Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 5, 2016

İlah dərəsi

Davud peyğəmbərlə Calutun hadisəsi həqiqətən baş verib?

Davud peyğəmbərlə Calutun hadisəsi həqiqətən baş verib?

Davud peyğəmbərlə Calutun hadisəsi həqiqətən baş verib, yoxsa bu, el arasında gəzən rəvayətdir? Əvvəlki məqaləni oxuyanda sizdə bu sual yarandısa, aşağıdakı üç suala diqqət yetirin.

1 | Boyu üç metrə yaxın insan ola bilər?

Müqəddəs Kitabda deyilir ki, Calut adlı pəhləvanın boyu «altı qulac bir qarış» idi (1 İşmuil 17:4). Bir qulac 44,5 santimetr, bir qarış isə 22,2 santimetrdir. Altı qulac bir qarış 2,9 metrə bərabərdir. Bəziləri iddia edir ki, Calutun boyu bu hündürlükdə ola bilməzdi. Ancaq bir şeyin üzərində düşünün: müasir dövrdə yaşamış ən hündür insanın boyu 2,7 metrdən çox olub. Bəs onda niyə Calutun boyu bu insanın boyundan təxminən 15 santimetr hündür ola bilməsin? Calut Rəfa qəbiləsindən idi. Bu qəbilədən olan insanlar boylarının hündürlüyünə görə çox fərqlənirdilər. B.e.ə 13-cü əsrə aid Misir sənədində qeyd olunur ki, Kənan diyarından olan cəngavərlərin boyu 2,4 metr idi. Buna görə də Calutun boyunun belə hündür olması qeyri-adi olsa da, mümkünsüz deyildi.

2 | Davud peyğəmbər həqiqətən yaşayıb?

Alimlər bir zamanlar Davud peyğəmbərin insanların uydurduğu əfsanəvi qəhrəman olduğunu isbat etməyə çalışırdılar. Ancaq bu, onlarda alınmadı. Arxeoloqlar üzərində «Davudun evi» yazılmış qədim kitabə tapıblar. Bundan əlavə, İsa Məsih Davud peyğəmbər haqda əfsanəvi qəhrəman kimi yox, keçmişdə yer üzündə yaşamış bir insan kimi danışmışdı (Mətta 12:3; 22:43—45). İsa peyğəmbərin vəd olunmuş Məsih olduğunu xırdalığına kimi yazılmış iki nəsil şəcərəsi sübut edir. Bu nəsil şəcərələri onun Davud peyğəmbərin nəslindən gəldiyini göstərir (Mətta 1:6—16; Luka 3:23—31). Bəli şübhə yoxdur ki, Davud peyğəmbər həqiqətən də mövcud olub.

3 | Bu hadisələr real coğrafi məkanda baş verib?

Müqəddəs Kitabda yazılıb ki, döyüş İlah dərəsində baş tutmuşdu. Bundan əlavə, orada döyüşün dərənin hansı hissəsində getdiyi dəqiq yazılıb. Orada deyilir ki, filiştlilər dərənin bir tərəfindəki dağın yamacında — Soqo və Əzqa arasında ordugah qurmuşdular. İsraillilər isə dərənin o biri tərəfində yerləşən dağın yamacında qərarlaşmışdılar. Bəs yer üzündə həqiqətən də belə ərazilər olub?

Gəlin bu yaxınlarda həmin əraziyə səyahət edən bir nəfərin sözlərinə diqqət yetirək: «Bələdçimiz bizi İlah dərəsinə apardı. Biz bir cığırla dağın təpəsinə qalxdıq. Oradan bütün dərə görsənirdi. Dərəni seyr edərkən dindar olmayan bələdçimiz bizə Müqəddəs Kitabdan 1 İşmuil 17:1—13 ayələrini oxudu və əli ilə dərənin o biri tərəfini göstərərək dedi: “Dərənin sol tərəfində Soqo xarabalıqları, sağ tərəfində isə Əzqa xarabalıqları yerləşir. Filiştlilər bu iki şəhərin arasında, qarşınızda olan dağın yamacında ordugah qurmuşdular. Bizim indi durduğumuz yer isə israillilərin ordugah qurduğu yerdir”. Onda mən Davud peyğəmbərlə Talut padşahın mənim durduğum yerdə durduqlarını təsəvvürümə gətirdim. Sonra biz aşağı endik. Dərədə daşlarla dolu qurumuş arxı keçdik. Özümdən ixtiyarsız Davud peyğəmbərin əyilib buradan necə beş hamar daş götürdüyünü təsəvvür etdim. O, bu daşların biri ilə Calutu öldürmüşdü». Digər insanlar kimi, bu səyahətçi də Müqəddəs Kitabın dəqiqliyinə məəttəl qalmışdı.

Bu tarixi hadisənin həqiqətən baş verdiyinə şübhə etməyə heç bir əsas yoxdur. Çünki bu əhvalatda adı çəkilən yer və insan adları uydurma deyil. Ən əsası isə, bu hadisələr heç vaxt yalan danışmayan Allahın Kəlamında yazılıb (Titusa 1:2; 2 Timutiyə 3:16).