Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 5, 2016

 İMAN ÖRNƏKLƏRİ | DAVUD PEYĞƏMBƏR

«Bu döyüş Yehovanındır»

«Bu döyüş Yehovanındır»

DAVUD PEYĞƏMBƏR ona sarı qaçan əsgərləri yarıb keçməyə çalışır. Döyüş meydanından qaçan bu əsgərlərin qorxudan gözləri bərəlib. Görəsən onlar nədən qorxub? Davud görür ki, onların hamısı təşviş içində bir pəhləvanın adını çəkir. Bu pəhləvan dərədə məğrurcasına dayanıb. Onun boyu o qədər ucadır ki, Davud ömründə bu boyda adam görməyib.

Bu pəhləvanın adı Calutdur. Davud indi başa düşür, əsgərlər Calutdan niyə qorxur: o, həddən artıq hündür, necə deyərlər, «dağ boydadır». Onun çəkisi isə o qədər ağırdır ki, hətta iki ağır çəkili insanı birləşdirsən, onun çəkisindən yüngül gələr. Üstəlik, o, təpədən dırnağadək silahlanıb. Calut çox güclü və təcrübəli döyüşçüdür. Özünə hədsiz əminliyi olan bu cəngavər İsrail ordusuna meydan oxuyur. O, var gücü ilə qışqıraraq döyüşü təkbətək həll etmək üçün kimisə qarşısına çıxmağa çağırır. Calut İsrail ordusuna və Talut padşaha istehza edərkən nəriltisinin dağların yamacında necə əks-səda verdiyini təsəvvürünüzdə canlandırın (1 İşmuil 17:4—10).

İsraillilər təşviş içindədir. Elə Talut padşah da. Bu vəziyyət bir aydır ki davam edir: Calut hər gün çıxıb İsrail alaylarına meydan oxuyur. Həm filiştlilərin, həm də israillilərin ordusu isə vəziyyətin nə ilə qurtaracağını gözləyir. Davud dilxor olub: padşahın, əsgərlərin, o cümlədən özündən böyük üç qardaşının qorxudan əsdiyini görmək onun üçün biabırçılıqdır. Davuda görə, Calut İsrail xalqını yox, bu xalqın Allahı olan Yehovanı təhqir edir. Bəs yeniyetmə yaşlarında olan Davud peyğəmbər bu vəziyyətdə nə edə bilərdi? Ən əsası isə, biz onun imanından nə öyrənə bilərik? (1 İşmuil 17:11—14).

«DUR ONU MƏSH ELƏ, BU, ODUR!»

Gəlin bir neçə ay əvvələ qayıdaq. Qaş qaralırdı. Davud Beytləhmin yaxınlığındakı yamaclarda atasının sürüsünü otarırdı. O, alyanaq, gözləri gözəl, qəşəng oğlan idi. Boş vaxtlarında arfa çalmağı xoşlayırdı. Allahın yaratdıqlarından ilham alaraq nəğmələr bəstələyirdi. O qədər arfa çalırdı ki, artıq bu sənətin incəliklərinə yiyələnmişdi. Amma bu gecə onu evdən çağırırlar: atası onu təcili görmək istəyir (1 İşmuil 16:12).

Davud evə çatanda görür ki, atası Yəssə qoca bir kişi ilə söhbət edir. Bu kişi İşmuil peyğəmbərdir. Yehova Allah onu göndərib ki, Yəssənin oğullarından birini İsrailin növbəti padşahı kimi məsh etsin. Davud gələnə qədər peyğəmbər artıq onun yeddi böyük qardaşını görüb, amma Yehova açıq-aydın bildirib ki, onların heç birini seçməyib. Davud gələndə Allah İşmuil peyğəmbərə deyir: «Dur onu məsh elə, bu, odur!» Bunu eşidən peyğəmbər Davudun qardaşlarının gözü qarşısında içində xüsusi yağ olan buynuzu açıb həmin yağı Davudun başına tökərək onu məsh edir. O gün-bu gün Davud peyğəmbərin həyatı bütünlüklə dəyişir. Müqəddəs Kitabda deyilir ki, «həmin gündən başlayaraq Yehovanın ruhu Davudun üzərinə endi» (1 İşmuil 16:1, 5—11, 13).

Davud təvazökarcasına qəbul edirdi ki, vəhşi heyvanları Yehovanın verdiyi gücün sayəsində öldürmüşdü

Görəsən, bu hadisədən sonra Davud padşahlıq etməyə can atdı? Xeyr. O gözləyirdi ki, hakimiyyətə başlayacağı vaxtı Allahın ruhu ona əyan  etsin. Bu vaxt ərzində isə o, təvazökarlıqla çobanlıq etməyə davam edirdi. Davud bu işi böyük fədakarlıqla və cəsarətlə yerinə yetirirdi. O, atasının sürüsünü bir dəfə şirin, bir dəfə isə ayının hücumundan qorumuşdu. Onları uzaqdan-uzağa qorxudaraq qovmamışdı. O, atasının köməksiz quzularını qorumaq üçün bu vəhşi heyvanlarla əlbəyaxa döyüşmüşdü. Hər iki vəziyyətdə də onları yalın əllərlə öldürmüşdü (1 İşmuil 17:34—36; Əşiya 31:4).

Bir dəfə Davudu yenidən çağırırlar. Bu dəfə onu çağıran Talut padşahdır. Davudun səs-sorağı onun da qulağına çatıb. Talut padşah hələ də güclü döyüşçü olsa da, Yehova Allahın göstərişlərini rədd etdiyi üçün Onun lütfünü itirmişdi. Allah bu padşahdan Öz ruhunu götürmüşdü. O, şər ruhun, yəni pis əhval-ruhiyyəsinin təsiri altına düşdüyü üçün onda qəzəb, şübhə və qəddarlıq kimi mənfi xüsusiyyətlər üzə çıxmışdı. Ona yalnız bir şey sakitlik verirdi — musiqi. Talutun əyanlarından bəziləri Davudun həm yaxşı bir musiqiçi, həm də igid bir döyüşçü olduğunu eşitmişdi. Məhz elə buna görə Davudu çağırmışdılar. Tezliklə Davud Talut padşahın saray musiqiçilərindən biri oldu. Talut padşah həmçinin onu özünün silahdarı etdi (1 İşmuil 15:26—29; 16:14—23).

Davudun belə vəziyyətlərdə göstərdiyi imanından xüsusilə cavanlar çox şey öyrənə bilər. Diqqət yetirin ki, o, boş vaxtlarında onu Yehova Allaha yaxınlaşdıran işlərlə məşğul olurdu. O, praktiki və gələcəkdə onun karına çatacaq bacarıqlara yiyələnmişdi. Hər şeydən əvvəl, Davud peyğəmbər Allahın ruhunun göstərdiyi yolla gedirdi. Həqiqətən də, hər birimizin ondan öyrənəcəyi çox şey var (Vaiz 12:1).

«QOY HEÇ KİM ONDAN QORXMASIN»

Davud peyğəmbər Talut padşahın yanında xidmət etsə də, tez-tez atasının sürülərini otarmağa gedirdi. Bəzən o, atasıgildə uzun müddət qalırdı. Bir gün atası peyğəmbərə tapşırır ki, gedib qardaşlarına baş çəksin. Onun özündən böyük üç qardaşı Talut padşahın ordusunda xidmət edirdi. Peyğəmbər atasının sözünü yerə salmayıb qardaşları üçün hazırlanmış azuqəni də götürərək İlah dərəsinə yollanır. Dərəyə çatanda Davud peyğəmbər məqalənin əvvəlində təsvir olunan hadisəni — iki ordu arasında yaranmış gərgin vəziyyəti görür. Bu iki ordu dağların yamacında qarşı qarşıya səf qurub (1 İşmuil 17:1—3, 15—19).

Davud peyğəmbər üçün bu vəziyyət dözülməzdir. Necə ola bilər ki, var olan Yehova Allahın alayları adi bir insandan, bütpərəstdən qorxub qaçsın! Davud peyğəmbər Calutun bu təhqirlərini birbaşa Allaha edilən təhqir kimi qəbul edir. Buna görə də əsgərlərlə Calutu məğlub etmək haqda danışmağa başlayır. Bu sözləri eşidən böyük qardaşı Əlyab döyüş meydanına gəldiyinə görə Davudu danlayır. Ancaq Davud qardaşına belə deyir: «Nə eləmişəm ki? Bir söz soruşdum da!» Sonra o, başqasına tərəf çevrilib Calutu məğlub etmək haqda daha inamla danışır. Axırda Davudun bu sözlərini gedib Taluta çatdırırlar. Talut padşah əmr edir ki, Davudu onun hüzuruna gətirsinlər (1 İşmuil 17:23—31).

Davud böyük cəsarətlə padşah Taluta bu sözləri deyir: «Qoy heç kim ondan qorxmasın». Padşah Talut və adamları Calutdan yaman qorxmuşdular. Görünür, onlar bu nəhəng adamı özləri ilə müqayisə etmişdilər. Yəqin onlar düşünürdülər ki, Calutun  ayağı boydadırlar, birini vursa, yerlərində qalacaqlar. Onların səhvləri də elə bunda idi. Davud isə belə düşünmürdü, növbəti abzaslarda görəcəyik ki, o, vəziyyətə tamamilə başqa cür baxırdı. Elə buna görə deyir ki, Calutla özü döyüşəcək (1 İşmuil 17:32).

Ancaq Talut padşah etiraz edir: «Sən bu filiştli ilə bacara bilməzsən, sən hələ uşaqsan, o isə gəncliyindən döyüş meydanındadır». Talut düz deyirdi? Davud həqiqətən də uşaq idi? Xeyr. Sadəcə, onun orduya qoşulmaq üçün yaşı çatmırdı. Ola bilsin, üzdən də uşağa oxşayırdı. Amma hamı Davudu igid bir döyüşçü kimi tanıyırdı və ehtimal ki, o, həmin vaxt yeniyetmə idi (1 İşmuil 16:18; 17:33).

Davud peyğəmbər Talut padşaha atasının sürüsünü otaran zaman şiri və ayını necə öldürdüyünü danışıb onu razı saldı. Davud buna görə özü ilə öyünürdü? Əsla! O, bu vəhşi heyvanları kimin sayəsində öldürdüyünü dərk edirdi. Buna görə Taluta belə deyir: «Məni şirin, ayının pəncəsindən qurtaran Yehova bu filiştlinin də əlindən qurtaracaq». Nəhayət, Talut padşah Davuda belə cavab verir: «Get, qoy Yehova sənə yar olsun!» (1 İşmuil 17:37).

İstəyərdiniz, imanınız Davud peyğəmbərin imanı kimi olsun? Bir şeyi qeyd etmək lazımdır ki, Davudun Calutu məğlub edəcəyinə imanı əsassız deyildi. Onun Allaha imanı biliyə və təcrübəyə əsaslanırdı. O inanırdı ki, Yehova xalqının müdafiəsinə qalxan və vədlərinə sadiq Allahdır. Bu cür imana sahib olmaq istəyiriksə, Müqəddəs Kitabdan Allah haqqında daha çox öyrənməliyik. Öyrəndiyimizə uyğun yaşayanda bunun gözəl bəhrələrini görəcəyik və beləcə, imanımız güclənəcək (İbranilərə 11:1).

«YEHOVA SƏNİ MƏNƏ TƏSLİM EDƏCƏK»

Talut padşah öz döyüş paltarını Davuda geyindirir. Bu, Calutun geyiminə bənzər misdən hazırlanmış pulcuqlu böyük zireh idi. Davud ağır silah-sursatla yüklənmiş bu böyük paltarı geyinib yerimək istəyir, amma bacarmır. O, əsgər kimi təlim keçmədiyi üçün bu cür geyimə öyrəşməyib; o ki qaldı, İsraildə hamıdan hündür olan Talut padşahın geyiminə! (1 İşmuil 9:2). Davud peyğəmbər onları əynindən çıxardır və sürünü otaran zaman geyindiyi paltarı geyinir (1 İşmuil 17:38—40).

O, dəyənəyini götürür, çoban dağarcığını çiyninə keçirir və əlinə sapand alır. İndiki dövrdə sapand adi bir şey olsa da, o dövr üçün təhlükəli silah idi. Sapand orta hissəsi enli olan uzun dəri ipdir. Bu, çoban üçün ən əlverişli silah idi. O, sapandın enli hissəsinə bir daş qoyurdu, sonra böyük sürətlə başı üzərində fırladırdı, axırda sapandın bir ucunu buraxıb daşı dəqiqliklə istədiyi istiqamətə atırdı. Sapand elə lazımi silah idi ki, qədim ordularda sapandçılar olurdu.

Davud düşmənin qarşısına çıxmağa tələsir. Onun dərəyə enib çaylaqdan beş balaca hamar daş götürdüyünü və bu zaman necə hərarətlə dua etdiyini təsəvvür edin. Bundan sonra o, dərhal döyüş meydanına tərəf qaçır.

Calut rəqibini görəndə nə düşündü? Müqəddəs Kitabdan oxuyuruq ki, Calut qarşısında «alyanaq, qəşəng bir oğlanı görəndə həqarətlə güldü». O, nərilti ilə dedi: «Məgər mən itəm ki, üstümə dəyənəklə gəlirsən?» Görünür, Calutun diqqəti Davudun dəyənəyində olduğundan onun əlindəki sapanda fikir verməmişdi. O, Davudu filiştlilərin allahlarının adı ilə lənətlədi və and içdi ki, onun meyitini göyün quşlarına və çöl heyvanlarına yem edəcək (1 İşmuil 17:41—44).

Bu günün özündə də, Davudun Caluta verdiyi cavab imanın möhtəşəm bəyənatı sayılır. Yeniyetmənin nəhəng Caluta verdiyi cavaba baxın: «Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, mən isə sənin üstünə meydan oxuduğun İsrail alaylarının Allahı, ordular Allahı Yehovanın adı ilə gəlirəm». Davud bilirdi ki, insan gücü və silah-sursat elə də böyük rol oynamır. Calut Yehova Allahı təhqir etmişdi. Cavabını da Yehova Allah verəcəkdi. Davudun da dediyi kimi, «bu döyüş Yehovanındır» (1 İşmuil 17:45—47).

Davud Calutun nə boyda olduğunu və silah-sursatını görürdü. Bununla belə, o yol vermədi ki, bu kimi şeylər onu qorxutsun. O, Talutun və onun ordusunun səhvini təkrarlamadı. Davud Calutun gücünü öz gücü ilə yox, Yehovanın gücü ilə müqayisə  etdi. Düzdür, üç metrə yaxın boyu olan Calut bütün insanlardan hündür ola bilərdi. Ancaq onun böyüklüyü Yehova Allahın böyüklüyü ilə müqayisəyə belə gələ bilməzdi. Digər insanlar kimi, Calut adi həşəratdan bir balaca böyük idi. Və Yehova onu məhv etmək niyyətində idi.

Davud cəld düşməninə tərəf qaçır, əlini dağarcığına atıb bir daş götürür. Daşı sapanda qoyur və başı üzərində sapandın səsi eşidilənə kimi fırladır. Calut Davuda sarı gedir. Ehtimal ki, Calut qalxanını daşıyan silahdarının arxasınca gəlirdi. Calutun boyunun hündür olması əslində Davuda sərf edirdi. Çünki qalxan daşıyan silahdarın normal boyunu nəzərə alsaq, o, çətin ki, bu nəhəngin başını qoruya bilərdi. Davud isə düz oranı nişan almışdı (1 İşmuil 17:41).

Davud peyğəmbər bilirdi ki, hətta ən nəhəng insan belə, Yehova Allahın qarşısında heç nədir

Davud sapandı fırladıb daşı atır. Daş öz ünvanına doğru uçur. Sözsüz ki, Yehova elə etdi ki, Davudun başqa daşdan istifadə etməsinə ehtiyac qalmadı. Daş düz hədəfə düşür — Calutun alnına batır. Bu nəhəng üzüstə yerə sərilir. Onun qalxanını daşıyan silahdarı isə çox yəqin ki, qorxusunda başını götürüb qaçır. Davud yaxınlaşaraq Calutun qılıncını qınından sıyırır və onun başını kəsir (1 İşmuil 17:48—51).

Bundan sonra Talut və ordusu ürəklənirlər. Onlar nərə çəkərək filiştlilərə hücum edirlər. Bu döyüş Davudun Caluta dediyi kimi də qurtarır: Yehova filiştlilərin hamısını onlara təslim edir (1 İşmuil 17:47, 52, 53).

Bu gün Allaha ibadət edən insanlar döyüşmürlər. Biz indi başqa dövrdə yaşayırıq (Mətta 26:52). Buna baxmayaraq, Davudun imanından örnək almalıyıq. Onun kimi, biz də Yehova Allahın varlığına iman etməli, yalnız Ona ibadət etməli və yalnız Ondan qorxmalı olduğumuzu dərk etməliyik. Hərdən problemlərimiz o qədər böyük ola bilər ki, onların qarşısında özümüzü aciz hiss edə bilərik. Ancaq problemlərimiz Yehova Allahın hədsiz gücü ilə müqayisədə heç nədir. Əgər Yehovanı Allahımız kimi qəbul etsək və Davud kimi Ona iman etsək, onda heç bir çətinlikdən, heç bir problemdən qorxmağa ehtiyac yoxdur. Yehovanın hədsiz gücü qarşısında heç nə və heç kim dayana bilməz!