Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər nəyin naminə ölüb?

İsa peyğəmbər nəyin naminə ölüb?

Müqəddəs Yazıların cavabı

İsa peyğəmbərin ölümü insanların günahlarının bağışlanmasına və əbədi yaşamalarına yol açır (Romalılara 6:23; Efeslilərə 1:7). Habelə, peyğəmbərin son nəfəsinə qədər Allaha sadiq qalması sübut edir ki, hər bir insan ən çətin sınaqlar qarşısında belə, Allaha sadiq qala bilər (İbranilərə 4:15).

Gəlin görək bir insanın ölümü yuxarıda deyilənləri necə gerçəkləşdirə bilər.

  1. İsa peyğəmbər günahlarımızın əfvi naminə öldü (Koloslulara 1:14).

    Allah ilk insan olan Adəmi kamil, günahsız yaratmışdı. Ancaq o, itaətsizlik edib Allah qarşısında günaha yol verdi. Bunun ucbatından Adəmdən törəyən nəsil günahlı doğulur. Allahın Kəlamında deyilir: «Bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdi» (Romalılara 5:19).

    İsa peyğəmbər də kamil idi, ancaq bir dəfə də olsun günaha yol vermədi. Buna görə də yalnız o, günahlarımızı örtən kəffarə qurbanı ola bilər (1 Yəhya 2:2). Necə ki, bir nəfərin, yəni Adəmin itaətsizliyi bütün bəşər övladını günahlı etdi, eynilə də İsa peyğəmbərin ölümü ona iman edən cümlə-bəşəri günahlarının əfvinə yetişdirir.

    Bəli, Adəm itaətsizliyi ilə öz övladlarını günahın cənginə atdı. İsa peyğəmbər isə uğrumuzda həyatından keçməklə bizi oradan azad etdi. Nəticədə, «əgər kimsə bir günah iş tutsa, Atanın yanında saleh olan İsa Məsih kimi yardımçımız var» (1 Yəhya 2:1).

  2. İsa peyğəmbər öldü ki, «ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16).

    Adəm əbədi yaşamalı idi, amma günahının ucbatından ölümə məhkum oldu. «Beləliklə, günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12).

    Bunun əksi olaraq, İsa peyğəmbərin ölümü sayəsində ona iman edənlər nəinki günahdan azad olur, həmçinin ölümün pəncəsindən də qurtulur. Allah bu vəziyyəti Öz Kəlamında belə ifadə edir: «Günahla ölüm bəşəriyyət üzərində hökmranlıq etdiyi kimi, lütf də Ağamız İsa Məsih sayəsində əbədi həyata aparan salehlik vasitəsilə hökm sürsün» (Romalılara 5:21).

    Düzdür, hələ ki dünyaya göz açan, bir gün də dünyaya göz yumur. Ancaq Allah söz verir ki, saleh bəndələrinə əbədi həyat bəxş edəcək. Həmçinin dünyaya göz yuman insanları yenidən həyata qaytaracaq. Beləcə, İsa peyğəmbərin ölümü onlar üçün də böyük məna kəsb edəcək (Zəbur 37:29; 1 Korinflilərə 15:22).

  3. İsa peyğəmbər ölənədək itaətkar qalmaqla sübut etdi ki, zülm-zillətə, iman sınaqlarına baxmayaraq, insan Allaha sadiq qala bilər (Filippililərə 2:8).

    Adəm kamil zehnə və kamil vücuda malik idi. Amma nə xeyri? O, itaətsizlik etdi. Çünki özünə məxsus olmayan şeyə göz dikdi (Yaradılış 2:16, 17; 3:6). Sonralar Allahın düşməni olan Şeytan İblis insanlara qarşı ittiham irəli sürdü ki, guya hamı Allaha Ondan nəsə umduğu üçün itaət edir, əsas da söhbət onların həyatlarından gedirsə (Əyyub 2:4). Lakin Allahın kamil bəndəsi İsa peyğəmbər ləyaqətsiz, əzablı ölümlə üz-üzə qalsa da, Yaradana itaətsizlik etmədi, sədaqətini itirmədi (İbranilərə 7:26). Bununla da bir şey apaydın oldu: insanın başına nə gəlirsə gəlsin, o, yenə də Allaha axıra kimi sadiq qala bilər.

İsa peyğəmbərin ölümü ilə bağlı suallar

  • İsa peyğəmbərin insanlar uğrunda əzab çəkib ölməsi şərt idi? Allah sadəcə ölümü aradan qaldıra bilməzdi?

    Allahın qanununa əsasən, «günahın ödədiyi haqq ölümdür» (Romalılara 6:23). Allah bu qanunu Adəmdən gizlətməmişdi. Onu əvvəlcədən xəbərdar etmişdi ki, itaətsizlik etsə, öləcək (Yaradılış 3:3). Adəm günah edəndə heç vaxt yalan danışmayan Allah sözünün üstündə durdu (Titusa 1:2). Adəm övladlarına təkcə günahı yox, həmçinin günahın nəticəsi olan ölümü ötürdü.

    Günahlı insanların aqibəti ölüm olsa da, Allah onlara lütfünü göstərdi (Efeslilərə 1:7). Allah İsa peyğəmbəri yer üzünə göndərdi ki, o, öz kamil həyatını insanlar uğrunda qurban versin. Beləcə, Allah bəşəriyyətə ali ədalətini və bol lütfünü göstərmiş oldu.

  • İsa peyğəmbər nə vaxt ölüb?

    Yəhudi Pasxası günü, gün batandan sonra «doqquzuncu saatda», yəni günorta saat üç radələrində İsa peyğəmbər son nəfəsini verdi (Mark 15:33—37, haşiyə). Həmin gün müasir təqvimlə eramızın 33-cü ilinin aprelin 1-nə, beşinci günə təsadüf edir.

  • İsa peyğəmbər harada ölüb?

    Peyğəmbər «Kəllə, ibranicə Qolqota» adlanan yerdə edam olunub (Yəhya 19:17, 18). Bu ərazi peyğəmbərin yaşadığı dövrdə Yerusəlim şəhərinin darvazasından bayırda idi (İbranilərə 13:12). Müqəddəs Yazılarda deyilir ki, bəziləri İsa peyğəmbərin edamını uzaqdan müşahidə edirdilər. Buna əsasən deyə bilərik ki, bu yer təpədə yerləşirdi (Mark 15:40). Hal-hazırda Qolqota ərazisinin dəqiq yeri məlum deyil.

  • İsa peyğəmbər necə edam edilib?

    Əksər insanların təbirincə, İsa peyğəmbər xaç üzərində edam edilib. Ancaq Müqəddəs Yazılarda deyilir ki, «o, günahlarımızı öz bədənində daşıyıb dirəyin üzərinə apardı» (1 Butrus 2:24). Müqəddəs Kitabı yazanlar İsa peyğəmbərin edamı edildiyi aləti bildirmək üçün iki yunan sözü işlətmişlər: stauros ksilon. Bir çox alimlər belə nəticəyə gəliblər ki, hər iki söz şalban və ya bir şaquli dirək mənasını verir.

  • İsa peyğəmbərin ölümünü necə ana bilərik?

    Pasxa bayramı axşamı İsa peyğəmbər şagirdləri ilə birgə sadə mərasim təsis etdi və onlara belə bir göstəriş verdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (1 Korinflilərə 11:24). Bir neçə saatdan sonra o, edam olunacaqdı.

    Müqəddəs Kitabı qələmə alanlar İsa peyğəmbəri Pasxa quzusuna bənzətmişdilər (1 Korinflilərə 5:7). Pasxa bayramı israillilərə Misirdəki qul həyatından azad olduqlarını xatırladırdı. Eynilə, İsa Məsihin ölümünü anma mərasimi məsihilərə xatırladır ki, onlar günah və ölümün əsarətindən xilas olublar. Ay təqviminə əsasən, israillilər Pasxa bayramını hər il nisan ayının 14-ü qeyd edirdilər. Bunun kimi, məsihilər də İsa Məsihin ölümünü anma mərasimini hər il, ildə bir dəfə keçirirlər.

    Hər il nisanın 14-də qeyd olunan həmin mərasimdə dünyanın hər bir yerində milyonlarla insan İsa Məsihin ölümünü yad edir.