Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Mən nə qədər dözümlüyəm?

Mən nə qədər dözümlüyəm?

Sən nə qədər dözümlüsən? Başına aşağıdakı bəlalardan hansı gəlib?

  • Doğma insan vəfat edib

  • Uzun müddətdir xəstəsən

  • Təbii fəlakətlə üzləşmisən

Tədqiqatçılar deyirlər ki, insandan dözüm tələb edən təkcə böyük çətinliklər deyil. Hətta kiçik problemlərin yaratdığı stress belə insanı xəstə sala bilər. Buna görə də problemlərin kiçik və ya böyük olmasından asılı olmayaraq, dözümlü olmaq vacibdir.

 Dözüm nədir?

Dözüm həyatın çətinliklərinə və bədbəxtliklərinə uğurla sinə gərmək bacarığıdır. Dözümlü insanlar da hamı kimi çətinliklərlə üzləşir. Amma onlar bu çətinliklərin öhdəsindən gəlirlər. Ola bilsin, çətinliklər onlarda iz buraxır, amma əvvəlkindən daha güclü olurlar.

Necə ki, fırtına vaxtı bəzi ağaclar əyilsə də, hava sakitləşəndən sonra düzəlir, sən də çətinlikdən sonra özünə gələ bilərsən

 Nəyə görə dözümlü olmalısan?

  • Çünki problemlər qaçılmazdır. Müqəddəs Kitabda deyilir: «Qaçışı həmişə bərk qaçanlar udmur,.. uğuru da həmişə bilikli adam qazanmır. Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11). Deməli, hətta yaxşı insanlar da əzab çəkirlər və bu, çox vaxt onların öz səhvləri ucbatından olmur.

  • Çünki dözüm səni qoruyur. Məktəbdə məsləhətçi işləyən bir kişi yazır: «İmtahanlarda aldığı aşağı qiymətə görə, sosial mediada ünvanlarına işlənən acı sözlərə görə otağıma hər gün daha çox şagird məyus, əsəbi halda gəlir». O deyir ki, hətta xırda görünən bu kimi məsələlərdə də dözüm göstərə bilməmək «əqli və emosional pozuntulara» gətirib çıxara bilər *.

  • Çünki dözüm həm indi, həm də gələcəkdə sənə kömək edəcək. Həyatda üzləşdiyimiz məyusluqlarla bağlı doktor Riçard Lerner yazır: «Müvəffəqiyyətli yetkin insan olmaq üçün başqa şərtlərlə yanaşı, insan məyusluqları aşıb keçməli, qarşısına yeni məqsədlər qoymalı və məqsədinə çatmaq üçün yollar axtarmalıdır» *.

 Dözümlü olmağı necə öyrənə bilərsən?

  • Problemə hərtərəfli bax. Böyük və kiçik problemləri bir-birindən ayırmağı öyrən. Müqəddəs Kitabda deyilir: «Səfeh hirsini dərhal büruzə verər, uzaqgörən isə təhqirin üstündən keçər» (Məsəllər 12:16). Heç də hər problem sənə dərin yara vurmalı deyil.

    «Məktəbdə uşaqlar qarışqadan fil düzəldirlər. Sosial mediada dostları da onları dəstəkləyəndə, sanki odun üstünə yağ tökülür. Beləcə, onlar problemlərə hərtərəfli baxa bilmirlər» (Coan).

  • Başqalarından öyrən. Müqəddəs Kitabda deyilir: «Dəmir dəmiri itilər, insan da insanı» (Məsəllər 27:17). Çətinliklərə sinə gərmiş adamlardan çox şey öyrənmək olar.

    «Başqaları ilə danışanda görəcəksən ki, onlar da çoxlu çətinliklərdən keçiblər, amma indi hər şey qaydasındadır. Onlarla danış, gör vəziyyətə sinə gərmək üçün nə ediblər, nə etməkdən isə çəkiniblər» (Culia).

  • Səbirli ol. Müqəddəs Kitabda deyilir: «Saleh yeddi dəfə yıxılar, yenə qalxar» (Məsəllər 24:16). Vəziyyətin arzuolunmaz olduğunu qəbul etmək üçün vaxt lazımdır. Buna görə də bəzən kədərli olmağın qoy səni təəccübləndirməsin. Əsas məsələ yenidən ayağa qalxmağındır.

    «Çətinliyi aşandan sonra ürəyindəki yaranın sağalması lazımdır. Bu isə xeyli vaxt aparır. Mən gördüm ki, vaxt keçdikcə yaranın sağalması asanlaşır» (Andrea).

  • Yaxşı şeyləri gör. Müqəddəs Kitabda deyilir: «Şükür edənlərdən olun» (Koloslulara 3:15). Üzləşdiyin problem nə qədər ciddi olursa-olsun, həyatında yaxşı şeylər həmişə var, bunlara görə şükr etmək lazımdır. Yaşamağına dəyən üç şey barədə düşün.

    «Çətinliklə üzləşən vaxt adam istər-istəməz fikirləşir: “Nəyə görə bu mənim başıma gəlməliydi?” Fikrini problemlərə yox, səndə olan, yaxud edə biləcəyin müsbət şeylərə cəmləmək dözümlü olmaqda mühüm rol oynayır» (Samanta).

  • Qane ol. Həvari Bulus demişdi: «Mən hər bir şəraitdə nəyim varsa, ona qane olmağı öyrənmişəm» (Filippililərə 4:11). Bulusun başına özündən asılı olmayan səbəblərə görə bəlalar gəlirdi, amma bu bəlalara münasibəti Bulusun özündən asılı idi. Bulus hər bir vəziyyətdə qane olmağı qərarlaşdırmışdı.

    «Özüm barədə bir şeyi öyrəndim ki, çətinlik vaxtı ilk reaksiyam həmişə yaxşı olmur. Məqsədim odur ki, hər bir vəziyyətə müsbət yanaşmağı öyrənim. Bunun təkcə mənə yox, ətrafımdakılara da xeyri dəyəcək» (Metyu).

  • Dua et. Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22). Dua sadəcə psixoloji rahatlıq tapmaq üçün bir vasitə deyil. Bu, qayğını çəkən Yaradanınla etdiyin söhbətdir (1 Butrus 5:7).

    «Mən yükümü təkbaşına daşımaq məcburiyyətində deyiləm. Problemlərim barədə açıq və dürüstcəsinə dua edəndə, sonra isə Allaha mənə verdiyi nemətlərə görə şükür edəndə, mənfi hisslərdən azad oluram, diqqətimi Yehova Allahın verdiyi nemətlərə cəmləyirəm. Dua çox vacibdir» (Karlos).

^ abz. 16 «Disconnected» adlı kitabdan (Tomas Kerstinq).

^ abz. 17 «The Good Teen—Rescuing Adolescence From the Myths of the Storm and Stress Years» adlı kitabdan.