Kontentə keç

Pul hər cür pisliyin köküdür?

Pul hər cür pisliyin köküdür?

Müqəddəs Kitabın cavabı

Xeyr. Müqəddəs Kitabda deyilmir ki, pul pislikdir, yaxud bütün pisliklərin kökündə duran səbəbdir. Pulun hər cür pisliyin kökü olduğunu düşünməyə Müqəddəs Kitab əsas vermir. Əslində, orada deyilir ki, «hər cür pisliyin kökü pulpərəstlikdir», yəni pula sevgidir (1 Timutiyə 6:10).

 Pulla bağlı Müqəddəs Kitabda nə deyilir?

Müqəddəs Kitabda deyilir ki, ağılla istifadə edildikdə pul insanın sipəri olur (Vaiz 7:12). Bundan başqa, Müqəddəs Kitab başqalarına səxavət göstərən, o cümlədən maddi cəhətdən kömək edən insanları tərifləyir (Məsəllər 11:25).

Eyni zamanda, Müqəddəs Kitabda pula həyatın mənası kimi baxmağın təhlükəli olduğu yazılıb. Orada deyilir: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun» (İbranilərə 13:5). Yəni pula düzgün yanaşın, var-dövlət dalınca qaçmayın. İnsanın zəruri tələbatına yemək, paltar və qalmağa yer daxildir. Əgər bunlar varımızdırsa, buna qane olmalıyıq (1 Timutiyə 6:8).

 Nəyə görə Müqəddəs Kitabda pulpərəstliyin təhlükəli olduğu yazılıb?

Acgöz insanlar əbədi yaşamayacaqlar (Efeslilərə 5:5). Bunun bir səbəbi odur ki, acgözlük bütpərəstliyin, yəni yalan ibadətin bir növüdür (Koloslulara 3:5). Digər səbəbi isə odur ki, belələri istədiklərini əldə etmək üçün çox vaxt bütün prinsipləri tapdalayırlar. Məsəllər 28:20 ayəsində deyilir: «Tez varlanmaq istəyən təmiz qalmaz». Belə insanlar hətta cinayətə də — şantaja, qəsbkarlığa, fırıldağa, insan oğurluğuna və qətlə əl ata bilərlər.

Hətta pis hərəkətlərə aparıb çıxarmasa da, pulpərəstliyin başqa mənfi nəticələri olur. Müqəddəs Kitabda deyilir ki, «varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar» (1 Timutiyə 6:9).

 Müqəddəs Kitabda pulla bağlı verilən məsləhət bizə hansı faydanı gətirə bilər?

Əgər biz pul xatirinə əxlaqi və ruhani dəyərləri tapdalamasaq, özümüzə hörmət edəcəyik, üstəlik, Allahdan lütf və kömək alacağıq. Allah sidq-ürəkdən onu razı salmağa çalışan insanlara vəd edir: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» (İbranilərə 13:5, 6). O həm də bizi əmin edir ki, «sadiq insanın xeyir-bərəkəti olar» (Məsəllər 28:20).