Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2016

Yehova Onu cidd-cəhdlə axtaranlara mükafat verir

Yehova Onu cidd-cəhdlə axtaranlara mükafat verir

«Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır» (İBR. 11:6).

NƏĞMƏ: 85, 134

1, 2. a) Məhəbbət və iman bir-biri ilə necə bağlıdır? b) Bu məqalədə hansı sualları nəzərdən keçirəcəyik?

BİZ Allahı sevirik, «çünki əvvəlcə Allah bizi sevdi» (1 Yəh. 4:19). Onun məhəbbətinin bir təzahürü sadiq xidmətçilərinə mükafat verəcəyinə dair vədidir. Allaha məhəbbətimiz artdıqca, imanımız da güclənir. Amma söhbət yalnız Onun varlığına imandan getmir. Biz həmçinin Yehovanın Öz sevimli bəndələrinə mütləq mükafat verəcəyinə inanmalıyıq. (İbranilərə 11:6 ayəsini oxuyun.)

2 Xidmətçilərinə mükafat vermək Yehova Allaha çox xoşdur. Yehovanın Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə axıradək iman etmiriksə, imanımız kamil ola bilməz, çünki «iman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir» (İbr. 11:1). Bəli, iman deyəndə Allahın Öz sadiq bəndələrinə mükafat verəcəyinə əminlik də nəzərdə tutulur. Gəlin görək Allahdan mükafat alacağımıza ümid etmək bizə necə kömək edir? Yehova keçmişdə yaşamış xidmətçilərinə necə mükafat verirdi və bugünkü xidmətçilərinə necə mükafat verir?

 YEHOVA MÜKAFAT VƏD EDİR

3. Məlaki 3:10 ayəsində Yehova nə vəd edir?

3 Yehova Allah vəfalı xidmətçilərinə mükafat verməyi Özünə borc bilir. Məhz bu səbəbdən O, xidmətçilərini Ondan mükafat almağa səsləyir. Müqəddəs Kitabda deyilir: «Buyurun, Məni... sınayın, — deyir ordular Allahı Yehova, — görün göylərin qapılarını sizin üçün açıram, ya yox, başınızdan bərəkət tökürəm, ya yox» (Məl. 3:10). Bu çağırışa hay verməklə Yehovanın təklifini qiymətləndirdiyimizi göstərmiş olarıq.

4. İsanın Mətta 6:33 ayəsində verdiyi vədə inanmağa hansı əsasımız var?

4 İsa Məsih davamçılarına söz vermişdi ki, Padşahlığı hər şeydən üstün tutsalar, Allah onları köməksiz qoymayacaq. (Mətta 6:33 ayəsini oxuyun.) Bu əminlik İsada haradan idi? O, əmin idi ki, Müqəddəs Kitabda yazıldığı kimi Yehovanın vədləri heç vaxt puça çıxmır (Əşy. 55:11). Yehovaya ürəkdən iman etdiyimizi əməldə göstərsək, əmin ola bilərik ki, O da verdiyi növbəti sözün üstündə duracaq: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» (İbr. 13:5). Allahın bu vədi İsanın Padşahlığı hər şeydən üstün tutanlara verdiyi vədə etibarımızı artırır.

İsa Məsih vəd etmişdi ki, şagirdlərin verdikləri qurbanlar əvəzsiz qalmayacaq (5-ci abzasa baxın)

5. Nəyə görə İsanın Butrusa verdiyi cavab imanımızı möhkəmləndirir?

5 Həvari Butrus bir dəfə İsadan soruşmuşdu: «Biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?» (Mət. 19:27). Bu sualına görə İsa Butrusa irad tutmadı, əksinə, şagirdlərinə söz verdi ki, verdikləri qurbanların əvəzində mükafat alacaqlar. İsaya sadiq qalan  həvarilərin və bir sıra digər davamçılarının mükafatı göydə onunla birgə hakimiyyət sürmək olacaq. Ancaq onun davamçıları bu gün də bol-bol mükafat alırlar. İsa Məsih demişdi: «Mənim adım uğrunda evlərini, bacı-qardaşını, atasını, anasını, uşaqlarını və torpaqlarını qoyub gələn bundan yüzqat artığını alacaq və əbədi həyata qovuşacaq» (Mət. 19:29). İsa söz vermişdi ki, onun ardınca gedən insanlar verdikləri qurbanlardan qat-qat artıq nemət alacaq. Məgər iman yolunda tapdığımız ata, ana, qardaş, bacı və övladlar Padşahlıq uğrunda verdiyimiz qurbanlardan dəyərli deyil?!

ÜMİDİMİZ GƏMİ LÖVBƏRİ KİMİDİR

6. Nəyə görə Yehova xidmətçilərinə mükafat vəd edir?

6 Yehova xidmətçilərinə mükafat vəd etməklə onlara sınaqlar qarşısında möhkəm dayanmağa kömək edir. Allaha sədaqətlə xidmət edən məsihilər həm bu gün Ondan bol nemət alır, həm də gələcəkdəki daha böyük nemətləri ümidlə gözləyir (1 Tim. 4:8). Yehovanın «Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə» əminlik bizə imanda möhkəm qalmağa güc verir (İbr. 11:6).

7. Hansı mənada ümid gəmi lövbəri kimidir?

7 Dağüstü vəzində İsa demişdi: «Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər» (Mət. 5:12). Həm göydə yaşamaq ümidi, həm də yer üzündəki cənnətdə əbədi həyat mükafatı sevinib şadlanmaq üçün əsl səbəbdir (Zəb. 37:11; Luka 18:30). Harada yaşamağa ümid etməyimizdən asılı olmayaraq, ümidimiz «bizim üçün möhkəm və sarsılmaz gəmi lövbəri kimidir» (İbr. 6:17—20). Fırtına zamanı lövbər gəmini yerində möhkəm saxladığı kimi, mükafat alacağımıza ümid də bizə Yehovanın yolunda dəyanətli olmağa kömək edir, çətinliklərə dözməyə güc verir.

8. Ümidimiz narahatçılığımızı necə azaldır?

8 Allahın Kəlamına əsaslanan ümidimiz narahatçılığı azaltmağa kömək edir. Allahın vədləri bir məlhəm kimi narahat qəlbimizin ağrısını yüngülləşdirir. Biləndə ki, qayğı yükümüzü Yehovaya verəndə O, bizə dayaq olur rahatlıq tapırıq (Zəb. 55:22). Tam əmin ola bilərik ki, Allah «xahiş etdiyimiz, düşündüyümüz hər bir şeydən qat-qat artığını etməyə qadir»dir (Efes. 3:20). Diqqət yetirdinizsə, ayədə deyilmir, sadəcə artığını etməyə, deyilir «qat-qat artığını etməyə qadir»!

9. Yehovadan mükafat almaq üçün nə etməliyik?

9 Allahdan mükafat almaq istəyiriksə, Ona ürəkdən iman etməli və göstərişlərinə boyun əyməliyik. Musa peyğəmbər İsrail xalqına demişdi: «Allahınız Yehovanın sizə irs olaraq verəcəyi diyarda Yehova sizə xeyir-bərəkət verəcək, amma yalnız o şərtlə ki, hər şeydə Allahınız Yehovanın sözünə qulaq asıb bu gün sizə çatdırdığım bütün bu əmrlərə dəqiqliklə əməl edəsiniz. Allahınız Yehova vəd etdiyi kimi, sizə xeyir-bərəkət verəcək» (Qan. 15:4—6). Allaha sədaqətlə xidmət etdiyiniz təqdirdə Ondan nemət alacağınıza əminliyiniz nə dərəcədə güclüdür? Buna inanmağa tam əsasınız var.

YEHOVA ONLARA MÜKAFAT VERDİ

10, 11. Yehova Yusifə necə mükafat verdi?

10 Müqəddəs Kitab bizim xeyrimiz üçün yazılıb. Orada Allahın Öz sadiq bəndələrinə mükafat verdiyinə dair çoxlu nümunələr var (Rom. 15:4). Bu nümunələrin sırasında Yusifin hadisəsini misal gətirmək olar. Qardaşlarının məkrli planı və ağasının arvadının haqsız davranışı  nəticəsində o, Misirdə zindana düşür. Amma Yusifin zindanda olması Yehova üçün maneə deyildi, O, orada da onun yanında idi. «Yehova məhəbbət göstərib Yusifi tək qoymurdu... Yehova Yusiflə idi. Əlini hansı işə atırdısa, Yehova onu avand edirdi» (Yar. 39:21—23). Həyatının bu çətin anlarında Yusif səbirlə Yehovadan kömək gözləyirdi.

11 İllər sonra Misir padşahı Yusifi zindandan çıxardı və bu təvazökar qulu yüksək vəzifəyə təyin etdi, Yusif dövlətdə ikinci adam oldu (Yar. 41:1, 37—43). Sonra onun iki oğlu doğuldu. «Yusif: “Allah bütün dərdlərimi və ata evimi mənə unutdurdu”, — deyib ilkinin adını Mənəssə qoydu. “Başım bəlalar çəkən bu ölkədə Allah məni bəhərli etdi”, — deyərək ikinci oğlunun adını Əfraim qoydu» (Yar. 41:51, 52). Sədaqətinə görə Yehova Allah Yusifə mükafat verdi. Bunun nəticəsində həm israillilər, həm də Misir xalqı aclıqdan qurtuldu. Yusif isə, öz növbəsində, başa düşürdü ki, bütün bu nemətləri ona verən Yehovadır (Yar. 45:5—9).

12. İsaya sınaqlar qarşısında dözümlü olmağa nə kömək etmişdi?

12 İsa Məsih də müxtəlif sınaqlar qarşısında Allaha sadiq qalmışdı və buna görə mükafat almışdı. Bəs onu bu qədər dözümlü edən nə idi? Müqəddəs Kitab bu suala belə cavab verir: «O, qarşıda onu gözləyən sevincə görə rüsvayçılığa məhəl qoymayıb işgəncə dirəyində çəkdiyi əzablara dözdü» (İbr. 12:2). Sözsüz ki, Allahın adını ucaltmaq İsaya məmnunluq gətirirdi. O həmçinin Yehovanın rizasını qazanaraq və Onun tərəfindən çoxlu şərəfli mövqelərə ucaldılaraq mükafat aldı. Allahın Kəlamında deyildiyi kimi İsa «Allahın taxtının sağında əyləşdi». Başqa bir ayədə isə yazılıb: «Allah onu daha yüksək mövqeyə ucaltdı və ona bütün adlardan üstün bir ad bəxş etdi» (Filip. 2:9).

YEHOVA ZƏHMƏTİMİZİ UNUTMUR

13, 14. Yehova Onun yolunda çəkdiyimiz zəhmətə necə yanaşır?

13 Yehova Onun yolunda çəkdiyimiz zəhməti yüksək qiymətləndirir. Özümüzdə əminsizlik hiss edəndə O, bizi başa düşür. Maddi sıxıntı yaşayanda və sağlamlığımıza görə istədiyimiz qədər xidmət edə bilməyəndə bizə şəfqət göstərir. Əmin ola bilərik ki, Yehova Allah xidmətçilərinin Ona sadiq qalmaq üçün çəkdiyi zəhməti unutmur. (İbranilərə 6:10, 11 ayələrini oxuyun.)

14 Həmçinin unutmayın ki, «duaları eşidən» Yehova Allaha hər zaman üz tuta bilərik və dualarımız heç vaxt cavabsız qalmayacaq (Zəb. 65:2). «Mərhəmətli Ata və hər cür təsəlli Allahı» olan Yehova bizə mənəvi cəhətdən güc verəcək və Onunla münasibətlərimizi qorumaq üçün bəzi hallarda dindaşlarımız vasitəsilə kömək edəcək (2 Kor. 1:3). Biz də başqalarına şəfqət göstərəndə Yehovaya xoş gedir. «Məsəllər» kitabında deyilir: «Fağıra lütf eləyən Yehovaya borc verir, Allah da ona əvəzini verər» (Məs. 19:17; Mət. 6:3, 4). Bu ayədən göründüyü kimi kimsə darda olan insana təmənnasız əl tutanda Yehova bunu Ona edilmiş yaxşılıq kimi qəbul edir və Özünü həmin insana borclu bilir. O söz verir ki, bu yaxşılığın əvəzini verəcək.

BUGÜNKÜ VƏ GƏLƏCƏK NEMƏTLƏR

15. Siz hansı mükafatı almaq ümidilə yaşayırsınız? (Məqalənin əvvəlindəki şəklə baxın.)

15 Məsh olunmuş məsihilər adil hakim olan İsa Məsihin vəd etdiyi salehlik tacını almaq ümidi ilə yaşayırlar (2 Tim. 4:7, 8). Yer üzündə əbədi yaşamağa ümid  edənlər də Allahın gözündə dəyərlidirlər. İsanın «başqa qoyunlar» adlandırdığı milyonlarla davamçısı bu mükafatı alacaqları günü həsrətlə gözləyir. Onda onlar «əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Yəh. 10:16; Zəb. 37:11).

16. 1 Yəhya 3:19, 20 ayələrindəki sözlər bizə necə rahatlıq verir?

16 Ola bilsin, hərdən Yehovanın yolunda gördüyümüz işlərin dəyərsiz olduğunu və ya Onun bizim qurbanlardan razı qalmadığını düşünürük. Hətta özümüzü heç bir mükafata layiq bilmirik. Ancaq gəlin unutmayaq ki, «Allah ürəyimizdən böyükdür və hər şeyi bilir». (1 Yəhya 3:19, 20 ayələrini oxuyun.) Məsihinin etdiyi qurbanlar öz gözündə çox xırda görünsə də, Yehova imandan və məhəbbətdən irəli gələrək edilən bütün qurbanları qiymətləndirir (Mark 12:41—44).

17. Bu gün Yehova bizə hansı nemətləri bəxş edib?

17 Hətta Şeytan dünyasının bu keşməkeşli günlərində də Yehova Öz xidmətçilərinə nemətlər bəxş edir. O, Öz xalqına elm verir və əmin-amanlıq bəxş edir (Əşy. 54:13). Yehova Allah bu gün bizə gözəl nemət verib, İsa Məsihin söz verdiyi kimi bizi iman bacı-qardaşlarımızdan ibarət böyük və beynəlxalq ailənin üzvü edib (Mark 10:29, 30). Yehova Onu cidd-cəhdlə axtaranlara daha bir nemət, qəlb rahatlığı verib, məmnunluq və xoşbəxtlik nəsib edib (Filip. 4:4—7).

18, 19. Yehovanın xidmətçiləri Ondan aldıqları nemətlərə necə yanaşırlar?

18 Yehovanın dünyanın müxtəlif yerlərində yaşayan xidmətçiləri Ondan çoxlu nemətlər aldıqlarını təsdiq edə bilərlər. Məsələn, Almaniyada yaşayan Byanka deyir: «Çətin anlarımda mənə kömək etdiyi və hər gün yanımda olduğu üçün Yehovaya nə qədər şükür etsəm, azdır. Dünya acınacaqlı vəziyyətdədir. Amma Yehovaya xidmət etdiyim üçün Onun qanadları altında özümü təhlükəsizlikdə hiss edirəm. Onun yolunda nəyisə qurban verəndə O, əvəzində mənə yüz qat artıq yaxşılıq edir».

19 Gəlin görək Kanadada yaşayan və spina bifida (onurğa beyninin inkişaf qüsuru) xəstəliyindən əziyyət çəkən 70 yaşlı Pola bacı nə deyir: «Xəstəliyimə görə çox hərəkət edə bilməsəm də, bu o demək deyil ki, xidmətdə də az iştirak etməliyəm. Xidmətin müxtəlif növlərində iştirak edirəm, məsələn, telefonla və qeyri-rəsmi şəkildə təbliğ edirəm. Özüm üçün bir bloknot tutmuşam. Oraya ayələri və nəşrlərimizdən müəyyən fikirləri yazıram. Onları vaxtaşırı oxuyub ruhlanıram. Bloknotun adını “dar günün yarağı” qoymuşam. Əgər gözümüzü Yehovanın vədlərinə diksək, mənfi hisslər tez ötüb keçəcək. Hər çətinlikdə Yehova bizə kömək etməyə hazırdır». Ola bilsin, sizin vəziyyətiniz Byankayla Polanın vəziyyətindən fərqlidir. Amma yaxşı olardı ki, Yehovanın sizə və tanıdığınız insanlara verdiyi mükafatlar barədə düşünəsiniz. Yehovanın bu gün verdiyi və gələcəkdə verəcəyi nemətlər barədə düşünməyin çox müsbət təsiri var.

20. Yehovaya can-dildən xidmət etsək, nəyə ümid edə bilərik?

20 Heç vaxt yaddan çıxarmayın, Yehova ürəkdən etdiyiniz duaları cavabsız qoymayacaq. Əmin ola bilərsiniz ki, «Allahın iradəsini yerinə yetirib Onun vəd etdiyi şeyi» alacaqsınız (İbr. 10:35, 36). Gəlin indən sonra da imanımızı möhkəmləndirək və Yehovaya can-dildən xidmət edək. O da, öz növbəsində, bizə gözəl mükafat verəcək. (Koloslulara 3:23, 24 ayələrini oxuyun.)