Kontentə keç

İlk günah nə olub?

İlk günah nə olub?

Müqəddəs Kitabın cavabı

Günah edən ilk insanlar Adəmlə Həvva olub. Onlar «xeyirlə şəri bilmə ağacının meyvəsindən» yeməklə Allaha itaətsizlik etdilər. Çoxları onların bu hərəkətini ilk günah adlandırır * (Yaradılış 2:16, 17; 3:6; Romalılara 5:19). O ağacın meyvəsi Adəmlə Həvva üçün qadağan edilmişdi, çünki ağac Allahın insanlar üçün nəyin düzgün, nəyin səhv olduğunu müəyyən etmək səlahiyyətini, yaxud ixtiyarını təmsil edirdi. Həmin ağacın meyvəsindən yeməklə Adəmlə Həvva bu səlahiyyəti öz əllərinə aldılar, nəyin düzgün, nəyin səhv olduğuna özləri qərar verməyi seçdilər. Belə etməklə onlar Allahın hakimiyyətini rədd etdilər.

 «İlk günah»ın Adəmlə Həvvaya təsiri

Adəmlə Həvva günah etdikləri üçün qocaldılar və öldülər. Onlar Allahla münasibətlərini pozdular və canları sağlam əbədi yaşamaq imkanını itirdilər (Yaradılış 3:19).

 «İlk günah»ın bizə təsiri

Adəmlə Həvva günahı bütün övladlarına ötürdülər. Bunu valideynin irsi xəstəliyi övladlarına ötürməsinə bənzətmək olar (Romalılara 5:12). Beləliklə, bütün insanlar günahlı doğulur *, yəni hamı qeyri-kamildir və səhvlər etməyə meyillidir (Zəbur 51:5; Efeslilərə 2:3).

Miras alınan günah, yaxud qeyri-kamillik ucbatından insanlar xəstələnir, qocalır və ölür (Romalılara 6:23). Bundan başqa, insanlar həm özlərinin, həm də başqalarının səhvlərinin acı nəticələrindən əzab çəkir (Vaiz 8:9; Yaqub 3:2).

 «İlk günah»ın nəticələrindən azad ola bilərik?

Bəli. Müqəddəs Kitabda deyilir ki, İsa Məsih «günahlarımızı örtən kəffarə qurbanı» olaraq ölüb (1 Yəhya 4:10). İsa Məsihin qurbanlığı sayəsində biz miras aldığımız günahın nəticələrindən azad ola bilərik və Adəmlə Həvvanın itirdiyi imkanı, sap-sağlam əbədi yaşamaq imkanını əldə edə bilərik (Yəhya 3:16) *.

 «İlk günah» haqqında yanlış fikirlər

Yanlış fikir: İlk günah bizi Allahdan həmişəlik uzaqlaşdırıb.

Həqiqət: Allah Adəmlə Həvvanın hərəkətinə görə bizi günahlandırmır. O bizim qeyri-kamil olduğumuzu başa düşür və bizdən gücümüzdən artıq heç nə tələb etmir (Zəbur 103:14). Düzdür, biz miras aldığımız günaha görə əzab çəkirik, amma Allahla yaxın dost olmaq şərəfinə və imkanına sahibik (Məsəllər 3:32).

Yanlış fikir: Vəftiz insanı ilk günahdan azad edir, ona görə də körpələr vəftiz olunmalıdır.

Həqiqət: Vəftiz xilas üçün vacib addım olsa da, yalnız İsa Məsihin qurbanlığına iman etmək insanı günahdan təmizləyə bilər (1 Butrus 3:21; 1 Yəhya 1:7). Həqiqi iman biliyə əsaslandığı üçün körpələrdə iman ola bilməz. Buna görə də körpələrin vəftiz olunması Müqəddəs Kitaba əsaslanmır. Birinci əsrdə yaşayan məsihilərin fəaliyyətinə nəzər salanda bu aydın olur. Onlar körpələri deyil, Allahın sözünə iman edən kişiləri və qadınları vəftiz edirdilər (Həvarilərin işləri 2:41; 8:12).

Yanlış fikir: Qadağan olunmuş meyvədən ilk olaraq Həvva yediyi üçün Allah qadınları lənətləyib.

Həqiqət: Allah qadınları yox, Həvvanı günaha sürükləyən Şeytanı, bütün dünyanı aldadan qədim ilanı lənətləyib (Vəhy 12:9; Yaradılış 3:14). Ən əsası isə Allah ilk günaha görə əsas məsuliyyəti Həvvanın yox, Adəmin üzərinə qoydu (Romalılara 5:12).

Nəyə görə Allah dedi ki, Adəm arvadına ağalıq edəcək? (Yaradılış 3:16). Bu sözü deyərkən Allah bu cür davranışa haqq qazandırmırdı. Sadəcə olaraq, günahın acı nəticəsini qabaqcadan deyirdi. Allah istəyir ki, kişi arvadını sevsin, onun ləyaqətini uca tutsun, həmçinin ümumilikdə bütün qadınlara dərin hörmət bəsləsin (Efeslilərə 5:25; 1 Butrus 3:7).

Yanlış fikir: İlk günah cinsi əlaqə olub.

Həqiqət: Cinsi əlaqə növbəti səbəblərə görə ilk günah ola bilməz:

  • Allah Adəmə xeyirlə şəri bilmə ağacının meyvəsindən yeməməyi tapşıranda o, hələ tək idi, arvadı yox idi (Yaradılış 2:17, 18).

  • Allah Adəmlə Həvvaya törəyib çoxalmağı, yəni dünyaya övlad gətirməyi buyurmuşdu (Yaradılış 1:28). Öz verdiyi əmri yerinə yetirdiklərinə görə ilk insanları cəzalandırmaq Allah tərəfindən qəddarlıq olardı.

  • Adəmlə Həvva ayrı-ayrı vaxtlarda günah etdilər, əvvəlcə Həvva, sonra isə əri günah etdi (Yaradılış 3:6).

  • Müqəddəs Kitabda ər-arvad arasındakı cinsi münasibətdən müsbət danışılır (Məsəllər 5:18, 19; 1 Korinflilərə 7:3).

^ abz. 3 Müqəddəs Kitabda «ilk günah» ifadəsi yoxdur. Əslində, Müqəddəs Kitabda qələmə alınan ilk günah Şeytanın Həvvaya söylədiyi aldadıcı sözlər, ilk yalandır (Yaradılış 3:4, 5; Yəhya 8:44).

^ abz. 11 Müqəddəs Kitabda «günah» sözü təkcə yanlış hərəkətləri yox, həmdə miras aldığımız qeyri-kamil, günahlı vəziyyəti bildirir.

^ abz. 14 İsa Məsihin qurbanlığı və bizə faydası haqda daha çox məlumat almaq üçün «İsa Məsih xilaskardır. Bu nə deməkdir?» adlı məqaləyə baxın.