Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Mələklər kimlərdir və ya nələrdir?

Mələklər kimlərdir və ya nələrdir?

Müqəddəs Yazıların cavabı

Mələklər insanlardan daha güclü və bacarıqlı varlıqlardır (2 Butrus 2:11). Onlar səmada, yəni fiziki aləmdən üstün olan ruhani aləmdə yaşayırlar (1 Padşahlar 8:27; Yəhya 6:38). Onlar həmçinin ruhani varlıqlar da adlanır (1 Padşahlar 22:21; Zəbur 18:10).

Mələklər necə yaranıb?

Allah mələkləri Müqəddəs Kitabda «bütün xilqətin ilki» adlanan İsa Məsih vasitəsi ilə yaradıb. Allahın yaradılışda İsa Məsihdən necə istifadə etməsi ilə bağlı Müqəddəs Kitabda deyilir: «Göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər... onun vasitəsilə yarandı» (Koloslulara 1:13—17). Mələklər nə evlənir, nə də törəyir (Mark 12:25). Əksinə, onların hər biri fərdi olaraq yaradılmış «Allah oğulları»dır (Əyyub 1:6).

Mələklər dünya yaranmazdan xeyli müddət öncə yaradılmışlar. Allah dünyanı yaradanda mələklər «birgə [sevinib-şadlanırdılar]» (Əyyub 38:4—7).

Nə qədər mələk var?

Müqəddəs Kitabda onların sayı açıqlanmır, ancaq deyilir ki, onlar çoxdur. Misal üçün, həvari Yəhya görüntüdə yüz milyonlarla mələk görmüşdü (Vəhy 5:11).

Mələklərin adları, bacarıqları var?

Bəli, var. Müqəddəs Kitabda iki mələyin adı çəkilir. Bunlardan biri Mikayıl, digəri isə Cəbrayıldır * (Dənyal 12:1; Luka 1:26). Digər mələklərin də adı var, ancaq onların adları açıqlanmır (Yaradılış 32:29; Hakimlər 13:17, 18).

Mələklərin fərqli vəzifələri var. Onlar bir-biriləri ilə əlaqə qura bilirlər (1 Korinflilərə 13:1). Onların düşünmək və Allaha həmd etmək bacarıqları var (Luka 2:13, 14). Həmçinin mələklərin yaxşını və pisi seçmək azadlığı var. Şeytan İblis Allaha qarşı üsyan qaldıranda bəzi mələklər də onunla birgə günah etdi (Mətta 25:41; 2 Butrus 2:4).

Mələklərin müxtəlif səlahiyyətləri var?

Bəli, var. Baş mələk Mikayılın böyük gücü və səlahiyyəti var (Yəhuda 9; Vəhy 12:7). Yehovanın taxtının yanında oturan seraflar yüksək səlahiyyətli mələklərdir (Əşiya 6:2, 6). Kərrublar isə yüksək səlahiyyəti olan digər mələklərdir. Misal üçün, kərrublar Adəmlə Həvva Ədən bağından qovulandan sonra bağın girişini qoruyurdular (Yaradılış 3:23, 24).

Mələklər insanlara kömək edir?

Bəli. Allah indiki dövrdə öz sadiq mələkləri vasitəsi ilə insanlara kömək edir.

  • Allah mələklər vasitəsilə Padşahlıq haqda xoş xəbərin təbliği ilə bağlı xidmətçilərinə göstəriş verir (Vəhy 14:6, 7). Bu göstəriş həm təbliğ edən, həm də bu xoş xəbəri dinləyən insana fayda verir (Həvarilərin işləri 8:26, 27).

  • Mələklər məsihi yığıncaqlarını pis insanların zərərindən qorunmağa kömək edir (Mətta 13:49).

  • Mələklər Allahın sadiq xidmətçilərinə rəhbərlik edib, onları qoruyurlar (Zəbur 34:7; 91:10, 11; İbranilərə 1:7, 14).

  • Tezliklə mələklər insanlara gözəl güzəran vermək üçün İsa Məsihlə birgə pisliklərlə müharibə edəcəklər (2 Salonikililərə 1:6—8).

Hər kəsin öz qoruyucu mələyi var?

Mələklər Allahın xidmətçilərini ibadətlərinə əngəl törədəcək hər şeydən qorusa da, bu o demək deyil ki, Allah hər xidmətçisi üçün bir qoruyucu mələk təyin edib * (Mətta 18:10). Mələklər Allahın xidmətçilərini hər sınaqdan qorumur. Müqəddəs Kitabda göstərilir ki, sınaq zamanı Allah xidmətçisinə tab gətirməsi üçün müdriklik və güc verərək «çıxış yolu» göstərəcək (1 Korinflilərə 10:12, 13; Yaqub 1:2—5).

Mələklər haqda yanlış fikirlər

Səhv. Pis mələk yoxdur.

Doğru. Müqəddəs Kitabda «şər ruhi qüvvələr» və «günaha batmış mələklər» ifadəsi var (Efeslilərə 6:12; 2 Butrus 2:4). Bu pis mələklər Allaha qarşı üsyanda Şeytana qoşulmuş cinlərdir.

Səhv. Mələklər ölməzdir.

Doğru. Şeytan və cinlər kimi pis mələklər məhv olacaqlar (Yəhuda 6).

Səhv. İnsan öləndən sonra mələk olur.

Doğru. Mələklər Allahın ayrıca yaratdığı varlıqlardır, dirilmiş insan deyil (Koloslulara 1:16). Göyə qalxan insanlar Allahdan ölməzlik mükafatını alırlar (1 Korinflilərə 15:53, 54). Onlar mələklərdən daha üstün mövqedə olacaqlar (1 Korinflilərə 6:3).

Səhv. Mələklər insanlara xidmət etmək üçün yaradılıb.

Doğru. Mələklər bizim yox, Allahın əmrlərinə tabe olurlar (Zəbur 103:20, 21). Hətta İsa Məsih də köməyi Allahdan istəmişdi, mələkdən yox (Mətta 26:53).

Səhv. Mələklərə dua edib kömək istəyə bilərik.

Doğru. Dua Allaha ibadətimizin bir hissəsidir və bu Yehova Allaha məxsusdur (Vəhy 19:10). Biz İsa Məsihin vasitəçiliyi ilə yalnız Allaha dua etməliyik (Yəhya 14:6).

^ abz. 10 Bəzi Müqəddəs Kitab tərcümələrində Əşiya 14:12 ayəsində «Lusifer» ifadəsi var. Bəziləri bu adın sonradan Şeytan İblis olan mələyin adı olduğunu düşünür. Ancaq bu ibrani sözünün orijinal mənası «parlaq» deməkdir. Kontekstdə baxsaq, görərik ki, bu ifadə Şeytana yox, Allahın qüruruna görə alçaltdığı Babilə aid işlənir (Əşiya 14:4, 13—20). «Parlaq» ifadəsi hakimiyyətinə son qoyulandan sonra Babil haqda istehza ilə deyilmiş sözdür.

^ abz. 21 Bəziləri Butrusun zindandan azad olmasını onun qoruyucu mələyinin olması ilə əlaqələndirir (Həvarilərin işləri 12:6—16). Lakin şagirdlərin «[Butrusun] mələyidir» demələrinə səbəb yanlış olaraq Butrusun özünün yox, onun mələyinin onlara xəbər çatdırmağa gəldiyini düşünmələri idi.