizi, hisslərimizi və irsi faktorları da başa düşür. Beləliklə, təkcə O, bizə dözməyə kömək etməyə qadirdir. Allahın Kəlamında deyilir: «Ondan qorxanları muradına çatdırar, fəryadlarını eşidər, onları qurtarar» (Zəb. 145:19). Bəs biz Allahdan dözmək üçün güc istəyəndə O, bizə necə kömək edir?

6. Yehova bizə sınaqlar vaxtı necə çıxış yolu göstərə bilər?

6 1 Korinflilərə 10:13 ayəsini oxuyun. Biz Yehovadan sınaqlara dözmək üçün kömək istəyəndə O, çıxış yolu göstərəcək. Ola bilsin, vəziyyətə müdaxilə edib sınağı aradan qaldıracaq. Ancaq çox vaxt O, dözə bilək deyə, bizə çıxış yolu göstərir. Bəli, Yehova bizə «hər şeyə sevinclə və səbirlə tab gətirmək üçün» güc verir (Kol. 1:11). O, bizim cismani, əqli və mənəvi gücümüzün həddinə çox yaxşı bələddir. Buna görə də heç vaxt vəziyyətin elə həddə çatmasına yol verməz ki, biz sadiq qala bilməyək.

7. Nəyə görə dözmək üçün ruhani qida lazımdır?

7 İmanınızı ruhani qida ilə qidalandırın. Dünyanın ən hündür dağı olan Everest dağına qalxan alpinist gün ərzində 6000 kalori yandırır. Bu adi insana lazım olan kaloridən əhəmiyyətli dərəcədə çoxdur. Dağa qalxarkən tab gətirib məqsədə çatmaq üçün alpinistlər mümkün qədər çox kalori qəbul etməlidirlər. Eynilə, biz də məsihi yolunda tab gətirmək və məqsədimizə çatmaq üçün həmişə mümkün qədər çox ruhani qida qəbul etməliyik.  Oxumağa, mütaliə etməyə vaxt ayırmaq və məsihi görüşlərinə gəlmək üçün məsihidən nizam-intizam tələb olunur. Bunlar bizim imanımızı «əbədi həyat gətirən və daim qalan qida ilə» qidalandırır (Yəh. 6:27).

8, 9. a) Əyyub 2:4, 5 ayələrinə əsasən, sınaqlar vaxtı hansı məsələ ön plana keçir? b) Sınaqlarla üzləşəndə gözəgörünməz aləmdə hansı səhnəni təsəvvür etmək olar?

8 Nöqsansızlıqla bağlı mübahisəli məsələni unutmayın. Yehovanın xidmətçisi sınaqlarla üzləşəndə əsas məsələ onun çəkdiyi iztirablar olmur. Sınaqlar vaxtı necə davranmağımızla biz göstəririk ki, doğrudan da Yehovanı Kainatın Hökmdarı hesab edirik, ya yox. Yehovanın hakimiyyətinə asi çıxan Şeytan Yehovaya meydan oxuyaraq demişdi: «İnsan canından ötrü hər şeyini verər. Əlini uzadıb onun [Əyyubun] ətinə, sümüyünə toxun, o, düz Sənin üzünə lənət edəcək» (Əyy. 2:4, 5). Şeytanın zənnincə, Yehovanın heç bir xidmətçisi Ona saf məhəbbətdən irəli gələrək xidmət etmir. Şeytan fikrini dəyişməyib. Əsrlər sonra göydən qovulanda da Şeytan barədə deyilmişdi ki, o, qardaşlarımızı gecə-gündüz Allahımızın qarşısında ittiham edir (Vəhy 12:10). Şeytan nöqsansızlıqla bağlı mübahisəli məsələni unutmayıb. O, bizim sınaqlar vaxtı təslim olmağımızı, Yehovanın hakimiyyətinə arxa çevirməyimizi arzulayır.

9 Buna görə də çətinlik vaxtı əzab çəkərkən gözəgörünməz aləmdə belə bir səhnəni təsəvvürünüzdə canlandırın: bir tərəfdə Şeytan cinləri ilə durub. Onlar sizin əzablarınızı göstərib iddia edirlər ki, çətinlik qarşısında yıxılıb təslim olacaqsınız. Digər tərəfdə isə Yehova, Onun padşahlıq edən Oğlu, dirilmiş məsh olunmuşlar və sayı-hesabı bilinməyən mələklər durub. Onlar sizə dəstək olur, hər gün dözüb tab gətirməyinizə, Yehovanın hakimiyyətinin tərəfini tutduğunuza görə sevinirlər. Yehova da şəxsən sizə xitab edir: «Oğlum, hikmətli ol, qəlbim sevinsin, Mənə meydan oxuyana cavab verə bilim» (Məs. 27:11).

10. Dözümün gətirdiyi mükafatlara diqqəti cəmləməkdə İsadan necə örnək ala bilərik?

10 Dözümün gətirdiyi mükafatlara diqqətinizi cəmləyin. Fərz edin ki, uzun səfərə çıxmısınız. Uzun bir tunelin ortasında dayanırsınız. Hər yan qaranlıqdır, göz-gözü görmür. Ancaq siz əminsiniz ki, tuneli axıra kimi getsəniz, yenidən işığa çıxacaqsınız. Eynilə, hərdən bizə elə gələ bilər ki, problemlər başımızdan aşır. Yəqin İsa da özünü belə hiss etmişdi. Günahlı insanlar ona ədavətli sözlər yağdırmışdı, onu alçaltmışdı. Sonra isə onu işgəncə dirəyində əzablar içində edam etmişdilər. Bu, onun yer üzündəki həyatının ən zülmət çağı idi. Ancaq İsa «qarşıda onu gözləyən sevincə görə» bütün bunlara dözdü (İbr. 12:2, 3). O, diqqətini dözümün gətirəcəyi mükafatlara cəmləmişdi. Ən əsası isə düşünürdü ki, dözməklə Allahın adının müqəddəs tutulmasına və hökmranlığının adil olduğunun sübuta yetirilməsinə öz töhfəsini verir. O bilirdi ki, həyatının bu zülmət çağı müvəqqətidir, göydə alacağı mükafatın parıltısı isə əbədi qalacaq. Bu gün siz də çətinliklərlə üzləşərkən əzab çəkirsiniz, daxilən sarsılırsınız. Ancaq unutmayın, əbədi həyata aparan yolda çəkdiyiniz sitəmlər müvəqqətidir.

AXIRADƏK DÖZƏNLƏR

11. Axıradək dözənlərin nümunəsini nəyə görə nəzərdən keçirməliyik?

11 Dözən təkcə biz deyilik. Məsihiləri Şeytanın başlarından tökdüyü çətinliklərə dözməyə təşviq etmək üçün həvari  Butrus yazmışdı: «Güclü imanla ona müqavimət göstərin və bilin ki, dünyadakı bütün qardaşlarınız da eyni əzablara qatlaşırlar» (1 But. 5:9). Axıradək dözənlərin nümunəsinə baxanda mətin qalmağı öyrənirik, həmçinin əmin oluruq ki, dözmək mümkündür və sadiqliyimiz mükafatsız qalmayacaq (Yaq. 5:11). Gəlin bir neçə nümunəyə baxaq. [1]

12. Ədən bağına göndərilən kərrublardan nə öyrənirik?

12 Kərrublar. İnsanlara ilk görünən ruhani varlıqların qoyduğu nümunə bizə çətin tapşırıqlar alarkən dözməyə kömək edəcək. Yehova Allah həyat ağacına gedən yolu qorumaq üçün Ədən bağının şərqində kərrublar və aramsız fırlanan yanar qılınc qoymuşdu [2] (Yar. 3:24). Kərrublar bu iş üçün yaradılmamışdılar. Axı günah və üsyan Yehovanın bəşəriyyətlə bağlı niyyətinə daxil deyildi. Ancaq Müqəddəs Kitabda bir kəlmə də olsun yazılmayıb ki, yüksək mövqeyə malik olan kərrublar onlara aşağı səviyyəli iş tapşırıldığını deyib şikayətlənsinlər. Onlar təngə gəlib işi yarımçıq qoymadılar. Əksinə, Daşqına qədər, 1600 ildən çox vaxt ərzində itaətkarlıqla və mətanətlə onlara həvalə olunan işi yerinə yetirdilər.

13. Əyyub nəyin sayəsində başına gələn müsibətlərə dözə bildi?

13 Həzrəti Əyyub. Əgər dostunuzun, yaxud ailə üzvünüzün sözü sizi yaralayıbsa, ciddi xəstəliyə mübtəla olmusunuzsa, yaxud əzizinizi itirmisinizsə, onda Əyyubun əhvalatı sizə təskinlik verə bilər (Əyy. 1:18, 19; 2:7, 9; 19:1—3). Əyyub başına gələn müsibətlərin səbəbini bilməsə də, təslim olmadı. Əvvəla ona görə ki, o, Allahdan qorxurdu (Əyy. 1:1). Əyyub həm pis, həm də yaxşı günündə Yehovanı razı salmaq istəyirdi. Yehova ona xəlq etdiyi ecazkar aləmdən danışaraq qüdrətini görməyə kömək etdi. Bu, Əyyubu arxayın etdi ki, Yehova onun çəkdiyi zülm-sitəmə lazım bildiyi vaxt son qoyacaq (Əyy. 42:1, 2). Belə də oldu. «Yehova onu əzabdan qurtardı və ona əvvəlki firavanlığını qaytardı. Yehova onun var-dövlətini əvvəlkindən ikiqat artırdı... Əyyub uzun ömür sürdü və həyatdan doymuş halda vəfat etdi» (Əyy. 42:10, 17).

14. 2 Korinflilərə 1:6 ayəsinə əsasən, Bulusun dözümü başqalarına necə kömək edirdi?

14 Həvari Bulus. Bəlkə də, sizi həqiqi ibadətə görə təqib edirlər, incidirlər. Yaxud ağsaqqal və ya rayon nəzarətçisi kimi xidmət edirsiniz və çiyninizə düşən məsuliyyətlər hərdən sizə ağır gəlir. Belə isə  onda həvari Bulus barədə düşünün. Bir tərəfdən zalım düşmənləri ona divan tuturdu, bir tərəfdən də yığıncaqların fikrini çəkirdi (2 Kor. 11:23—29). Ancaq o ruhdan düşmürdü. Onun nümunəsi başqalarına da güc verirdi. (2 Korinflilərə 1:6 ayəsini oxuyun.) Siz də çətinliklərlə üzləşəndə unutmayın ki, sizin nümunəniz başqalarına dözməyə güc verir.

DÖZÜM SİZDƏ ÖZ İŞİNİ TAMAMLAYACAQ?

15, 16. a) Dözüm hansı işi tamamlayır? b) Dözümün öz işini tamamlamasına necə yol verə bilərik?

15 Yaqub Allahdan ilham alaraq yazmışdı: «Qoy dözüm öz işini tamamlasın». Dözüm hansı işi tamamlayır? Dözüm bizə kömək edir ki, kamil və hər cəhətdən sağlam olaq, heç nədə əskiyimiz olmasın (Yaq. 1:4). Sınaqlar vaxtı çox vaxt bizim zəif cəhətlərimiz, xasiyyətimizdə düzəltməli olduğumuz sahələr üzə çıxır. Bu sınaqlara dözəndə məsihi mənliyimiz kamilləşir, sağlam olur. Məsələn, biz daha səbirli, şəfqətli və qədirbilən oluruq.

Sınaqlara dözəndə məsihi mənliyimiz kamilləşir (15 və 16-cı abzasa baxın)

16 Dözümün tamamladığı iş çox mühümdür. Bu, bizi məsihi kimi formalaşdırır. Buna görə də yolunuza çıxan sınaqdan canınızı qurtarmaq üçün Müqəddəs Kitabdakı prinsipləri pozmayın. Misal üçün, əgər natəmiz fikirlərlə mübarizə aparırsınızsa, təslim olmayın, dua edib həmin fikirləri beyninizdən qovun. Beləcə, siz özünüzə hakim olmağı öyrənəcəksiniz. Əgər imanınıza şərik olmayan ailə üzvləriniz sizə maneçilik törədirsə, möhkəm qalın, sidq-ürəkdən ibadət etməyə davam edin. Belə etsəniz, Yehovaya güvənməyi öyrənəcəksiniz. Unutmayın, Yehovanın razılığını qazanmaq istəyiriksə, mütləq dözməliyik (Rom. 5:3—5; Yaq. 1:12).

17, 18. a) Sonadək dözmək nə üçün vacibdir? b) Son yaxınlaşdıqca nəyə əmin ola bilərik?

17 Biz müəyyən bir vaxt ərzində yox, sonadək dözməliyik. Tutaq ki, gəmi batır. Sərnişinlər canlarını qurtarmaq üçün sahilə üzməlidirlər. Kimsə tez yorulur, təslim olub batır. Bir başqası isə üzüb-üzüb sahilə çataçatda təslim olur. Ancaq onun o qədər üzməyi heç bir fayda vermir. Onsuz da o da batır. Biz də yeni dünya gələnədək dözməliyik. Bundan bizim həyatımız asılıdır. Bizdə həvari Bulusun əhval-ruhiyyəsi olmalıdır. O, iki dəfə demişdi: «Biz ruhdan düşmürük» (2 Kor. 4:1, 16).

18 Biz tam arxayın ola bilərik ki, Yehova bizə sonadək dözməyə kömək edəcək. Biz həvari Bulusun Romalılara 8:37—39 ayələrində yazılan sözlərinə şərikik: «Ancaq bizi sevənin sayəsində biz hər şeyə qalib gəlirik. Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyətlər, nə indiki şeylər, nə gələcək şeylər, nə bir qüvvə, nə hündürlük, nə dərinlik, nə də mövcud olan başqa bir şey bizi Ağamız Məsih İsa vasitəsilə ifadə olunan Allahın məhəbbətindən ayıra bilməz». Düzdür, bəzən yorulacağıq, əldən düşəcəyik. Amma gəlin Cədundan və onun döyüşçülərindən örnək alaq. Onlar yorulsalar da, düşməni təqib etməyə davam etdilər (Hak. 8:4). Gəlin biz də təslim olmayıb sonadək dözək!

^ [1] (11-ci abzas) Allahın xalqının müasir dövrdə çətinliklərə dözməsi barədə oxumaq da sizi ruhlandıra bilər. Məsələn, 1992, 1999 və 2008-ci illərin «İllik fəaliyyət» kitabında (rus.) Efiopiya, Malavi və Rusiyadakı qardaşlar barədə ruhlandırıcı hadisələr yazılıb.

^ [2] (12-ci abzas) Müqəddəs Kitabda bu işin neçə kərruba tapşırıldığı deyilmir.