Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Evi tərk etməyə hazıram?

Evi tərk etməyə hazıram?

Ayrı yaşamaq fikri sənə maraqlı gələ, eyni zamanda səni qorxuda bilər. Bəs buna hazır olub-olmadığını necə müəyyən edə bilərsən?

 Səbəbləri gözdən keçir

Kifayət qədər səbəb var ki, insan evi tərk etmək qərarına gəlsin, amma onlardan bəziləri heç də doğru deyil. Məsələn, Maryo adlı oğlan etiraf edir: «Mən evdəki məsuliyyətlərimdən qaçmaq üçün ayrı yaşamaq istəyirdim».

Amma bir fakt var ki, evdən getməklə məsuliyyətlərin daha da arta bilər. 18 yaşlı Anya deyir: «Əgər evi tərk etsən, yaşadığın yeri səliqəyə salmaq, özünə yemək hazırlamaq, xərclərini ödəmək sənin öhdənə düşəcək və bu zaman valideynlərin də yanında olmayacaqlar ki, sənə kömək etsinlər».

Nəticə: Ayrı yaşamağa hazır olub-olmadığını müəyyən etmək üçün əvvəlcə evi nəyə görə tərk etmək istədiyini bilməlisən.

 Məsrəfləri hesabla

İsa Məsih demişdi: «Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz?» (Luka 14:28). Evi tərk etmək istəyirsənsə, məsrəfləri necə hesablaya bilərsən? Növbəti sahələrdə özünü yoxla.

PULDAN DÜZGÜN İSTİFADƏ ETMƏYİ BACARIRSAN?

Müqəddəs Kitabda deyilir: «Pul... insanın sipəridir» (Vaiz 7:12).

  • Pul yığa bilmirsən?

  • Bədxərc insansan?

  • Başqalarından tez-tez borc alırsan?

Əgər bu suallardan hər hansı birinə müsbət cavab verirsənsə, onda tək yaşamaq xəyalın bir kabusa dönə bilər!

«Qardaşım 19 yaşında evi tərk etmişdi. Bir ilin içərisində yığdığı pulun hamısını xərclədi, maşınına əl qoyuldu, kredit hesabı bağlandı və əlacsız qalıb evə qayıtmaq istədi» (Daniella).

İndidən nə edə bilərsən? Valideynlərindən aylıq məsrəflərinin nə qədər olduğunu öyrən. Onlar nə qədər ödəniş edir və bunun üçün büdcəni necə tərtib edir? Pulu necə yığırlar?

Nəticə: Ailənizlə birgə yaşadığınız müddətdə puldan düzgün istifadə etməyi öyrənmək səni tək yaşayanda maddi çətinliklərin öhdəsindən gəlməyə hazırlayacaq.

ÖZÜNÜTƏRBİYƏ BACARIĞIN VAR?

Müqəddəs Kitabda deyilir: «Hər kəs öz məsuliyyət yükünü daşıyacaq» (Qalatiyalılara 6:5).

  • İşləri qəsdən ləngidən adamsan?

  • Öhdənə düşən ev işlərini valideynlərin xatırlatmalı olur?

  • Adətən, valideynlərinin dediyi vaxtdan gec evə gəlirsən?

Əgər bu suallardan hər hansı birinə müsbət cavab verirsənsə, onda tək yaşayanda məsuliyyətlərini daşımaq sənə çox çətin ola bilər.

«Tək yaşayan vaxtı elə şeylər olur ki, istəsən də, istəməsən də, onlara vaxt ayırmalı olursan. Heç kim sənə onları etməyi xatırlatmayacaq, ona görə də özünü motivasiya etməli və qurduğun cədvəldən kənara çıxmamalısan» (Cesika).

İndidən nə edə bilərsən? Bir ay ərzində evdə bacardığın qədər çoxlu iş görməyə çalış. Məsələn, evi təmizlə, öz paltarlarını yu, alış-verişə get, hər axşam yemək bişir və qabları yu. Beləcə, səndə təəssürat yaranacaq ki, insan tək yaşayan zaman nələrlə üzləşir.

Nəticə: Əgər təkbaşına yaşamaq istəyirsənsə, özünütərbiyə bacarığı çox önəmlidir.

Ayrı yaşamağa hazır olmadan evi tərk etmək paraşütdən istifadə etməyi öyrənmədən özünü təyyarədən aşağı atmağa bənzəyir

EMOSİONAL CƏHƏTDƏN SABİT İNSANSAN?

Müqəddəs Kitabda deyilir: «Bütün bunları: qəzəbi, hirsi, pisliyi, təhqiramiz danışığı kənara qoyun» (Koloslulara 3:8).

  • Başqaları ilə yola getmək sənə çətindir?

  • Əsəblərinə hakim kəsilə bilmirsən?

  • Həmişə öz bildiyini etmək istəyirsən?

Əgər bu suallardan hər hansı birinə müsbət cavab verirsənsə, onda otaq yoldaşınla, yaxud həyat yoldaşınla yaşayanda çətinlik çəkə bilərsən.

«Otaq yoldaşımla yaşamaq zəif cəhətlərimi üzə çıxardı. Anladım ki, stress keçirdiyimə görə əhvalım korlananda başqaları mənə dözmək məcburiyyətində deyil. Stressdən qurtulmaq üçün daha yaxşı yol tapmalıyam» (Helena).

İndidən nə edə bilərsən? Valideynlərinlə və bacı-qardaşlarınla yola getməyi öyrən. Əgər indidən birgə yaşadığın insanların qeyri-kamilliyinə dözməyi öyrənsən, gələcəkdə birgə yaşayacağın insanların qeyri-kamilliyinə dözmək sənə asan olacaq.

Nəticə: Təkbaşına yaşamaq məsuliyyətlərdən qaçmaq deyil, bunun üçün əvvəlcədən hazırlaşmalısan. Bu məsələ barədə təcrübəli biri ilə söhbət et. Onlardan soruş gör, geriyə dönüb baxanda nəyi dəyişmək istəyərdilər və nəyi daha öncədən bilmək istəyərdilər. Yaxşı olardı ki, hər dəfə önəmli bir qərar verəndə belə edəsən!