Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Tənqidə necə yanaşmalıyam?

Tənqidə necə yanaşmalıyam?

 Özünü yoxla

Vaxtaşırı hər birimizin işimizdə mükəmməlləşmək, xasiyyətimizi yaxşılaşdırmaq üçün tənqidə, lazımi məsləhətə ehtiyacımız olur. Bunu yadda saxlayaraq növbəti səhnələri nəzərdən keçir.

  1. Müəllim deyir ki, axırıncı dəfə dərsi başdansovdu hazırlamısan. O deyir: «Araşdırmaya daha çox vaxt ayırmaq lazım idi».

    Bu tənqidə necə yanaşırsan?

    1. Qəbul etmirsən. («Müəllimin məndən xoşu gəlmir.»)

    2. Qəbul edirsən. («Gələn dəfə dərsi hazırlayanda onun dediyi kimi edəcəyəm.»)

  2. Anan deyir ki, otağın səliqəsizdir. Halbuki otağı elə indicə təmizləmisən.

    Bu tənqidə necə yanaşırsan?

    1. Qəbul etmirsən. («Onu heç vaxt razı salmaq olmur.»)

    2. Qəbul edirsən. («Düz deyir, işimi daha yaxşı görə bilərdim.»)

  3. Balaca bacın deyir ki, sən ona ağalıq edirsən.

    Bu tənqidə necə yanaşırsan?

    1. Qəbul etmirsən. («O kimdir ki, mənə bunu deyir?»)

    2. Qəbul edirsən. («Gərək onunla bir az mehriban davranım.»)

Bəzi gənclər o qədər dəymədüşərdilər ki, hətta kiçik tənqid də onların xətrinə dəyir. Əgər sən də beləsənsə, çox gözəl bir fürsəti əldən verirsən. Çünki tənqidi qəbul etməyi öyrənmək həm indi, həm də yetkin insan olanda sənə çox kömək edə bilər.

Eşitmək istəmirsən deyə eşitməli olduğun məsləhəti əldən vermə

 Nəyə görə tənqidə ehtiyacım var?

  • Çünki kamil deyilsən. Müqəddəs Kitabda deyilir: «Hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2). Bu səbəbdən hər kəsin tənqidə ehtiyacı var.

    «Çalışıram, həmişə yadımda saxlayım ki, hamımız qeyri-kamilik və səhvlər həyatımızın ayrılmaz hissəsidir. Buna görə də kimsə məni məzəmmət edəndə özümə dərs götürməyə və eyni səhvi təkrarlamamağa çalışıram» (Deyvid).

  • Çünki həmişə nədəsə düzələ bilərsən. Müqəddəs Kitabda deyilir: «Ağıllı adama öyüd-nəsihət versən, hikməti artar» (Məsəllər 9:9). Tənqidin xeyri ola bilər — əgər qəbul etsən.

    «Mən həmişə tənqidə başqa cür baxmışam. Fikirləşirdim ki, tənqid məni pis təqdim edir. İndi isə tənqidi qəbul edirəm, hətta özüm bunu xahiş edirəm. İstəyirəm bilim ki, nədə yaxşılaşa bilərəm» (Selena).

Kimdənsə özün barədə fikrini soruşmaq bir şeydir, amma soruşmadığın halda, kiminsə öz fikrini bildirməsi başqa şeydir. Bir dəfə kimsə özü təşəbbüs göstərib, açıqcaya məsləhət yazaraq Nataliyə vermişdi. Natali deyir: «Mən yaman həyəcanlanmışdım, məyus olmuşdum. Əlimdən gələni edirdim, əvəzində aldığım mükafata bax!»

Səninlə də bu baş verib? Əgər belədirsə, buna necə yanaşmaq olar?

 Tənqidi necə qəbul edə bilərəm?

  • Qulaq as.

    Müqəddəs Kitabda deyilir: «Çox bilən az danışar, ağıllı adam təmkinini pozmaz» (Məsəllər 17:27). Səninlə danışan adamın sözünü kəsmə və dərhal cavab verib, sonradan peşmançılığını çəkəcəyin sözlər söyləmə.

    «Kimsə məni tənqid edəndə özümü müdafiə etməyə meyilli oluram. Amma gərək tənqiddən özümə dərs götürüm, növbəti dəfə daha yaxşı davranım» (Sara).

  • Diqqətini sözü deyən adama yox, onun dediyinə cəmlə.

    Səndə tənqid edən adamın nöqsanlarını göstərmək istəyi yarana bilər. Ancaq yaxşı olar ki, Müqəddəs Kitabdakı məsləhətə əməl edəsən, yəni eşitməyə hazır olasan, danışmağa və hirslənməyə isə tələsməyəsən (Yaqub 1:19). Adətən tənqiddə müəyyən qədər həqiqət olur. Eşitmək istəmirsən deyə, eşitməli olduğun məsləhəti əldən vermə.

    «Valideynlərim məni danlayanda adətən əsəbiləşib, “bilirəm, bilirəm” deyirdim. Amma onların məsləhətlərinə qulaq asmağa başlayandan sonra görürəm ki, belə daha yaxşı olur» (Edvard).

  • Özünə tarazlı yanaş.

    Tənqid olunmağın, sənin fərsiz olduğunu göstərmir. Sadəcə hamı kimi sənin də səhvlərin olur. Hətta sənə səhvini göstərən adamın belə indinin özündə də tənqidə ehtiyacı var, həmişə də olacaq. Müqəddəs Kitabda deyilir: «Dünyada elə saleh adam yoxdur ki,.. ancaq yaxşılıq etsin» (Vaiz 7:20).

    «Bir dostum məni tənqid etdi, ancaq mənim fikrimcə, bu, yersiz tənqid idi. Ona açıq danışdığına görə təşəkkür etdim. Amma, düzü, xətrimə dəymişdi. Bir az vaxt keçəndən sonra başa düşdüm ki, onun sözlərində müəyyən qədər həqiqət var. Onun məsləhətinin sayəsində gördüm ki, özümdə nəyi düzəltməliyəm. O deməsəydi, yəqin ki, buna fikir verməyəcəkdim» (Sofiya).

  • Təkmilləşməyi qarşına məqsəd qoy.

    Müqəddəs Kitabda deyilir ki, «uzaqgörən məzəmməti qəbul edər» (Məsəllər 15:5). Tənqidi qəbul etsən, hisslərini unudub, deyilən sahədə yaxşılaşmağa çalışacaqsan. Bunun üçün hərəkət planı tərtib et və növbəti aylar ərzində nədə yaxşılaşdığına fikir ver.

    «Tənqidə yanaşma dürüstlüklə əlaqəlidir. Belə ki, səhvini boynuna almaq, səhvinə görə üzr istəmək və düzəlmək üçün insan özü ilə dürüst olmalıdır» (Emma).

Nəticə: Müqəddəs Kitabda deyilir: «Dəmir dəmiri itilər, insan da insanı» (Məsəllər 27:17). Tənqid həm indi, həm də yaşa dolduqca səni itiləyən bir alətdir.