GƏNCLƏRİN SUALLARI
Siqaret və veyp barədə nəyi bilməliyəm?
«Yaşadığım ərazidə 25 yaşdan aşağı, demək olar, elə gənc yoxdur ki, nə vaxtsa siqaret və ya veyp (yəni elektron siqaret) çəkməsin» (Culiya).
Bu məqalədə
Nəyi bilməlisən?
Siqaret çəkmək həyat üçün təhlükəlidir. Tütünün əsas tərkib hissəsi olan nikotin yüksək dərəcədə asılılıq yaradan zəhərli maddədir. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi məlumata əsasən «insanlar tütün çəkməsə idi, dünyada bir sıra xəstəliklərin və vaxtsız ölümün qarşısını almaq mümkün olardı».
«Mən tibb sahəsində sonoqraf işləyirəm. Siqaretin xəstələrə pis təsirini göstərən ultrasəs görüntülərini görmüşəm. Siqaret onların damarlarında dərin iz buraxır. Mən bədənimə dəyər verirəm, onu siqaretlə zəhərləmək istəmərəm» (Teresa).
Bilirsiniz? Siqaretin tərkibində 7000-ə yaxın kimyəvi maddə var. Onların çoxu zəhərlidir. Hər il tütünün yaratdığı xəstəliklər ucbatından milyonlarla insan ölür.
Veyp çəkənlər zəhərli maddələr udur. Veyp çəkmək ağciyər xəstəlikləri və ölümlə nəticələnir. Həmçinin adi siqaretlər kimi veyplərdə istifadə olunan maddələrin də tərkibində nikotin var. Veyp barədə bir məlumat vərəqəsində deyilir ki, güclü asılılıq yaratdığı üçün nikotin «gənclərin sonradan narkotik aludəçiliyinə səbəb ola bilər».
«Veyplərdə istifadə olunan maddələrə qoyulan “şirin pambıq” və “albalı partlayışı” kimi adlar uşaqlar və yeniyetmələr üçün cəlbedici səslənir. Bu xoş dad onlara siqaretin təhlükəsini unutdurur» (Miranda).
Bilirsiniz? Veyplərdən çıxan buxar təkcə su deyil. Onun tərkibində ağciyərlərə ötürülən zərərli maddələr, o cümlədən ağır metalların hissəcikləri var.
Siqaret və veyp çəkməyin təhlükələri
1) Xüsusilə inkişaf edən beyində yaranan diqqət və əhval-ruhiyyə problemləri də daxil olmaqla idrak pozuntusu
2) Damağın və diş ətinin iltihabı
3) Xroniki ağciyər iltihabı və ürək xəstəlikləri
Astma xəstəliyinin ağırlaşması
Mədə pozuntusu və ürəkbulanma
Nə edə bilərsən?
Faktları öyrən. Hər eşitdiyinə inanma. Məsələn, insanlar deyir ki, veyp zərərli deyil və ya o, stresi atmağa kömək edir. Özün araşdır və faktlara əsaslanan müdrik qərar ver.
Müqəddəs Kitab prinsipi: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15).
«Siqaret və veyp çəkməyin mənfi təsirləri barədə düşünəndə başa düşürəm ki, o, məşhurların və həmyaşıdlarımın dediyi kimi sadəcə “əyləncə” deyil» (Evan).
Düşün. Siqaret və ya veyp çəkən gənclər daha xoşbəxtdirlər? Onlar həm indi, həm də gələcəkdə üzləşəcəkləri stresə daha hazırlıqlıdırlar? Yoxsa siqaret çəkməkləri yeni problemlərə qapı açır?
Narahatlığın öhdəsindən gəlməyin səmərəli yollarını tap. Narahatlığı azaltmağın daha səmərəli yolları var. Məsələn, idman etmək, kitab oxumaq və ya sənə güc-qüvvət verən dostlarla vaxt keçirmək. Fikrini daha yaxşı şeylərə cəmləsən, siqaret çəkmək istəməyəcəksən.
Müqəddəs Kitab prinsipi: «Nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər» (Məsəllər 12:25).
«İnsanlar düşünür ki, siqaret və ya veyp çəkmək stresi azaldır. Amma əslində bunlar yalnız müvəqqəti təsir göstərir. Pis təsirləri isə əbədi ola bilər» (Ancela).
Düşün. Hansı səmərəli yollarla sən streslə mübarizə apara bilərsən? Əgər köməyə ehtiyacın varsa, «Gənclərin sualları» bölməsində «Narahatçılıq keçirməmək üçün nə edə bilərəm?» adlı məqaləni oxu.
Narahatlığın öhdəsindən gəlmək üçün asılılıq yaradan maddələrdən istifadə yağışdan qaçınmaq üçün dənizə tullanmağa bənzəyir. Onlar problemləri həll etmir, əksinə, daha da betər edir!
Həmyaşıdlarının təzyiqinə hazır ol. Təzyiq təkcə məktəb yoldaşlarından deyil, baxdığın əyləncədən də gələ bilər. Filmlər, televiziya verilişləri və sosial media siqaret və veyp çəkməyi əyləncəli bir şey kimi təlqin edir.
Müqəddəs Kitab prinsipi: «Bərk qida isə yetkin adam üçündür. Belə adam ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14).
«Məktəbdə oxuyanda həmyaşıdlarım siqaret və veyp çəkmədiyimə görə mənə hörmət edirdilər. Mövqeyimi aydın bildirəndən sonra onlar hətta məni müdafiə edirdilər. Qəribə səslənsə də, mövqeyini açıq demək səni müdafiə edə bilər» (Anna).
Düşün. Həmyaşıdlarının təzyiqinə qarşı dura bilirsən? Onların təzyiqlərinə üstün gəldiyin hansısa vəziyyətlər yadındadır? Bu sahədə köməyə ehtiyacın varsa, «Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 2» kitabının 15-ci fəslində «Həmyaşıdlarımın təzyiqinə hazırlıq» (türk.) adlı çərçivəyə bax.
Dost seçimində diqqətli ol. Əgər dostların siqaret və veyp çəkməməklə bağlı səninlə həmfikirdirlərsə, onda sən çəkməyə daha az meyilli olacaqsan.
Müqəddəs Kitab prinsipi: «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Məsəllər 13:20).
«Özünə hakim olmağı bacaran və dürüst insanlarla dostluq etmək kömək edir. Görəndə ki onların düzgün seçimləri hansı bəhrələri gətirir, sən də onlar kimi davranmaq istəyirsən» (Kalvin).
Düşün. Ən yaxın dostların sənin pak və sağlam yaşamaq seçimini dəstəkləyir, yoxsa mane olur?
Bəs marixuana barədə nə demək olar?
Bəziləri deyir ki, marixuana zərərsizdir. Amma bu, ağ yalandır!
Marixuana çəkən gənclər asanlıqla ona aludə ola bilərlər. Tədqiqatçılar hesab edir ki, marixuanadan istifadə beyin hüceyrələrini birdəfəlik öldürür, bu isə insanın düşünmə qabiliyyətini zəiflədir.
ABŞ-nin Psixoaktiv Maddələrdən İstifadə və Psixi Sağlamlıq Xidmətləri İdarəsinin məlumatına görə «tədqiqatlar göstərir ki, marixuana çəkənlər insanlarla münasibətdə, təhsildə, iş karyerasında daha çox problemlərlə üzləşir və həyatdan daha az məmnunluq duyurlar».
«Əsasən, narahatlığımı azaltmaq üçün marixuana çəkmək istəyirdim. Amma onun asılılıq yaradacağını, ona nə qədər pul xərcləyəcəyimi və sağlamlığıma necə təsir edəcəyini fikirləşəndə başa düşdüm ki, marixuana çəkmək narahatlıq hissimi daha da betər edəcək» (Cuda).

