Kontentə keç

GƏNCLƏRİN SUALLARI

İdmana həvəsimi necə artıra bilərəm?

İdmana həvəsimi necə artıra bilərəm?

 Nəyə görə idman etməliyəm?

Bəzi yerlərdə gənclər fiziki aktivliyə az vaxt sərf edir və bu, onların səhhətlərini risk altına salır. Müqəddəs Kitabda əbəs yerə deyilmir ki, «fiziki məşqin faydası» var (1 Timutiyə 4:8). Gəl aşağıdakıları nəzərdən keçirək:

  • İdman əhvalını yüksəldir. Fiziki aktivlik beyində endorfin adlanan kimyəvi maddə ifraz edir. Bu maddə ağrıları yüngülləşdirir və əhval-ruhiyyəni yaxşılaşdırır. Bəziləri idmanı təbii antidepressant adlandırır.

    «Əgər səhər duran kimi qaçmağa gedirəmsə, bütün günüm daha səmərəli və sevincli keçir. Qaçmaq mənim əhval-ruhiyyəmi qaldırır» (Recayna).

  • İdman xarici görkəmini yaxşılaşdırır. Tarazlı şəkildə idmanla məşğul olmaq sayəsində özünü daha güclü, daha yararlı hiss edəcəksən və özünə əminliyin artacaq.

    «Çox sevinirəm ki, turnikdən on dəfə dartına bilirəm. Bir il əvvəl heç bir dəfə də dartına bilmirdim. Ən əsası, bilirəm ki, bədənimin sağlamlığının qeydinə qalıram» (Oliviya).

  • İdman ömrünü uzadır. Fiziki aktivlik ürək-damar və tənəffüs sistemini yaxşılaşdırır. Aerobik məşq həm kişilərin, həm də qadınların ölümünə səbəb olan koronar arteriya xəstəliyinin də qarşısını alır.

    «Gündəlik sağlam idmanla məşğul olanda Yaradanımıza göstəririk ki, Onun bizə bəxş etdiyi bədənə dəyər veririk» (Cesika).

Nəticə: İdmanın həm indi, həm də gələcəkdə sağlam olmağımız üçün böyük faydası var. Tonya adlı gənc qız deyir: «Sən heç vaxt deməyəcəksən: “Kaş ki, yürüşə çıxardım, ya da qaçardım”. Bəhanələri kənara qoyub idman edəndə heç vaxt peşman olmuram».

Maşın baxımsız qalanda öz fəaliyyətini dayandırır. İdman etməsən, eyni şey sənin bədəninlə də baş verə bilər

 Mənə mane olan nədir?

Bir neçə potensial maneə var:

  • Stimul yoxdur. «Məncə, insanlar gənc olarkən daha dayanıqlı olur. Nə vaxtsa səhhətinlə bağlı problemlər yaşayacağını təsəvvür etmək belə çətindir. Düşünürsən ki, bu, yalnız yaşlı insanların problemidir» (Sofiya).

  • Vaxt yoxdur. «Gərgin qrafikim olduğu üçün yaxşı qidalanmağa və kifayət qədər yatmağa vaxt ayırmalıyam. İdmana vaxt ayırmaq isə həmişə çətinlik yaradır» (Klarisa).

  • İdman zalına üzvlüyüm yoxdur. «Formada qalmaq baha başa gəlir, idman zalına getmək üçün pul ödəməlisən!» (Ciyna).

Düşün:

Sənin idman etməyinə ən böyük mane nədir? Bu maneənin öhdəsindən gəlmək bir az zəhmət tələb edəcək, amma nəticəsi buna dəyər.

 Lazımi qədər idman etmək üçün nə edə bilərəm?

Bir neçə təklif var:

  • Sağlamlığın üçün özün məsuliyyət daşı (Qalatiyalılara 6:5).

  • Bəhanə axtarmağa çalışma (Vaiz 11:4). Məsələn, idman proqramına başlamaq üçün idman zalına yazılmağa ehtiyac yoxdur. Sadəcə zövq aldığın bir məşq növü tap və onu bir rutinə çevir.

  • İdeyalar əldə etmək üçün başqalarından hansı idmanla məşğul olduqlarını soruş (Məsəllər 20:18).

  • Xüsusi bir qrafik qur. Qarşına məqsədlər qoy və stimul üçün əldə etdiyin nailiyyətləri yaz (Məsəllər 21:5).

  • İdman etməkdə sənə yoldaş olacaq bir nəfər tap. Əgər səninlə müntəzəm olaraq idman edən bir dost tapsan, o sənə stimul verəcək və rutininə əməl etməyə kömək edəcək (Vaiz 4:9, 10).

  • Unutma ki, uğursuzluqlar baş verəcək. Onlarla üzləşəndə ruhdan düşmə (Məsəllər 24:10).

 Tarazlı ol

Müqəddəs Kitabda deyilir ki, kişilər də, qadınlar da «hər şeydə həddini bilən» olmalıdırlar (1 Timutiyə 3:2, 11). Ona görə də idmana tarazlı yanaş. Həddindən artıq məşq edən insanların zəhməti, adətən, əbəs yerə gedir. Culiya adlı gənc qız deyir: «Əgər oğlanın əzələləri onun ağlından daha ağırdısa, bu, məni qətiyyən cəlb etmir».

Sağlamlığını riskə atacaq qədər məşq etməyə motivasiya edən məsləhətlərdən ehtiyatlı ol. Belə məsləhətlər səni fiziki cəhətdən şikəst edə, üstəlik, həyatda «daha vacib şeyləri» ayırd etməyini çətinləşə bilər (Filippililərə 1:10).

Bundan əlavə, səni idmana motivasiya etmək üçün nəzərdə tutulan bu məsləhətlər əksinə səni ruhdan sala bilər. Vera adlı gənc qız deyir: «Əksər qızlar oxşamaq istədikləri insanların şəkillərini yığırlar və stimula ehtiyacları olanda bu şəkillərə baxırlar. Amma onlar özlərini bu insanlarla müqayisə etməklə daha da ruhdan düşürlər. Yaxşı olar ki, xarici görkəmlərini yox, səhhətlərini yaxşılaşdırmaq üçün qarşılarına bir məqsəd qoysunlar».