Müqəddəs Yazıların cavabı

Bəli, verəcək. Həm Müqəddəs Kitab, həm də müxtəlif hadisələr təsdiq edir ki, Allah dualara cavab verir. Müqəddəs Kitabda deyilir: «Ondan qorxanları murada çatdırar, fəryadlarına qulaq asıb onları qurtarar» (Məzmur 145:19). Lakin Allahın dualarınıza cavab verməsi, əsas etibarilə, özünüzdən asılıdır.

Allah üçün nəyin əhəmiyyəti var?

  • Allahın Özünə dua etməyin. Nə İsa peyğəmbərə, nə Məryəmə, nə müqəddəs hesab edilən şəxslərə, nə mələklərə, nə də surətlərə dua etmək düzgün deyil. «Duaları eşidən» yalnız Yehova Allahdır (Məzmur 65:2).

  • Allahın Müqəddəs Kitabda əks olunan iradəsinə və tələblərinə uyğun dua etməyin (1 Yəhya 5:14).

  • Duada İsa Məsihin adını çəkməyin. Bununla biz onun mövqeyinə hörmət etdiyimizi göstərmiş oluruq. O demişdi: «Mənsiz heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6).

  • İmanla dua etməyin. Bunun üçün, lazım gələrsə, Allahdan imanınızı artırmasını diləyin (Matta 21:22; Luka 17:5).

  • Təvazökar və səmimi olmağın. Müqəddəs Kitabda deyilir: «Rəbb yüksək olsa da, təvazökarlara baxar» (Məzmur 138:6, Kitabı Mukaddes).

  • İsrarlı olmağın. İsa peyğəmbər demişdi: «Durmadan diləyin, sizə veriləcək» (Luka 11:9).

Allah üçün nəyin əhəmiyyəti yoxdur?

  • İrqin və ya milliyyətin. «Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həvarilərin işləri 10:34, 35).

  • Duruş tərzinin. Siz Allaha oturaraq, əyilərək, diz çökərək, yaxud ayaq üstə dua edə bilərsiniz (1 Salnamələr 17:16; Nehemya 8:6; Daniel 6:10; Mark 11:25).

  • Ucadan, yaxud ürəkdə dua etməyin. Allah hətta başqaları bilmədən ürəyinizdə etdiyiniz dualara da cavab verir (Nehemya 2:1—6).

  • Sizi narahat edən məsələnin xırda və ya böyük olmasının. Allah sizi «bütün qayğılarınızı» Onun öhdəsinə buraxmağa təşviq edir, çünki «O, sizin qeydinizə qalır» (1 Peter 5:7).