Kontentə keç

Müqəddəs Kitabda kremasiya barədə nə deyilir?

Müqəddəs Kitabda kremasiya barədə nə deyilir?

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabda kremasiya (meyitin yandırılması) haqda xüsusi bir göstəriş yoxdur. Orada ölən insanın kremasiya edilməsi, yoxsa dəfn olunması ilə bağlı heç bir əmr qeyd olunmayıb.

Müqəddəs Kitabda Allahın mömin xidmətçilərinin öz ölülərini dəfn etdikləri haqda bəhs olunur. Məsələn, İbrahim öz həyat yoldaşı Saranı dəfn etmək üçün çox şey etmişdi (Yaradılış 23:2—20; 49:29—32).

Müqəddəs Kitabda həmçinin Allahın sadiq xidmətçilərinin ölən insanın qalıqlarını yandırmaları haqda da bəhs olunur. Məsələn, İsrailin padşahı Talut və onun üç oğlu döyüşdə öldürdüyü zaman onların meyitləri düşmən torpağında qaldı və bu meyitlərlə alçaq şəkildə rəftar edildi. Bunu eşidən İsrailin sadiq igidləri gedib Talutun və onun oğlanlarının cəsədini götürdülər, onları yandırdılar və qalıqlarını dəfn etdilər (1 İşmuil 31:8—13). Müqəddəs Kitab göstərir ki, bu vəziyyətdə onların qalıqlarının yandırılması münasib idi (2 İşmuil 2:4—6).

Kremasiya haqda yanlış fikirlər

Yanlış. Kremasiya bədənə qarşı hörmətsizlikdir.

Doğru. Müqəddəs Kitabda deyilir ki, ölən insanlar torpağa qayıdır. Bu, təbii olaraq cəsəd çürüyən zaman baş verir (Yaradılış 3:19). Kremasiya bədəni külə və ya torpağa çevirərək bu prosesi sürətləndirir.

Yanlış. Müqəddəs Kitabın yazıldığı dövrdə yalnız Allahın bəyənmədiyi insanlar öləndən sonra yandırılırdı.

Doğru. Axan və onun ailəsi kimi bəzi imansız insanların cəsədləri yandırılmışdı (Yuşə 7:25). Amma bu qanundan daha çox bir istisna sayılır (Qanunun təkrarı 21:22, 23). Daha öncə qeyd edildiyi kimi, Talut padşahın oğlu Yonatan kimi bəzi sadiq insanların cəsədləri də öləndən sonra yandırılıb.

Yanlış. Kremasiya Allahın insanı diriltməsinə maneədir.

Doğru. Ölən insanın bədənin dəfn edilməsindən, yandırılmasından, dənizə atılmasından, yaxud vəhşi heyvanlar tərəfindən yeyilməsindən asılı olmayaraq, Allah ölüləri diriltməyə qadirdir (Vəhy 20:13). Külli-İxtiyar çox asanlıqla insana yeni bədən yarada bilər (1 Korinflilərə 15:35, 38).