Kontentə keç

Məryəm Allahın anasıdır?

Məryəm Allahın anasıdır?

Müqəddəs Kitabın cavabı

Xeyr, Müqəddəs Kitab Məryəmin Allahın anası olduğunu öyrətmir. Həmçinin orada deyilmir ki, məsihilər Məryəmə ibadət və ya sitayiş etməlidir *. Aşağıdakılara nəzər salın:

  • Məryəm heç vaxt özünü Allahın anası kimi qələmə verməmişdi. Müqəddəs Kitab açıqlayır ki, o, Allahı yox, «Allahın oğlu»nu dünyaya gətirib (Mark 1:1; Luka 1:32).

  • İsa Məsih heç vaxt deməmişdi ki, Məryəm Allahın anasıdır və ya o, xüsusi izzətə layiqdir. Məsələn, İsanı dünyaya gətirdiyi üçün Məryəmin xoşbəxt ana olduğuna xüsusi diqqət yetirən bir qadına İsa belə düzəliş etmişdi: «Əksinə, Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:27, 28).

  • Müqəddəs Kitabda «Allah anası» və «Theotokos» (Tanrını dünyaya gətirən) ifadələrinə rast gəlinmir.

  • Müqəddəs Kitabdakı «Səma məlikəsi» ifadəsi Məryəmə yox, dönük israillilərin ibadət etdikləri saxta ilahəyə aid edilir (Ərəmya 44:15—19). Ola bilsin, «Səma məlikəsi» deyərkən Babil ilahəsi İştar (Astarta) nəzərdə tutulur.

  • Birinci əsrdəki məsihilər Məryəmə nə ibadət edir, nə də xüsusi ehtiram bəsləyirdilər. Bir tarixçi qeyd edir ki, bu məsihilər «heç nəyə sitayiş etməzdilər və ehtimal ki, ilahəyə ibadət şübhəsi yaratmasınlar deyə Məryəmə həddən artıq ehtiram bəsləməkdən ehtiyat edirdilər» («In Quest of the Jewish Mary»).

  • Müqəddəs Kitabda deyilir ki, Allah həmişə mövcud olub (Zəbur 90:1, 2; Əşiya 40:28). Allahın başlanğıcı olmadığı üçün anasının olması da mümkün deyil. Bundan əlavə, Məryəm Allahı bətnində daşıya bilməzdi, çünki Müqəddəs Kitabda aydın şəkildə qeyd olunur ki, Allah göylərə belə sığmır (1 Padşahlar 8:27).

Məryəm — Allahın anası yox, İsanın anasıdır

Məryəm yəhudi əsilli idi və o, Davud padşahın birbaşa nəslindən gəlmişdi (Luka 3:23—31). O, imanına və sədaqətinə görə Allahın mübarək bəndəsi idi (Luka 1:28). Allah İsanın anası olmağa onu layiq görmüşdü (Luka 1:31, 35). Sonradan Məryəmin əri Yusifdən başqa uşaqları da oldu (Mark 6:3).

Müqəddəs Kitabda Məryəmin İsanın şagirdi olduğu deyilsə də, orada onun haqda o qədər də çox məlumat yoxdur (Həvarilərin işləri 1:14).

^ abz. 3 Bəzi məzhəblər öyrədir ki, Məryəm Allahın anasıdır. Onlar ona «Səma məlikəsi» və ya «Theotokos» deyə müraciət edirlər. Yunan sözü olan «Theotokos» — «Tanrını dünyaya gətirən» mənasını daşıyır.