Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2016

 Bioqrafiya

Keçmiş rahibələr əsil ruhani bacı oldular

Keçmiş rahibələr əsil ruhani bacı oldular

«KƏS SƏSİNİ, zəhləmgetmiş. Sənin dinin haqqında heç nə eşitmək istəmirəm. Sənə qulaq asanda ürəyim bulanır». Bu sözləri kiçik bacım Araseli qışqıra-qışqıra mənə demişdi. İndi 91 yaşım var, amma hələ də yadımdadır ki, onun sözləri xəncər kimi necə ürəyimə sancılırdı. Ancaq Vaiz 7:8 ayəsində deyildiyi kimi, «işin axırı əvvəlindən yaxşıdır». Bizim də hekayəmizdə bu, belə oldu (Felisa).

Felisa: Bizim ailəmiz çox dindar ailə idi. Qohumlarımızın içində 13 nəfərdən kimisi keşiş, kimisi Katolik ordeninin üzvü idi. Anamın xalası oğlu katolik məktəbində dərs deyən keşiş idi. Hətta Papa II İohan Pavel onu «müqəddəs» elan etməyi tövsiyə etmişdi. Bizim ailəmiz isə sadə ailə idi. Atam misgər idi, anam tarlada işləyirdi. Ailədə 8 uşağın içində ən böyüyü mən idim.

12 yaşım olanda İspaniya Vətəndaş müharibəsi başladı. Müharibədən sonra atam həbs olundu. Onun liberal fikirləri diktator hökumətinə xoş gəlmirdi. Anam ailəni dolandırmaq üçün dişiylə-dırnağıyla çörək qazanırdı. Buna görə də rəfiqəsi məsləhət gördü ki, məndən kiçik üç bacımı — Araselini, Laurini və Ramonini İspaniyanın Bilbao şəhərindəki qadın monastırına göndərsin. Orada onlar heç olmasa acından ölməyəcəkdilər.

Araseli: Həmin vaxt mənim 14, Laurinin 12, Ramoninin isə 10 yaşı var idi. Evdən ayrılmaq çox çətin idi. Biz Bilbaoda təmizlik işləri görürdük. İki il sonra rahibələr bizi Zaraqozada qocalara qulluq edilən böyük monastıra köçürtdülər. Bizim işimiz mətbəxi təmizləmək idi. Bu iş yeniyetmə üçün çox ağır iş idi.

Felisa: Bacılarım Zaraqozaya gedəndə anam və yaşadığımız yerdə keşiş kimi xidmət edən dayım qərara gəldi ki, mən də gedib həmin monastırda işləyim. Onlar fikirləşirdilər ki, ora getsəm, məndən xoşu gələn oğlandan uzaq olaram. Mən çox dindar qız idim. Buna görə də müvəqqəti olaraq  monastırda qalmaq fikri xoşuma gəldi. Mən hər gün messada iştirak edirdim və hətta Afrikada rahib kimi xidmət edən xalam oğlu kimi missioner olmağı fikirləşirdim.

Zaraqozadakı qadın monastırı (solda) Müqəddəs Kitabın Nakar-Kolunqa tərcüməsi (sağda)

Rahibələr mənim başqa ölkələrdə Allaha xidmət etmək istəyimə biganə yanaşırdılar. Monastır mənə həbsxana kimi gəlirdi. Buna görə də bir ildən sonra mən evə qayıdıb keşiş olan dayıma baxmaq qərarına gəldim. Mən evin işini görürdüm, hər axşam dayımla birgə təsbeh çevirə-çevirə dua oxuyurdum. Bakirə Məryəmin və digər «müqəddəs»lərin surətlərini səliqəyə salıb bəzəməyi xoşlayırdım.

Araseli: Monastırda bizim həyatımız dəyişdi. Birinci dəfə and içəndən sonra rahibələr bizi bir-birimizdən ayırdılar. Ramoni Zaraqozada qaldı, Laurini Valensiyaya, məni isə Madridə göndərdilər. Orada ikinci dəfə and içdim. Madrid monastırında tələbələr, qocalar qalırdı və çoxlu qonaqlar gecələyirdi. Buna görə də iş başımızdan aşırdı. Mən monastırın xəstəxanasında işləyirdim.

Sözün açığı həmişə fikirləşirdim ki, rahibə həyatı maraqlı olacaq. Düşünürdüm ki, Müqəddəs Kitabı oxuyub başa düşəcəyəm. Amma heç kim nə Allahın, nə də İsanın adını dilinə gətirmirdi. Biz Müqəddəs Kitabın üzünü də açmırdıq. Mənə bir az latın dilini keçdilər. Sonra isə «müqəddəs»lərin həyatını öyrənirdim, Məryəmə ibadət edirdim. Qalan vaxtlarda tər tökə-tökə işləyirdik.

Mən artıq narahat olmağa başlamışdım. Buna görə də baş rahibə ilə söhbət etdim. Ona dedim ki, burada qalmağımda bir məna görmürəm. Mən burada canım çıxa-çıxa işləyirəm, kimlərsə cibini doldurur, halbuki ailəm orada mənim köməyimə möhtacdır. O, məni hücrəyə salıb qapını qıfılladı. Ümid edirdi ki, fikrimi dəyişib monastırda qalaram.

Üç dəfə rahibələr məni hücrədən buraxdılar. Onlar bilmək istəyirdilər ki, mən hələ də getmək istəyirəm, ya yox. Fikrimdən dönmədiyimi görəndə dedilər ki, yazılı şəkildə belə bir bəyanat verim: «Mən Allaha yox, Şeytana xidmət etmək istədiyim üçün monastırdan gedirəm». Bunu eşidəndə sarsıldım. Monastırdan çıxıb getməyi çox arzulasam da, heç vaxt bu sözləri yaza bilməzdim. Axırda xahiş etdim ki, bir keşiş gəlsin. Baş verənləri ona danışdım. O, yepiskopun tabeliyində olan əyalətin keşişləri ilə mənim məsələmi müzakirə etdi və məni Zaraqozaya əvvəlki monastıra göndərdilər. Bir neçə aydan sonra mənə çıxıb getməyə icazə verdilər. Tezliklə Lauri və Ramoni də monastırı tərk etdilər.

 «QADAĞAN OLUNMUŞ» KİTAB BİZİ AYIRDI

Felisa

Felisa: Sonralar mən ailə qurub Kantabriyaya köçdüm. Mən yenə də hər həftə messaya gedirdim. Bir bazar günü keşiş kürsüdən qəribə bir elan etdi. O, «Əbədi həyata aparan həqiqət» kitabını göstərərək qəzəblə qışqırdı: «Bu kitabı görürsünüz? Əgər kimsə sizə bu kitabdan veribsə, onu ya mənə verin, ya da atın».

Məndə o kitabdan yox idi. Amma keşişin sözlərindən sonra o kitabı oxumaq istədim. İş elə gətirdi ki, bir neçə gündən sonra iki Şahid qapını döyüb mənə həmin «qadağan olunmuş» kitabı təklif etdi. Bir gecəyə kitabı oxuyub qurtardım. Qadınlar növbəti dəfə gələndə onlarla Müqəddəs Kitabı öyrənməyə razılaşdım.

«Qadağan olunmuş» kitab

Həqiqət tezliklə ürəyimə təsir etdi. Əvvəlki dindarlığın yerini Yehovaya məhəbbət və xidmətə həvəs tutdu. 1973-cü ildə vəftiz olundum. Həqiqəti ailəmə danışmağa elə də çox imkanım olmasa da, əlimdən gəldiyi qədər onlara həqiqət barədə danışırdım. Əvvəldə dediyim kimi, onlar, xüsusilə də, bacım Araseli qəti şəkildə yeni etiqadıma qarşı çıxırdılar.

Araseli: Monastırda yaşadığım acı həyat məni sərtləşdirmişdi. Buna baxmayaraq, hər bazar messaya gedirdim, hər gün təsbeh çevirə-çevirə dua oxuyurdum. Hələ də Müqəddəs Kitabı başa düşmək arzusunda idim. Allaha dua edirdim ki, mənə kömək etsin. Bacım Felisa yeni etiqadlarından elə şövqlə danışırdı ki, mənə fanatik kimi görünürdü. Onun dediklərini heç cür qəbul edə bilmirdim.

Araseli

Bir neçə ildən sonra işlə əlaqədar Madridə qayıtdım. Orada ailə qurdum. Amma vaxt keçdikcə heç nəyə inamım qalmadı. Görürdüm ki, müntəzəm olaraq messaya gələnlər İncildə yazılanlara əməl etmirlər. Buna görə də daha kilsəyə getmədim. Artıq nə «müqəddəs»lərə, nə tövbəyə, nə də cəhənnəmə inanmırdım. Bütün surətləri evdən çıxarmışdım. Bilmirdim düz hərəkət edirəm, ya yox. Büsbütün məyus olmuşdum. Elə hey Allaha dua edirdim: «Səni tanımaq istəyirəm. Özünü mənə tanıt». Yadımdadır ki, Yehovanın Şahidləri bir neçə dəfə bizim qapını döymüşdülər, ancaq mən qapını açmırdım. Heç bir dinə etibar etmirdim.

 1980-ci illərin əvvəllərində Fransada yaşayan Lauri və İspaniyada yaşayan Ramoni Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladılar. Mən fikirləşirdim ki, onlar da Felisa kimi aldanıblar. Sonralar qonşuluğumuzda yaşayan Anqelines adlı qadınla tanış olub dostlaşdıq. O da Yehovanın Şahidi idi. Vaxtaşırı Anqelineslə əri mənə Müqəddəs Kitabı öyrənməyi təklif edirdi. Onlar başa düşürdülər ki, mən heç bir dinə etibar etməsəm də, əslində ürəyimin dərinliyində Müqəddəs Kitabı dərk etməyin həsrətindəyəm. Axırda onlara dedim: «Yaxşı, mən sizinlə öyrənərəm. Ancaq bir şərtlə: mən öz Müqəddəs Kitabımı oxuyacağam». Öz kitabım deyəndə Müqəddəs Kitabın Nakar-Kolunqa tərcüməsini nəzərdə tuturdum.

MÜQƏDDƏS KİTAB BİZİ BİRLƏŞDİRİR

Felisa: Mən 1973-cü ildə vəftiz olunanda İspaniyanın Kantabriya əyalətinin mərkəzi olan Santander şəhərində təxminən 70 Şahid var idi. Təbliğ sahəmiz çox geniş idi. Biz bütün əyalətdə təbliğ etmək üçün əvvəlcə avtobusla, sonra isə maşınla yol gedirdik. Kəndbəkənd gəzib həmin bölgənin yüzlərlə kəndini dolaşmışdıq.

İllər ərzində çox adama Müqəddəs Kitabı öyrətmişəm. Onlardan on biri vəftiz olunub. Onların əksəriyyəti katolik idi. Mən özüm əvvəllər qatı dindar olduğum üçün bilirdim ki, səbirli olmalıyam, onları başa düşməliyəm. Bilirdim ki, kök salmış etiqadlardan əl çəkmək üçün onlara vaxt lazımdır, həqiqəti dərk etmələri üçün gərək Müqəddəs Kitab və Yehovanın ruhu onların ürəyinə təsir etsin (İbr. 4:12). Əvvəllər polis işçisi olan həyat yoldaşım Bienvenido 1979-cu ildə vəftiz olundu. Anam da ölümündən bir qədər əvvəl Müqəddəs Kitabı öyrənməyə başlamışdı.

Araseli: Mən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda çox ehtiyat edirdim. Amma həftələr keçdikcə fikir verirdim ki, illərlə ürəyimdə yığılıb qalan hiddət yavaş-yavaş keçib gedir. Şahidlərdə ən çox xoşuma gələn o idi ki, onlar təbliğ etdikləri şeylərə özləri də əməl edirdilər. Getdikcə şübhələrin yerini iman doldurmağa başladı. Artıq özümü xoşbəxt hiss edirdim. Hətta qonşular da deyirdilər ki, «Araseli, elə tutduğun yolla da get».

Yadıma gəlir Yehovaya dua edirdim: «Yehova, şükür Sənə ki, məndən əlini üzmədin. Mənim üçün bu qədər imkan yaratdın ki, axtardığımı tapım. Nəhayət ki, mən indi Müqəddəs Kitabı başa düşürəm». Bacım Felisadan dediyim acı sözlərə görə üzr istədim. Artıq onunla mübahisə yox, Müqəddəs Kitab barədə maraqlı söhbətlər edirdik. Nəhayət, 1989-cu ildə 61 yaşımda vəftiz olundum.

Felisa: İndi mənim 91 yaşım var. Dulam. Daha əvvəlki qədər gücüm-taqətim qalmayıb. Ancaq Müqəddəs Kitabı hər gün oxuyuram. Səhhətim yol verəndə yığıncağa gedirəm. Gücüm çatan qədər xidmət edirəm.

Araseli: Bəlkə də özüm əvvəllər rahibə olduğum üçün xidmətdə keşişlərə və rahibələrə şahidlik etmək çox xoşuma gəlir. Mən onlara nəşrlərimizdən çox vermişəm. Bəzən onlarla maraqlı söhbət də alınıb. Yadımdadır, bir keşişə bir neçə dəfə baş çəkəndən sonra o demişdi: «Araseli, mən səninlə ürəkdən razıyam. Amma bu yaşımda hara gedim? Camaat, ailəm nə deyər?» Onda mən ona dedim: «Bəs Allah nə deyər?» O, kədərlə başını tərpətdi. Ancaq həmin vaxt həqiqətə gəlmək üçün onun cəsarəti yox idi.

Həyatımın bir gününü xoş duyğularla xatırlayıram. Bu, o gün idi ki, yoldaşım ilk dəfə mənimlə birgə yığıncağa getmək istədiyini demişdi. Həmin vaxt onun yaşı 80-i ötmüşdü. Amma o, bundan sonra bir dəfə də olsun yığıncaqdan qalmadı. O, Müqəddəs Kitabı öyrəndi və təbliğçi oldu. Onunla birgə təbliğə getməyimizi sevə-sevə xatırlayıram. Vəftiz olunacağı günə iki ay qalmış o vəfat etdi.

Felisa: Mən çox xoşbəxtəm ki, bir vaxtlar mənə qarşı çıxan üç bacım mənim ruhani bacılarım oldular. Biz bir yerə yığışıb mehriban Allahımız Yehova, Onun Kəlamı barədə danışmağı çox xoşlayırıq. Axır ki, biz bacılar birləşib eyni Allaha ibadət etdik *.

^ abz. 29 Araselinin 87, Felisanın 91, Ramoninin 83 yaşı var. Onlar bu günə qədər Yehovaya sədaqətlə xidmət edirlər. Lauri 1990-cı ildə vəfat etdi. O, ölənədək Yehovaya sadiq qalmışdı.