Kontentə keç

Bakirə Məryəm barədə Allahın Kəlamında nə deyilir?

Bakirə Məryəm barədə Allahın Kəlamında nə deyilir?

 Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabda deyilir ki, İsa Məsihin anası Məryəmə xüsusi şərəf nəsib olmuşdu. O, bakirə olduğu halda, İsa Məsihi dünyaya gətirmişdi. Müqəddəs Kitabın Əşiya bölməsində belə bir möcüzənin olacağı peyğəmbərlik olunmuşdu. Mətta və Lukanın yazdığı Müjdələrdə isə peyğəmbərliyin necə yerinə yetdiyi yazılıb.

Məsihin dünyaya gəlməsi barədə Əşiyanın yazdığı peyğəmbərlikdə deyilirdi: «Qız hamilə qalıb bir oğul doğacaq» (Əşiya 7:14). Mətta Allahdan ilham alaraq yazdığı Müjdədə Məryəmin möcüzəvi şəkildə hamilə qaldığını qeyd edəndən sonra deyir: «Bütün bunlar Yehovanın Öz peyğəmbəri vasitəsilə dediyi söz yerinə yetsin deyə, baş vermişdir: “Bakirə qız * hamilə qalıb bir oğul doğacaq və onun adını İmanuil qoyacaqlar”. Bu da “Allah bizimlədir” deməkdir» (Mətta 1:22, 23). Bu sözlərlə o, Əşiyanın peyğəmbərliyinin Məryəmin İsaya hamilə qalması ilə gerçəkləşdiyini bildirir.

Məryəmin möcüzəvi şəkildə hamilə qaldığı Lukanın Müjdəsində də qeyd olunub. O yazır ki, Allah Cəbrayıl mələyi «Davudun nəslindən olan Yusif adlı adamın nişanlısının yanına göndərdi. Qızın adı Məryəm idi» (Luka 1:26, 27). Məryəm özü də bakirə olduğunu söyləmişdi. İsa Məsihin anası olacağını eşidəndə o soruşmuşdu: «Bu, necə ola bilər? Axı mənim kişi ilə yaxınlığım olmayıb» (Luka 1:34).

 Bakirə qızın dünyaya övlad gətirməsi necə mümkün idi?

Məryəm Allahın fəal qüvvəsi olan müqəddəs ruhun vasitəsi ilə hamilə qalmışdı (Mətta 1:18). Mələk ona demişdi: «Müqəddəs ruh üzərinə gələcək, Haqq-Taalanın gücü sənin üstünə kölgə salacaq. Buna görə də bətnindən çıxana müqəddəs deyiləcək, o, Allahın Oğlu * adlanacaq» (Luka 1:35). Allah Öz Oğlunun həyatını möcüzəvi şəkildə Məryəmin bətninə köçürmüşdü, beləcə, Məryəm hamilə qalmışdı.

 Nəyə görə Məsih bakirə qızdan doğulmalı idi?

Allah İsanın həyatını bakirə qızın bətninə köçürərək onun qüsursuz bədəndə doğulmasını təmin etdi. Bunun sayəsində İsa bəşəriyyəti günah və ölümdən azad edə biləcəkdi (Yəhya 3:16; İbranilərə 10:5). Müqəddəs ruh Məryəmin bətnində inkişaf edən rüşeymi günahın, qeyri-kamilliyin təsirlərindən qorudu (Luka 1:35).

Buna görə də İsa Məsih Adəmin günah işləməzdən əvvəl olduğu kimi, qüsursuz bir insan olaraq doğuldu. Müqəddəs Kitabda deyilir: «O, heç bir günah işləməmişdi» (1 Butrus 2:22). İsa qüsursuz olduğuna görə bəşəriyyəti günah və ölümdən azad etmək üçün lazım olan fidyə qurbanlığını ödəməyə qadir idi (1 Korinflilərə 15:21, 22; 1 Timutiyə 2:5, 6).

 Məryəm ömür boyu bakirə qaldı?

Müqəddəs Kitabda Məryəmin ömür boyu bakirə qaldığı yazılmayıb. Əksinə, orada qeyd olunub ki, Məryəmin başqa uşaqları da var idi (Mətta 12:46; Mark 6:3; Luka 2:7; Yəhya 7:5).

Müqəddəs Kitaba əsasən, İsa Məsihin bacı-qardaşları var idi

 Məryəmin günahsız doğulması Allahın Kəlamında öz təsdiqini tapır?

Bu fikir Müqəddəs Kitaba əsaslanmır. «Yeni katolik ensiklopediyası»nda Məryəmin günahsız olması təlimi haqda yazılıb ki, «bakirə Məryəm başlanğıcdan, ana bətninə düşən andan İLK GÜNAHDAN azad idi. Bütün digər insanlar isə günahı miras alaraq doğulur... Lakin Məryəmə göstərilən qeyri-adi LÜTF sayəsində o, ilk günahdan qorunmuşdu» * (New Catholic Encyclopedia).

Lakin Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, Məryəm ilk günahdan azad idi (Zəbur 51:5; Romalılara 5:12). Əslində, Məryəm Musanın Qanununda uşaq doğan qadınlardan tələb olunduğu kimi, paklanmaq üçün lazım gələn qurbanı təqdim etməklə günahlı olduğunu göstərmişdi (Lavililər 12:2—8; Luka 2:21—24). «Yeni katolik ensiklopediyası»nda yazılır: «Müqəddəs Kitabda Məryəmin günahsız olduğu barədə açıq məlumat yoxdur... [Bu] kilsənin təlimidir».

 Məryəmə necə yanaşmalıyıq?

Məryəm imanda, itaətkarlıqda, həlimlikdə və Allaha məhəbbət bəsləməkdə gözəl nümunədir. O, örnək ala biləcəyimiz mömin insanlardan biridir (İbranilərə 6:12).

Baxmayaraq ki, Məryəmə İsa Məsihin anası olmaq kimi müstəsna şərəf nəsib olmuşdu, Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, biz ona ibadət etməli, yaxud ona dua etməliyik. İsa anasına xüsusi hörmətə layiq olan bir insan kimi yanaşmırdı, nə də bunu davamçılarına buyurmurdu. Məryəm haqda yalnız Müjdələrdə və cəmi bir dəfə Həvarilərin işləri kitabında məlumat yer alır, İncilin qalan 22 kitabında onun adı çəkilmir (Həvarilərin işləri 1:14).

Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, birinci əsrdəki məsihilər Məryəmə xüsusi ehtiram bəsləyirdilər, o ki qaldı ona sitayiş etsinlər. Orada yazılıb ki, məsihilər yalnız Allaha ibadət etməlidirlər (Mətta 4:10).

^ abz. 10 Əşiyanın peyğəmbərliyində «qız» kimi tərcümə olunmuş ibrani sözü almah həm bakirə olan, həm də bakirə olmayan qadına aid işlənə bilər. Lakin Mətta Allahın ilhamı ilə konkret olaraq «bakirə» mənasını verən parthenos sözünü istifadə etmişdi.

^ abz. 13 Bəziləri «Allahın Oğlu» ifadəsi ilə razılaşmır. Onların fikrincə, bu ifadə Allahın qadınla cinsi münasibətdə olması mənasını verir. Ancaq Müqəddəs Kitabda belə bir fikir qeyd olunmayıb. Kəlamda İsa Məsih «Allahın Oğlu» və «bütün xilqətin ilki» adlanır. Çünki o, birbaşa Allah tərəfindən yaradılan ilk və yeganə varlıqdır (Koloslulara 1:13—15). Müqəddəs Kitabda ilk insan olan Adəm də «Allahın oğlu» adlandırılır (Luka 3:38). Çünki o da Allah tərəfindən yaradılmışdı.

^ abz. 20 «Yeni katolik ensiklopediyası», ikinci nəşr, 7-ci cild, səhifə 331.