Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Mənə sataşanda...

Mənə sataşanda...

 Sataşmaq nədir?

Sataşmağa istənilən xoşagəlməz cinsi davranışlar, o cümlədən toxunma və hətta seksual xarakterli söz atmaq da daxildir. Lakin bəzən sataşmağı şıltaqlıq və flirtdən ayırd etmək çətin ola bilər.

Bu sadalananlar arasındakı fərqi bilirsən? « Sataşmaq nədir?» bölməsindəki suallara cavab verərək bu fərqi öyrən!

Təəssüflər olsun ki, məktəbi bitirdikdən sonra da bu problemdən yaxa qurtarmaq çox vaxt mümkün olmur. Lakin sənə sataşanda indidən necə davranmağı bilsən, işə düzələndə sənin üçün çətin olmayacaq. Hətta, ola bilsin, həmin şəxsin başqalarına sataşmasının da qarşısını aldın!

 Mənə sataşırlarsa, nə edim?

Əgər sataşmağın nə olduğunu bilsən və ona düzgün reaksiya göstərməyi öyrənsən, çox güman ki, bunun qarşısını alarsan. Gəl üç vəziyyətə nəzər salaq və görək belə hallarda sən necə davranardın.

VƏZİYYƏT:

«İşdə bəzi kişilər dəqiqəbaşı mənə deyirlər: “Sən necə də gözəlsən, kaş ki, 30 yaş cavan olaydım!” Hətta onlardan biri bir dəfə arxamca gələrək saçımı iyləmişdi!» (Tabita, 20 yaş).

Tabita fikirləşə bilərdi: «Əgər buna məhəl qoymasan, yəqin, əl çəkər».

Bu cür düşünmək nəyə görə düzgün deyil? Ekspertlər deyirlər ki, əgər insan ona sataşan adama fikir vermirsə, çox güman ki, həmin adam bu cür davranmağa davam edəcək və hətta daha da betər olacaq.

Belə etsən məsləhətdir: onunla danış. Sakit, ancaq qəti şəkildə o adama bildir ki, onun danışıq və davranışına dözmək fikrin yoxdur. 22 yaşlı Turan deyir: «Kimsə mənə ədəbsiz tərzdə toxunanda üzümü həmin adama çevirib deyirəm: “Bir də barmağın mənə dəyməsin”. Çox vaxt bu, oğlanları təəccübləndirir». Əgər bundan sonra da səndən əl çəkmirlərsə, qətiyyətli ol və təslim olma. Yüksək əxlaq dəyərlərini qorumaqla bağlı Allahın Kəlamında deyilir: «Etimadla dolaraq, möhkəm [durun]» (Koloslulara 4:12, İncil, 1996).

Bəs əgər sataşan şəxs sənə hədə-qorxu gəlirsə, onda necə? Ona baş qoşma. Dərhal həmin yerdən uzaqlaş və etibarlı bir böyükdən kömək istə.

VƏZİYYƏT:

«Altıncı sinifdə oxuyanda bir gün iki qız dəhlizdə qabağımı kəsdi. Onlardan biri lesbian idi və mənim onunla getməyimi istəyirdi. Ona “yox” deməyimə baxmayaraq, onlar hər gün tənəffüs zamanı mənə sataşmağa davam edirdi. Hətta bir dəfə məni divara qısnadılar!» (Viktoriya, 18 yaş).

Viktoriya fikirləşə bilərdi: «Əgər bu haqda kiməsə danışsam, mənim aciz olduğumu fikirləşəcəklər və ola bilsin ki, mənə inanmayacaqlar».

Bu cür düşünmək nəyə görə düzgün deyil? Əgər sussan, onda həmin adam nəinki sənə sataşmağa davam edəcək, hətta başqalarına da ilişəcək (Vaiz 8:11).

Belə etsən məsləhətdir: kömək istə. Valideynlərin və müəllimlərin vəziyyətin öhdəsindən gəlməyin üçün sənə dayaq ola bilərlər. Bəs əgər danışdığın insanlar sənin sözlərini ciddi qəbul etmirlərsə, onda necə? Belə et: hər dəfə sənə sataşanda bunu detallarına qədər yaz. Hər hadisənin tarixini, vaxtını və baş verdiyi yeri, eləcə də sataşan kəsin dediyi sözləri qeyd et. Sonra onun bir nüsxəsini valideyninə və ya müəlliminə ver. Bir çox insanlar yazılı şəkildə olan şikayətlərə daha ciddi yanaşırlar, nəinki şifahi.

VƏZİYYƏT:

«Mən reqbi komandasında oynayan bir oğlandan dəhşət qorxurdum. Onun boyu təxminən iki metr, çəkisi isə 135 kiloqram olardı! Bu oğlan beyninə salmışdı ki, mənimlə yatmalıdır. O, bütün il boyu hər gün məni boğaza yığırdı. Bir gün sinifdə ikimiz qalmışdıq və o, mənə doğru gəlməyə başladı. Mən yerimdən sıçradım və sinifdən qaçdım» (Culyet, 18 yaş).

Culyet fikirləşə bilərdi: «Belə davranmaq oğlanlara xasdır».

Bu cür düşünmək nəyə görə düzgün deyil? Əgər hamı belə fikirləşsə, onda çətin ki, sənə sataşan adam düzəlsin.

Belə etsən məsləhətdir: zarafata salaraq və ya gülümsəyərək üstündən keçmə. Qoy sataşan kəs üz ifadəndən, eləcə də ümumi reaksiyandan sənin üçün nəyin yol verilən olub-olmadığını aydın görsün.

 Belə vəziyyətdə nə etməliyəm?

OLMUŞ ƏHVALAT 1.

«Ümumiyyətlə, insanlarla kobud danışmağı xoşlamıram. Buna görə də əvvəllər oğlanlar mənə sataşanda onlara: “Eləmə də, bəsdir”, — deyirdim, ancaq bunu qəti yox, mülayim şəkildə və çox vaxt gülümsəyərək deyirdim. Oğlanlar da düşünürdü ki, onlarla flirt edirəm» (Tabita).

  • Tabitanın yerində sən olsaydın, nə edərdin? Niyə?

  • Sənə sataşan oğlan və ya qız hansı hərəkətlərindən sənin flirt etdiyin qənaətinə gələ bilərlər?

OLMUŞ ƏHVALAT 2.

«Hər şey bədən tərbiyəsi dərsində oğlanların mənə atdığı bir-iki ədəbsiz sözdən başladı. Bir neçə həftə ərzində onların sözlərinə məhəl qoymurdum, lakin bu, vəziyyəti daha da ağırlaşdırdı. Sonra oğlanlar yanımda oturub əllərini çiynimə qoymağa başladılar. Hər dəfə onları itələsəm də, əl çəkmirdilər. Axırda onlardan biri balaca bir kağızda ədəbsiz təklif yazıb mənə verdi. Mən də onu müəllimimə verdim. Həmin oğlan məktəbdən qovuldu. Başa düşdüm ki, gərək bəri başdan müəllimin yanına gedəydim» (Səbinə).

  • Necə fikirləşirsən, nəyə görə Səbinə lap əvvəldən müəllimin yanına getməyi lazım bilmədi? Səncə, bu düzgün qərar idi? Cavabını izah et.

OLMUŞ ƏHVALAT 3.

Qardaşım Qreq tualetdə olanda başqa bir oğlan ona yaxınlaşdı. Oğlan az qalırdı Qreqin ağzının içinə girsin. O, Qreqə dedi: “Öp məni”. Qreq “yox” desə də, oğlan ondan əl çəkmirdi. Axırda Qreq oğlanı itələməli oldu (Suzanna).

  • Necə fikirləşirsən, Qreqin başına gələn hadisəni sataşmaq adlandırmaq olarmı? Cavabını izah et.

  • Necə düşünürsən, nəyə görə oğlanlar digər oğlanların onlara sataşdığını deməyə çəkinirlər?

  • Səncə, Qreq düz davrandı? Onun yerində sən necə davranardın?