Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2016

Daima ruhani şeylər barəsində düşünmək həyat və sülh gətirir

Daima ruhani şeylər barəsində düşünmək həyat və sülh gətirir

«Ruha uyğun yaşayanlar daima ruhani şeylər barəsində düşünürlər» (ROM. 8:5).

NƏĞMƏ: 57, 52

1, 2. Nəyə görə «Romalılara məktub»un 8-ci fəsli məsh olunmuş məsihilər üçün böyük məna kəsb edir?

YƏQİN Məsihin ölümünü anma mərasimi ərəfəsi Romalılara 8:15—17 ayələrini oxumusunuz. Bu parçada məsihinin ruhla məsh olunduğunu haradan bildiyi izah olunur. Orada yazılanlara əsasən, bunu ona ruh təlqin edir. Bu fəslin əvvəlində «Məsih İsa ilə vəhdətdə olanlar» haqqında danışılır. Bəs necə düşünürsünüz, «Romalılara məktub»un 8-ci fəsli ancaq məsh olunmuş məsihilərə aiddir? Yoxsa yerdə yaşamağa ümid edən məsihilər də ordan nə isə öyrənə bilər?

2 Düzdür, bu fəsil, ilk növbədə məsh olunmuş məsihilərə ünvanlanıb. Cismani bədəndən «azad edilib oğulluğa götürülməyi» gözləyən bu insanlar Allahdan ruh alırlar (Rom. 8:23). Onlar göyə qalxanda Allahın oğulları olurlar. Bu nəyin sayəsində mümkün olur? Bu insanlar vəftiz olunaraq məsihi olur və Allah fidyənin əsasında onların günahlarını bağışlayaraq onları saleh sayır. Beləcə, bu məsihilər Allahın oğulları olurlar (Rom. 3:23—26; 4:25; 8:30).

3. Nəyə əsasən demək olar ki, «Romalılara məktub»un 8-ci fəsli yerdə yaşamağa ümid edən məsihilər üçün də əhəmiyyət daşıyır?

3 «Romalılara məktub»un 8-ci fəsli yerdə yaşamağa ümid edən məsihilər üçün də maraqlıdır, çünki onlar da, müəyyən  mənada, Allahın gözündə salehdirlər. Buna əsas kimi həmin məktubun 4-cü fəslini gətirmək olar. Orada Bulus İbrahim peyğəmbərdən söz açır. İbrahim peyğəmbər Yehova Allah israillilərə qanun verməzdən və Məsih günahlarımız uğrunda ölməzdən əsrlər öncə yaşayıb. Bununla belə, Yehova bu peyğəmbəri möhkəm iman sahibi olduğu üçün saleh saydı. (Romalılara 4:20—22 ayələrini oxuyun.) Yerdə yaşamağa ümid edən məsihiləri də Yehova eyni səbəbdən saleh sayır. Buna görə də demək olar ki, «Romalılara məktub»un 8-ci fəslindəki məsləhət onlar üçün də faydalıdır.

4. Romalılara 8:21 ayəsi ilə bağlı hansı sual yaranır?

4 Romalılara 8:21 ayəsi bizə əminlik verir ki, gələcəkdə dünya mütləq cənnət olacaq. Bu ayədə xilqətin «çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına» qovuşacağı vəd olunur. Cənnət mütləq olacaq, amma ortaya bir sual çıxır: biz orada olacağıq, yoxsa yox? Şəxsən siz orada olacağınıza əminsiniz? «Romalılara məktub»un 8-ci fəslindəki məsləhət sizə bu əminliyə sahib olmağa kömək edə bilər.

«DAİMA CİSMANİ İSTƏKLƏR HAQQINDA DÜŞÜNMƏK...»

5. Romalılara 8:4—13 ayələrində Bulus hansı ciddi məsələyə toxunur?

5 Romalılara 8:4—13 ayələrini oxuyun. «Romalılara məktub»un 8-ci fəslində iki qrup insan haqqında danışılır: cismani istəklərin dalınca düşənlər və ruha uyğun yaşayanlar. Kimsə düşünə bilər ki, bunlardan biri imanda olmayanlar, o biri isə məsihilərdir. Lakin Bulus bu məktubu «Allahın müqəddəs olmaq üçün çağırılmış Romadakı... sevimli bəndələrinə» ünvanlamışdı (Rom. 1:7). Buradan belə nəticəyə gəlmək olar ki, cismani istəklərin dalınca düşənlər də, ruha uyğun yaşayanlar da məsihilər idi. Gəlin görək bu iki qrup arasında hansı fərq var.

6, 7. a) Müqəddəs Kitabda «cisim» sözü hansı mənalarda işlənir? b) Romalılara 8:4—13 ayələrində Bulus «cisim» sözünü hansı mənada işlətmişdi?

6 Əvvəlcə «cisim» sözünü nəzərdən keçirək. «Cisim» deyəndə Bulus nəyi nəzərdə tuturdu? Müqəddəs Kitabda «cisim» sözü müxtəlif mənalarda işlənir. Bəzi ayələrdə hərfi məna daşıyır (Rom. 2:28; 1 Kor. 15:39, 50). Bəzi ayələrdə isə qohumluq bağları ilə əlaqədar işlədilir. Məsələn,  Bulus yəhudilərin cismən ona qohum olduğunu demişdi (Rom. 9:3).

7 «Romalılara məktub»un 7-ci fəsli 8-ci fəslin 4—13 ayələrində «cisim» sözünün hansı mənada işləndiyini anlamağa kömək edir. Bulus Romalılara 7:5 ayəsində bədənin istəkləri ilə yaşamağı bədəndə fəaliyyət göstərən günahlı ehtiraslarla əlaqələndirir. Bu, Bulusun «cismani istəklərin dalınca düşənlərin fikri-zikri cismani şeylərdədir» deyəndə nəyi nəzərdə tutduğunu başa düşməyə kömək edir. Bulus burada fikri-zikri günahlı arzuların yanında olan, onların quluna çevrilmiş insanlar barədə danışır. Onların əksəriyyəti öz ehtiraslarını, istəklərini təmin etmək üçün yaşayırdılar.

8. Nəyə görə həvari Bulus hətta məsh olunmuş məsihiləri bədənin istəkləri ilə yaşamaq təhlükəsi barədə xəbərdar etmişdi?

8 Siz soruşa bilərsiniz, nəyə görə Bulus məsh olunmuş məsihiləri bədənin istəkləri ilə yaşamağın təhlükəli olduğu barədə xəbərdar etmişdi? Həmçinin sizdə sual yarana bilər, bəs bu xəbərdarlıq Allahın Özünə dost seçdiyi və saleh saydığı bugünkü məsihilərə də aiddir? Acı həqiqətdir ki, hər bir məsihi cismin günahlı arzularının təsiri altına düşə bilər. Məsələn, Bulusun yazdıqlarına əsasən, Romadakı bəzi məsihilər «öz nəfslərinin» — ehtirasın, yeyib-içməyin və sairə şeylərin qulu idilər. Onlardan bəziləri isə sadəlövh adamları yoldan çıxarırdılar (Rom. 16:17, 18; Filip. 3:18, 19; Yhd. 4, 8, 12). Həmçinin yadınızdadırsa, Korinf yığıncağında bir qardaş atasının arvadı ilə yaşayırdı (1 Kor. 5:1). Bu şeyləri nəzərə alsaq, başa düşmək olar, nəyə görə Yehova Allah Bulus vasitəsilə məsihiləri daima cismani istəklər haqqında düşünməyin təhlükəli olduğu barədə xəbərdar etmişdi (Rom. 8:5, 6).

9. Romalılara 8:6 ayəsindəki xəbərdarlıq hansı hallara aid deyil?

9 Bu xəbərdarlıq bu gün də aktualdır. Uzun illər Allaha xidmət etsə də, məsihi ehtiyatlı olmasa, bədənin istəkləri ilə yaşamağa başlaya bilər. Hərdən yemək, əyləncə, istirahət və ailə daxili romantik münasibətlər barədə düşünmək normaldır. Bulusun sözləri bu hallara aid deyil. Bu şeylər həyatın ayrılmaz hissəsidir. Məsələn, İsa Məsih də yemək yemək, başqalarını yedizdirmək və istirahət üçün vaxt ayırırdı. Həmçinin Bulus nikahda cinsi münasibətlərin vacib yer tutduğunu vurğulamışdı.

Ən çox nə barədə danışırsınız, ruhani, yoxsa cismani şeylər barədə? (10 və 11-ci abzaslara baxın)

10. «Daima cismani istəklər haqqında düşünmək» deyiləndə nə nəzərdə tutulur?

 10 Bəs onda Bulus «daima cismani istəklər haqqında düşünmək» deyəndə nəyi nəzərdə tuturdu? Onun istifadə etdiyi yunan sözü bütün diqqəti bir şeyə cəmləməyə, bütün işləri ona əsasən planlaşdırmağa aiddir. Cismani istəklərin dalınca düşənlərin həyatda əsas məqsədi günahlı cismin arzularını həyata keçirməkdir. Romalılara 8:5 ayəsində yazılan bu sözlərlə bağlı bir alim deyir: «Daim cismani istəklər barədə düşünən insanlar ancaq bu şeylərlə maraqlanır, sözləri, söhbətləri ancaq bu haqda olur və bu şeylərdən həzz alırlar».

11. Ehtiyatlı olmasaq, həyatımızda əsas yeri nələr tuta bilər?

11 Romadakı məsihilərə həyatda nəyə üstünlük verdikləri barədə düşünmək lazım idi. Ola bilsin, onların həyatı «cismani istəklər» ətrafında dövr edirdi. Biz də həyatımızda nəyə önəm verdiyimiz barədə düşünməliyik. Bizi həyatda əsasən nə maraqlandırır, ən çox nə barədə danışırıq? Həyatda ən çox nədən zövq alırıq? Bəlkə də kimsə tez-tez şərabın müxtəlif növlərini dadmaq barədə düşünür, kimsə evinin dekorasiyası haqqında fikirləşir, kimsə yeni paltar, hansısa işə sərmayə qoymaq, səyahət və sair şeylər haqqında düşünür. Düzdür, bunlar özü-özlüyündə zərərli şeylər deyil. Misal üçün, İsa Məsih bir dəfə möcüzə göstərib suyu şəraba döndərmişdi. Həvari Bulus Timutiyə «bir az şərab» içməyi tapşırmışdı (1 Tim. 5:23; Yəh. 2:3—11). Amma demək olmaz ki, İsa Məsihin və Bulusun sözləri, söhbətləri ancaq şərab haqda idi, həzzi ancaq şərabda tapırdılar. Bəs bizim haqqımızda nə demək olar? Biz həyatda nəyə üstünlük veririk?

12, 13. Nəyə görə demək olar ki, nə haqda düşünməyimiz ciddi məsələdir?

12 İnsanın ara-sıra özünü yoxlaması çox vacibdir. Bunun səbəbini həvari Bulusun növbəti sözlərində tapa bilərik: «Daima cismani istəklər haqqında düşünmək ölüm... gətirir» (Rom. 8:6). Bu, çox ciddi məsələdir. Bu məsləhəti qulaqardına vursaq, biz indi ruhani cəhətdən, gələcəkdə isə hərfi mənada öləcəyik. Ancaq Bulus demək istəmirdi ki, insanın cismani istəklər haqqında düşünməsi mütləq ölümlə nəticələnəcək. O, düşüncə tərzini dəyişsə, nəticə tamam başqa cür ola bilər. Buna misal olaraq, Korinf yığıncağındakı bir nəfəri çəkmək olar. O, cismani istəklərin dalınca düşərək əxlaqsızlıq edirdi və nəticədə, yığıncaqdan kənar olunmuşdu. Lakin o dəyişdi, düz yola qayıtdı və artıq pis arzuların ardınca getmədi (2 Kor. 2:6—8).

13 Bu insan yolunu çox azmışdı. Əgər o, dəyişə bildisə, bunu hər bir məsihi edə bilər, xüsusilə də, günahı elə də ciddi olmayanlar. Daim cismani istəklər barədə düşünməyin ölümə apardığını fikirləşəndə, insan ən xırda şeydə belə, həyatında dəyişiklik etmək istəyir.

«DAİMA... RUHANİ ŞEYLƏR BARƏSİNDƏ DÜŞÜNMƏK...»

14, 15. a) Bulus nə barədə düşünməyi məsləhət görmüşdü? b) «Daima... ruhani şeylər barəsində düşünmək» deyəndə nə nəzərdə tutulmur?

14 «Daima cismani istəklər haqqında» düşünməyin hansı nəticələr gətirdiyini deyəndən sonra Bulus «ruhani şeylər barəsində» düşünməyin həyat və sülh gətirdiyini vurğulamışdı. Bəs bu gözəl mükafatı necə əldə edə bilərik?

15 «Daima... ruhani şeylər barəsində düşünmək» o demək deyil ki, insan reallıqdan uzaq olmalı, onun fikri-zikri və söhbəti yalnız və yalnız Müqəddəs Kitab, Allaha məhəbbət və gələcəklə bağlı ümid ətrafında dövr etməlidir. Misal olaraq, Bulusu və birinci əsrdə yaşamış digər məsihiləri  götürək. Onlar normal həyat tərzi sürürdülər: yeyir, içir, evlənir və özlərini təmin etmək üçün işləyirdilər (Mark 6:3; 1 Salon. 2:9).

16. Həvari Bulus müxtəlif işlərlə məşğul olsa da, onun əsas işi nə idi?

16 Amma birinci əsrdə yaşamış sadiq məsihilər yol vermirdilər ki, həyatın ayrılmaz hissəsi olan bu şeylər həyatlarında əsas yeri tutsun. Müqəddəs Kitabda Bulusun çadır tikməklə məşğul olduğu yazılıb. Eyni zamanda orada qeyd olunur ki, Bulusun əsas işi təbliğ etmək və təlim vermək idi. (Həvarilərin işləri 18:2—4; 20:20, 21, 34, 35 ayələrini oxuyun.) Bulus Romadakı bacı-qardaşları da məhz buna təşviq edirdi. Həqiqətən də, həvarinin fikri ibadətinə cəmlənmişdi. Romadakı dindaşları onu örnək götürməli idilər, biz də həmçinin (Rom. 15:15, 16).

17. Daima ruhani şeylər barəsində düşünsək, necə həyat yaşayacağıq?

17 Bəs daima ruhani şeylər barəsində düşünməklə nə əldə edəcəyik? Romalılara 8:6 ayəsində deyilir: «Daima... ruhani şeylər barəsində düşünmək... həyat və sülh gətirir». Ruhani şeylər barəsində düşünmək müqəddəs ruhun düşüncəmizə hakim kəsilməsinə yol vermək və Yehovanın düşüncə tərzinə yiyələnmək deməkdir. Ruhani şeylər həyatımızda əsas yeri tutsa, əmin ola bilərik ki, mükafatımız gözəl olacaq: indi məmnunedici, mənalı həyat sürəcək, gələcəkdə isə kimimiz yerdə, kimimiz göydə əbədi həyatdan həzz alacağıq.

18. «Daima... ruhani şeylər barəsində düşünmək» sülhə necə səbəb olur?

18 Gəlin görək Bulus «daima... ruhani şeylər barəsində düşünmək... sülh gətirir» sözləri ilə nə demək istəyirdi. Bu gün insanların çoxu özünü ora-bura vurur, amma heç cür qəlb rahatlığı tapa bilmir. Onlardan fərqli olaraq, biz bu rahatlığı, yəni sülhü tapmışıq. Bu sülhə nail olmağın üsullarından biri həm ailə üzvlərimizlə, həm də yığıncaqdakı bacı-qardaşlarla yaxşı münasibət saxlamaqdır. Biz gözəl başa düşürük ki, hamımız qeyri-kamilik və buna görə də hərdən aramızda problemlər yaranır. Bu cür hallarda biz İsa Məsihin «get onunla barış» məsləhətinə riayət edirik (Mət. 5:24). Nəzərə alanda ki, həmin bacı və ya qardaş da «sülh mənbəyi olan Allah»a ibadət edir bu məsləhətə əməl etmək daha asan olur (Rom. 15:33; 16:20).

19. «Ruhani şeylər barəsində düşünmək»lə hansı sülhü əldə edə bilərik?

19 «Daima... ruhani şeylər barəsində düşünmək» yalnız ailə üzvlərimizlə, bacı-qardaşlarla deyil, Yaradanımızla da sülhdə olmağa kömək edir. Əşiya peyğəmbərin növbəti sözləri təkcə onun dövrünə yox, bizim günlərə də aiddir: «Sənə tam bel bağlayanları hifz edərsən, onlara tükənməz sülh bəxş edərsən, çünki Sənə güvənirlər» (Əşy. 26:3; Romalılara 5:1 ayəsini oxuyun).

20. «Romalılara məktub»un 8-ci fəslindəki məsləhət üçün Yehovaya nəyə görə minnətdarsınız?

20 Hər birimiz, həm məsh olunmuş məsihilər, həm də yer üzündə əbədi yaşamağa ümid edənlər «Romalılara məktub»un 8-ci fəslindəki məsləhətə görə Yehovaya ürəkdən minnətdarıq. Ona minnətdarıq ki, bizə nəsihət verir, bizi cismin istəklərinə qul olmağa qoymur! Əminik ki, «ruhani şeylər barəsində düşünmək... həyat və sülh gətirir» nəsihətinə uyğun yaşamaq xeyrimizədir. Bulusun da yazdığı kimi, bunun sonsuz mükafatı var: «Günahın ödədiyi haqq ölümdür, Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» (Rom. 6:23).