Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Səhhətimdə problem varsa — I hissə

Səhhətimdə problem varsa — I hissə

Ciddi xəstəlikdən əziyyət çəkən gənc oğlan və ya qız tanıyırsan? Yaxud, ola bilsin ki, elə sənin sənə başqaları kimi yaşamağa mane olan xəstəliyin və ya fiziki qüsurun var.

Əgər bu, belədirsə, bəzən qəm-kədər hiss etməyin təbii haldır. Ancaq Müqəddəs Kitabda sənə təsəlli verəcək iki fikir var.

  • Sənin Yaradanın olan Yehova Allah nələr çəkdiyini çox gözəl bilir. O hətta sənin qeydinə qalır (1 Peter 5:7).

  • Yehova Allah bütün xəstəlikləri aradan qaldırmaq niyyətindədir! Sən bu haqda Yeşaya 33:24 və Vəhy 21:1—4 ayələrində oxuya bilərsən.

Ciddi xəstəliklərdən əziyyət çəkən saysız-hesabsız gənc oğlan və qızlar öz təcrübələrindən əmin olmuşlar ki, Allaha və Onun vədlərinə iman etmək onlar üçün böyük dayaqdır. Dörd nümunəyə baxaq.

 YEMİ

11 yaşımdan əliləm və arabaya məhkumam. Yüngül əşya qaldırmaq kimi adi işlər belə əlimdən gəlmir.

Beş yaşım olanda həkimlər mənə getdikcə inkişaf edən və hərəkətlərimi xeyli məhdudlaşdıran əzələ distrofiyası diaqnozu qoymuşdular. Bəzən dözməyə halım olmur, çünki yaşıdlarımın etdiklərini edə bilmirəm. Lakin valideynlərim, eləcə də yığıncaqdakı dostlarım mənə mənəvi və ruhani cəhətdən dəstək olurlar, kömək edirlər. Mən tammüddətli xidmətçiyəm və həmimanlılarım tez-tez mənimlə birgə Müqəddəs Kitaba maraq göstərən insanların dərsini keçməyə gedirlər.

İsa demişdi ki, hər günün öz qayğısı var (Matta 6:34). Buna görə də mən çalışıram ki, sabahkı günün qayğılar haqda fikirləşməyim və qarşıma əlçatan məqsədlər qoyub onlara nail olum. Allahın yeni dünyasında üzücü xəstəliklərin olmayacağı «əsil [həyata]» qovuşacağım günü həsrətlə gözləyirəm (1 Timoteyə 6:19).

Düşün. Qarşına «əlçatan məqsədlər» qoyması Yemiyə çox kömək edir. Bəs sən özün üçün hansı əlçatan məqsədlər qoya bilərsən? (1 Korinflilərə 9:26).

 MATTEO

Altı yaşım olanda belimdə şiddətli ağrılar başladı. Həkimlər deyirdilər ki, bu sadəcə mənim boy atmağımla bağlıdır. Amma bir ildən sonra məlum oldu ki, onurğa sütunum boyunca şiş əmələ gəlib.

Əməliyyat olundum, lakin cərrah şişin yalnız 40 faizini götürə bildi. Amma cəmi-cümlətanı iki aydan sonra şiş öz əvvəlki ölçüsünə qayıtdı! O vaxtdan etibarən müayinələrin, müalicələrin və məyusluğun ardı-arası kəsilmədi.

Bəzən ağrılarım o dərəcədə şiddətli olur ki, elə bil, bədənimə bıçaq sancırlar. Ən çox belim və sinəm ağrıyır. Amma çalışıram ki, fikrim-zikrim xəstəliyimdə olmasın. Tez-tez özümə xatırladıram ki, başqaları da ağır sınaqlarla üzləşirlər, bununla belə, nikbin əhval-ruhiyyələrini qoruyub saxlayırlar. Mənə ən çox ruhdan düşməməyə kömək edən bir gün Yehova Allahın bütün əzab-əziyyətlərə son qoyacağı vədinə inanmağımdır (Vəhy 21:4).

Düşün. Allahın bütün əzablara son qoyacağı vədi üzərində düşünmək sənə, Matteo kimi, dözümlü olmağa necə kömək edə bilər? (Yeşaya 65:17).

 BRUNA

Xəstəliyim özünü zahirən büruzə vermədiyinə görə bəziləri məni tənbəl hesab edir. Amma, əslində, evi səliqə-səhmana salmaq, nəsə oxuyub-araşdırmaq və hətta səhərlər çarpayıdan durmaq kimi işlərin öhdəsindən çətinliklə gəlirəm.

16 yaşım olanda mənə səpələnmiş skleroz diaqnozu qoydular. Üzücü və getdikcə inkişaf edən bu xəstəlik mənə nəinki işləməyə, hətta istədiyim qədər Allaha xidmət etməyə mane olur. Tez-tez 1 Peter 5:7 ayəsini oxuyuram. Orada deyilir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, sizin qeydinizə qalır». Yehovanın hər birimizin qayğısına qaldığı fikri mənə indiyədək güc verir.

Düşün. Bruna kimi, qayğılarını Yehovanın üzərinə qoymağın sənə hansı köməyi dəyəcək? (Məzmur 55:22).

 ANDRE

Bəzi insanlar mənimlə 10 yaşlı uşaq kimi davranırlar. Mən onları günahlandırmıram, axı mən zahirən uşağa oxşayıram.

İki yaşım olanda məndə nadir şiş aşkar etdilər. Bu şiş onurğa beynimdə başlayıb baş beynimə qədər uzandı. Həkimlər xəstəliyimi nəzarət altında ala bildilər, amma müalicə fiziki inkişafıma təsirsiz ötüşmədi. Bu gün mənim boyum 1,37 santimetrdir. 18 yaşım olduğunu deyəndə çoxları düşünür ki, yalan danışıram!

Yığıncaqda həmimanlılarım mənə hörmətlə yanaşırlar. Məktəbdəki uşaqlardan fərqli olaraq, burada heç kim məni ələ salmır. Çalışıram, nikbin olum. Axı mən Yehova ilə tanış olmuşam. Bu isə insanın həyatında baş verə biləcək ən böyük xoşbəxtlikdir! Qarşıma hansı çətinlik çıxırsa-çıxsın, əminəm ki, Yehova həmişə mənə kömək edəcək. Yehova Allahın vəd etdiyi gözəl yeni dünya haqda düşünmək mənə nikbinliyimi qorumağa kömək edir (Yeşaya 33:24).

Düşün. Andrenin dediyi kimi, nəyə görə Yehova ilə tanış olmaq «insanın həyatında baş verə biləcək ən böyük xoşbəxtlikdir»? (Yəhya 17:3).

 

Əlavə məlumat

Dərd-sər nə vaxtsa bitəcək?

Allahın Kəlamında deyilir ki, Allah bütün iztirablara son qoyacaq. Orada həmçinin qeyd olunur ki, Yaradan ədalətsizliyə nifrət edir və hər bir bəndəsinin qayğısına qalır.