Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Gənclərin sualları

Narahatçılıq keçirməmək üçün nə edə bilərəm?

Narahatçılıq keçirməmək üçün nə edə bilərəm?

 Səni nə narahat edir?

Bax gör aşağıdakı fikirlərdən hansılar bəzən sənin keçirdiyin hissləri təsvir edir?

«Həmişə fikirləşirəm: “Birdən..? Birdən maşın qəzasına düşsək? Birdən təyyarəmiz qəza etsə?” Heç bir sağlamdüşüncəli insan mənim narahat olduğum şeylərə görə bu qədər narahatçılıq keçirmir» (Çarlz).

«Həmişə daxilimdə narahatçılıq keçirirəm, sanki dağ siçanı kimi çarxın içərisində qaçıram, ancaq gedib bir yerə çıxa bilmirəm. Özümü öldürürəm, çalışıb-vuruşuram, amma heç nəyi yarıda bilmirəm!» (Anna).

«İnsanlar mənə deyəndə ki, hələ ki məktəbdə oxuduğuma görə çox şanslıyam, öz-özümə fikirləşirəm: “Onlar məktəbdə oxumağın necə stressli olduğunu bilmirlər!”» (Daniel).

«Elə bil təzyiq altındayam. Həmişə nə olacağına, nə edəcəyimə görə narahatçılıq keçirirəm» (Laura).

Fakt. Müqəddəs Kitabda da deyildiyi kimi, biz «çətin bir vaxtda» yaşayırıq (2 Timutiyə 3:1). Buna görə də narahatçılıq hissi böyüklərdən çox gənclərdə özünü büruzə verə bilər.

 Nəyəsə görə narahat olmaq həmişə pisdir?

Xeyr. Müqəddəs Kitab da deyilir ki, insanın sevdiyi şəxsi razı salmaq üçün narahatlıq keçirməsi yaxşıdır (1 Korinflilərə 7:32—34; 2 Korinflilərə 11:28).

Həmçinin narahatçılıq insanı hərəkətə təşviq edir. Məsələn, gələn həftə məktəbdə imtahan verəcəksən. Narahatçılıq səni vadar edəcək ki, imtahana bu həftədən hazırlaşasan və bu, sənin yaxşı qiymət almağına kömək edə bilər!

Narahatçılıq səni təhlükədən xəbərdar edir. Serena adlı bir yeniyetmə qız deyir: «Adam biləndə ki, nəyisə düz etməyib, narahat olmağa başlayır. Və vicdanını sakitləşdirmək üçün səhvini düzəltməyə çalışır» (Yaqub 5:14 ayəsi ilə müqayisə et).

Fakt. Narahatçılıq keçirmək adamı düzgün davranmağa təşviq edirsə, xeyirlidir.

Bəs birdən narahatçılıq səni bədbin fikirlərin tələsinə salsa?

Narahatçılıq keçirəndə özünü labirintin içində hiss edə bilərsən, amma kənardan kimsə sənə çıxış yolu göstərə bilər

Nümunə. 19 yaşlı Riçard deyir: «Hər hansısa gərgin vəziyyətin nəticəsini fikirləşəndə məni qorxu bürüyür. Bu şeyi beynimdə təkrar-təkrar götür-qoy edəndə isə narahatçılığım daha da artır».

Müqəddəs Kitabda deyilir: «Sakit ürək canı sağlam edər» (Məsəllər 14:30). Narahatçılıq həmçinin baş ağrısı, baş gicəllənməsi, mədə pozuntusu, ürək döyüntüsünün tezləşməsi kimi xoşagəlməz simptomlara səbəb ola bilər.

Əgər narahatçılıq sənə fayda yox, zərər verirsə, onda nə edə bilərsən?

 Öhdəsindən necə gələ bilərsən?

  • Narahat olmağa dəyib-dəymədiyini fikirləş. «Öz məsuliyyətlərinə görə narahat olmaq başqa, həddən artıq narahat olmaq isə tamam başqa şeydir. Bu, mənə bir deyimi xatırladır. Narahatçılıq yırğalanan kresloya bənzəyir. Nə qədər güc sərf edib hərəkət etsən də, ancaq heç yerə gedib çıxa bilmirsən» (Katrin).

    Müqəddəs Kitabda deyilir: «Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər?» (Mətta 6:27).

    Bu nə deməkdir? Əgər sənin narahatçılığın problemi həll etmirsə, onda bu, sənə əlavə problemlər yaradacaq, ya da özü problemə çevriləcək.

  • Sabahın gətirəcəyi qayğılara görə narahat olma. «Bir anlıq fikirləş. Bu gün səni narahat edən şey sabah, bir ay, bir il, beş il sonra da səni narahat edəcəkmi?» (Entoni)

    Müqəddəs Kitabda deyilir: «Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Mətta 6:34).

    Bu nə deməkdir? Gələcəkdə olmasını ehtimal etdiyin problemlərə görə çox da fikir çəkmək lazım deyil. Bəlkə də, bəziləri heç olmadı.

  • Dəyişdirə bilməyəcəyin şeylərlə yaşamağı öyrən. «Edə biləcəyin ən yaxşı şey vəziyyətə hazırlıqlı olmaq üçün əlindən gələni etməkdir, ancaq bir şeyi qəbul etmək lazımdır ki, bəzi şeyləri həll etmək bizim əlimizdə deyil» (Robert).

    Müqəddəs Kitabda deyilir: «Qaçışı həmişə bərk qaçanlar udmur... uğuru da həmişə bilikli adam qazanmır. Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11).

    Bu nə deməkdir? Bəzən vəziyyətini dəyişə bilmərsən, amma ona olan münasibətini dəyişə bilərsən.

  • Öz vəziyyətinə düzgün nöqteyi-nəzərdən bax. «Başa düşdüm ki, vəziyyətə ümumi baxmalıyam, xırdalıqlarına görə həddən artıq narahat olmamalıyam. Daha vacib şeyləri seçərək, gücümü onlara sərf etməliyəm» (Aleksis).

    Müqəddəs Kitabda deyilir: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10).

    Bu nə deməkdir? Problemlərinə düzgün nöqteyi-nəzərdən yanaşan insan daha az fikir çəkir.

  • Dərdini kiminləsə bölüş. «Altıncı sinifdə oxuyurdum. Sabahkı günə görə qorxduğum üçün məktəbdən həmişə narahat gəlirdim. Hisslərimi valideynlərimlə bölüşəndə onlar mənə qulaq asardılar. Nə yaxşı ki, yanımda idilər. Mən onlara güvənir və onlarla rahat söhbət edə bilirdim. Bu, mənə kömək edirdi ki, sabahkı günə hazır olum» (Merlin).

    Müqəddəs Kitabda deyilir: «Nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər» (Məsəllər 12:25).

    Bu nə deməkdir? Valideynlərin və ya dostların narahatçılığını azaltmaq üçün sənə faydalı məsləhətlər verə bilərlər.

  • Dua et. «Ucadan dua etmək mənə kömək edir. Bunun sayəsində narahatçılıqlarımı beynimdə fırlatmaqdansa, dilə gətirə bilirəm. Bu, həmçinin, mənə kömək edir ki,Yehovanın narahatçılıqlarımdan böyük olduğunu başa düşüm» (Laura).

    Müqəddəs Kitabda deyilir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).

    Bu nə deməkdir? Dua psixoloji rahatlıq metodu deyil. Bu, Yaradanımız Yehova Allahla gerçək ünsiyyətdir. O, belə vəd edir: «Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm» (Əşiya 41:10).