Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 3, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | KAŞ ÖLÜM OLMAYAYDI...

Ölən əzizlərimiz diriləcək!

Ölən əzizlərimiz diriləcək!

Jurnalımızda adı çəkilən Qeyli xatırlayırsınız? Bu qadın əri Robun ölümündən aldığı zərbədən nə vaxtsa özünə gələcəyinə inanmır. Amma o, Allahın vəd etdiyi yeni dünyada ərinə yenidən qovuşacağı anı gözləyir. Qeyl deyir: «Vəhy 21:3, 4 ayələri mənim ən sevdiyim ayələrdir». Orada deyilir: «Allah Özü onlarla olacaq. O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi».

Qeyl sözünə davam edir: «Bu ayədə hər şey açıq-aydın yazılıb. Buna görə mənim əzizini itirən və Allahın verdiyi bu vəddən bixəbər olan insanlardan ötrü ürəyim ağrıyır». Qeyl inandıqlarına uyğun davranaraq vaxtının çox hissəsini savab işə sərf edir: o, insanlara Allahın gələcəklə bağlı vədi haqqında danışaraq ölümün bir zaman olmayacağı xəbərini çatdırır.

Əyyub peyğəmbər diriləcəyinə inanırdı

Düşünürsünüz ki, belə bir şey ola bilməz? Gəlin Əyyub peyğəmbərin həyatına nəzər salaq. O, ağır xəstə idi (Əyyub 2:7). Bu xəstəlikdən qurtulmaq üçün Allahdan ölüm diləsə də, inanırdı ki, Allah onu diriltməyə qadirdir. Peyğəmbər əminliklə demişdi: «Kaş məni Məzarda gizlədəydin... Sən çağıracaqsan, mən hay verəcəyəm. Əllərinin işinin həsrətini çəkəcəksən» (Əyyub 14:13, 15). Əyyub peyğəmbər əmin idi ki, ölsə də, Allah onu həyata qaytarmaq arzusunda olacaq.

Tezliklə, dünya Cənnətə çevriləndə Allah həm Əyyub peyğəmbəri, həm də saysız-hesabsız digər insanları həyata qaytaracaq (Luka 23:42, 43). Ölülərin diriləcəyi Həvarilərin işləri 24:15 ayəsində öz təsdiqini tapır. İsa peyğəmbər də bu barədə demişdi: «Buna heyrət etməyin, çünki elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun səsini eşidəcək... diriləcəklər» (Yəhya 5:28, 29). Əyyub peyğəmbər bu vədin gerçəkləşəcəyini öz gözləri ilə görəcək. O, cavanlıqdakı gümrahlığına qayıdacaq və bədəni gənclik çağındakından da təravətli olacaq (Əyyub 33:24, 25). Eyni şey mərhəmətli Allahımızın gördüyü bu tədbirə hay verən hər kəsi gözləyir.

Əgər siz də itki ilə üzləşmisinizsə, çətin ki, yuxarıdakı məlumat sizin ağrı-acınızı tamamilə aradan qaldırsın. Lakin Müqəddəs Kitabda qələmə alınan Allahın vədi üzərində düşündükcə ümidiniz yaranacaq və həyatınızı qaydasına salmaq üçün güc tapacaqsınız (1 Salonikililərə 4:13).

Bilmək istəyərdiniz dərdinizi daha nələr yüngülləşdirə bilər? Bəlkə də, sizi Allahın pisliyə və iztirablara nə üçün yol verdiyi ilə bağlı suallar narahat edir. Onda jw.org/az-latn saytımıza daxil olun və oradan Müqəddəs Kitabın bu suallara verdiyi cavabı öyrənin və təsəlli tapın.