Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2016

Bütün qayğılarınızı Yehova Allahın üzərinə qoyun

Bütün qayğılarınızı Yehova Allahın üzərinə qoyun

«Bütün qayğılarınızı [Yehovanın] üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 BUT. 5:7).

NƏĞMƏ: 60, 23

1, 2. a) Nəyə görə bu gün hətta Allahın xidmətçiləri də narahatçılıq keçirirlər? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Bu məqalədə nə barədə danışılacaq?

YAŞADIĞIMIZ zəmanə çox ağır zəmanədir. Şeytan İblis hirsindən alışıb yanır, «nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 But. 5:8; Vəhy 12:17). Buna görə hətta Allahın xidmətçisi olan bizlər də hərdən narahatlıq, təlaş, qorxu kimi hisslər keçiririk. Allahın qədimdə yaşamış mömin bəndələrinin də, məsələn, Davud padşahın da əzab çəkdiyi anlar olub (Zəb. 13:2). Həvari Bulus da bütün yığıncaqların fikrini çəkdiyini yazmışdı (2 Kor. 11:28). Bəs dərin narahatçılıq keçirəndə sakitlik tapmağa bizə nə kömək edə bilər?

2 Səmavi Atamız Yehova keçmişdəki xidmətçilərinin dadına çatırdı. O, bizə də çətin anlarımızda kömək etməyə, rahatlıq verməyə hazırdır. Müqəddəs Kitabda deyilir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 But. 5:7). Bəs bunu necə edək? Bunun dörd yolu var: Allaha ürəkdən dua etmək, Müqəddəs Kitabı oxuyub üzərində düşünmək, Allahdan müqəddəs ruh diləmək və etibarlı bir insana hisslərimiz barədə danışmaq. Bu məqalədə bu üsullar nəzərdən keçiriləcək. Müzakirə boyu öz  vəziyyətinizi təhlil edib hansı üsulun sizin üçün praktiki olduğunu müəyyən etməyə çalışın.

«SƏN QAYĞI YÜKÜNÜ YEHOVAYA VER»

3. Qayğı yükümüzü Yehovaya necə verə bilərik?

3 Narahatlığı azaltmaq üçün birinci addım Yehova Allaha dua etməkdir. Narahatlıq, həyəcan, təlaş keçirəndə ürəyinizi məhəbbətli Atamıza açıb boşaldın. Davud peyğəmbər Allaha yalvarıb demişdi: «Pərvərdigara, duamı eşit». Sonra eyni məzmurda o yazmışdı: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəb. 55:1, 22). Əgər əlinizdən gələni etsəniz də, problemi həll edə bilməmisinizsə, hərarətlə dua edin. Narahat olmaqla heç nəyi dəyişən deyilsiniz, duanın isə sizə böyük köməyi dəyə bilər. Yəqin sizə maraqlıdır, dua narahatçılığı azaltmağa necə kömək edə bilər? (Zəb. 94:18, 19).

4. Narahatçılıq keçirəndə dua etmək nəyə görə vacibdir?

4 Filippililərə 4:6, 7 ayələrini oxuyun. Yehova Allah ürəkdən gələn duaları, bəndələrinin durmadan etdiyi yalvarışları cavabsız qoymur. O, qəlb rahatlığı verərək ürəyimizi və fikirlərimizi narahatçılıqdan azad edir. Onun xidmətçilərinin çoxu bunu öz üzərində hiss edib. Onlar narahatlıqlarını Allaha danışaraq əvəzində insan ağlından üstün olan rahatlığı tapmışlar. Siz də bu rahatlığı tapa bilərsiniz. Bəli, Allahın sülhü qarşılaşdığınız istənilən problemdən güclüdür. Yehova vəd edir: «Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm» (Əşy. 41:10). Əmin ola bilərik ki, Allah bu vədinə sadiqdir.

ALLAHIN KƏLAMININ BƏXŞ ETDİYİ QƏLB RAHATLIĞI

5. Allahın Kəlamı bizə necə qəlb rahatlığı verə bilər?

5 Qəlb rahatlığı tapmağın ikinci yolu Müqəddəs Kitabı oxuyub üzərində düşünməkdir. Müqəddəs Kitabdakı hikmətli məsləhətlər sizə təlaşa düşməməyə və narahatlığı azaltmağa kömək edə bilər. Unutmayın ki, bu kitabda Yaradanımızın hikmətli kəlamları yazılıb, buna görə də o, bizə kömək etməyə və güc verməyə qadirdir. Gecə-gündüz Allahımızın kəlmələri üzərində düşünmək və Onun məsləhətlərini həyatımızın hansı sahələrində tətbiq edə biləcəyimiz barədə fikirləşmək bizə ehtiyac duyduğumuz gücü verəcək. Buna görə də Yehova bizə məsləhət görür ki, qorxub təlaşa düşməmək, cəsarətli və möhkəm olmaq üçün Onun Kəlamını oxuyaq (Yuş. 1:7—9).

6. İsanın sözləri sizə necə kömək edə bilər?

6 Müqəddəs Kitabda İsa Məsihin söylədiyi təsəlli sözləri yazılıb. Onun dilindən çıxan kəlmələr insanlara təravət gətirirdi. İnsanlar İsanın yanına axışırdı, çünki o, narahat ürəkləri sakitləşdirir, taqətsiz qolları gücləndirir və pərişan qəlblərə təsəlli verirdi. (Mətta 11:28—30 ayələrini oxuyun.) O, insanlara Allaha yaxınlaşmağa kömək edir, onların mənəvi və fiziki tələbatlarını nəzərə alırdı (Mark 6:30—32). İsa bu gün də davamçılarına təravət verir. O, onu müşayiət edən həvarilərə kömək etdiyi kimi, sizə də kömək edəcək. Bunun üçün İsanın sizin yanınızda olmasına ehtiyac yoxdur. O, səmavi Padşahlığın Padşahı kimi bu gün də davamçılarına şəfqət göstərir. Buna görə də əmin ola bilərsiniz ki, narahatçılıq keçirəndə o,  köməyinizə gələcək, dara düşəndə imdadımıza çatacaq. Bəli, İsanın sözləri sizə sakitlik bəxş etməyə, ümid və güc verməyə qadirdir (İbr. 2:17, 18; 4:16).

MÜQƏDDƏS RUHUN YETİŞDİRDİYİ İLAHİ XÜSUSİYYƏTLƏR

7. Allahın müqəddəs ruhu bizə necə kömək edə bilər?

7 İsa vəd etmişdi ki, səmavi Atamız Ondan müqəddəs ruh diləyənlərin əlini boş qaytarmayacaq (Luka 11:10—13). Bu ruhun bəhrəsi narahatlığı azaltmaq üçün çox güclü vasitədir. Bu bəhrəyə daxil olan gözəl xüsusiyyətlər Külli-İxtiyar Yehova Allahın varlığını əks etdirir. (Qalatiyalılara 5:22, 23 ayələrini oxuyun; Kol. 3:10.) Özünüzdə müqəddəs ruhun bəhrəsini yetişdirsəniz, insanlarla münasibətiniz yaxşılaşacaq. Bunun sayəsində, narahatçılıq yaradan bir çox vəziyyətlərin qarşısı alınacaq. Gəlin görək ruhun bəhrəsi bizə necə kömək edir.

8—12. Müqəddəs ruhun bəhrəsi bizə narahatçılığı azaltmağa və narahatçılıq yaradan vəziyyətlərdən qaçmağa necə kömək edir?

8 «Məhəbbət, sevinc, sülh». Yəqin müşahidə etmisiniz ki, başqaları ilə hörmətlə davrananda narahatçılıq az olur. Yəni bir-birimizə qardaşlıq məhəbbəti, nəvaziş və hörmət göstərəndə narahatçılıq gətirən vəziyyətlər, demək olar ki, yaranmır (Rom. 12:10).

9 «Səbir, xeyirxahlıq, yaxşılıq». Efeslilərə 4:32 ayəsində verilən məsləhətə əməl etmək bizə bacı-qardaşlarla aramızda yaxşı münasibət qurmağa kömək edir. Orada deyilir: «Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun,.. bir-birinizi ürəkdən bağışlayın». Bununla da narahatçılığa səbəb olan vəziyyətlərin qarşısını almış oluruq. Həmçinin qeyri-kamillik ucbatından yaranan problemləri daha rahat həll edə bilirik.

10 «İman». Bu gün insanlarda narahatçılığa səbəb, çox vaxt, pul və dolanışıq məsələsi olur (Məs. 18:11). Amma Yehova Allahın bizim qeydimizə qaldığına iman etmək bu narahatçılığı azaldır, ya da ümumiyyətlə qarşısını alır. Bu necə baş verir? Həvari Bulusun «nəyiniz varsa, ona qane olun» məsləhətinə əməl edəndə biz dolanışığa görə həddən artıq narahat olmuruq. Bu məsləhəti verəndən sonra Bulus demişdi: «Çünki Allah deyib: “Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm”. Buna görə də biz cəsarətlə deyirik: “Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!”» (İbr. 13:5, 6).

11 «Mülayimlik, özünə hakim olmaq». Sizcə, bu xüsusiyyətləri təzahür etdirməyin hansı faydası var? Bu xüsusiyyətlər bizi, şəxsən bizə narahatçılıq yaradan hərəkətlərdən saxlaya bilər. Həmçinin kin, hirs, qəzəb, qışqırıq və təhqir kimi mənfi xüsusiyyətlərin qarşısını ala bilər (Efes. 4:31).

12 Əslində, Allahın əlinin qüdrətinə inanmaq və bütün qayğılarımızı Onun üzərinə qoymaq üçün təvazökar olmaq lazımdır (1 But. 5:6, 7). Təvazökar olsaq, Yehova bizə dayaq olacaq və köməyimizə çatacaq (Mik. 6:8). Fiziki və əqli qabiliyyətlərinizə, emosional gücünüzün imkanlarına real baxsanız, çox ehtimal ki, həddən artıq narahat olmayacaq və Yehova Allaha bel bağlayacaqsınız.

HEÇ VAXT NARAHAT OLMAYIN

13. İsa «heç vaxt... narahat olmayın» sözləri ilə nə demək istəyirdi?

13 Mətta 6:34 ayəsində İsa Məsih bizə məsləhət görür: «Heç vaxt... narahat olmayın». (Ayəni oxuyun.) Ola bilsin, bu məsləhətə əməl etmək çətin görünə bilər. Bəs «heç vaxt... narahat olmayın» sözləri ilə İsa nə demək istəyirdi? Əlbəttə,  o, demək istəmirdi ki, Allaha xidmət edən insanlar heç vaxt narahatçılıq keçirməyəcək. Artıq yuxarıda deyildiyi kimi Davud padşah da, həvari Bulus da vaxtaşırı narahatçılıq keçiriblər. Bu sözlərlə İsa davamçılarına başa salmaq istəyirdi ki, həddən artıq narahat olmaq problemi həll etmir. Hər gününün öz çətinliyi var, buna görə də keçmişə və ya gələcəyə görə narahat olmaqla vəziyyəti daha da gərginləşdirmək lazım deyil. Bəs İsanın məsləhətinə əməl etmək bizə narahatçılığı azaltmağa necə kömək edə bilər?

14. Keçmiş günahlara görə narahatlığı necə azaltmaq olar?

14 Bəzən insanın rahatlığını əlindən alan keçmiş günahları və səhvləri olur. İnsan keçmişdə, hətta uzun illər əvvəl törətdiyiccc əmələ görə əzab çəkə bilər. Davud padşaha hərdən elə gəlirdi ki, təqsirləri başından aşır. O demişdi: «Qəlbimin sızıltısından fəğan edirəm» (Zəb. 38:3, 4, 8, 18). Bu vəziyyətdə Davud necə davransa, daha yaxşı olardı? Gəlin görək o nə etdi. O, Allahın mərhəmətinə və əfvinə sığındı. Davud əmin idi ki, Yehova onu bağışlayıb, buna görə də yazmışdı: «Xoş o kəsin halına ki, asiliyi bağışlanır». (Zəbur 32:1—3, 5 ayələrini oxuyun.)

15. a) Bu gün yaşadığımız problemlərə görə narahat olanda nə etməliyik? b) Narahatçılığı azaltmaq üçün hansı addımları atmalıyıq? (« Narahatçılığı azaltmağa kömək edən addımlar» adlı çərçivəyə baxın.)

15 Bizi narahat edən şeylərdən biri də bu gün yaşadığımız problemlərdir. Məsələn, Davud 55-ci məzmuru yazanda ölüm qorxusu ilə yaşayırdı (Zəb. 55:2—5). Bununla belə, o yol vermədi ki, bu qorxu onun Yehovaya etibarını sarsıtsın. O, problemləri barədə Yehovaya hərarətlə dua edirdi. Eyni zamanda narahatlıq yaradan bu problemləri həll etmək üçün konkret addımlar atırdı (2 İşm. 15:30—34). Biz də Davud kimi davranmalıyıq. Narahatçılığın bizi əzməsinə yol verməməliyik, əksinə, vəziyyəti yüngülləşdirmək üçün əlimizdən gələni etməliyik. Sonra isə məsələni Yehovanın öhdəsinə buraxmalıyıq.

16. Allahın adının mənası imanımızı necə möhkəmləndirir?

16 Hərdən isə gələcəkdə nə isə pis bir şeyin olacağını fikirləşib əsassız yerə narahat oluruq. Hələ baş verməmiş hadisələrə görə narahat olmağa dəyməz. Çünki, çox vaxt, vəziyyət düşündüyümüz qədər də pis olmur. Həmçinin yadda saxlamalıyıq ki, hər şey Yehovanın nəzarəti altındadır, buna görə də qayğılarımızı Onun üzərinə qoymalıyıq. Yehovanın adının mənasını yadımıza salaq: «Olmasına səbəb olur» (Çıx. 3:14). Bu sözlər bizi əmin edir ki, O, xidmətçiləri ilə bağlı bütün niyyətlərini yerinə yetirməyə qadirdir. Tam əmin ola bilərik ki, Yehova sadiq bəndələrini mükafatsız qoymayacaq və onlara keçmişə, bu günə və gələcəyə görə keçirdikləri narahatçılığı azaltmağa kömək edəcək.

 SƏMİMİ ÜNSİYYƏT

17, 18. Səmimi ünsiyyət narahatlığı aradan qaldırmağa necə kömək edir?

17 Narahatçılığı aradan qaldırmağa kömək edən dördüncü amil etibarlı bir insana hisslərimiz barədə danışmaqdır. Həyat yoldaşımız, yaxın dostumuz və ya yığıncaq ağsaqqalları bizə hisslərimizi başa düşməyə kömək edə bilər. Məsəllər 12:25 ayəsində yazılıb: «Nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər». Səmimi ünsiyyət bizə narahatçılığımızın səbəbini başa düşməyə və sakitləşməyə kömək edə bilər. Müqəddəs Kitabda deyilir: «Məsləhətsiz niyyət boşa çıxar, məsləhət verən çox olarsa, uğur olar» (Məs. 15:22).

18 Yehova Allah yığıncaq görüşləri vasitəsilə də narahatçılığımızı azaltmağa kömək edir. Burada bizi düşünən, bir-birini ruhlandırmağa can atan bacı-qardaşlarla ünsiyyət etmək imkanımız var (İbr. 10:24, 25). Bacı-qardaşlarla ruhlandırıcı ünsiyyət bizə güc verə və istənilən narahatçılığın öhdəsindən gəlməyə kömək edə bilər (Rom. 1:12).

YEHOVA İLƏ DOSTLUĞUMUZ BİZƏ GÜC VERİR

19. Yehova ilə münasibətiniz sizə necə güc verir?

19 Kanadada yaşayan bir ağsaqqal qayğı yükünü Yehovaya verməyin nə dərəcədə vacib olduğunu öz təcrübəsindən görmüşdü. O, müəllim işləyirdi və iş yerində çox stress yaşayırdı, üstəlik, nevroz xəstəliyindən əziyyət çəkirdi. Bilirsiniz, bu qardaşa nə kömək etdi? O deyir: «Yehova ilə münasibətlərimi möhkəmləndirmək mənə emosional problemlərin öhdəsindən gəlməyə güc verirdi. Çətin anlarda dostların və bacı-qardaşların dəstəyi də olduqca vacibdir. Keçirdiyim hissləri həyat yoldaşımla bölüşürdüm. Ağsaqqallar və rayon nəzarətçisi mənə vəziyyətə Yehovanın gözləri ilə baxmağa kömək etdi. Mən həmçinin həkimə müraciət etdim. Gündəlik cədvəlimdə dəyişiklik etdim, istirahətimə fikir verməyə və idmanla məşğul olmağa başladım. Vaxt keçdikcə vəziyyəti idarə etməyi öyrəndim. Vəziyyət mənim qüvvəm xaricində olanda problemi Yehovanın öhdəsinə buraxıram».

20. a) Qayğılarımızı Yehovanın üzərinə qoymaq üçün nə etməliyik? b) Növbəti məqalədə nə barədə danışılacaq?

20 Bu məqalədən öyrəndik ki, narahatçılığın öhdəsindən gəlmək üçün Allaha hərarətlə dua etmək, Müqəddəs Kitabı oxuyub üzərində düşünmək, özümüzdə ruhun bəhrəsini yetişdirmək, etibarlı insana ürəyimizi açmaq və bacı-qardaşlarla xoş ünsiyyət etmək lazımdır. Yehovanın xidmətçilərinə mükafat vermək vədi bizə çətinliklərə dözməyə güc verir (İbr. 11:6). Növbəti məqalə bu mövzuya həsr olunub.