Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  may 2017

 Arxivimizdən

Onlar Allahın işinə hələ bu qədər şövqlə və məhəbbətlə yanaşmamışdılar

Onlar Allahın işinə hələ bu qədər şövqlə və məhəbbətlə yanaşmamışdılar

1922-ci ilin sentyabr ayı, həftənin cümə günü idi. Haradasa 8000 adam səhər-səhər toplantı zalına toplaşmağa başladı. Camaat gəldikcə içəridə hava get-gedə isinirdi. Proqramı aparan qardaş elan etdi ki, növbəti məruzə zamanı istəyən çölə çıxa bilər, amma daha içəri girə bilməyəcək.

Toplantı «Xidməti uca tutun» adlı hissəyə daxil olan bir neçə nəğmənin ifası ilə başladı. Sonra Cozef Ruterford qardaş səhnəyə çıxdı. Auditoriyanın əksəriyyəti intizar içində idi. Bəziləri isə istidən yerində otura bilmirdi. Natiq onlardan ciddi şəkildə xahiş etdi ki, yerlərinə əyləşsinlər. Qardaşın başının üstündə lülə şəklində bükülmüş plakat asılmışdı. Görəsən, ona fikir verən olmuşdu?

Cozef Ruterford qardaş «Səmavi padşahlıq yaxındır» adlı məruzə ilə çıxış etdi. Məruzədə o, peyğəmbərlərin Allahın Padşahlığının gəlişi ilə bağlı cəsarətlə təbliğ etdikləri barədə danışdı. Saat yarımlıq məruzə boyu onun gurultulu səsi bütün zalı bürümüşdü. Sonda qardaş auditoriyaya belə bir sualla müraciət etdi: «Siz əzəmətli Padşahın taxta çıxdığına inanırsınız?» Bütün zal uca səslə: «Bəli!» — deyə cavab verdi:

Onda qardaş dedi: «Belə isə, ey Allah-Taalanın övladları, “tarlaya” qayıdın! Budur! Padşah artıq hökmranlıq edir! Siz onun carçılarısınız. Buna görə də Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin».

Qardaş sonuncu sözləri deyəndə başının üstündəki plakat açıldı. Orada yazılmışdı: «Padşahı və onun Padşahlığını elan edin».

Bu toplantı ilə bağlı bir neçə bacı-qardaş öz təəssüratlarını bölüşmüşdü. Rey Bop qardaş demişdi: «Bütün zal cuşa gəlmişdi». Anna Qardner adlı bacı söyləmişdi ki, alqışlardan tavan silkələnirdi. «Hamı bir nəfər kimi ayağa qalxmışdı», — deyə Fred Tvaroş qardaş xatırlayır. Evancelos Skufas söyləmişdi: «Elə bil bir qüvvə bizi yerimizdən qaldırdı. Biz ayaq üstdə durub ağlayırdıq».

Toplantıda olanların çoxu artıq Padşahlıq haqda müjdəni təbliğ edirdi. Amma toplantıdan sonra onlarda bu işə yeni həvəs yaranmışdı. Etel Benekof adlı bacı demişdi ki, Müqəddəs Kitab Tədqiqatçıları Allahın işinə hələ bu qədər şövqlə və məhəbbətlə yanaşmamışdılar. Həmin vaxt 18 yaşı olan Odesa Tak toplantıdan sonra «Kim gedər?» çağırışına hay verməyə qəti qərarlı idi. O demişdi: «Məni narahat etmirdi haraya, necə, nə üçün. Bir şeyə əmin idim, mən də “Mən gedərəm! Məni göndər!” deyən Əşiya peyğəmbər kimi olmaq istəyirdim» (Əşy. 6:8). Ralf Lefler qardaş demişdi: «Həmin əlamətdar gün hazırda dünya miqyasında həyata keçirilən təbliğ işinin başlanğıc nöqtəsi idi».

1922-ci ildə Sidar-Pointdə (Ohayo ştatı) keçirilən bu toplantı Yehovanın Şahidlərinin tarixində  əlamətdar hadisədir. Corc Qanqas demişdi: «Bu toplantıdan sonra qərara gəldim ki, bir dənə də olsun toplantı buraxmayacağam». Qardaş demişdi ki, hansısa toplantıya getmədiyi yadına gəlmir. Culia Vilkoks yazmışdı: «Hər dəfə ədəbiyyatlarımızda 1922-ci ildə Sidar-Pointdə keçirilən toplantı barədə oxuyanda sözlə ifadə olunmayan hisslər keçirirəm və hər dəfə deyirəm: “Yehova, mənə bu toplantıda olmağa izin verdiyin üçün Sənə minnətdaram”».

Ürəyimizi riqqətə gətirən, şövqümüzü artıran, Uca Yaradanımıza və Padşahımız İsa Məsihə məhəbbətimizi alovlandıran toplantıları xatırlayanda biz də oxşar hisslər keçiririk. Bu xatirələr yada düşəndə biz də deyirik: «Yehova, mənə bu toplantıda olmağa izin verdiyin üçün Sənə minnətdaram!»