Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 3, 2016

 MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Özümə və qadınlara hörmət etməyi öyrəndim

Özümə və qadınlara hörmət etməyi öyrəndim
  • DOĞULDUĞU İL: 1960

  • ÖLKƏ: FRANSA

  • KEÇMİŞDƏ: NARKOTİK ALUDƏÇİSİ OLUB, QADINLARA HÖRMƏT ETMƏYİB

KEÇMİŞİM.

Mən Fransanın şimal-şərqində yerləşən Miluz şəhərində anadan olmuşam. Fəhlə sinfinin yaşadığı bu ərazi zorakılığı ilə ad çıxartmışdı. Uşaqlıq xatirələrim burada baş verən ailə-məişət zorakılıqları ilə yadda qalıb. Ailəmizdə qadınlara yuxarıdan aşağı baxırdılar, kişilər nadir hallarda qadınlarla məsləhətləşirdi. Mənə öyrətmişdilər ki, qadının yeri mətbəxdir, ərinə və uşaqlarına baxmalıdır.

Uşaqlığım elə də asan keçməyib. On yaşım olanda atam əyyaşlıq ucbatından həyatını itirdi. Beş il sonra böyük qardaşlarımdan biri intihar etdi. Elə həmin il mən ailə-məişət zəminində bir qətl hadisəsinin şahidi oldum və bundan çox sarsıldım. Ailə üzvlərim mənə özümü müdafiə etmək üçün bıçaq və silahdan istifadə etməyi, dava eləməyi öyrətmişdilər. Belə bir həyat yaşadığım üçün bütün bədənimə döymələr vurdurdum və içkiyə qurşandım.

Artıq on altı yaşımda gün ərzində 10—15 butulka pivə içirdim və çox keçməmiş narkotik maddələr qəbul etməyə başladım. Pulu isə dəmir-dümür satmaqla, oğurluq etməklə tapırdım. On yeddi yaşımda artıq həbsxananın dadını görmüşdüm. Ümumilikdə oğurluq üstündə və dava-dalaş etdiyim üçün 18 dəfə həbs olunmuşam.

İyirmi yaşlarımda vəziyyətim daha da betər oldu. Bir günə tərkibində marixuana olan 20-yə yaxın siqaret çəkirdim, heroin və digər qeyri-qanuni maddələr qəbul edirdim. Dəfələrlə olmuşdu ki, yüksək doza qəbul etdiyim üçün az qalmışdı öləm. Mən həmçinin narkotik maddələr satmağa başladım. Buna görə də üzərimdə bıçaq və silah gəzdirirdim. Günlərin bir günü bir kişiyə atəş açdım, ancaq xoşbəxtlikdən güllə onun kəmərinin toqqasına tuş gəldi. İyirmi dörd yaşım olanda anamı itirdim və bu, mənim qəzəbimi daha da alovlandırdı. Yoldan keçənlər məni görən kimi qorxudan dərhal yollarını dəyişirdilər. Dava etdiyim üçün həftəsonlarını çox vaxt ya polis məntəqəsində, ya da yaralarıma tikiş qoymaq üçün xəstəxanada keçirirdim.

İyirmi səkkiz yaşımda ailə qurdum. Desəm ki, arvadımla hörmətlə davranırdım, şübhəsiz, inanmazsınız. Mən onu təhqir edir və döyürdüm. Bir ər-arvad olaraq heç nəyi birgə görmürdük. Düşünürdüm ki, onu oğurladığım qır-qızıla tutsam bəsidir. Ancaq bir gün gözlənilməz bir şey baş verdi. Arvadım Yehovanın Şahidləri ilə Allahın Kəlamını öyrənməyə başladı. Elə ilk dərsindən sonra o, siqareti atdı, gətirdiyim oğurluq pullardan imtina etdi və qır-qızılları mənə  geri qaytardı. Hirsimdən özümə yer tapa bilmirdim. Müqəddəs Kitabı öyrənməyinə mane olurdum, siqareti çəkib tüstüsünü onun üzünə üfürürdüm. Bundan əlavə, bütün qonşuluqda onu biabır edirdim.

Bir gecə sərxoş halda olarkən mənzilimizdə yanğın törətdim. Yoldaşım məni və beşyaşlı qızımızı alovun içindən xilas elədi. İçkinin təsirindən ayılanda xəcalət çəkirdim. Düşünürdüm ki, etdiklərimə görə Allah məni heç vaxt bağışlamaz. Yadımdadır, bir dəfə keşiş mənə söyləmişdi ki, pis insanlar cəhənnəmlikdir. Hətta mənim psixiatrım da demişdi ki: «Sənə heç cürə kömək etmək mümkün deyil. Sən düzələn deyilsən!»

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Yanğından sonra qayınatamgilə köçdük. Yehovanın Şahidləri yoldaşımın yanına gələndə onlara bir sual verdim: «Allah mənim bütün günahlarımı bağışlaya bilər?» Onlar mənə Müqəddəs Kitabdan 1 Korinflilərə 6:9—11 ayələrini oxudular. Bu ayələrdə Allahın mühakimə etdiyi pis əməllər sadalanır və sonra deyilir: «Sizlərdən də bəziləri belə idi». Bu ayədən sonra əmin oldum ki, dəyişə bilərəm. Onlar həmçinin 1 Yəhya 4:8 ayəsini oxuyub Allahın məni sevdiyini göstərdilər. Bu sözlər ürəyimə toxtaqlıq verdi. Yehovanın Şahidlərindən həftədə iki dəfə mənə dərs keçmələrini xahiş etdim və ibadət görüşlərinə getməyə başladım. Bundan əlavə, həmişə Yehova Allaha dua edirdim.

Bir ay keçməmişdi ki, narkotiki və içkini tərgitməyə qərar verdim. Amma orqanizmim mənə qarşı üsyan qaldırdı, sanki, daxilimdə müharibə gedirdi. Dəhşətli qarabasmalar, baş ağrıları, qıc olmalar və digər narahatçılıqlar məni rahat buraxmırdı. Amma eyni zamanda, Yehovanın əlimdən tutub mənə güc verdiyini duyurdum. Həvari Bulusun keçirdiyi hissləri keçirirdim. O, Yehovanın verdiyi gücü nəzərdə tutaraq yazmışdı: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13). Həmçinin bir müddət sonra siqareti də ata bildim (2 Korinflilərə 7:1).

Müqəddəs Kitab həyatımı qaydasına salmağa kömək etməklə yanaşı, ailə vəziyyətimi də yaxşılaşdırdı. Həyat yoldaşıma münasibətim xeyli dəyişdi. Ona hörmət qoymağa, «çox sağ ol», «zəhmət olmasa» sözlərini deməyə başladım. Qızım üçün layiqli ata ola bildim. Müqəddəs Kitabı öyrənməyə başlayandan bir il sonra arvadımdan örnək alaraq özümü Allaha həsr etdim və Onun yolu ilə getməyə başladım.

MƏNƏ FAYDASI.

Tam əminliklə deyə bilərəm ki, Müqəddəs Kitab həyatımı xilas etdi. Hətta imanıma şərik olmayan qohum-əqrəbalarım deyir ki, belə davam etsəydi, çoxdan ya narkotikdən ölmüşdüm, ya da davada həlak olmuşdum.

Ata və ər kimi üzərimə düşən məsuliyyətlərlə bağlı Müqəddəs Kitabda yazılan tələblər ailə həyatımı köklü surətdə dəyişdi (Efeslilərə 5:25; 6:4). Ailəlikcə birgə nələrisə etməyə başladıq. İndi qoymuram arvadımın günü yalnız mətbəxdə keçsin, əksinə, ona kömək edirəm ki, vaxtının çox hissəsini xoş xəbərin təbliğinə sərf etsin. Onun dəstəyi sayəsində isə mən yığıncaqdakı məsuliyyətlərimi icra edə bilirəm.

Yehova Allahın sevgisi və rəhmi mənə dərin təsir bağışladı. İndi mən hamının düzəlməz kimi baxdığı mənimtək insanlara Allahın ülvi sifətləri haqda danışmaq istəyilə alışıb yanıram. Bilirəm ki, Müqəddəs Kitab istənilən insana təmiz və mənalı ömür sürməyə kömək edə bilər. Allahın Kəlamı mənə kişili-qadınlı bütün insanlara hörmət bəsləyib onları sevməyi öyrətməklə yanaşı, özümə hörmət qoymağı da aşıladı.

Əlavə məlumat

Müqəddəs Kitabdakı öyüdlərin bizə faydası

İsa peyğəmbər rəhbərliyə nəyə görə ehtiyacımızın olduğunu və Müqəddəs Kitabdakı hansı iki prinsipin ən vacib olduğunu izah etdi.