Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Vəftiz nədir?

Vəftiz nədir?

Müqəddəs Yazıların cavabı

Vəftiz insanın suya batırılıb çıxarılmasıdır *. Bu, İsa Məsihin nəyə görə çayda vəftiz olunduğunu aydın göstərir (Mətta 3:13, 16). Həmçinin Müqəddəs Kitabda adı çəkilən həbəşistanlı məmur «su hövzəsinə» çatanda vəftiz olunmaq istəmişdi (Həvarilərin işləri 8:36—40).

Vəftizin mənası

Müqəddəs Kitabda vəftiz dəfnə bənzədilir (Romalılara 6:4; Koloslulara 2:12). Suda vəftiz olunmaq insanın ölməsini, yəni keçmiş həyatını arxada qoymasını və özünü Allaha həsr edərək bir məsihi kimi yeni həyata başlamasını bildirir. Vəftiz və ona aparan addımlar insanın İsa Məsihin fidyə qurbanlığına iman gətirərək təmiz vicdan qazanması üçün Allahın tədbiridir (1 Butrus 3:21). Buna görə də İsa peyğəmbər şagirdlərinə başa salırdı ki, onlar vəftiz olunmalıdır (Mətta 28:19, 20).

Su ilə vəftiz olunmaq günahları yuyur?

Xeyr. Müqəddəs Kitabda deyilir ki, yalnız İsa Məsihin tökülən qanına iman etməklə günahlarımız təmizlənə bilər (Romalılara 5:8, 9; 1 Yəhya 1:7). İsa Məsihin fidyə qurbanlığının faydasını görmək üçün insan gərək ona iman etsin, həyat tərzini dəyişib İsa Məsihin öyrətdiklərinə uyğun yaşasın və vəftiz olunsun (Həvarilərin işləri 2:38; 3:19).

Xaç suyuna salınma nədir?

«Xaç suyuna salınma» ifadəsi Müqəddəs Kitabda yoxdur. Bu ifadə kilsədə körpəni “vəftiz” etməyi (üzərinə su çiləməyi və ya başına su tökməyi) və ona ad qoymağı bildirir.

Müqəddəs Kitabda körpənin vəftiz olunmalı olduğu deyilir?

Xeyr. İnsan yalnız ağlı kəsən yaşda və «Allahın Padşahlığı... barəsində» müjdəyə iman edəndə vəftiz oluna bilər (Həvarilərin işləri 8:12). Vəftiz olunmaq üçün gərək insan əvvəlcə Allahın Sözünü eşitsin, onu qəbul etsin və onu icra etsin. Bunları isə körpə edə bilməz (Həvarilərin işləri 2:22, 38, 41).

Bundan əlavə, Müqəddəs Kitabda deyilir ki, Allahın gözündə Ona ibadət edən məsihi ata-ananın övladları müqəddəs və pakdır (1 Korinflilərə 7:14). Əgər körpənin vəftizi qəbul olunsaydı, onların müqəddəsliyinin məsuliyyəti valideynlərinin üzərində olmazdı *.

Məsihi vəftizi ilə bağlı yanlış fikirlər

Səhv. İnsanın üstünə su çiləmək və ya tökmək tamamilə suya batırılması ilə eynidir.

Doğru. Müqəddəs Kitabda vəftiz tamamilə suya batırılmağı nəzərdə tutur. Misal üçün, həvari Filip həbəşistanlını vəftiz edəndə onlar bunun üçün suya girib-çıxdılar (Həvarilərin işləri 8:36—39) *.

Səhv. Müqəddəs Kitabda kiminsə ev əhlinin vəftiz olunmasından bəhs ediləndə körpələr də ev əhlinə aid edilir. Misal üçün, Filippidəki dustaqxana gözətçisi haqda orada deyilir: «Özü də, bütün ev əhli də dərhal vəftiz olundu» (Həvarilərin işləri 16:31—34).

Doğru. Dustaqxana gözətçisi haqda olan hadisədə «Yehovanın sözünü» başa düşənlər vəftiz olundular və buna görə çox sevindilər (Həvarilərin işləri 16:32, 34). Bu fakt göstərir ki, dustaqxana gözətçisinin vəftiz olunan ev əhlinin arasında körpələr yox idi, çünki körpələr Yehovanın sözünü başa düşə bilməzlər.

Səhv. Səmavi Padşahlığın uşaqlara məxsus olduğunu deməklə İsa Məsih körpələrin vəftizini nəzərdə tuturdu (Mətta 19:13—15; Mark 10:13—16).

Doğru. İsa Məsih bu sözləri deyəndə vəftiz barədə danışmırdı. O, bu sözləri deyərkən onu nəzərdə tuturdu ki, Allahın Padşahlığına girmək üçün uşaq kimi təvazökar və öyrənməyə hazır olmaq lazımdır.

^ abz. 3 «Vəftiz» kimi tərcümə olunan yunan sözü «batırmaq» mənasını verir («Əhdi-Cədidin ilahiyyat lüğəti», I cild, səhifə 529).

^ abz. 12 «Beynəlxalq standart Müqəddəs Kitab ensiklopediyası»na əsasən, «Əhdi-Cədidin heç bir yerində körpənin vəftizi haqda yazılmayıb». Orada həmçinin qeyd olunur ki, bu təlim «yanlış və şişirdilmiş şəkildə vəftizin mənasını təhrif edir», belə ki guya vəftiz özlüyündə günahı yumağa qadirdir (I cild, səhifə 416, 417).

^ abz. 15 «Yeni katolik ensiklopediyası»nda «Vəftiz (Müqəddəs Kitabda)» başlığı altında qeyd edilir: «Kilsələrin yeni yarandığı dövrlərdə bu ayin suya batırılaraq icra edilirdi» (II cild, səhifə 59).