Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 4, 2016

Zorakılığın olmayacağı dünya

Zorakılığın olmayacağı dünya

Siz özünüz və ya ailə üzvlərinizdən kimsə nə vaxtsa zorakılığın qurbanı olub? Bəlkə zorakılığa məruz qalacağınızdan qorxursunuz? Zorakılıq «bütün dünyada geniş yayılmış, sağlamlığa ziyan vuran və get-get artmaqda olan problem» adlanır. Gəlin bir neçə nümunəyə baxaq.

MƏİŞƏT ZORAKILIĞI VƏ CİNSİ TƏCAVÜZ. Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən, «dünyada hər üç qadından biri ömründə ən azı bir dəfə əri və ya sevgilisi tərəfindən fiziki, yaxud cinsi zorakılığa məruz qalıb». Təəssüflər olsun ki, «ehtimala görə, bütün dünyada hər beş qadından biri ya zorlanma ilə, ya da zorlanma təhlükəsi ilə üz-üzədir».

KÜÇƏ CİNAYƏTİ. Statistikaya əsasən, Birləşmiş Ştatlarda 30 000-dən çox cinayətkar dəstə fəaliyyət göstərir. Latın Amerikasında hər üç nəfərdən biri zorakı cinayətin qurbanı olur.

QƏTL. Hesablamalara görə 2012-ci ildə bütün dünyada yarım milyon insan qətlə yetirilmişdir. Bu, müharibələrdə ölənlərin sayından qat-qat çoxdur. Qətlə yetirilənlərin ən yüksək sayı Cənubi Afrikanın (100 000 nəfərdən 30-u) və Mərkəzi Amerikanın (100 000 nəfərdən 26-sı) payına düşür. Bir il ərzində Latın Amerikasında 100 000-dən çox adam qətlə yetirilib. Bu qətllərin təxminən 50 000-i Braziliyada törədilib. İnsanda sual yaranır, görəsən, zorakılığa nə vaxtsa birdəfəlik son qoyulacaq?

ZORAKILIĞA SON QOYMAQ MÜMKÜNDÜR?

Nəyə görə zorakılıq bu qədər geniş yayılıb? Səbəblər çoxdur, məsələn, sosial və iqtisadi bərabərsizlik, insan həyatına laqeydlik, spirtli içkilərdən sui-istifadə, narkotik maddələrin qəbulu, uşaqların böyüklər tərəfindən zorakılığa məruz qalması və ya zorakılığın şahidi olması və cinayətlərin cəzasız qalması.

Düzdür, dünyanın bəzi yerlərində zorakılıqla mübarizədə nailiyyətlər əldə olunub. Məsələn, Braziliyanın sıx məskunlaşmış şəhəri olan San-Pauluda son on il ərzində qətllərin sayı 80 faiz azalıb. Amma bu şəhərdə zorakılığın başqa formaları geniş yayılıb və hər 100 000 nəfərdən 10-u qətlə yetirilir. Bəs zorakılığa birdəfəlik son qoymaq üçün nə etmək lazımdır?

Zorakılığı yerli-dibli yox etmək üçün gərək insanlar düşüncə tərzlərini və davranışlarını dəyişsinlər. Zorakı adam dəyişmək üçün özündə olan qürur, tamahkarlıq, xudbinlik kimi xüsusiyyətləri atıb məhəbbət, hörmət və qayğıkeşlik kimi gözəl xüsusiyyətlərə yiyələnməlidir.

İnsana həyatında bu cür köklü dəyişiklik etməyə nə kömək edə bilər? Gəlin görək Müqəddəs Kitab bu barədə nə deyir.

  • «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir» (1 Yəhya 5:3).

  • «Yehovadan qorxmaq şərə nifrət etməkdir» * (Məsəllər 8:13).

Allah xofu və Ona olan məhəbbət hətta qatı cinayətkarı  belə, tamamilə dəyişməyə təşviq edə bilər. Görəsən, bu, həqiqətən mümkündür?

Gəlin törətdiyi müxtəlif cinayətlərə görə 19 ildir ki, Braziliya həbsxanasında yatan Aleks * adlı bir kişinin nümunəsinə baxaq. O, Yehovanın Şahidlərilə Müqəddəs Kitabı öyrənəndən sonra 2000-ci ildə Yehovanın Şahidi olur. Doğrudanmı o, zorakılıqdan əl çəkib? Bəli. Aleks törətdiyi bütün əməllərə görə ürəkdən peşmandır. O deyir: «Allahın məni bağışlaması ürəyimdə Ona məhəbbət oyatdı. Qəlbimdə Allaha duyduğum minnətdarlıq və məhəbbət hissi məni həyatımı dəyişməyə təşviq etdi».

Gəlin Braziliyadan olan Sezar adlı başqa bir insanın da nümunəsini nəzərdən keçirək. O, ömrünün 15 ilini basqınçılıqla və silahlı qarətlə məşğul olub. Bəs onu nə dəyişdi? O, həbsdə olanda Yehovanın Şahidləri ilə tanış olur və Müqəddəs Kitabı öyrənməyə başlayır. Sezar deyir: «Ömrümdə birinci dəfə idi ki, həyatda məna görürdüm. Ürəyimdə Allaha sevgi oyandı, qəlbimdə Allah xofu yarandı. Qorxurdum, yenidən pis əməllərə qurşanaram, Yehovanı kədərləndirərəm. Onun mənə göstərdiyi mərhəmətin qarşısında nankor olmaq istəmirdim. Bu məhəbbət və qorxu məni özümü dəyişməyə təşviq etdi».

Zorakılığın olmayacağı bir dünyada yaşamaq üçün nə etmək lazımdır?

Bu nümunələrdən nə öyrənirik? Müqəddəs Kitab insanın düşüncə tərzini və bununla da onun həyatını dəyişməyə qadirdir (Efeslilərə 4:23). Yuxarıda adı çəkilən Aleks deyir: «Müqəddəs Kitabdan öyrəndiyim şeylər saf su kimi, yavaş-yavaş daxildən məni təmizlədi, beynimdən pis fikirləri yuyub apardı. Mənə elə gəlirdi ki, bu şeylərdən heç vaxt azad ola bilməyəcəyəm». Bəli, insan beynini Müqəddəs Kitabdakı pak sözlərlə doldurarsa, qəlbini bütün pisliklərdən təmizləyə bilər. Allahın Kəlamı insanı saflaşdırmaq qüdrətinə malikdir (Efeslilərə 5:26). Onu öyrənəndə qəddar və xudbin insan xeyirxah və sülhsevər insana çevrilir (Romalılara 12:18). Müqəddəs Kitab prinsiplərinə əməl edərək hamı ilə sülhdə yaşayır (Əşiya 48:18).

240 ölkə və ərazidə yaşayan səkkiz milyondan artıq Yehovanın Şahidi zorakılıqdan azad olmağın sirrini tapıb. Müxtəlif irqlərdən və təbəqələrdən olsalar da, keçmişdə fərqli həyat yaşasalar da, onlar Allahı sevməyin və Ondan qorxmağın nə demək olduğunu, bir-birlərini sevməyi və beynəlxalq bir ailə kimi sülh içində yaşamağı öyrəniblər (1 Butrus 4:8). Onlar sübut edirlər ki, zorakılıqsız bir dünya qurmaq mümkündür.

TEZLİKLƏ DÜNYA ZORAKILIQDAN TƏMİZLƏNƏCƏK

Müqəddəs Kitabda deyilir ki, Allah yer üzündən bütün zorakılığı siləcək. Bu zalım dünyanın sonu, «allahsızların məhv ediləcəyi» hökm günü yaxınlaşır (2 Butrus 3:5—7). Daha başqalarına zülm çəkdirən zalım insanlar olmayacaq. Necə əmin ola bilərik ki, Allah zorakılığı aradan qaldırmaq istəyir?

Müqəddəs Kitabda yazılıb ki, Allah «zorakılığı sevənlərə nifrət edir» (Zəbur 11:5). Yaradanımız sülhü və ədaləti sevir (Zəbur 33:5; 37:28). Buna görə də O, zülmkar insanlara əbədiyyən dözməyəcək.

Bəli, sülhün hökm sürdüyü yeni dünya yaxındır (Zəbur 37:11; 72:14). Bilmək istəyirsiniz, zorakılığın olmayacağı bir dünyada yaşamaq üçün nə etmək lazımdır? Vaxt ayırsanız, bu sualın cavabını tapa bilərsiniz.

Əlavə məlumat

Yer üzündə sülh necə bərqərar olacaq?

Allahın Öz Padşahlığı vasitəsilə bütün dünyada sülhü bərqərar edəcəyinə dair verdiyi vədi necə həyata keçirəcəyi barədə öyrənin.