Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2016

 Bioqrafiya

Hər cür adam üçün hər şey oldum

Hər cür adam üçün hər şey oldum

Atam anamı hədələyərək dedi: «Vəftiz olsan, səndən ayrılacağam!» Buna baxmayaraq, anam geri çəkilmədi, həyatını Yehovaya həsr edərək vəftiz olundu. Atam da sözünün üstündə durdu, bizi atıb getdi. Bu hadisə 1941-ci ildə baş vermişdi. O vaxt mənim cəmi səkkiz yaşım var idi.

BU HADİSƏLƏR baş verməmişdən əvvəl məndə artıq həqiqətə maraq oyanmışdı. Anam Müqəddəs Kitaba əsaslanan nəşrləri oxuyurdu. Onlar mənim çox xoşuma gəlirdi, xüsusilə də, şəkilləri. Atam anama öyrəndiklərini mənə danışmağa icazə vermirdi. Mən isə hər şeylə maraqlandığım üçün anama çoxlu suallar verirdim. Buna görə də atam evdə olmayanda anam mənimlə Müqəddəs Kitab dərsi keçirdi. Bu da öz gözəl bəhrəsini gətirdi, qərara gəldim ki, həyatımı Yehovaya həsr edim. 1943-cü ildə, on yaşım olanda İngiltərənin Blekpul şəhərində vəftiz oldum.

YEHOVANIN YOLUNDA ATDIĞIM İLK ADDIMLAR

O gündən etibarən anam və mən müntəzəm olaraq təbliğdə iştirak edirdik. İnsanlara müjdəni çatdırmaq üçün fonoqrafdan istifadə edirdik. O, çox böyük və ağır idi, haradasa 4,5 kiloqram çəkisi var idi. İndi təsəvvür edin, mən, balaca uşaq o boyda yükü necə daşımışam.

On dörd yaşıma çatanda öncül olmaq qərarına gəldim. Anam məsləhət gördü ki, əvvəlcə qardaşlıq xidmətçisi ilə (indi rayon nəzarətçisi adlanır) məsləhətləşim. O, mənə  özümü dolandırmaq üçün hansısa peşəyə yiyələnməyi məsləhət gördü. Mən onun məsləhətinə əməl etdim. İki il işləyəndən sonra başqa bir rayon nəzarətçisinə yaxınlaşıb öncül xidməti barədə danışdım. O, mənə dedi: «Afərin, irəli!»

Anamla mən 1949-cu ilin aprel ayında kirayə qaldığımız evdən çıxdıq, mebellərimizin yarısını satıb, yarısını payladıq və Mançesterin yaxınlığında yerləşən Midlton şəhərinə köçdük ki, orada öncül xidmətinə başlayaq. Dörd aydan sonra bir qardaşa mənimlə öncül xidmətində əməkdaşlıq etməyi təklif etdim. Filial bizə İrlam şəhərində yeni təsis olunmuş yığıncağa köçməyi məsləhət gördü. Anam isə başqa yığıncaqdakı bir bacı ilə öncül kimi xidmət edirdi.

Yeni yığıncağımızda məsul qardaşların sayı az olduğu üçün ibadət görüşlərini aparmaq əməkdaşımla mənə tapşırılmışdı. Onda mənim cəmi 17 yaşım var idi. Bir müddət sonra məni Bakston yığıncağına təyin etdilər. Bu yığıncaqda təbliğçi çox az idi və köməyə ehtiyac var idi. O illər məni gələcəkdə aldığım təyinatlara hazırladı.

İnsanları açıq məruzəni dinləməyə dəvət edirik (Roçester, Nyu-York, 1953-cü il)

1951-ci ildə Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladda oxumaq üçün ərizə yazdım. Lakin 1952-ci ilin dekabr ayında məni hərbi xidmətə çağırdılar. Tammüddətli xidmətçi olduğumu əsas gətirərək məhkəmədən məni hərbi xidmətdən azad etməyi xahiş  etdim. Amma məhkəmə mənim din xadimi olduğumu təsdiq etmədi və mənə altı ay həbs cəsazı kəsdi. Həbsdə olanda məni Gilad məktəbinin 22-ci sinfində oxumağa dəvət etdilər. Beləcə, mən 1953-cü ilin iyul ayında «Corcik» adlı gəmiyə minib Nyu-Yorka yola düşdüm.

Ora çatan kimi «Yeni dünyanın cəmiyyəti» adlı toplantıya (1953-cü il) getdim. Sonra qatarla Nyu-Yorkun Şimali Lansinq şəhərinə yollandım. Məktəb orada yerləşirdi. Həbsdən təzə çıxmışdım deyə, üstümdə çox az pul var idi. Qatardan düşəndən sonra Şimali Lansinqə getmək üçün avtobusa mindim. Gediş haqqını ödəmək üçün sərnişinlərin birindən 25 sent borc aldım.

XARİCƏ TƏYİNAT

Gilad məktəbində verilən təlim mənə və sinif yoldaşlarıma xüsusi təyinatlı müjdəçi kimi «hər cür adam üçün hər şey» olmağa kömək etdi (1 Kor. 9:22). Bizim sinifdən üç nəfəri — məni, Pol Brun və Reymond Liçi Filippinə təyin etdilər. Viza almağımız bir neçə ay çəkdi. Gəmi ilə Rotterdamdan, Aralıq dənizindən, Süveyş kanalından, Hind okeanından, Malayziyadan, Honkonqdan keçərək 47 gün yol getdik. Və nəhayət, 1954-cü il noyabrın 19-u Manilaya (Filippinin paytaxtı) çatdıq.

Əməkdaşım Reymond Liçlə birgə Filippinə gəmi ilə 47 gün yol gedəndə

Beləcə, başqa xalqa, başqa ölkəyə, başqa dilə öyrəşmək lazım idi. Üçümüz də Keson-Sitidəki yığıncağa təyin olunmuşduq. Oranın əhalisinin çoxu ingilis dilində danışdığı üçün altı aya taqal dilində cəmi bir neçə söz öyrənmişdik. Növbəti təyinatımız bu problemi həll etdi.

1955-ci ilin may ayı idi. Reymond qardaşla təbliğdən evə qayıdanda gördük ki, bizə məktub gəlib. Məktubda deyilirdi ki, bizi rayon nəzarətçi təyin ediblər. Onda mənim cəmi 22 yaşım var idi. Buna baxmayaraq, bu xidmət növü mənə yeni bir şəkildə hər cür adam üçün hər şey olmağı öyrətdi.

Rayon toplantısında bikol dilində məruzə deyirəm

Misal üçün rayon nəzarətçisi kimi ilk açıq məruzəni kənd mağazasının qarşısında etmişdim. Sən demə, o dövrdə Filippində açıq məruzə açıq havada söylənilirdi. Yığıncaqları ziyarət edəndə məruzələri talvarda, bazarda, bələdiyyə binasının qarşısında, basketbol meydançasında, parkda və ən çox küçə tinində söyləyirdim. Bir dəfə San Pablo-Sitinin bazarında məruzə söyləməli idim, amma güclü yağış yağdığı üçün alınmadı. Buna görə də məsul qardaşlara məruzəni ibadət evində söyləməyi təklif etdim. Sonra qardaşlar məndən soruşdular ki, açıq havada söyləmədiyimə görə bu məruzəni açıq məruzə saymaq olar ya yox.

Rayon nəzarətçi kimi xidmət etdiyim müddət ərzində bacı-qardaşların evində qalmışam. Onlar kasıb olsalar da, evi həmişə təmiz saxlayırdılar. Çox vaxt taxta döşəməyə sərilmiş həsirin üstündə yatırdım. Çimdiyimiz yer divarsız olduğu üçün paltarlı çimməyi öyrənmişdim. Yığıncaqları ziyarət etmək üçün cipnidən (marşrut taksilər) və avtobusdan istifadə edirdim. Adalara gedəndə isə qayığa minirdim. Bu xidmətdə olduğum illər ərzində heç vaxt şəxsi maşınım olmayıb.

Təbliğ işi və yığıncaqları ziyarət etmək mənə taqal dilini öyrənməyə kömək etdi. Heç vaxt dil kurslarına getməmişəm. Bu dili təbliğdə və yığıncaqlarda bacı-qardaşlara diqqətlə qulaq asmaqla öyrənmişəm. Bacı-qardaşlar bu işdə mənə çox kömək olublar. Mənə səbirlə yanaşdıqları və səhvlərimi düzəltdikləri üçün onlara minnətdaram.

Vaxt keçdikcə yeni tapşırıqlar alırdım və bu tapşırıqları yerinə yetirmək üçün yeni vəziyyətə uyğunlaşmağı öyrənirdim. 1956-cı ildə Neytan Norr qardaş Filippini ziyarət edəndə orada toplantı keçirilmişdi. Məni ictimaiyyətlə əlaqələr şöbəsinə təyin  etmişdilər. Bu işdə təcrübəm olmadığı üçün qardaşlar mənə böyük həvəslə kömək edirdi. Təxminən bir il sonra daha bir toplantı təşkil olundu və Frederik Frans qardaş baş idarənin nümayəndəsi kimi toplantıda iştirak edirdi. Bu dəfə məni toplantının nəzarətçisi təyin etmişdilər. Frederik qardaşın məruzə söyləmək üçün Filippinin milli paltarında (baronq taqaloq) səhnəyə çıxması bacı-qardaşlara xoş təəssürat bağışlamışdı. Onun bu gözəl davranışı məni insanlara uyğunlaşmağa təşviq etdi.

Vilayət nəzarətçisi təyin olunanda daha çox yeniliklərə öyrəşməli oldum. Həmin vaxt biz «Yeni dünya cəmiyyəti — xoşbəxt xalq» filmini nümayiş etdirirdik. Çox vaxt bu nümayiş açıq havada keçirilirdi. Hərdən həşəratlar bizə dinclik vermirdi, onlar proyektorun işığına gəlir və yapışıb içində qalırdılar. Nümayişdən sonra oturub əziyyətlə proyektoru təmizləyirdik. Nümayişi təşkil etməyin özü də əziyyətlə başa gəlirdi, amma filmin insanlara müsbət təsir bağışladığını görəndə məmnunluq duyurduq. Bu filmdə insanlara Yehovanın təşkilatının beynəlxalq bir təşkilat olduğu göstərilirdi.

Katolik kilsəsinin keşişləri dövlət məmurlarına təzyiq göstərirdilər ki, bizim toplantılara qadağa qoysunlar. Məruzələr kilsənin yaxınlığında söyləniləndə kilsə zəngini çalaraq görüşə mane olmağa çalışırdılar. Bütün  bunlara baxmayaraq, işimiz irəli gedirdi. Hal-hazırda həmin ərazilərdə çoxlu Yehovanın Şahidi var.

UYĞUNLAŞMAĞI TƏLƏB EDƏN YENİ TƏYİNATLAR

1959-cu ildə bir məktub aldım. Orada yazılmışdı ki, mən filialda xidmət etməyə təyin olunmuşam. Bu xidmət növündə də yeni şeylər öyrəndim. Bir müddət sonra mənə başqa ölkələrdəki filialları ziyarət etməyi tapşırdılar. Bu ziyarətlərin birində Tailandda xüsusi tammüddətli xidmətçi kimi xidmət edən Canet Dümant adlı bir bacı ilə tanış oldum. Biz bir müddət yazışandan sonra evləndik. Birlikdə 51 ildir ki xoşbəxt həyat sürür və xidmətdən sevinc duyuruq.

Canetlə Filippin adalarının birində

Bu təyinat vaxtı mən ümumən 33 ölkədə xidmət edən bacı-qardaşları ziyarət etmişəm. İlk təyinatlarım mənə müxtəlif insanlara uyğunlaşmaq kimi çətin bir işin öhdəsindən gəlməyə kömək etdi. Bu ziyarətlər dünyagörüşümü artırdı və Yehovanın məhəbbətinin necə əngin olduğunu, Onun insanları ayrı-seçkilik etmədən sevdiyini əyani şəkildə görməyə kömək etdi (Həv. 10:34, 35).

Təbliğdən qalmırıq

HƏLƏ DƏ YENİLİKLƏRƏ ÖYRƏŞİRƏM

Filippindəki bacı-qardaşlarla xidmət etmək mənə məmnunluq gətirir. Mən buraya təyin olunan vaxtdan bu yana təbliğçilərin sayı on qat artıb. Hazırda Canetlə mən Filippinin Keson-Siti şəhərində yerləşən filialda xidmət edirik. Artıq altmış ildir ki xarici ölkədə xidmət edirəm, amma Yehova tələb etsə, yenə də hər vəziyyətə uyğunlaşmağa hazıram. Təşkilatda son vaxtlar baş verən dəyişikliklər bizə göstərdi ki, Yehovanın və bacı-qardaşların yolunda etdiyimiz xidmətdə istənilən yeniliyə uyğunlaşmalıyıq.

Yehovanın xidmətçilərinin sayının artması bizi çox sevindirir

Həyat yoldaşımla mən həmişə Yehovanın göstərişinə boyun əyməyə çalışmışıq. Bu cür həyat sürmək bizə zövq verir. Lazım gələndə vəziyyətə uyğunlaşmışıq və bunun sayəsində bacı-qardaşlara daha yaxşı xidmət edə bilmişik. Həmişə hər cür adam üçün hər şey olmağa hazırıq, yetər ki, Yehova Allah buyursun.

Biz bu günə qədər Keson-Sitidəki filialda xidmət edirik