Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 3, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | KAŞ ÖLÜM OLMAYAYDI...

Kədərinizə üstün gəlin

Kədərinizə üstün gəlin

Kədərdən qurtulmaqla bağlı nə qədər istəyirsiniz məsləhət var. Amma heç də hamısı işə yaramır. Məsələn, kimsə sizə ağlamamağı və ya ümumiyyətlə hisslərinizi boğmağı tövsiyə edə bilər. Başqası isə, əksinə, sizi vadar edə bilər ki, keçirdiyiniz bütün hissləri büruzə verəsiniz. Amma Müqəddəs Kitab bu məsələyə tarazlı yanaşır və orada deyilənlər müasir araşdırmalarla üst-üstə düşür.

Bəzi mədəniyyətlərdə hesab olunur ki, kişi ağlamaz. Amma doğurdanmı kişi xeylağının camaat qarşısında ağlaması ayıbdır? Əqli sağlamlıq üzrə mütəxəssislərin sözlərinə görə, qəm-qüssəni göz yaşları ilə ifadə etmək normaldır. Bəzən isə itkinin nə qədər ağır olmasından asılı olmayaraq, hisslərinizi boşaltmaq özünüzə gəlməyə kömək edə bilər. Kədəri gizlətməyin isə xeyirdən çox ziyanı var. Allahın Kəlamında ağlamağın qəbahətli və ya kişiyə yaraşmayan bir şey olması barədə heç nə deyilmir. Məsələn, elə İsa peyğəmbərin özü, əziz dostu İlazər öləndə insanların yanında ağlamışdı, baxmayaraq ki, onu diriltmək iqtidarında idi (Yəhya 11:33—35).

Çox vaxt kədər hissi qəzəblə müşahidə olunur. Ələlxüsus, yaxınımızı gözlənilmədən itirəndə. Yaslı insanı müxtəlif şeylər qəzəbləndirə bilər. Məsələn, hansısa hörmətli bir adamın mənasız və əsassız sözləri. Cənubi Afrikadan olan Mayk adlı bir kişi deyir: «14 yaşım olanda atamı itirdim. Dəfn mərasimində bir anqlikan din xadimi demişdi ki, Allaha yaxşı insanlar lazım olduğu üçün onları Öz dərgahına vaxtsız aparır *. Bu məni özümdən çıxartdı. Çünki atamıza hədsiz ehtiyac duyurduq. Bunun üstündən 63 il keçsə də, hələ də içim sızlayır».

Əzizini itirən insan həmçinin bu hadisəyə görə özünü günahkar saya bilər. Ələlxüsus, yaxınını gözlənilmədən itirəndə yaslı insan «əgər filan şeyi etsəydim, bu baş verməzdi» deyə özünü qınaya bilər. Bəlkə də, həmin insanla sonuncu söhbətiniz heç də ürəkaçan olmayıb. Buna görə özünüzü lap günahkar hiss edirsiniz.

Əgər siz özünüzü günahlandırır və qəzəb hissi keçirirsinizsə, çalışın hisslərinizi gizlətməyəsiniz. Dərdinizi dostunuza danışın. O, sizi dinləyə və arxayın edə bilər ki, yaslı insanların bu cür hisslər keçirməsi normaldır. Allahın Kəlamında deyilir: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

Yaslı insanın ən yaxın dostu isə Yaradanımız Yehova Allahdır. Dua edərək ürəyinizi Ona boşaldın, çünki «O, qayğınızı çəkir» (1 Butrus 5:7). Bundan əlavə, Allah söz verir ki, əl açıb Ona dua etsəniz, Onun «hər bir ağıldan üstün olan sülhü» düşüncənizə və hisslərinizə rahatlıq gətirəcək (Filippililərə 4:6, 7). Allahın Kəlamını oxuyun, qoyun Onun Kəlamı dərdinizə məlhəm olsun. Sizə təskinlik gətirən ayələrin siyahısını tutun. ( Çərçivəyə baxın.) Hətta onların bəzilərini əzbərləyə bilərsiniz.  Gecələr tənha qalanda və ya yuxunuz ərşə çəkiləndə bu ayələrin üzərində düşünmək sizə rahatlıq gətirəcək (Əşiya 57:15).

Cəmil * adlı 40 yaşlı bir kişi bu yaxınlarda canından çox sevdiyi arvadını xərçəngdən itirdi. Hərdən o, özünü çox tənha hiss edir. Ancaq Allaha dua etməyin ona böyük köməyi dəyir. Cəmil bölüşür: «Yehovaya dua edəndə heç vaxt özümü tənha hiss etmirəm. Çox vaxt gecə yarısı oyanıram və gözümə yuxu getmir. Müqəddəs Kitabı əlimə alıb oxuyanda, oradakı fikirlər üzərində düşünəndə və ürəyimi Allaha boşaldanda sakitləşirəm, qəlbimə rahatlıq çökür və beləcə, yata bilirəm».

Vanessa adlı cavan bir qadın xəstəlik ucbatından anasını itirib. O da öz həyatında duanın gücünü görüb. Vanessa bölüşür: «Elə anlar olurdu ki, Allahın adını çağırıb hönkür-hönkür ağlayırdım. Yehova Allah dualarımı eşidirdi və həmişə ehtiyac duyduğum gücü verirdi».

Bu sahə üzrə mütəxəssislər məsləhət görürlər ki, kədərdən qurtula bilməyən insanlar başqalarına kömək etsin və ya vaxtlarını ictimai-faydalı fəaliyyətə sərf etsinlər. Bu cür davranmaq yaslı insana sevinc bəxş edəcək və dərdini yüngülləşdirəcək (Həvarilərin işləri 20:35). Allaha xidmət edən bir çox yaslı insanlar başqalarına kömək etməyin onlara necə rahatlıq gətirdiyinin fərqinə varmışlar (2 Korinflilərə 1:3, 4).

^ abz. 5 Bu təlim Allahın Kəlamına əsaslanmır. Müqəddəs Kitaba əsasən, insan üç səbəbə görə ölür (Vaiz 9:11; Yəhya 8:44; Romalılara 5:12).

^ abz. 9 Ad şərtidir.