Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2016

Parçalanmış dünyada bitərəf qalın

Parçalanmış dünyada bitərəf qalın

«Allaha məxsus şeyləri Allaha verin» (MƏT. 22:21).

NƏĞMƏ: 33, 137

1. Biz həm Allaha, həm də hökumətə necə tabe ola bilərik?

ALLAHIN KƏLAMINDA deyilir ki, biz hökumətə tabe olmalıyıq. Bununla yanaşı orada buyrulur ki, insana yox, Allaha tabe olmalıyıq (Həv. 5:29; Tit. 3:1). Belə çıxır ki, Müqəddəs Kitabda ziddiyyət var? Əlbəttə ki, yox! Nisbi tabeçilik prinsipi bu əmrləri başa düşüb onlara tabe olmağa kömək edir. İsa Məsih bu prinsipin məğzini növbəti sözlərlə göstərmişdi: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Mət. 22:21). İsanın bu göstərişinə necə əməl edirik? Biz yaşadığımız ölkədə dövlətin qanunlarına tabe olmaqla, məmurlara hörmət göstərməklə, vergiləri ödəməklə hökumətə tabe oluruq (Rom. 13:7). Lakin hökumət bizdən Allahın qanunlarını pozmağı tələb edəndə biz hörmətcil şəkildə bundan imtina edirik.

2. Dünyanın siyasi işlərində bitərəf olduğumuzu necə göstəririk?

2 Allaha məxsus olan şeyləri Allaha verməyə bu dünyanın siyasi işlərində bitərəf qalmaq da daxildir (Əşy. 2:4). Beləliklə, biz Yehovanın iznilə fəaliyyət göstərən hökumətlərin əleyhinə çıxmırıq, vətənpərvər, milliyyətçi hərəkatlara qoşulmuruq (Rom. 13:1, 2). Biz siyasətçilərə təsir göstərmirik, siyasi seçkilərdə səs vermirik, siyasətçi olmuruq, yaxud hökuməti devirməyə çalışmırıq.

3. Biz nəyə görə bitərəf qalmalıyıq?

 3 Allahın bizdən bitərəflik tələb etməsinin bir neçə səbəbi var. Səbəblərdən biri budur ki, biz Allahın Oğlunun, İsa Məsihin təlimlərinə riayət edirik və onun nümunəsini izləyirik. O isə dünyaya məxsus deyildi, heç vaxt siyasətə və müharibələrə qarışmırdı (Yəh. 6:15; 17:16). Digər səbəb odur ki, biz Allahın Padşahlığının sadiq təbəəsi olmaq istəyirik. Əgər siyasi işlərdə bitərəf qalmasaq, hansı vicdanla təbliğ edə bilərik ki, Allahın Padşahlığı bəşəriyyətin problemlərini həll edəcək yeganə hökumətdir? Bundan başqa, yalan dinə etiqad edənlər siyasətə qarışır, buna görə də onların arasında parçalanma mövcuddur. Lakin həqiqi ibadət bizə bitərəf qalıb beynəlxalq qardaşlığı qorumağa kömək edir (1 But. 2:17).

4. a) Haradan bilirik ki, bitərəf qalmaq getdikcə çətinləşəcək? b) Nəyə görə indidən özümüzü bitərəf qalmağa hazırlamalıyıq?

4 Ola bilsin, yaşadığımız ölkədə siyasi mühitdə sabitlik hökm sürür, həqiqi ibadətə tolerant yanaşılır. Lakin Şeytanın dünyası sonuna yaxınlaşdıqca, bitərəf qalmaq çətinləşəcək. Bu gün insanların əksəriyyəti barışmaz, tərsdir. Get-gedə isə bəşəriyyət daha da parçalanacaq (2 Tim. 3:3, 4). Bəzi ölkələrdə qəflətən baş verən siyasi dəyişiklik ucbatından qardaşlarımız gözlənilmədən bitərəfliklə bağlı çətinliklərlə üzləşmişlər. Bu səbəbdən biz indidən bitərəf qalmağa hazırlaşmalıyıq. Əgər oturub gözləsək ki, nə vaxt çətin vəziyyət yaranar, onda da bitərəf qalmağa özümü hazırlayaram, belə vəziyyət yarananda bitərəfliyimizi asanlıqla poza bilərik. Beləliklə, gəlin bu parçalanmış dünyada bitərəfliyi qorumağa özümüzü hazırlamaq üçün dörd amili nəzərdən keçirək.

HÖKUMƏTƏ YEHOVANIN GÖZÜ İLƏ BAXIN

5. Yehova hökumətlərə necə baxır?

5 Bitərəf qalmağa kömək edən ilk amil odur ki, biz siyasi quruluşlara Yehovanın gözü ilə baxmalıyıq. Ola bilsin, bəzi hökumətlər ədalətli görünür. Lakin insanın insan üzərində ağalıq etməsi məfhumu artıq özü-özlüyündə Yehovanın niyyətinə ziddir (Ərm. 10:23). Bu hökumətlər millətçiliyə təkan verib bəşər ailəsini parçalayır. Hətta ən yaxşı rəhbərlər də bütün problemləri həll edə bilməzlər. Üstəlik, insanların qurduğu hökumətlər 1914-cü ildən Allahın Padşahlığının rəqibinə çevriliblər. Allahın Padşahlığı tezliklə xalqlara çıxardığı hökmü icra edib bu hökumətləri məhv edəcək. (Zəbur 2:2, 7—9 ayələrini oxuyun.)

6. Hakimiyyət nümayəndələrinə necə yanaşmalıyıq?

6 Allah ona görə siyasi quruluşların olmasına yol verir ki, onlar dünyada müəyyən qədər sabitlik yaradır. Bunun sayəsində isə biz Padşahlıq haqda müjdəni təbliğ edə bilirik (Rom. 13:3, 4). Allah hətta bizə hökumət üçün dua etməyi buyurur ki, biz əmin-amanlıq içində Allaha ibadət edə bilək (1 Tim. 2:1, 2). Həvari Bulus kimi, biz də ədaləti bərqərar etmək üçün hakim dairələrə müraciət edirik (Həv. 25:11). Düzdür, Müqəddəs Kitabda deyilir ki, siyasi quruluşlar Allahın düşməni olan Şeytanın hakimiyyəti altındadır. Lakin orada deyilmir ki, o, hər bir rəhbəri və ya məmuru bilavasitə idarə edir (Luka 4:5, 6). Buna görə də heç vaxt belə sözü dilimizə gətirməməliyik ki, hansısa hökumət nümayəndəsini Şeytan idarə edir. Əksinə, hakimiyyət və ya hökumət barədə danışarkən heç kəsin haqqında pis danışmamalıyıq (Tit. 3:1, 2).

7. Hansı düşüncə tərzindən qaçmalıyıq?

 7 Biz Allaha itaət etdiyimizi həm də onunla göstəririk ki, heç bir namizədə, yaxud siyasi partiyaya, hətta maraqlarımızı dəstəkləyənlərə belə rəğbət bəsləmirik. Bu məsələdə bitərəfliyimiz sınağa çəkilə bilər. Tutalım ki, istibdadçı rejimi devirmək üçün ölkə əhalisi ayağa qalxır. Bu rejimdən Allahın xalqı da az zülm çəkməyib. Sözsüz ki, biz camaatla birlikdə nümayişə çıxmayacağıq. Ancaq elə ola bilərmi ki, ürəyimiz onların yanında olsun? (Efes. 2:2). Biz təkcə sözlərimizdə və hərəkətlərimizdə yox, ürəyimizdə də bitərəf qalmalıyıq.

EHTİYATLI, EYNİ ZAMANDA MƏSUM OLUN

8. Biz çətin vəziyyətlərdə ehtiyatlı, eyni zamanda məsum necə ola bilərik?

8 Bizə bitərəf qalmağa kömək edən ikinci amil çətinliklər zamanı «ilan kimi ehtiyatlı, göyərçin kimi məsum» olmaqdır. (Mətta 10:16, 17 ayələrini oxuyun.) Ehtiyatlı olmaq təhlükələri qabaqcadan sezmək deməkdir. Məsum qalmaq isə çətin vəziyyətlərdə bitərəfliyi pozmamaq deməkdir. Gəlin həmin vəziyyətlərdən bəzilərini nəzərdən keçirək və görək bu vəziyyətlərdə necə davranmalıyıq.

9. Başqaları ilə danışarkən necə ehtiyatlı olmalıyıq?

9 Söhbətlər. Siyasətdən söhbət düşəndə biz ehtiyatlı olmalıyıq. Məsələn, Padşahlıq xəbərini təbliğ edərkən partiyaların, yaxud rəhbərlərin yürütdüyü siyasətin lehinə və ya əleyhinə heç nə danışmamalıyıq. Çalışın insanla ümumi mövzu tapmaq üçün diqqəti problemə yönəldəsiniz, onun hansısa siyasi həllinə yox. Sonra Müqəddəs Kitabdan göstərin ki, Allahın hökuməti bu problemi birdəfəlik necə həll edəcək. Əgər eynicinsli nikah və ya abort kimi mübahisə doğuran bir mövzudan söhbət düşərsə, o zaman Müqəddəs Kitabda bu barədə nə deyildiyini söyləyin və bizim bunlara uyğun yaşamağa çalışdığımızı izah edin. Söhbət zamanı bu kimi mövzuların siyasi yönündə tam bitərəf qalın. Hansı qanunlar verilməlidir, hansılar ləğv olunmalıdır, hansılar dəyişdirilməlidir — bu kimi məsələlərə biz qətiyyən qarışmırıq və öz fikrimizi də başqalarına yeritmirik.

10. Nə isə oxuyanda və ya nəyəsə baxanda bitərəf qaldığımızı necə yoxlaya bilərik?

10 Media. Xəbərlər buraxılışı çox vaxt qərəzli və subyektiv şəkildə təqdim olunur. Çox vaxt media siyasətin əlində bir alət olur. Medianın dövlət nəzarəti altında olduğu ölkələrdə xəbərlər açıq-aşkar qeyri-obyektiv şəkildə təqdim olunur. Hətta demokratik adlanan ölkələrdə belə məsihilər ehtiyatlı olmalıdırlar ki, şərhçilərin qərəzli münasibətini mənimsəməsinlər. Özünüzdən soruşun: «Mən hansısa reportyorun siyasi baxışları ilə razı olduğum üçün onu dinləməyi xoşlayıram?» Əgər belədirsə, onda daha obyektiv informasiya mənbəyi axtarın. Hər bir halda yaxşı olardı ki, hansısa siyasi idealogiyanı yayan xəbər verilişlərinə nə baxmayasınız, nə də qulaq asmayasınız. Bundan başqa dinlədiyiniz məlumatın Müqəddəs Kitabda yazılan sağlam sözlər nümunəsinə uyğun olub-olmadığını həmişə yoxlayın (2 Tim. 1:13).

11. Malpərəstlik bitərəfliyimiz üçün necə təhlükə yaradır?

11 Malpərəstlik. Əgər biz əmlakımıza bağlı olsaq, onda çox ehtimal ki, sınaq vaxtı bitərəfliyi pozacağıq. Malavidə yaşayan Rut danışır ki, 1970-ci illərdə yaşanan təqiblər zamanı bir neçə Şahidlə bu baş vermişdi. O deyir: «Onlar öz rahat şəraitlərindən əl çəkə bilmirdilər. Bəziləri bizimlə birgə sürgünə getdilər.  Lakin sonradan qaçqın düşərgəsindəki çətin həyata tab gətirə bilməyib siyasi partiyaya daxil oldular və evə qayıtdılar». Ancaq Allahın xalqının içində əksəriyyət çətin iqtisadi vəziyyətə və bütün əmlaklarının əllərindən çıxmasına baxmayaraq, bitərəfliyi qorumuşdu (İbr. 10:34).

12, 13. a) Yehova insanlarla bağlı nə fikirləşir? b) Ölkəmizlə həddindən artıq çox qürur duyduğumuzu necə müəyyən edə bilərik?

12 Qürur. İnsanlar çox vaxt öz irqləri, tayfaları, xalqları, mədəniyyətləri və şəhərləri ilə fəxrlə danışıb öyünürlər. Lakin biz bilirik ki, tayfaya, mədəniyyətə və ya xalqa görə qürurlananda Yehovanın insan hakimiyyətinə və bəşər ailəsinə olan münasibətinə zidd davranırıq. Əlbəttə, Allah demir ki, biz öz mədəniyyətimizi danaq. Əslində, fərqli mədəniyyətlər sayəsində bəşər ailəsində belə gözəl müxtəliflik mövcuddur. Bununla belə, unutmamalıyıq ki, Allahın gözündə bütün insanlar bərabərdir (Rom. 10:12).

13 Öz ölkəsi ilə fəxr etmək əsil millətçilikdir. Bu, bitərəfliyi pozmağa aparan ilk addım ola bilər. Məsihilərdə də bu cür qürur ola bilər. Belə ki, birinci əsrdə məsihilərdən bəziləri milliyətinə görə bacı-qardaşlar arasında ayrı-seçkilik edirdi (Həv. 6:1). Necə müəyyən edə bilərik ki, bu cür qürur bizim də ürəyimizdə kök atır, ya yox? Tutaq ki, başqa ölkədən olan bacı və ya qardaş hansısa işlə bağlı təklif irəli sürür. Siz nə edərdiniz? Dərhal təklifi rədd edib düşünərdiniz ki, «bizdə bunu daha yaxşı edirlər»? Bunun əksinə olaraq biz Allahın Kəlamındakı bu məsləhətə uyğun davranmalıyıq: «Təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filip. 2:3).

YEHOVADAN GÜC ALIN

14. Dua bizə necə kömək edə bilər və Müqəddəs Kitabdan hansı hadisə bunu sübut edir?

14 Bitərəf qalmaqda kömək edən üçüncü amil Yehovanın verdiyi gücdür. Dua edib Yehovadan müqəddəs ruh istəyin. Müqəddəs ruhun sayəsində səbirli, təmkinli olacaqsınız və əgər hökumət nadürüstlüyə, ədalətsizliyə yol verərsə, bu keyfiyyətlər sizə tab gətirməyə kömək edəcək. Həmçinin Yehovadan hikmət diləyin ki, sizi məsihi bitərəfliyini pozmağa vadar edəcək vəziyyətləri duyasınız və onların öhdəsindən gələsiniz (Yaq. 1:5). Əgər həqiqi ibadətə görə həbs olunmusunuzsa, yaxud başqa cür cəzalandırılmısınızsa, imanınızı cəsarətlə müdafiə etmək və bütün çətinliklərə tab gətirmək üçün Yehovadan güc istəyin. (Həvarilərin işləri 4:27—31 ayələrini oxuyun.)

15. Müqəddəs Kitab sizə bitərəf qalmağa necə kömək edə bilər? (Həmçinin «Allahın Kəlamı onların əzmini möhkəmləndirdi» adlı çərçivəyə də baxın.)

15 Yehova Kəlamı vasitəsilə də sizə güc verə bilər. Sınaq vaxtı bitərəfliyi qorumağa kömək edəcək ayələr üzərində düşünün. Onları indidən yaddaşınıza həkk edin ki, sabah Müqəddəs Kitaba əliniz çatmayanda onlar sizə kömək etsin. Allahın Kəlamı həmçinin Padşahlığın gələcək nemətlərinə olan ümidinizi möhkəmləndirə bilər. Təqiblərə dözə bilmək üçün bu ümid mütləqdir (Rom. 8:25). Böyük səbirsizliklə gözlədiyiniz nemətləri təsvir edən ayələri seçin və özünüzü cənnətdə, artıq bu nemətləri almış kimi təsəvvür edin.

SADİQ İNSANLARDAN ÖRNƏK ALIN

16, 17. Bitərəfliyini qorumuş sadiq insanların nümunəsindən nə öyrənirik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

16 Bitərəfliyi qorumağa kömək edən dördüncü amil Yehovanın sadiq xidmətçiləridir. Onların nümunəsi bizə hikmət və güc verə bilər. Tab gətirmək üçün bizim bunlara son dərəcə ehtiyacımız var.  Məsələn, Sədrah, Misah və Abidnağu Babil dövlətinin rəmzi olan heykələ səcdə qılmamışdılar. (Dənyal 3:16—18 ayələrini oxuyun.) Onların qətiyyəti barədə oxuyanda məsihilər yaşadıqları dövlətin rəmzi olan bayrağa təzim etməmək üçün cəsarət tapırlar. İsa Məsih də dünyanın siyasi və ictimai iğtişaşlarına qətiyyən qarışmırdı. O bilirdi ki, öz nümunəsi başqalarına necə təsir edəcək. Buna görə də şagirdlərinə demişdi: «Cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəh. 16:33).

17 Müasir dövrdə bir çox Şahidlər bitərəfliyi qoruya bilmişdilər. Bəziləri imanı uğrunda həbs olunmuş, işgəncələrə məruz qalmış və hətta həyatını belə itirmişdir. Onların nümunəsi Türkiyədən olan Barış qardaşa kömək etdiyi kimi sizə də kömək edə bilər. O deyir: «Frans Rayter qardaşı Hitlerin ordusunda xidmət etmədiyi üçün gənc yaşında edam etdilər. Ölümündən əvvəlki gecə anasına yazdığı məktubdan onun nə dərəcədə möhkəm iman sahibi olduğu, Yehovaya nə qədər etibar etdiyi aydın görünür. Mən istəyirdim ki, bu cür sınaqla üzləşsəm, onun kimi davranım». [1]

18, 19. a) Yığıncağınızın üzvləri sizə bitərəf qalmağa necə kömək edə bilərlər? b) Siz nəyə əzmlisiniz?

18 Yığıncağınızdakı bacı-qardaşların da sizə böyük köməyi dəyə bilər. Ağsaqqallara bitərəfliklə bağlı üzləşdiyiniz çətinlikləri danışın. Onlardan Müqəddəs Kitaba əsaslanan məsləhət istəyin. Yığıncağın üzvləri üzləşdiyiniz çətinlikdən xəbər tutsalar, sizi möhkəmləndirəcəklər. Onlardan xahiş edin ki, sizin üçün dua etsinlər. Bir şeyi unutmayın ki, əgər qardaşların bizə dəstək olmasını, bizim üçün dua etməsini istəyiriksə, biz də eyni şeyi onlar üçün etməliyik (Mət. 7:12). jw.org saytında XƏBƏRLƏR > HÜQUQİ MƏSƏLƏLƏR bölməsində yerləşən “Yehovanın Şahidlərinin imanlarına görə həbs olunduğu ölkələr” adlı məqaləyə baxın. Orada həbsdə olan qardaşların adının siyahısını tapmaq olar. Bir neçə ad seçin, Yehovaya dua edin ki, onlar cəsarətlə öz nöqsansızlıqlarını qoruya bilsinlər (Efes. 6:19, 20).

19 Bu hökumətlərin sonu yaxınlaşdıqca, çox ehtimal ki, onlar bizim Yehovaya və Onun Padşahlığına sadiq qalmağımıza getdikcə daha çox dözümsüzlük göstərəcəklər. Buna görə də gəlin parçalanmış dünyada bitərəfliyi qorumağa indidən özümüzü hazırlayaq.

^ [1] (17-ci abzas) «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 662-ci səhifəsinə (rus.) və «Allahın Padşahlığı hökmranlıq edir!» kitabının 150-ci səhifəsindəki «O, Allahı şərəfləndirərək öldü» adlı çərçivəyə baxın.