Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) FEVRAL 2017

Bu gün Allahın xalqına kim rəhbərlik edir?

Bu gün Allahın xalqına kim rəhbərlik edir?

«Sizə rəhbərlik edənləri unutmayın» (İBR. 13:7).

NƏĞMƏ: 125, 43

1, 2. Məsih göyə qalxandan sonra həvarilərdə hansı sual yarana bilərdi?

MƏSİHİN həvariləri Zeytun dağında durub gözlərini qırpmadan səmaya baxırlar. Bir neçə dəqiqə əvvəl onların gözü qarşısında ustadları və dostları İsa Məsih buludların arasında gözdən itib qeybə çəkildi (Həv. 1:9, 10). O, iki ildir ki şagirdlərinə təlim verir, ruhlandırır və yol göstərir. İndi isə onları qoyub gedir. Bəs indi onlar nə edəcəklər?

2 Göyə qalxmazdan əvvəl Məsih davamçılarına belə bir buyruq verdi: «Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Bəs onlar bu tapşırığı necə yerinə yetirəcəklər? Düzdür, İsa söz vermişdi ki, Allah tezliklə onlara müqəddəs ruh verəcək (Həv. 1:5). Amma müjdənin dünya miqyasında təbliğ olunması üçün rəhbər lazım idi. Axı qədimdə də Yehova Öz xalqına yerdəki elçilərindən kimi isə rəhbər təyin edirdi. Buna görə də həvarilərdə, məntiqli olaraq, sual yarana bilərdi: «Görəsən, indi də Yehova kimi isə başçı təyin edəcək?»

3. a) Məsih göyə qalxandan sonra həvarilər hansı vacib seçimi etdilər? b) Bu məqalədə hansı suallara cavab veriləcək?

 3 Bu hadisədən iki həftə sonra şagirdlər Müqəddəs Yazıları araşdırır, dua edib Yehovadan rəhbərlik istəyir və Məttiyanı Yəhuda İskəryutun yerinə 12-ci həvari təyin edirlər (Həv. 1:15—26). Nəyə görə 12-ci həvarinin olması həvarilər və Yehova üçün əhəmiyyətli idi? Buna təşkilati səbəblərdən ehtiyac var idi *. İsa həvariləri sadəcə onu xidmətdə müşayiət etmək üçün seçməmişdi, onlar Allahın xalqı arasında vacib tapşırığı yerinə yetirəcəkdilər. Söhbət hansı tapşırıqdan gedir? Yehova Məsih vasitəsilə onlara bu işdə necə kömək etmişdi? Bu gün Allah Öz xalqının arasında kimlərəsə eyni tapşırığı veribmi? Bizə rəhbərlik edənləri, xüsusən də, «sadiq və ağıllı nökər»i unutmadığımızı necə göstərə bilərik? (İbr. 13:7; Mət. 24:45).

RƏHBƏRİLİK ŞURASININ GÖZƏGÖRÜNMƏZ RƏHBƏRİ

4. Həvarilər və Yerusəlimdəki digər ağsaqqallar birinci əsrdə hansı işi icra edirdilər?

4 33-cü ilin Əllinci gün bayramından etibarən həvarilər məsihi yığıncağı üzərində rəhbərlik işini icra etməyə başladılar. Müqəddəs Kitabda deyilir ki, Butrus «on bir həvari ilə birgə ayağa qalxıb» yəhudilərdən və prozelitlərdən ibarət böyük bir kütləyə xilas xəbərini çatdırdı (Həv. 2:14, 15). Xeyli adam məsihiliyi qəbul etdi. Sonra yenicə məsihi olmuş bu insanlar «həvarilərdən həvəslə təlim alır»dı (Həv. 2:42). O vaxt həvarilər maliyyə işlərinə nəzarət edirdilər (Həv. 4:34, 35). Həvarilərin «özümüzü duaya və Allahın sözünü öyrətmək işinə həsr edək» sözlərindən görmək olar ki, onlar həmçinin Allahın xalqına təlim verirdilər (Həv. 6:4). Üstəlik, onlar təcrübəli məsihiləri müjdəçi kimi yeni ərazilərə təyin edirdilər (Həv. 8:14, 15). Bir müddət sonra yığıncaqlara nəzarət etmək işində həvarilərə digər ağsaqqallar da kömək etməyə başladı. Birlikdə onlar rəhbərlik şurası qismində fəaliyyət göstərir, yığıncaqlara göstərişlər verirdilər (Həv. 15:2).

5, 6. a) Müqəddəs ruh rəhbərlik şurasına necə kömək edirdi? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Mələklər rəhbərlik şurasına necə kömək edirdi? c) Allahın Kəlamı rəhbərlik şurasına necə kömək edirdi?

5 Birinci əsrdəki məsihilər əmin idilər ki, rəhbərlik şurasını Rəhbərləri Məsih vasitəsilə Yehova Allah idarə edir. Onlarda bu əminlik haradan idi? Birincisi, Allah rəhbərlik şurasına müqəddəs ruh vermişdi (Yəh. 16:13). Məsh olunmuş məsihilərin hamısı müqəddəs ruh almışdılar, ancaq müqəddəs ruh həvarilərə və Yerusəlimdəki ağsaqqallara xüsusi şəkildə təsir etmişdi, onlara nəzarətçi işini yerinə yetirmək qabiliyyəti vermişdi. Misal üçün, eramızın 49-cu ilində müqəddəs ruhun köməyi ilə rəhbərlik şurası sünnət məsələsi ilə bağlı qərar qəbul etmişdi. Yığıncaqlar onların göstərişinə əməl edir, «imanda möhkəmlənir və günü-gündən böyüyürdü» (Həv. 16:4, 5). Sünnət məsələsi ilə bağlı qərarın yazıldığı məktubdan rəhbərlik şurasının Allahdan müqəddəs ruh aldığı, həmçinin ruhun bəhrəsinə daxil olan məhəbbət və iman kimi gözəl xüsusiyyətləri təzahür etdirdiyi aydın görünür (Həv. 15:11, 25—29; Qal. 5:22, 23).

6 İkincisi, Allah rəhbərlik şurasına mələklər vasitəsilə kömək edirdi. Sünnətsiz qeyri-yəhudilərin arasından ilk məsihi  olan Kornili vəftiz olmazdan əvvəl mələk ona həvari Butrusun dalınca adam göndərməyi buyurmuşdu. Butrus Korniliyə və onun ev əhlinə təbliğ edəndən sonra müqəddəs ruh onların üzərinə enmişdi, baxmayaraq ki, onlar sünnətsiz idilər. Bu, həvariləri və digər qardaşları Allahın iradəsinə tabe olmağa və qeyri-yəhudiləri bir məsihi kimi qəbul etməyə təşviq etmişdi (Həv. 11:13—18). Mələklərin rəhbərlik şurasının nəzarəti altında olan təbliğ işinin vüsət almasında da böyük rolu olmuşdu (Həv. 5:19, 20). Üçüncüsü, Allah Öz Kəlamı vasitəsilə rəhbərlik şurasına yol göstərirdi. Müqəddəs ruhla məsh olunmuş bu ağsaqqallar həm təlimlə, həm də yığıncağın işlərilə bağlı məsələlərdə Müqəddəs Yazılara əsasən qərar verirdilər (Həv. 1:20—22; 15:15—20).

7. Nəyə əsasən deyə bilərik ki, birinci əsrdə məsihilərə rəhbərlik edən İsa Məsih idi?

7 Birinci əsrdə rəhbərlik şurası məsihi yığıncağı üzərində səlahiyyət daşısa da, şuraya daxil olan qardaşlar başa düşürdü ki, yığıncağa rəhbərlik edən Məsihdir. Həvari Bulus yazmışdı ki, həvariləri bu vəzifəyə Məsih təyin edib. Sonra o əlavə etmişdi: «Gəlin həqiqəti söyləyərək bədənin başı olan Məsihə doğru hər şeydə məhəbbətlə inkişaf edək» (Efes. 4:11, 15). Şagirdlər özlərinə hansısa görkəmli həvarinin adını götürmədilər, onlar «Allahın hökmü ilə... məsihi adlanmağa başladılar» (Həv. 11:26). Həvari Bulus həvarilərin və yığıncağa rəhbərlik edən digər ağsaqqalların öyrətdiyi şeylərə, yəni Müqəddəs Yazılara əsaslanan təlimlərə sadiq qalmağın vacib olduğunu vurğulamışdı. Lakin, eyni zamanda, o demişdi: «Amma bunu da bilməyinizi istəyirəm ki, hər kişinin [eləcə də rəhbərlik şurasının hər bir üzvünün] başı Məsih,.. Məsihin başı isə Allahdır» (1 Kor. 11:2, 3). Bəli, yığıncaq üzərində rəhbərliyi Yehova Allah İsa Məsihə həvalə etmişdi.

«BU İŞİ GÖRƏN İNSAN DEYİL, ALLAHDIR»

8, 9. XIX əsrin sonlarında Çarlz Teyz Rassel hansı işi həyata keçirirdi?

8 XIX əsrin sonlarında Çarlz Teyz Rassel və onun əməkdaşları pak məsihiliyi dirçəltdi. Müqəddəs Kitabdakı həqiqətin başqa dillərdə də yayılması üçün Sion Gözətçi Qülləsi və Traktatlar Cəmiyyəti 1884-cü ildə rəsmi qeydiyyatdan keçdi və Çarlz Teyz Rassel cəmiyyətin prezidenti təyin olundu *. O, Müqəddəs Kitabı dərindən araşdırır, Üç üqnum, ölməz ruh kimi yalan təlimləri cəsarətlə ifşa edirdi. Araşdırmalar nəticəsində o qənaətə gəlmişdi ki, Məsihin zühuru gözəgörünməz şəkildə olmalı və «xalqlara verilən vaxt» 1914-cü ildə başa çatmalıdır (Luka 21:24). Çarlz Rassel vaxtını, gücünü və pulunu müjdənin yayılmasına sərf edirdi. Aydındır ki, tarixin bu mühüm mərhələsində Yehova Allah və yığıncağın başı olan İsa Məsih yığıncağa başçılıq etmək işini Rasselə tapşırmışdı.

9 Çarlz Rassel insanlardan şərəf gözləmirdi. O, 1896-cı ildə yazmışdı: «Yazdığımız məqalələrə görə izzət, hörmət gözləmirik; insanların bizə “müqəddəs ata”, “ravvin” deyə müraciət etməsini, bizim ardıcıllarımız kimi tanınmasını istəmirik». Sonra o əlavə etmişdi: «Bu işi görən insan deyil, Allahdır».

10. a) İsa Məsih «sadiq və ağıllı nökər»i nə vaxt təyin edib? b) Rəhbərlik Şurasının və Gözətçi Qülləsi Cəmiyyətinin fərqli anlayışlar olduğu necə aydın oldu?

10 1919-cu ildə, Rasselin vəfatından üç il sonra, İsa Məsih bir qrup məsh  olunmuş qardaşı «sadiq və ağıllı nökər» təyin edir. Məqsəd «evindəki qulluqçulara vaxtlı-vaxtında yemək vermək» idi (Mət. 24:45). Həmin illərdə Bruklindəki (Nyu-York) baş idarədə çalışan bir neçə məsh olunmuş məsihi İsa Məsihin davamçılarını Müqəddəs Kitab elmi ilə maarifləndirirdi. «Rəhbərlik şurası» ifadəsi 1940-cı illərdə nəşrlərimizdə yazılmağa başlayıb. Həmin dövrdə bu ifadə, əsasən, Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin rəhbərlərinə aid edilirdi. Lakin 1971-ci ildə belə bir nəticəyə gəlindi ki, Rəhbərlik Şurası ilə Gözətçi Qülləsi Cəmiyyəti fərqli anlayışlardır, çünki bu cəmiyyət «yemək verməklə» yox, yalnız hüquqi işlərlə məşğul olur. O vaxtdan etibarən Rəhbərlik Şurasına cəmiyyətin rəhbəri olmayan məsh olunmuş qardaşlar üzv seçilir. Artıq bir neçə ildir ki, cəmiyyətin və Yehovanın Şahidlərinə aid olan digər hüquqi şəxslərin rəhbərləri «başqa qoyunlar»ın sırasından olan məsul qardaşlardan seçilir. Bunun sayəsində Rəhbərlik Şurası bütün diqqətini Allahın xalqına elm verməyə və rəhbərlik etməyə cəmləyə bilir (Yəh. 10:16; Həv. 6:4). «Gözətçi qülləsi» jurnalının 2013-cü il 15 iyul sayında izah olunurdu ki, «sadiq və ağıllı nökər» bir neçə məsh olunmuş qardaşdan ibarət Rəhbərlik Şurasıdır.

Rəhbərlik şurası (1950–ci illər)

11. Rəhbərlik Şurası necə fəaliyyət göstərir?

11 Rəhbərlik Şurasının üzvləri qərarları birgə qəbul edirlər. Onlar hər həftə görüş keçirir. Bu görüşlər onlara bir-biri ilə yaxşı münasibət qurmağa və yekdil olmağa kömək edir (Məs. 20:18). Rəhbərlik Şurasının bir üzvü o birindən üstün olmadığı üçün hər il şuranın sədri dəyişir, onların hər biri növbə ilə şuraya sədrlik edir (1 But. 5:1). Rəhbərlik Şurasının altı komitəsinin hər birinin sədri də eyni qaydaya uyğun olaraq dəyişir. Şuranın heç bir üzvü özünü digər qardaşların üzərində rəhbər saymır, əksinə, o da özünü sadiq nökər tərəfindən qida alan evdəki qulluqçulara aid edir və onun başçılığına tabe olur.

1919-cu ildən bəri sadiq nökər Allahın xalqını maarifləndirir (10 və 11-ci abzaslara baxın)

«SADİQ VƏ AĞILLI NÖKƏR, GÖRƏSƏN, KİMDİR?»

12. Rəhbərlik Şurasının üzvləri Allahdan vəhy almadığı və qeyri-kamil olduğu üçün hansı suallar ortaya çıxır?

12 Rəhbərlik Şurasının üzvləri nə Allahdan vəhy almırlar, nə də kamil deyillər. Buna görə də təlimlərin izahatında və təşkilati məsələlərdə hərdən səhvlər edirlər. Məsələn, «Gözətçi Qülləsi nəşrlərinin indeksi»ndə (ing.) «Təlimlərimizə gətirilən aydınlıq» adlı mövzu yer alır. Orada 1870-ci ildən bəri yenilənən təlimlərin siyahısı gətirilir *. Axı İsa Məsih deməmişdi ki, sadiq nökərin hazırladığı «yemək» mükəmməl olacaq. İndi İsanın «sadiq və ağıllı nökər, görəsən, kimdir?» sualına necə cavab verərdiniz? (Mət. 24:45). Nəyə əsasən deyə bilərik ki, bu işi məhz Rəhbərlik Şurası həyata keçirir? Gəlin bu suala cavab tapmaq üçün birinci əsrdəki rəhbərlik şurasına Allahın xalqına başçılıq etməyə kömək edən üç amili nəzərdən keçirək.

13. Müqəddəs ruh Rəhbərlik Şurasına necə kömək edir?

13 Müqəddəs ruhun köməyi. Rəhbərlik Şurası müqəddəs ruhun sayəsində əvvəllər qaranlıq qalan həqiqətləri başa düşdü. Buna sübut kimi əvvəlki abzasda söz açılan yenilənən təlimlərin siyahısını nəzərdən keçirə bilərsiniz. Sözsüz ki, heç bir insan öz ağlı ilə «Allahın dərin sirlərini» anlaya bilməz! (1 Korinflilərə 2:10 ayəsini  oxuyun.) Rəhbərlik Şurası həvari Bulusun növbəti sözlərinə şərikdir: «Biz də bunlar barəsində insan müdrikliyinin deyil, ruhun öyrətdiyi sözlərlə danışırıq» (1 Kor. 2:13). Əsrlər ərzində həqiqətin zülmətdə qaldığını və dönüklüyün vüsət aldığını nəzərə alsaq, 1919-cu ildən bəri sürətlə açılan həqiqətləri müqəddəs ruhdan başqa nə aça bilərdi?!

14. Vəhy 14:6, 7 ayələrinə əsasən, mələklər Allahın xalqına necə kömək edir?

14 Mələklərin köməyi. Rəhbərlik Şurası səkkiz milyondan çox təbliğçinin cəlb olunduğu ümumdünya təbliğ işinə nəzarət etmək kimi vacib tapşırığı yerinə yetirir. Bəs bu iş nəyin sayəsində bu cür uğur qazanıb? Uğura aparan amillərdən biri mələklərin köməyidir. (Vəhy 14:6, 7 ayələrini oxuyun.) Çox hallar olub ki, insan dua edib Allahdan kömək istəyib və demək olar, dərhal sonra təbliğçilər onun qapısını döyüblər *. Bütün dünyada, hətta amansız təqiblərin tüğyan etdiyi ölkələrdə şagird hazırlamaq işinin vüsət alması yalnız fövqəlbəşər qüvvənin sayəsində mümkündür.

15. Rəhbərlik Şurası ilə Xristian ruhaniləri arasında hansı kəskin fərq müşahidə olunur? Nümunə çəkin.

15 Allahın Kəlamının köməyi. (Yəhya 17:17 ayəsini oxuyun.) «Gözətçi qülləsi» jurnalının 1973-cü il 1 iyun sayında (ing.) belə bir sual verilmişdi: «Siqaret çəkən insan vəftiz ola bilər?» Cavab belə  idi: «Müqəddəs Kitaba əsasən, ola bilməz». Bu iddiaya sübut olaraq Müqəddəs Kitabdan bir neçə ayə gətirilmişdi və sonra izah olunmuşdu ki, nəyə görə siqareti atmayan məsihi yığıncaqdan kənar olunmalıdır (1 Kor. 5:7; 2 Kor. 7:1). Jurnalda yazılmışdı: «Bu qəti qərarı verən insan deyil, Allahdır. Allah isə iradəsini Öz Kəlamı vasitəsilə bildirir». Yalnız Yehovanın Şahidləri öz dinlərinin üzvlərindən kiminsə ziyanına olsa belə, Allahın Kəlamına əsaslanaraq qərar verir. Başqa heç bir din belə davranmır. Birləşmiş Ştatlardakı dinlərlə bağlı bu yaxınlarda dərc olunan bir kitabda deyilir: «Xristian ruhaniləri hər zaman təlimlərini kilsə üzvlərinin, cəmiyyətin inanc və fikirlərinə uyğunlaşdırırlar». Amma Rəhbərlik Şurası qərarları ictimaiyyətin yox, Allahın Kəlamına əsaslandırır. Bundan belə nəticəyə gəlirik ki, bu gün xalqına rəhbərlik edən Allahın Özüdür.

«SİZƏ RƏHBƏRLİK EDƏNLƏRİ UNUTMAYIN»

16. Rəhbərlik Şurasını unutmadığımızı necə göstərə bilərik?

16 İbranilərə 13:7 ayəsini oxuyun. Bu ayədə «unutmamaq» kimi tərcümə olunan yunan sözü «xatırlamaq» mənasını da daşıyır. Dualarımızda Rəhbərlik Şurasını xatırlamaqla bizə rəhbərlik edənləri unutmadığımızı göstərə bilərik (Efes. 6:18). Nəzərə alsaq ki, Allahın xalqına bilik vermək, ümumdünya təbliğ işinə nəzarət etmək, ianələrdən hikmətlə istifadə etmək nə qədər məsuliyyətli işdir onların bizim dualarımıza, doğrudan da, böyük ehtiyacı var.

17, 18. a) Rəhbərlik Şurasını unutmadığımızı daha necə göstərə bilərik? b) Təbliğ işində iştirak etmək nəyə görə vacibdir?

17 Rəhbərlik Şurasını unutmadığımızı təkcə onlar üçün dua etməklə yox, onların göstərişinə boyun əyməklə də göstərə bilərik. Rəhbərlik Şurası nəşrlər, yığıncaq görüşləri və toplantılar vasitəsilə bizə yol göstərir. Rayon nəzarətçilərini də bu şura təyin edir, rayon nəzarətçiləri isə yığıncağa ağsaqqallar təyin edirlər. Rayon nəzarətçiləri və ağsaqqallar Rəhbərlik Şurasını unutmadıqlarını ondan aldıqları göstərişlərə itaət etməklə göstərə bilərlər. Hər birimiz rəhbərimiz İsa Məsihin bu gün bizə yol göstərmək üçün təyin etdiyi qardaşlara tabe olmaqla onun özünə tabe olmuş oluruq (İbr. 13:17).

18 Təbliğ işində iştirak etməklə də Rəhbərlik Şurasını unutmadığımızı göstəririk. Bulus məsihiləri onlara rəhbərlik edənlərin imanını örnək götürməyə təşviq edir. Sadiq nökər Padşahlıq haqqındakı müjdənin yayılması üçün var gücünü sərf etməklə imanının nə qədər güclü olduğunu göstərib. Əgər siz məsh olunmuş məsihiləri bu mühüm işdə dəstəkləyirsinizsə, bəxtəvər insansınız, çünki Məsihdən bu sözləri eşidəcəksiniz: «Bunu bu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz» (Mət. 25:34—40).

19. Nəyə görə Məsihin ardınca getmək qətiyyətindəsiniz?

19 İsa göyə qalxsa da, davamçılarını tək qoymadı (Mət. 28:20). O, yer üzündə olanda müqəddəs ruhun, mələklərin və Allahın Kəlamının köməyi ilə davamçılarına rəhbərlik etmişdi. O özü də bu gün sadiq nökərə eyni vasitələrlə kömək edir. Sadiq nökər «quzu hara getsə,.. onun ardınca gedir» (Vəhy 14:4). Biz onun göstərdiyi yolla getməklə rəhbərimiz İsa Məsihin ardınca getmiş oluruq. Tezliklə İsa heç bir insanın qadir olmadığı bir şeyi edəcək, bizi cənnətin qapılarından keçirəcək! (Vəhy 7:14—17).

^ abz. 3 Görünür, Yehova 12 həvarini gələcəkdə Yeni Yerusəlimin bünövrəsini təşkil edəcək «on iki daş» qismində seçmişdi (Vəhy 21:14). Odur ki, sadiq həvarilərdən hansısa yerdəki həyatını başa vuranda onun yerinə başqasını seçməyə ehtiyac yox idi.

^ abz. 8 1955-ci ildən etibarən bu cəmiyyət Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti (Pensilvaniya) adlanır.

^ abz. 12 «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində «Təlimlərimizə gətirilən aydınlıq» mövzusuna baxa bilərsiniz.

^ abz. 14 «Allahın Padşahlığı haqqında ətraflı şəhadət verin» adlı kitabın 58 və 59-cu səhifələrinə baxın.