Müqəddəs Yazıların cavabı

Xeyr. Allahın İsrail xalqına verdiyi qanunlara «Yeni katolik ensiklopediyası»nda belə şərh verilir: «Müqəddəs Kitabın bir çox ayələrindən bəlli olur ki, Allaha edilən əsil ibadətdə heç vaxt surət və rəmzlərdən istifadə olunmayıb». Həmin ayələrin bəzilərinə diqqət yetirək:

  • «Özün üçün heç bir oyma büt, nə yuxarıda — səmada və ya aşağıda — yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham» (Çıxış 20:4, 5). Allah «qısqanc» Allahdır, yəni istəyir ki, biz yalnız və yalnız Ona ibadət edək, buna görə də kiminsə surət, rəmz, büt və ya ikona qarşısında səcdə qılması Allahın qətiyyən xoşuna gəlmir.

  • «Öz izzətimi heç kimə vermərəm, həmdlərimi bütlərə bəxş etmərəm» (Yeşaya 42:8). Allah surətlər vasitəsilə Ona edilən ibadəti rədd edir. Məsələn, bəzi israillilər dana heykəli düzəldib onun vasitəsilə ibadət etmək istəyəndə Allah onların bu hərəkəti barədə belə dedi: «[Xalq] öz əxlaqını pozdu» (Çıxış 32:7—9).

  • «Biz... İlahi Varlığın insan zəkası və ustalığı ilə qızıldan, gümüşdən düzəldilmiş və ya daşdan yonulmuş bir şeyə bənzədiyini düşünməməliyik» (Həvarilərin işləri 17:29). «İnsan zəkası və ustalığı ilə» düzəldilmiş bütlərə sitayiş edilən bütpərəst dinlərdən fərqli olaraq, Allah Müqəddəs Kitab vasitəsilə bizə «görünən şeylərə yox, imana əsaslanaraq» yaşamağı buyurur (2 Korinflilərə 5:7).

  • «Özünüzü bütlərdən qoruyun» (1 Yəhya 5:21). Allahın Müqəddəs Kitabda həm İsrail xalqına, həm də müasir xidmətçilərinə verdiyi qanunlar dönə-dönə göstərir ki, Ona büt, surət və ya ikona vasitəsilə ibadət etmək düzgün deyil.