Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Təkamül, yoxsa yaradılış? II hissə. Təkamülü təkzib etməyə əsas varmı?

Təkamül, yoxsa yaradılış? II hissə. Təkamülü təkzib etməyə əsas varmı?

Aleks çaş-baş qalıb. O, Allaha və yaradılışa inanırdı. Lakin bu gün onun biologiya müəllimi iddia etdi ki, təkamül faktdır və mötəbər elmi tədqiqatlara əsaslanır. Aleks ağılsız kimi görünmək istəmirdi. O, öz-özünə fikirləşdi: «Əgər alimlər təkamülü sübuta yetiriblərsə, onu təkzib etməyimin yeri var?»

Bu vəziyyət sənə tanışdır? Ola bilsin ki, sən gözünü açandan Müqəddəs Kitabın bu sözlərinə inanmısan: «Allah göyləri və yeri yaratdı» (Yaradılış 1:1). Ancaq insanlar inandırmağa çalışırlar ki, yaradılış əfsanədir, təkamül isə faktdır. Sən onlara inanmalısan? Təkamülü təkzib etməyə əsas var?

Təkamülü təkzib etməyə əsas verən 2 səbəb

  1.   Alimlər təkamül məsələsində həmfikir deyillər. Onilliklərdir aparılan tədqiqatlara baxmayaraq alimlərin təkamüllə bağlı verdikləri izahatlarda yekdillik yoxdur.

    Fikirləş: Əgər alimlər təkamül məsələsində razılığa gələ bilmirlərsə, halbuki onlar bu işin mütəxəssisləri sayılır, sənin bu təlimi təkzib etməyində səhv nəsə var? (Məzmur 10:4)

  2. Nəyə inandığın vacibdir. Zakari adlı bir oğlan deyir: «Əgər həyatımız, kainatımızdakı hər şey təsadüf nəticəsində yaranıbsa, onda heç nəyin mənası yoxdur». Onun dedikləri məntiqlidir. Əgər təkamül düzdürsə, onda həyatın məqsədi yoxdur (1 Korinflilərə 15:32). Ancaq, yaradılış həqiqətdirsə, onda həyatın məqsədi var və gələcəklə bağlı suallara qaneedici cavablar tapa bilərik (Yeremya 29:11).

    Fikirləş: Təkamül və yaradılış haqda həqiqəti bilmək həyatını necə dəyişə bilər?

Düşünmək üçün suallar

İDDİA. «Kainatdakı hər şey təsadüfən baş verən böyük partlayış nəticəsində yaranıb».

  • Böyük partlayışa kim və ya nə səbəb olub?

  •   Hansı daha məntiqlidir? Hər şeyin yoxdan var olması, yoxsa nədənsə və ya kimsə tərəfindən yaranması?

İDDİA. «İnsanlar heyvanlardan əmələ gəlib».

  • Əgər insanlar heyvanlardan əmələ gəlibsə, məsələn, meymundan, onda niyə insanların zehni qabiliyyəti ilə meymunun zehni qabiliyyəti arasında dağlar qədər fərq var? *

  • Niyə hətta ən «sadə» həyat forması belə heyrətamiz şəkildə mürəkkəb quruluşa malikdir? *

İDDİA. «Təkamül sübut olunub».

  • Bunu iddia edən insan özü sübutları araşdırıb?

  • Sırf ziyalı insanlar təkamülə inandıqlarını dedikləri üçün təkamülə inanan nə qədər insan var?

^ abz. 18 Bəziləri iddia edir ki, insanın beyni meymunun beynindən böyük olduğu üçün o daha ağıllıdır. Bu fikrin doğru olmadığını «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» broşürasının 28-ci səhifəsindən (türk.) oxuya bilərsiniz.

^ abz. 19 «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» broşürasının 8—12 səhifələrinə (türk.) bax.