Kontentə keç

Müqəddəs Kitabda qoca valideynlərə baxmaq barədə nə deyilir?

Müqəddəs Kitabda qoca valideynlərə baxmaq barədə nə deyilir?

Müqəddəs Kitabın cavabı

Yetkin yaşlı övladın üzərinə valideynlərinin qayğısına qalmaq kimi vacib məsuliyyət düşür. Müqəddəs Kitabda deyilir ki, yetkin yaşda övladlar əvvəlcə ailədə Allaha sadiq olmağı öyrənməlidirlər, valideynləri qarşısında borclarını yerinə yetirməlidirlər, çünki bu, Allaha xoşdur (1 Timutiyə 5:4). Müqəddəs Kitabda valideynlərə hörmət etmək tələb olunur. Bu əmr özünə yaşlı valideynlərin qeydinə qalmağı da daxil edir (Efeslilərə 6:2, 3).

Müqəddəs Kitabda qoca valideynlərə baxmaqla bağlı konkret göstərişlər yoxdur. Lakin orada mömin kişi və qadınların nümunəsi yazılıb. Həmçinin Müqəddəs Kitabdakı məsləhətlərin qoca valideynlərə qulluq edən insanlara böyük köməyi dəyə bilər.

 Qədim dövrdə bəzi kişi və qadınlar qoca valideynlərinə necə qulluq ediblər?

Onlar vəziyyətdən asılı olaraq valideynlərinin qayğısına müxtəlif cür qalıblar.

  • Yusif qoca atası Yaqubdan uzaqda yaşayırdı. Əlinə imkan düşən kimi o, atasını özünə yaxın yerə gətizdirdi. Atasını evlə, yemək-içməklə təmin etdi, onu öz himayəsinə aldı (Yaradılış 45:9—11; 47:11, 12).

  • Rut qayınanasının vətəninə köçdü və yorulmadan işləyib, onun qayğısına qaldı (Rut 1:16; 2:2, 17, 18, 23).

  • İsa ölüm ayağında olanda, çox güman, həmin vaxt dul olan anası Məryəmi etibarlı əllərə tapşırdı (Yəhya 19:26, 27) *.

 Müqəddəs Kitabdakı məsləhətlər yaşlı valideynlərə baxan insanlara necə kömək edə bilər?

Yaşlı valideynlərə baxan adamların bəzən fiziki və emosional gücü tükənir. Müqəddəs Kitabdakı məsləhətlərin onlara köməyi dəyə bilər.

  • Valideynlərinizə hörmət edin.

    Müqəddəs Kitabda deyilir: «Atanıza və ananıza hörmət edin» (Çıxış 20:12).

    Necə əməl etmək olar? Valideynlərinizə istədikləri qədər sərbəstlik verin. Qoyun qayğılarına qalmaq məsələsində mümkün olduğu qədər özləri qərar versin. Eyni zamanda, əlinizdən gəldiyi qədər onlara kömək edin.

  • Anlayışlı olun, bağışlayın.

    Müqəddəs Kitabda deyilir: «Anlayış hiddəti ləngidər, günahın üstündən keçmək insanın yaraşığıdır» (Məsəllər 19:11).

    Necə əməl etmək olar? Qoca valideyn kobud danışırsa, yaxud naşükürlük edirsə, düşünün: «Mən bu cür vəziyyətdə olsaydım, özümü necə hiss edərdim?» Anlayışlı olmağa, bağışlamağa çalışsanız, onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırmazsınız.

  • Başqaları ilə məsləhətləşin.

    Müqəddəs Kitabda deyilir: «Məsləhətsiz niyyət boşa çıxar, məsləhət verən çox olarsa, uğur olar» (Məsəllər 15:22).

    Necə əməl etmək olar? Valideynlərinizin səhhətindəki problemlərin öhdəsindən gəlmək üçün araşdırma aparın. Qocalara qulluqla bağlı ərazinizdə olan yardım üsulları ilə maraqlanın. Yaşlı valideynlərinə baxan tanışlarınızla söhbət edin. Əgər bacı-qardaşınız varsa, birlikdə yığışıb, valideynlərinizin tələbatlarını, onlara baxmaq məsələsini və bu məsuliyyəti aranızda bölüşdürməyi müzakirə edin.

    Qoca valideynlərinizə baxmaq məsələsini müzakirə etmək üçün ailəlikcə yığışıb söhbət edin

  • Təvazökar olun.

    Müqəddəs Kitabda deyilir: «Hikmət... təvazökar insanladır» (Məsəllər 11:2).

    Necə əməl etmək olar? Qəbul edin ki, imkanlarınız məhduddur. Məsələn, hər kəsin vaxtı və gücü məhduddur. Buna görə də valideynləriniz üçün istədiyiniz hər şeyi edə bilməyəcəksiniz. Əgər görsəniz ki, artıq gücünüz tükənir ailənizin digər üzvlərinə müraciət edin, yaxud mütəxəssis köməyindən istifadə edin.

  • Özünüzü yaddan çıxarmayın.

    Müqəddəs Kitabda deyilir: «Elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir» (Efeslilərə 5:29).

    Necə əməl etmək olar? Əgər siz valideynlərinizə qulluq edirsinizsə, özünüzün də, ailəlisinizsə, ailənizin də qeydinə qalmalısınız. Yaxşı qidalanmalısınız. Kifayət qədər yatıb dincəlməlisiniz (Vaiz 4:6). İmkan olanda mühiti dəyişməlisiniz. Bunları etsəniz, valideynlərinizə qulluq etmək üçün emosional, əqli və fiziki cəhətdən yenidən güc əldə edəcəksiniz.

 Müqəddəs Kitabda qoca valideynlərə baxmaq üsulu ilə bağlı konkret göstəriş varmı?

Müqəddəs Kitabda konkret yazılmayıb ki, yetkin yaşda olan uşaqlar valideynlərinə hansı üsulla baxmalıdır. Bəzi ailələrdə mümkün olduğu qədər valideynlərə övladlar özü baxır. Bəzən isə vəziyyətdən irəli gələrək valideynlər üçün dayə tuturlar. Ailə birlikdə yığışıb, vəziyyəti müzakirə etməlidir ki, hamı üçün əlverişli qərar qəbul olunsun (Qalatiyalılara 6:4, 5).

^ abz. 12 Bir kitabda bu əhvalata belə şərh verilir: «Çox güman ki, [Məryəmin əri] Yusif çoxdan ölmüşdü və Məryəmə İsa baxırdı. Bəs İsa öləndən sonra Məryəmlə nə olacaqdı?.. Məsih burada övladlara yaşlı valideynləri düşünməyi öyrədirdi» («The NIV Matthew Henry Commentary in One Volume», səhifə 428—429).