Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2016

Başqalarına ruhani cəhətdən tərəqqi etməyə kömək edin

Başqalarına ruhani cəhətdən tərəqqi etməyə kömək edin

«Sizə gözəl nəsihət verərəm» (MƏS. 4:2).

NƏĞMƏ: 93, 96

1, 2. Nəyə görə başqalarına ruhani məqsədlərə can atmağa kömək etməliyik?

PADŞAHLIQ haqqındakı xoş xəbəri təbliğ etmək İsa Məsihin əsas işi idi. Bununla belə, o, başqalarını nəzarətçi və müəllim kimi hazırlamaq üçün vaxt ayırırdı (Mət. 10:5—7). Filip bir müjdəçi kimi çox fəal olsa da, sözsüz ki, dörd qızına məharətli müjdəçi olmağı öyrətmişdi (Həv. 21:8, 9). Bəs bu gün bu cür təlim nə dərəcədə vacibdir?

2 Bütün dünyada müjdəyə hay verən insanların sayı günü-gündən artır. Hələ vəftiz olmayan insanlara Müqəddəs Kitabı şəxsən araşdırmağın mühüm olduğunu başa salmaq gərəkdir. Onlara həmçinin təbliğ etməyi və şagird hazırlamağı öyrətmək lazımdır. Yığıncaqdakı qardaşları təşviq etməliyik ki, yığıncaq xidmətçisi və ağsaqqal olmağa can atsınlar. Təcrübəli məsihilər «gözəl nəsihət» verməklə yenilərə ruhani cəhətdən irəli getməyə kömək edə bilərlər (Məs. 4:2).

 YENİLƏRƏ KƏLAMDAN GÜC VƏ HİKMƏT ALMAĞA KÖMƏK EDİN

3, 4. a) Bulusun sözlərinə əsasən, Müqəddəs Kitabı araşdırmağın xidmətə hansı təsiri var? b) Dərs keçdiyimiz insanları şəxsi mütaliəyə təşviq etməzdən əvvəl nə etməliyik?

3 Sizcə, Müqəddəs Kitabı mütaliə etmək nə dərəcədə vacibdir? Bu sualın cavabını həvari Bulusun Kolosdakı məsihilərə yazdığı növbəti sözlərdə tapa bilərik: «Sizdən ötrü həmişə dua edir və diləyirik ki, siz Allahın iradəsi haqqındakı dəqiq biliklə aşıb-daşasınız, buna tam hikmətlə və ruhun verdiyi dərrakə ilə sahib olasınız. Beləcə, Yehovanın adına layiq yaşayasınız ki, hər bir yaxşı işdə bəhrə gətirərək və get-gedə Allahı yaxından tanıyaraq Onu tam razı salasınız» (Kol. 1:9, 10). Dəqiq biliyin sayəsində Kolosdakı məsihilər Yehovanın adına layiq yaşayıb Onu tam razı sala bilərdilər. Bunun nəticəsində onlar «hər bir yaxşı işdə», xüsusilə də, müjdənin təbliğində gözəl bəhrə gətirəcəkdilər. Xidmətdə məharətli olmaq istəyən məsihi Müqəddəs Kitabı müntəzəm araşdırmalıdır. Bunun vacibliyini Müqəddəs Kitabı öyrətdiyimiz insanlara da başa salmalıyıq.

4 Ancaq başqalarını şəxsi mütaliəyə təşviq etməzdən əvvəl bunun nə dərəcədə mühüm olduğunu ilk növbədə özümüz dərk etməliyik. Biz vaxtlı-vaxtında Müqəddəs Kitabı araşdırmalıyıq, bu, bizdə vərdiş olmalıdır. Bunun sayəsində ev sakini Müqəddəs Kitaba zidd fikir söyləyəndə və ya qəliz sual verəndə ona Kəlama əsasən cavab verə biləcəyik. İsa Məsihin, həvari Bulusun və digərlərinin xidmətdə göstərdiyi qətiyyət barədə oxuyanda bizdə də eyni cür qətiyyət olacaq. Allahın Kəlamındakı gözəl fikirlərə və məsləhətlərə hər birimizin ehtiyacı var. Başqalarına şəxsi mütaliənin bizə nə qədər fayda gətirdiyini danışsaq, onlarda Allahın Kəlamını dərindən araşdırmağa həvəs oyanacaq.

5. Şagirdə şəxsi mütaliəni necə sevdirmək olar?

5 Sizdə sual yarana bilər: «Şagirdə şəxsi mütaliə etməyi necə öyrədə bilərəm?» İlk növbədə Müqəddəs Kitab dərslərinə hazırlaşmağı öyrətmək olar. Əsas dərs vəsaitinin əlavələr bölməsindəki məlumatı və istinad olunan ayələri oxumağı tövsiyə edin. Ona yığıncaq görüşlərinə hazırlaşmağa, şərh hazırlamağa kömək edin. «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını hər ay oxumağa təşviq edin. Əgər onun dilində «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış vəsaiti» və ya «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI» varsa, onların vasitəsilə Müqəddəs Kitabla bağlı suallara cavab tapmağı öyrədin. Bu məsləhətlərə riayət etsəniz, çox ehtimal ki, dərs keçdiyiniz insan tez bir zamanda Allahın Kəlamını həvəslə mütaliə etməyə başlayacaq.

6. a) Şagirdin ürəyində Allahın Kəlamına məhəbbət yaratmaq üçün nə edə bilərsiniz? b) Şagird ürəyində Müqəddəs Kitaba məhəbbət yetişdirsə, hansı bəhrəni biçəcək?

 6 Təbii ki, şagirdi şəxsi mütaliə ilə məşğul olmağa məcbur etməməliyik. Müqəddəs Kitabı araşdırmaq ona zövq verməli və Yehovanı daha yaxından tanımağa kömək etməlidir. Buna görə də gəlin Yehova Allahın təşkilatının təqdim etdiyi alətlərin köməyi ilə şagirdlərdə Müqəddəs Kitabın dərinliyinə varmağa həvəs oyadaq. Vaxt keçdikcə növbəti sözlər həqiqətə əsl marağı olan şagirdin də qəlbindən gələcək: «Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur. Külli-İxtiyar Yehovaya sığındım» (Zəb. 73:28). Çalışqan və ruhani biliyə dəyər verən şagirdə Yehova Öz ruhu ilə kömək olacaq.

YENİLƏRİ MÜJDƏÇİ VƏ MÜƏLLİM KİMİ YETİŞDİRİN

7. İsa Məsih həvarilərini müjdəçi olmağa necə hazırlayırdı? (Məqalənin əvvəlindəki şəklə baxın.)

7 «Mətta» kitabının 10-cu fəslində İsa Məsihin 12 həvarisinə təbliğlə bağlı verdiyi məsləhətlər qələmə alınıb. İsa onlara konkret məsləhətlər vermişdi [1]. O, həvarilərə məharətlə təbliğ etməyi başa salırdı, onlar da İsaya diqqətlə qulaq asırdılar. Sonra onlar müjdəni təbliğ etməyə getdilər. Həvarilər İsanın necə təbliğ etdiyini müşahidə edirdilər, buna görə də Allahın Kəlamının məharətli müəllimləri olmuşdular (Mət. 11:1). Biz də dərs keçdiyimiz insana yaxşı müjdəçi olmağı öyrətməliyik. Gəlin bunun iki üsulunu nəzərdən keçirək.

8, 9. a) İsa Məsih təbliğ etdiyi insanlarla necə danışırdı? b) Yeni təbliğçilərin İsa kimi təbliğ etməsi üçün nə edə bilərik?

8 Söhbət etməyi öyrədin. İsa Məsih insanlarla Padşahlıq haqda söhbət edirdi. Məsələn, bir dəfə o, Sixar şəhərində, Yaqubun quyusunun yanında bir qadınla söhbət etmişdi. Bu söhbət çox maraqlı və səmərəli alınmışdı (Yəh. 4:5—30). O həmçinin vergiyığan Mətta (digər adı Lavi) ilə də söhbət etmişdi. Müjdələrdə onların bu söhbəti barədə, demək olar ki, heç nə yazılmayıb. Bir şey dəqiq məlumdur ki, Mətta İsanın dəvətini qəbul edib onun davamçısı olur. Sonra İsa Məttanın evində verilən qonaqlıqda onunla və başqaları ilə ətraflı söhbət edir (Mət. 9:9; Luka 5:27—39).

9 Bir dəfə isə İsa Məsih Natanail adlı bir insanla söhbət etmişdi. Natanail Nasirədən olanlar haqda mənfi fikirdə olsa da, İsa onunla mehriban danışdı. Sonra Natanail düşüncə tərzini dəyişdi. O, Nasirədən olan insandan, İsadan təlim almaq istədi (Yəh. 1:46—51). Biz də yeni təbliğçiləri insanlarla söhbət edəndə İsa kimi mehriban və sərbəst olmağı öyrətməliyik [2]. Onlar bu məsləhətlərə əməl edib insanların xoş münasibətini görəndə çox sevinəcəklər.

10—12. a) İsa Məsih müjdəyə hay verən insanların marağını artırmaq üçün nə edirdi? b) Yeni təbliğçilərə Allahın Kəlamının məharətli müəllimi olmağa necə kömək edə bilərik?

10 İnsanların marağını artırmağı öyrədin. İsa Məsihin ona tapşırılan təbliğ işini həyata keçirmək üçün vaxtı məhdud idi. Buna baxmayaraq, o, müjdəyə hay verən insanların marağını artırmaq üçün vaxt ayırırdı. Məsələn, bir dəfə o, qayıqda əyləşib sahildə toplaşan camaatın qarşısında vəz etməyə başladı. Vəzini bitirəndən sonra o, bir möcüzə göstərdi: Butrus toru suya atıb çoxlu balıq tutdu və İsa ona dedi: «İndən belə adam ovlayacaqsan». İsa Məsihin sözləri və hərəkətləri Butrusla yoldaşlarına necə təsir etdi? «Onlar qayıqları sahilə çıxartdılar və hər şeyi qoyub İsanın ardınca getdilər» (Luka 5:1—11).

11 Sinedrionun üzvü olan Nikodem adlı  bir kişi Məsihin təbliğinə maraq göstərmişdi və ondan təlim almaq istəyirdi. Amma camaat içində İsa ilə söhbət etməyə qorxurdu. İsa Nikodemin hisslərini başa düşürdü, bunu nəzərə alıb onun üçün ayrıca vaxt ayırdı, onunla gecə görüşdü (Yəh. 3:1, 2). Bu hadisə bizə nə öyrədir? Allahın Oğlu insanların imanını gücləndirmək üçün vaxtını əsirgəmirdi. Biz də bu məsələyə ciddi yanaşmalıyıq, vaxt ayırıb həqiqətə maraq göstərən insanların yanına təkrarən getməli və onlarla dərs keçməliyik.

12 Yeni təbliğçilərlə təbliğə çıxsaq, onlar təlim vermək işində daha təcrübəli olacaqlar. Onları öyrətməliyik ki, cüzi də olsa, maraq göstərən insanların yanına təkrarən gəlsinlər. İnsanlarla təkrar söhbət etməyə və ya Müqəddəs Kitab dərsi keçməyə gedəndə yeni təbliğçiləri özümüzlə aparsaq, yaxşı olar. Bu, onlara yaxşı təbliğ etməyə və xidmətdən sevinc duymağa kömək edəcək. Nəticədə onlarda həvəs yaranacaq ki, öz sahələrindəki insanlarla təkrarən söhbət etsinlər və Müqəddəs Kitab dərsi başlasınlar. Onlar həmçinin səbirli olmağı və evdə tapmadıqları insanların yanına dönə-dönə gəlməyi öyrənəcəklər. (Qal. 5:22; « Təslim olmayın» adlı çərçivəyə baxın.)

YENİLƏRƏ HƏMİMANLILARINA XİDMƏT ETMƏYİ ÖYRƏDİN

13, 14. a) Başqaları uğrunda böyük qurbanlar verən qədimdə yaşamış insanların nümunəsi sizi nəyə təşviq edir? b) Yeni təbliğçilərə və gənclərə başqalarına məhəbbət göstərməyi necə öyrətmək olar?

13 Müqəddəs Kitab bizi qardaşlıq məhəbbəti göstərməyə və bir-birimizə xidmət etməyə təşviq edir. (1 Butrus 1:22; Luka 22:24—27 ayələrini oxuyun.) Məsələn, Allahın Oğlu insanlar uğrunda hər şeydən, hətta canında belə keçmişdi (Mət. 20:28). Tabitə «çox xeyirxah idi və kasıblara həmişə əl tuturdu» (Həv. 9:36, 39). Romada yaşayan Məryəm adlı bacı yığıncaqdakı bacı-qardaşlar üçün çoxlu zəhmət çəkmişdi (Rom. 16:6). Bəs bacı-qardaşlara xidmət etməyin nə dərəcədə vacib olduğunu yenilərə necə başa sala bilərik?

Yenilərə bacı-qardaşlara məhəbbət göstərməyi öyrədin (13 və 14-cü abzasa baxın)

14 Təcrübəli məsihilər xəstə və ya yaşlı bacı-qardaşa baş çəkəndə yeniləri özləri ilə aparsalar yaxşı olar. Əgər münasibdirsə, valideynlər bu cür həmimanlılarımızın yanına gedəndə uşaqlarını özləri ilə götürə bilərlər. Ağsaqqallar yığıncaqdakı yaşlı insanlara bazarlıq edəndə və ya evlərini təmir edəndə gəncləri və yeniləri köməyə çağıra bilərlər. Bunun sayəsində həm gənclər, həm də yığıncağın yeni üzvləri yaxşılıq etməyi öyrənəcəklər. Bir ağsaqqal ucqar ərazidə təbliğ edəndə oradakı bacı-qardaşlara baş çəkirdi. Qardaşın bu hərəkəti tez-tez onunla əməkdaşlıq edən cavan qardaşı yığıncağın bütün üzvlərinə məhəbbət göstərməyə təşviq etmişdi (Rom. 12:10).

15. Nəyə görə ağsaqqallar yığıncaqdakı qardaşlara irəli getməyə kömək etməlidirlər?

15 Yehova yığıncaqda Müqəddəs Kitabı öyrətməyi kişilərə tapşırıb. Buna görə də qardaşlar bir natiq kimi inkişaf etməlidirlər. Yığıncaq xidmətçiləri məruzə və ya həftəarası görüşün hansısa bəndini hazırlayanda ağsaqqalların əvvəlcədən onlara qulaq asmaları məsləhətdir. Onların köməyilə bu qardaşlar Allahın Kəlamının məharətli müəllimləri ola bilərlər (Nəh. 8:8) [3].

16, 17. a) Bulus Timutinin irəli getməsi üçün nə etmişdi? b) Ağsaqqallar yığıncaq xidmətçilərini ağsaqqal olmağa necə hazırlaya bilərlər?

16 Yığıncaqlarda ağsaqqallara tələbat get-gedə artır, buna görə də qardaşları ağsaqqal olmağa hazırlamaq lazımdır. Bulusun Timutiyə yazdığı növbəti sözlərdə qardaşlara təlim verməklə bağlı ümumi  göstəriş var: «Oğlum, Allahın Məsih İsa ilə vəhdətdə olanlara verdiyi lütf vasitəsilə daima güc al, məndən eşitdiyin və bir çoxlarının şəhadət etdiyi şeyləri sadiq adamlara əmanət et ki, onlar da təlim vermək üçün yararlı olsunlar» (2 Tim. 2:1, 2). Timuti bu yaşlı insanla, həvari Bulusla xidmət edərək təlim almışdı. Sonralar Timuti həvari Bulusdan öyrəndiklərini təbliğdə və yığıncaqda tətbiq edirdi (2 Tim. 3:10—12).

17 Bulus düşünmürdü ki, Timuti hər şeyi öz-özünə öyrənəcək. O, bu gənci özü ilə aparırdı ki, getdiyi yerlərdə onu müşayiət etsin (Həv. 16:1—5). Ağsaqqallar Bulusun nümunəsini izləyərək, əgər münasibdirsə, yığıncaq üzvlərinə baş çəkəndə yararlı yığıncaq xidmətçilərini özləri ilə götürə bilərlər. Bu yolla yığıncaq xidmətçiləri ağsaqqallardan təlim verməyi, səbirli olmağı, məhəbbət göstərməyi və yığıncaq üzvlərinin qeydinə qalanda Yehovaya güvənməyi öyrənəcəklər (1 But. 5:2).

TƏLİM VERMƏK MÜTLƏQDİR

18. Yenilərə təlim vermək nəyə görə vacibdir?

18 Yenilərə təlim vermək olduqca vacibdir, çünki günü-gündən təşkilatda tələbat artır və Yehovaya xidmətdə yeni-yeni imkanlar açılır. İsa Məsihin və həvari Bulusun təlim vermək üsulları bu gündə keçərlidir. Yehova istəyir ki, Onun xidmətçiləri tapşırıqlarını yerinə yetirmək üçün yaxşı təlim alsınlar. O, bizə şərəfli bir iş tapşırıb: biz yenilərə yığıncaqdakı işlərini məharətlə yerinə yetirməyə kömək etməliyik. Sonun yaxın olduğu bu dövrdə təbliğ sahəsində çoxlu iş olduğu üçün yenilərə təlim keçmək həm mütləqdir, həm də təcili.

19. Nəyə görə əmin ola bilərsiniz ki, başqalarını öyrətmək üçün çəkdiyiniz zəhmət bəhrə gətirəcək?

19 Düzdür, yenilərə təlim vermək üçün vaxt və güc lazımdır. Amma narahat olmayın, Yehova və Onun sevimli Oğlu bu işdə bizə güc və hikmət verəcək. Təlim verdiyimiz insanların zəhmət çəkib var gücü ilə çalışdığını görəndə sevinəcəyik (1 Tim. 4:10). Gəlin özümüz də bu müqəddəs xidmətdə ruhani cəhətdən tərəqqi etməyə davam edək.

^ [1] (7-ci abzas) İsanın həvarilərə verdiyi məsləhətlərdən bir neçəsi bunlardır: 1) Padşahlıq haqda təbliğ etmək; 2) Allahın verdiyi şeylərlə kifayətlənmək; 3) Ev sakinləri ilə mübahisə etməmək; 4) Təqib olunanda Allaha güvənmək; 5) Qorxuya düşməmək.

^ [2] (9-cu abzas) «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 62—64 səhifələrdə təbliğdə insanlarla söhbət etməklə bağlı gözəl məsləhətlər verilir.

^ [3] (15-ci abzas) «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 52—61 səhifələrində yaxşı natiq olmaqla bağlı məsləhətlər verilir.