Azərbaycan
Ərəmya 29:11 ayəsinin izahı. «Mən sizinlə bağlı niyyətimi bilirəm»
https://cms-imgp.jw-cdn.org/img/p/502300100/univ/art/502300100_univ_sqr_xl.jpg
ijwbv məqalə 6

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Mən sizinlə bağlı niyyətimi bilirəm» (Ərəmya 29:11)

«Mən sizinlə bağlı niyyətimi bilirəm» (Ərəmya 29:11)

 «Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova a, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir» (Ərəmya 29:11).

Ərəmya 29:11 ayəsinin izahı

 Yehova xidmətçilərinə sülhün hökm sürəcəyi gələcək vəd edir. Bu sözlər keçmişdəki insanlar üçün yazılsa da, bu gün də Yehova eyni fikirdədir. O, «ümid mənbəyi olan Allah»dır (Romalılara 15:13). Yehova Müqəddəs Kitaba bu cür vədlər yazdırıb ki, gözəl gələcəyə «ümidimiz olsun» (Romalılara 15:4).

Ərəmya 29:11 ayəsinin konteksti

 Bu sözlər Yerusəlimdən Babilə əsir aparılan israillilərə yazılmış məktubdan bir parçadır b (Ərəmya 29:1). Allah onlara demişdi ki, uzun müddət əsirlikdə qalacaqlar. Onlar orada evlər tikməli, bağlar salmalı və ailə qurub oğul-qız sahibi olmalıdırlar (Ərəmya 29:4—9). Amma sözünün davamında Yehova belə demişdi: «Babildə yetmiş il tamam olanda sizə nəzər salacağam, sizi bu yerə [Yerusəlimə] gətirib vədimi gerçəkləşdirəcəyəm» (Ərəmya 29:10). Bu sözlərlə Yehova onlara zəmanət verdi ki, onları unutmayacaq və vətənlərinə qayıtmaqla bağlı ümidləri gerçəkləşəcək (Ərəmya 31:16, 17).

 Allah israillilərə verdiyi sözün üstündə durdu. Qabaqcadan dediyi kimi fars şahı Kuruş Babili fəth etdi (Əşiya 45:1, 2; Ərəmya 51:30—32). Sonra Kuruş yəhudilərə vətənlərinə qayıtmağa icazə verdi. Onlar 70 il əsir olandan sonra Yerusəlimə qayıtdılar (2 Salnamələr 36:20—23; Üzeyir 3:1).

 Ərəmya 29:11 ayəsindəki vədin yerinə yetməsi bu gün Allahın vədlərinə ümid bağlayanlara əminlik verir. Məsələn, O vəd edir ki, İsa Məsihin rəhbərliyi altında Allahın Padşahlığı bütün dünyada sülhü bərqərar edəcək (Zəbur 37:10, 11, 29; Əşiya 55:11; Mətta 6:10).

Ərəmya 29:11 ayəsi ilə bağlı yanlış fikirlər

 Yanlış. Hər kəsin alın yazısı var.

 Doğru. Allah hər kəsə necə həyat yaşayacağını seçmək imkanı verib. Ərəmya 29:11 ayəsindəki sözlər Babildə əsirlikdə olan bütün israillilərə ünvanlanmışdı. Allah onlara əmin-amanlığın olacağı bir gələcək vəd etmişdi (Ərəmya 29:4). Amma bu vədə uyğun yaşayıb-yaşamamağa hər kəs özü qərar verməli idi (Qanunun təkrarı 30:19, 20; Ərəmya 29:32). Allaha bel bağlamaq qərarını verənlər Ona sidqi-ürəkdən dua edirdilər (Ərəmya 29:12, 13).

 Ərəmya 29-cu fəsli haşiyələri və çarpaz istinadları ilə birlikdə oxu.

a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18).

b Bir mənbədə Ərəmya 29:11 ayəsi ilə bağlı bu sözlər yazılıb: «Müqəddəs Kitabda bundan daha gözəl vəd tapmaq çətindir. Bu sözlərlə Yəhva [Yehova] əsirlikdə olanlara şəfqətini göstərir, onlara nikbin olmaları və ümidlərini itirməmələri üçün güclü əsas verir» («The Expositor’s Bible Commentary», cild 7, s. 360).