Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Səhhətimdə problem varsa — II hissə

Səhhətimdə problem varsa — II hissə

Xəstəliklər müxtəlif olur.

  • Bəzi insanlarda xəstəliyin əlamətləri özünü zahirən büruzə verir, bəzilərində isə vermir.

  • Elə xəstəliklər var ki, tez keçib-gedir, elələri də var ki, günü-gündən ağırlaşır, insana əzab verir.

  • Bəzi xəstəlikləri sağaltmaq və ya, ən azı, nəzarətdə saxlamaq mümkündür, amma bəziləri günü-gündən insanı şam kimi əridir, hətta həyatı üçün təhlükə yaradır.

Əfsuslar olsun ki, bu gün gənclər hər cür xəstəlikdən əziyyət çəkirlər. Bu məqalədə ağır xəstəliyi olan dörd gəncdən söhbət açılacaq. Əgər sənin də səhhətində problem varsa, onların müsahibələrini oxumaq sənə təsəlli verəcək.

 QUENAELLA

Mənim üçün ən böyük çətinlik məhdudiyyətlərimlə barışmaqdır. Əslində, mən çox şey etmək istəyirəm, amma halım hər gün dəyişdiyindən ona uyğunlaşmağa məcburam.

Sinir-əzələ pozuntusundan əziyyət çəkirəm; bu, elə xəstəlikdir ki, beynimin bədənimə məlumatı düzgün ötürməsinə mane olur. Hərdən ayağımın ucundan başımadək bədənimin müxtəlif üzvləri titrəməyə başlayır və ya iflic olur. Gəzmək, danışmaq, oxumaq, yazmaq və başqalarını başa düşmək kimi adi şeyləri etməkdə çətinlik çəkirəm. Vəziyyətim lap pisləşəndə yığıncağımızın ağsaqqalları mənimlə birgə dua edirlər və o dəqiqə sakitləşirəm.

Hiss edirəm ki, Yehova hər sınaqda mənə dayaqdır. İstəmirəm, xəstəliyim Ona tam şəkildə xidmət etməyimə mane olsun. Həyatda mənim üçün birinci yerdə duran başqalarına Yehova Allahın tezliklə yer üzündə Cənnət yaradacağına və əzabların bir daha olmayacağına dair vədi haqda danışmaqdır (Vəhy 21:1—4).

Düşün. Sən də, Quenaella kimi, başqalarına necə can yandıra bilərsən? (1 Korinflilərə 10:24).

 ZAKARİ

16 yaşım olanda həkimlər mənə ağır beyin xərçəngi diaqnozu qoydular. Onlar ömrümün sonuna səkkiz ay qaldığını söylədilər. O vaxtdan bəri canımla çəkişirəm.

Şişlər bədənimin sağ tərəfini iflic edib. Gəzə bilmədiyimdən həmişə başqalarının köməyinə möhtacam.

Xəstəliyim inkişaf etdiyi üçün aydın danışmaqda çətinlik çəkirəm. Əvvəllər çox fəal idim: su xizəkçiliyi ilə məşğul olmağı, basketbol və voleybol oynamağı sevirdim. Yehovanın Şahidi kimi, Allaha fəal xidmət edirdim. Məncə, əksər insanlar çox sevdiyin işlərlə məşğul olmaq qabiliyyətini itirməyin nə demək olduğunu bilmirlər.

Yeşaya 57:15 ayəsindəki sözlərdən özümə təsəlli tapıram, çünki orada Yehova Allah məni əmin edir ki, «ruhu [əzilənlərə]» yaxındır və qayğıma qalır. Həmçinin Allahın Yeşaya 35:6 ayəsindəki vədinə əsasən, gələcəkdə mən yenidən gəzə biləcəyəm, mükəmməl sağlamlığım olacaq və Ona xidmət edəcəyəm.

Bəzən xəstəliyimlə mübarizə aparmaq olduqca çətin olsa da, əminəm ki, Yehova mənə dayaqdır. Sevinirəm ki, ruh düşkünlüyüm olanda, canıma görə ürəyimə qorxu düşəndə dua edib söhbətləşəcəyim bir Şəxs var. Yehovanın sevgisindən məni heç nə ayıra bilməz (Romalılara 8:39).

Zakari 18 yaşında, müsahibəsindən iki ay sonra həyata gözlərini yumdu. Onun Allahın yerüzü Cənnətdə ölüləri dirildəcəyinə dair vədinə imanı əsla sarsılmadı.

Düşün. Dua, Zakari kimi, sənə də Allahın məhəbbətində qalmağa necə kömək edə bilər?

 ANAİS

Hələ körpə ikən beynimə qan sızdı, bu, bütün bədənimə, xüsusilə də ayaqlarıma öz təsirini göstərdi.

Bu gün yaxın məsafələrə rolyatorla gedib-gəlirəm, amma çox vaxt əlil arabası olmadan keçinə bilmirəm. Tez-tez spazmalarım tutur, belə vaxtlarda yazmaq kimi adi işləri görə bilmirəm.

Xəstəliyimin yaratdığı stressdən savayı, müalicəm də ağır gedir. Lap uşaqlıqdan həftədə bir neçə dəfə fizioterapiyaya gedirəm. İlk böyük əməliyyatımı beş yaşımda keçirdim; bundan sonra daha üç dəfə əməliyyat olundum. Son iki əməliyyat xüsusilə ağır idi, çünki sağalana kimi üç ay evdən uzaqda qalmalı oldum.

Ailə üzvlərim mənə böyük dayaqdır. Biz bir yerdə deyib-gülürük, özümü pis hiss edəndə bunun, doğrudan da, köməyi dəyir. Anam da, bacılarım da mənim qəşəng görünməyimə kömək edirlər, mən tək canıma bunu bacarmazdım. Dikdaban ayaqqabıda gəzə bilmədiyimə görə heyifsilənirəm. Amma bir dəfə bunu eləmişəm: uşaqlıqda əlimi ayaqqabıların içinə salıb gəzmişdim. Onda hamımız çox gülmüşdük.

Mən yol vermirəm ki, fikrim-zikrim xəstəliyimdə olsun. Xarici dillər öyrənirəm. İndi sörfinqlə məşğul ola və snoubord sürə bilməsəm də, ən azından üzgüçülüyə gedirəm. Yehovanın Şahidi kimi, xidmətə çıxmağı və insanlara imanım haqda danışmağı çox sevirəm. Mənə elə gəlir ki, mən danışanda insanlar mənə diqqətlə qulaq asırlar.

Valideynlərim uşaqlıqdan mənə vəziyyətimin müvəqqəti olduğunu öyrədiblər. O vaxtdan bəri mən şəxsən əmin olmuşam ki, Yehova həqiqi Allahdır və bütün əzab-əziyyətlərə, eləcə də mənim əzab-əziyyətlərimə son qoyacaq. Bu, mənə irəli getməyə güc verir (Vəhy 21:3, 4).

Düşün. Anais kimi, sən də nə edə bilərsən ki, «fikrin-zikrin xəstəliyində olmasın»?

 JULİANA

Mən ağır autoimmun xəstəlikdən əziyyət çəkirəm, bu xəstəlik ürəyimə, ağ ciyərlərimə, qanıma təsir edə bilər və artıq böyrəklərimə təsir edib.

Mənə dəri vərəmi diaqnozu qoyulanda on yaşım var idi. Tez-tez ağrıyıram, halsız oluram, ovqatım gah yaxşı, gah pis olur. Özümü lazımsız hiss etdiyim anlar da olur.

13 yaşım olanda Yehovanın Şahidi olan bir qadın qapımızı döydü. O, mənə Yeşaya 41:10 ayəsini oxudu. Orada Yehova Allah deyir: «Qorxma, çünki Mən səninləyəm... Sadiq sağ əlimlə sənə dayaq olacağam». Məhz həmin andan mən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladım. Artıq səkkiz ildir ki, Allaha ürəkdən xidmət edirəm və xəstəliyimin həyatıma hakim kəsilməsinə imkan vermirəm. Hiss edirəm ki, müsbət əhval-ruhiyyəmi qoruyub saxlamağım üçün Yehova mənə «insan gücündən üstün olan» güc verir (2 Korinflilərə 4:7).

Düşün. Yeşaya 41:10 ayəsi Julianaya kömək etdiyi kimi, sənə də müsbət əhval-ruhiyyəni qorumağa necə kömək edə bilər?

 

Əlavə məlumat

Dərd-sər nə vaxtsa bitəcək?

Allahın Kəlamında deyilir ki, Allah bütün iztirablara son qoyacaq. Orada həmçinin qeyd olunur ki, Yaradan ədalətsizliyə nifrət edir və hər bir bəndəsinin qayğısına qalır.