Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) FEVRAL 2017

Yehovanın niyyəti mütləq çin olacaq!

Yehovanın niyyəti mütləq çin olacaq!

«Dedim, edəcəyəm. Niyyət etdim, həyata keçirəcəyəm» (ƏŞY. 46:11).

NƏĞMƏ: 147, 149

1, 2. a) Yehova Allah Öz Kəlamı vasitəsilə bizə nəyi açıb? b) Əşiya 46:10, 11 və 55:11 ayələri bizi nəyə əmin edir?

«BAŞLANĞICDA Allah göyü və yeri yaratdı» (Yar. 1:1). Müqəddəs Kitabın ilk ayəsi olan bu sözlər çox sadə, eyni zamanda çox dərin mənalı sözlərdir. İnsanların Allahın xəlq etdiyi varlıq aləmi barədə, məsələn, kosmos, işıq, cazibə qüvvəsi haqqında bildikləri, sanki, dəryadan bir damladır. Biz əngin Kainatın yalnız kiçik bir zərrəsini görə bilirik (Vaiz 3:11). Amma nə xoşdur ki, Yehova Allah bizə Öz Kəlamı vasitəsilə Yer kürəsi və bəşəriyyətlə bağlı niyyətini açıb. Allah insanı Öz bənzərində yaratmışdı və ona yer üzündə mükəmməl şəraitdə yaşamaq imkanı vermişdi (Yar. 1:26). İnsanlar Allahın övladları, Allah da onlara Ata olacaqdı.

2 «Yaradılış» kitabının üçüncü fəslində yazılanlara əsasən, Yehovanın planlarına əngəl törədən bir problem ortaya çıxır (Yar. 3:1—7). Amma bu əngəl aşılmaz deyildi, axı Yehova Allahın yolunu heç nə kəsə bilməz (Əşy. 46:10, 11; 55:11). Buna görə də biz əminik ki, Yehovanın niyyəti vaxtı çatanda mütləq yerinə yetəcək!

3. a) Müqəddəs Kitabı dərk etməyə kömək edən təməl həqiqətlər hansılardır? b) Nəyə görə bu həqiqətləri nəzərdən keçirməliyik? c) Bu məqalədə hansı sualları araşdıracağıq?

3 Təbii ki, hər birimiz Allahın Yer kürəsi və bəşəriyyətlə  bağlı niyyətini, İsa Məsihin bu niyyətdə daşıdığı rolu bilirik. Bunlar təməl həqiqətlərdir və Müqəddəs Kitabı araşdırmağa başlayanda öyrəndiyimiz ilk həqiqətlərdən biridir. Biz də, öz növbəmizdə, bu həqiqətləri Allahı axtaran insanlara çatdırmaq istəyirik. Bir neçə müddətdir biz insanları İsa Məsihin ölümünü anma mərasiminə dəvət edirik (Luka 22:19, 20). Mərasimə gələnlər Allahın niyyəti barədə çox şey öyrənə biləcək. Anma mərasiminə bir neçə gün qalıb, buna görə də gəlin müəyyən sualları nəzərdən keçirək. Bu sualların köməyi ilə Müqəddəs Kitab dərsi keçdiyimiz və həqiqətlə maraqlanan insanları anma mərasiminə gəlməyə təşviq edə bilərik. Bu məqalədə biz növbəti üç sualı nəzərdən keçirəcəyik: Allah ta əzəldən Yer kürəsi və bəşəriyyət üçün nə niyyət etmişdi? Allahın niyyətinə əngəl törədən hansı problem ortaya çıxdı? Nəyə görə demək olar ki, İsa Məsihin qurbanlığı Allahın niyyətinin yerinə yetməsində əsas yeri tutur?

ALLAHIN ƏZƏLİ NİYYƏTİ

4. Xilqət Yehova Allah barədə nə deyir?

4 Yehova Allahın yaratdığı hər şey insanı heyran qoyur. Allah-Taala bütün məxluqatı mükəmməl yaradıb (Yar. 1:31; Ərm. 10:12). Xilqətin gözəlliyi və təbiət qanunları bizə dərin sirləri açır. Allahın yaratdıqlarını seyr edəndə insan valeh olur və dərk edir ki, Xaliq ən xırda şeyləri belə, gözəl məqsədlə yaradıb. Çox az adam tapılar ki, səmada sayrışan ulduzları, gur-gur axan şəlalələri, qürub edən günəşin gözəlliyini görəndə ayaq saxlayıb bu mənzərəyə heyranlıqla tamaşa etməsin. Səbəb isə ondadır ki, Allah insanı gözəlliyi duymaq bacarığı ilə yaradıb. (Zəbur 19:1; 104:24 ayələrini oxuyun.)

5. Bütün xilqətin həmahəng şəkildə fəaliyyət göstərməsi üçün Yehova nə edib?

5 Yehova Allah Kainatdakı hər bir şey üçün qanun qoyub. O, həm təbiət, həm də əxlaq qanunları təsis edib ki, xilqət arasında həmahənglik olsun (Zəb. 19:7—9). Varlıq aləmindəki nizama diqqət yetirdikdə aydın olur ki, hər şey öz yerində qərar tutub və yarandığı məqsədə xidmət edir. Xilqətin həmahəng şəkildə fəaliyyət göstərməsi üçün Yehova müəyyən qanunlar qoyub. Məsələn, cazibə qanunu atmosferin Yer səthinə yaxın olmasını, okean və dəniz sularının qabarma və çəkilməsini təmin edir, həmçinin insan həyatı üçün son dərəcə əhəmiyyətli rol oynayır. Bütün xilqət, eləcə də insanlar bu qanunlara tabe olur. Allahın təsis etdiyi qanunlar sübut edir ki, O, Yeri və insanları gözəl məqsədlə yaradıb. Gəlin təbliğ etdiyimiz insanlara bu əsrarəngiz Kainatın Yaradanı ilə yaxından tanış olmağa kömək edək (Vəhy 4:11).

6, 7. Yehova Allah Adəmlə Həvvaya hansı nemətləri bəxş etmişdi?

6 Allahın əzəli niyyəti o idi ki, insanlar yer üzündə əbədi yaşasın (Yar. 1:28; Zəb. 37:29). O, Adəmlə Həvvaya həyatdan həzz almaq üçün çoxlu gözəl nemətlər bəxş etmişdi. (Yaqub 1:17 ayəsini oxuyun.) Onlara iradə azadlığı, düşünmək qabiliyyəti, sevmək və dostluq etmək bacarığı vermişdi. Yehova Adəmlə danışıb ona müəyyən əmr vermişdi. Həmçinin ona özünün və heyvanların qeydinə qalmağı, torpağa qulluq etməyi buyurmuşdu (Yar. 2:15—17, 19, 20). Allah Adəmlə Həvvaya dadbilmə, toxunma, görmə, eşitmə və iybilmə qabiliyyəti də bəxş etmişdi ki, onlar Cənnətin gözəlliyindən və oradakı nemətlərdən həzz alsınlar. Onlar əbədiyyən könüllərincə olan işlə məşğul ola və dünyanı kəşf edə bilərdilər.

 7 Bəs Allahın niyyətinə başqa nə daxil idi? Yehova Adəmlə Həvvaya dünyaya kamil övlad gətirmək qabiliyyəti vermişdi. Allahın niyyəti o idi ki, onların uşaqlarının da uşaqları olsun, ta o vaxta qədər ki, bütün yer üzündə insan məskən salsın. Allah ilk kamil insan olan Adəmlə Həvvanı necə sevirdisə, onlar və ümumiyyətcə bütün valideynlər öz övladlarını o cür sevməli idilər. Yer kürəsi bəşəriyyətin əbədi evi olmalı idi (Zəb. 115:16).

ORTAYA PROBLEM ÇIXIR

8. Yehova Allah Yaradılış 2:16, 17 ayələrində yazılan qanunu nəyə görə vermişdi?

8 Amma hər şey Yehova Allahın niyyət etdiyi kimi getmədi. Görəsən, niyə? Axı nə baş verdi? Allah Adəmlə Həvvaya çox sadə bir qanun vermişdi. Bu qanun bir şeyi aşkara çıxaracaqdı: onlar azadlıqlarının məhdud olduğunu qəbul edirlər ya yox. Allah belə buyurmuşdu: «Bağdakı bütün ağacların meyvəsindən ürəyin istəyən qədər yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yar. 2:16, 17). Adəmlə Həvva üçün bu qanunu başa düşmək və ona əməl etmək çətin deyildi. Axı xeyirlə şəri bilmə ağacı yeganə ağac deyildi, Ədən bağında yeməyə çox şey var idi.

9, 10. a) Şeytan Yehovanı nədə ittiham etdi? b) Adəmlə Həvva hansı seçimi etdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

9 Şeytan ilan vasitəsilə Həvvanı aldadıb Atası Yehova Allahın sözündən çıxmağa təhrik etdi. (Yaradılış 3:1—5 ayələrini oxuyun; Vəhy 12:9.) Şeytan belə bir sual qaldırdı: necə ola bilər ki, Allahın övladı olan insan «bağdakı hər ağacın meyvəsindən» yeyə bilməsin. Sanki, Şeytan demək istəyirdi: «İndi elə çıxır ki, siz istədiyinizi edə bilməzsiniz?!» Sonra o, yalan bir iddia irəli sürdü: «Yox, əsla ölməzsiniz». Bu sözlərin ardınca Şeytan Həvvaya dedi: «Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq». Bununla Şeytan Həvvanı inandırmaq istəyirdi ki, o, Allaha qulaq asmağa borclu deyil. Şeytanın sözündən belə çıxırdı ki, guya Allah Adəmlə Həvvanın gözlərinin açılmasını istəmir, ona görə onları ağacın meyvəsindən yeməyə qoymur. Sonra Şeytan onlara yalandan söz verdi: «Siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».

10 Adəmlə Həvva seçim qarşısında idi. Görəsən, onlar kimə qulaq asacaqdılar: Yehovaya, yoxsa Şeytana? Onlar qərara gəldilər ki, Şeytana inansınlar. Bununla da Adəmlə Həvva Allaha qarşı üsyan edib Şeytana yoldaş oldu. Onlar Yehovanı bir Ata kimi rədd etdilər, beləliklə də Onun müdafiəsindən məhrum oldular (Yar. 3:6—13).

11. Nəyə görə Yehova Allah Adəmlə Həvvanın üsyanına göz yuma bilməzdi?

11 Allaha qarşı üsyan etməklə Adəmlə Həvva kamilliyi itirdi. Ən betəri isə bu üsyan onlarla Yehova arasında uçurum yaratdı, çünki Həbquq 1:13 ayəsində Yehova barədə yazılıb: «Sənin gözlərin o qədər safdır ki, pisliyə baxmazsan». Bəli, Yehova yamanlığı götürə bilmir! Əgər Allah Adəmlə Həvvanın hərəkətinə göz yumsaydı, göydə və yerdə yaşayan bütün varlıqların birliyi və əmin-amanlığı təhlükə altında olardı. Ən əsası, Yehova Ədəndəki üsyana qarşı bir tədbir görməsəydi, Onun etibarlı Allah olduğu sual altına düşərdi. Amma Yehova qoyduğu qanunlara sadiqdir, O, heç vaxt bu qanunlardan kənara çıxmır (Zəb. 119:142). Deməli, iradə azadlığı Adəmlə Həvvaya da Allahın qanunundan çıxmağa ixtiyar vermirdi. Buna görə də Yehovaya qarşı  üsyan etdikləri üçün onlar ölüb torpağa qarışdılar (Yar. 3:19).

12. Adəmin övladlarının aqibəti necə oldu?

12 Qadağan olunmuş meyvəni yedikləri üçün Adəmlə Həvva artıq Allahın ailə üzvü ola bilməzdi. Yehova Allah onları Ədən bağından qovdu və oranın qapılarını birdəfəlik onların üzünə bağladı (Yar. 3:23, 24). Bununla Yehova imkan verdi ki, onlar verdikləri qərarın acı nəticəsini dadsınlar. (Qanunun təkrarı 32:4, 5 ayələrini oxuyun.) Kamilliyi itirdiyi üçün insan artıq Allahın xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirə bilmirdi. Adəm təkcə özünün yox, gələcək övladlarının da gələcəyinin üstündən xətt çəkdi, onlara miras verdiyi yeganə şey qeyri-kamillik, günah və ölüm oldu (Rom. 5:12). Adəm övladlarını əbədi həyatdan məhrum etdi. Günahdan sonra nə Adəmlə Həvva, nə də onların övladları dünyaya kamil insan gətirə bilməzdi. İlk insanları Allaha asiliyə təhrik edən Şeytan öz peşəsindən əl çəkməyib, o gündən bu yana o, bütün bəşəriyyəti yolundan azdırmağa çalışır (Yəh. 8:44).

FİDYƏ. ALLAHLA İNSANLAR ARASINDA KÖRPÜ

13. Yehovanın insanlara münasibəti necədir?

13 Amma Yehova Allah bütün bu şeylərə baxmayaraq, insanları çox sevir. Adəmlə Həvva Allahdan üz döndərsə də, O, onların övladlarından üz döndərməyib, onlara Özü ilə dost olmağa imkan verir. Allah heç bir insanın ölməyini istəmir (2 But. 3:9). Buna görə də Ədən bağındakı üsyandan sonra O, insanlarla münasibəti bərpa etmək üçün bir tədbir gördü, eyni zamanda Öz qanunlarından kənara çıxmadı. Gəlin görək Yehova bunu necə etdi.

14. a) Yəhya 3:16 ayəsinə əsasən, Allah bəşəriyyəti günah və ölümdən xilas etmək üçün nə etdi? b) Allahı axtaran insanlara hansı sualın cavabını tapmağa kömək edə bilərik?

14 Yəhya 3:16 ayəsini oxuyun. Amma insanlarda bir sual yaranır: «İsanın fidyə qurbanlığı əbədi həyata necə yol açır?» Anma mərasimi ilə bağlı keçirilən təbliğ kampaniyası, mərasimin özü və mərasimdən sonra etdiyimiz təkrar söhbətlər imkan yaradır ki, biz Allahı axtaran insanların bu sualına cavab verək. Fidyə haqqında dərin məlumat aldıqca insanlar Allahın Öz bəndələrini nə qədər sevdiyini, Onun nə qədər hikmətli olduğunu görəcəklər. Gəlin görək onlarla fidyə mövzusunu müzakirə edəndə hansı fikirləri vurğulamaq olar.

15. İsa Adəmdən fərqli olaraq, nə etdi?

15 Yehova fidyəni təqdim etməyə qabil olan kamil insan yaratdı. Bu kamil insan Allaha sadiq qalmalı və ölümə məhkum bəşəriyyəti xilas etmək üçün canını könüllü şəkildə qurban verməli idi (Rom. 5:17—19). Yehova ilk yaratdığı varlığı, İsa Məsihi göydən yerə göndərdi (Yəh. 1:14). Bununla İsa Adəm kimi kamil insan oldu. Lakin Adəmdən fərqli olaraq, Məsih kamil insandan gözlənilən şeyi etdi, Allahın qanunlarından kənara çıxmadı. O, ən çətin sınaqlarla qarşılaşsa da, Yaradanına qarşı günah işləmədi, Onun qanununun bir nöqtəsini belə pozmadı.

16. Nəyə görə fidyə misli-bərabəri olmayan ənamdır?

16 Kamil olduğu üçün İsa Məsih öz ölümü ilə insanları günah və ölümdən xilas etməyə qadir idi. İsa kamil insandan, yəni Adəmdən gözlənilən tələblərə cavab verirdi: o, kamil idi, sona qədər Allaha sadiq qaldı və ömürboyu Onun sözündən çıxmadı (1 Tim. 2:6). Məsihin fidyə qurbanlığı bütün bəşəriyyətin, kişi, qadın, uşaq, bir  sözlə, hamının qarşısında əbədi həyata qapı açdı (Mət. 20:28). Buna görə də, demək olar ki, fidyə Allahın əzəli niyyətini reallaşdırmaq üçün əsas vasitədir (2 Kor. 1:19, 20). Fidyə sayəsində bütün saleh insanların əbədi yaşamaq ümidi var.

GERİYƏ YOL VAR

17. Fidyənin sayəsində insanların qarşısında hansı nemətlərə qapı açılıb?

17 Fidyəni təqdim etmək üçün Yehova çox böyük qurban verib (1 But. 1:19). Görün O, biz insanları nə dərəcədə əziz tutur ki, uğrumuzda ilkin Oğlunu fəda etdi (1 Yəh. 4:9, 10). İsa, bir növ, atamız Adəmin yerinə bizə atalıq etdi (1 Kor. 15:45). Bununla o, bizə yalnız həyat vermədi, həm də geriyə, Allahın ailəsinə qayıtmağımız üçün yol açdı. Bəli, Yehova Allah İsa Məsihin qurbanlığı əsasında müqəddəs qanunlarını pozmadan insanları yenidən Öz ailəsinə qəbul etməyə hazırdır. Məgər bütün saleh insanların kamilliyə qovuşduğu o gözəl dövranı təsəvvür edəndə ürəyiniz cuşa gəlmir?! Onda Allahın ailəsində, göydəki və yerdəki şüurlu varlıqlar arasında, sözün əsl mənasında, sülh və əmin-amanlıq hökm sürəcək. Onda biz Allahın övladları olacağıq (Rom. 8:21).

18. Nə vaxt Yehova Allah «hər kəs üçün hər şey» olacaq?

18 Ulu valideynlərimiz Allaha asi çıxsa da, Yehova bizləri Öz məhəbbətindən məhrum etmədi. Biz qeyri-kamil olsaq da, Şeytan Allaha sədaqətimizi sarsıda bilmir. Bir gün Yehova fidyə vasitəsilə bütün övladlarını salehliyə çatdıracaq. Təsəvvür edirsiniz, «Oğulu qəbul edib ona iman edən hər kəs» əbədi həyata qovuşanda həyat necə olacaq?! (Yəh. 6:40). Məhəbbətli və hikmətli Allahımız Yehova Öz niyyətini həyata keçirəcək və bütün insanlara kamilliyə çatmağa kömək edəcək. Bax onda Yehova «hər kəs üçün hər şey» olacaq (1 Kor. 15:28).

19. a) Fidyəyə görə Yehova Allaha minnətdarlıq bizi nəyə təşviq etməlidir? (« Layiqli adamları axtarın» adlı çərçivəyə baxın.) b) Növbəti məqalədə hansı mövzu barədə danışılacaq?

19 Fidyəyə görə Yehova Allaha minnətdarlığımız sonsuzdur. Buna görə də gəlin başqalarına da fidyənin gətirdiyi faydalar barədə danışaq. Qoy hamı bilsin ki, Yehova Allahın məhəbbətdən irəli gələrək təqdim etdiyi fidyə onlara əbədi həyat bəxş etməyə qadirdir. Lakin fidyənin yol açdığı nemətlər bununla bitmir. Fidyə Şeytanın qaldırdığı başqa sualların da həlli yoludur. Növbəti məqalədə məhz bu barədə danışılacaq.