Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Qəm dəryasından necə çıxım?

Qəm dəryasından necə çıxım?

«Dostlarımdan kiminsə problemi olanda mən dərhal onların köməyinə qaçıram. Evə gələndən sonra isə otağıma girib ağlayıram, amma bunu heç kəs görmür» (Xəyalə).

«Kefsiz olanda heç kimi görmək istəmirəm. Məni harasa dəvət edəndə getməmək üçün bəhanə tapıram. Hisslərimi ailəmdən gizlətməyi yaxşı bacarıram, onlar da elə fikirləşirlər ki, hər şey yaxşıdır» (Orxan).

Nə vaxtsa sən də bu hissləri keçirmisən? Əgər keçirmisənsə, səninlə nə isə dəhşətli bir şey baş verdiyini düşünmə. Vaxtaşırı hamıda bu kimi hisslər olur. Hətta Müqəddəs Kitabda adları çəkilən Allahın sadiq xidmətçiləri də kədər hissinə qapılırdılar (1 Şamuel 1:6—8; Məzmur 35:14).

Hərdən insan nə üçün kefsiz olduğunu bilir, bəzən isə heç özü-özündən baş açmır. 19 yaşlı Anna deyir: «Özünü pis hiss etməyin o demək deyil ki, nə isə dəhşətli bir şey baş verib. Əslində, heç bir faciə baş vermədiyi halda belə insan özünü qəmgin hiss edə bilər. Bunu izah etmək çətin olsa da, bu belədir!»

Kədərə qərq olmağının əsaslı səbəbinin olub-olmamasına baxmayaraq, sən bunun öhdəsindən gələ bilərsən. Növbəti məsləhətləri tətbiq etməyə çalış:

  1. Kiminləsə bölüş. Güclü iztirablar içində olan Əyyub demişdi: «Şikayətimə məhdudiyyət qoymayacağam, acı həyatımdan danışacağam» (Əyyub 10:1).

    Kelli: «Çox qəribədir, insan ürəyini kiməsə boşaldanda özünü elə rahat hiss edir ki! Başqaları vəziyyətimdən xəbərdar olanda əl uzadıb mənə kömək etmək onlara daha asan olur!»

  2. Hisslərini qələmə al. Kədər hissi səni bürüyəndə ürəyindəkiləri bir vərəqə yazmağa çalış. Davud bəzən dərin kədərini məzmurlarda ifadə edirdi (Məzmur 6:6). Qəlbindən keçən hissləri qələmə almaq sağlam şüuru və dərrakəni qorumaqda sənə kömək edəcək (Süleymanın məsəlləri 3:21).

    Gülay: «Qəfil kefim pozulanda alt-üst olan fikirlərimi bir vərəqə yazmaq onları başa düşməyə kömək edir. Hisslərimi ifadə etdikdə və səbəbini anladıqda, sanki, qəm yüküm azalır».

  3. Dua et. Müqəddəs Kitabda deyilir ki, əgər narahatçılıqlarımız barədə dua etsək, Allah bizə bütün insan fikirlərini üstələyən qəlb rahatlığı verəcək, bu da ürəyimizi və zehnimizi qoruyacaq (Filipililərə 4:6, 7).

    Ester: «Nəyə görə özümü bu qədər pis hiss etdiyimi başa düşə bilmirdim. Yehovaya yalvarırdım ki, həyatdan sevinc duymağıma kömək etsin. Səbəbsiz yerə məyusluğa qapılmaq məni lap dəli edirdi. Axır ki, bu vəziyyətdən yaxa qurtara bildim. Heç vaxt duanın qüdrətini inkar etməyin!»

    Məyusluq dərin bir quyu kimidir — kömək almaqla və səy göstərməklə sən o quyudan çıxa bilərsən

    Təklif: Məzmur 139:23, 24 ayələrindən nümunə götür. Ürəyini Yehovaya aç və nə üçün kədərə qapıldığının səbəbini anlamaqda sənə kömək etməsini xahiş et.

Pis əhval-ruhiyyənin öhdəsindən gəlməkdə Müqəddəs Kitabı oxumağın da böyük köməyi dəyəcək. Oradan oxuduğun ruhlandırıcı fikirlərin sənə müsbət təsiri olacaq (Məzmur 1:1—3).

Məyusluqdan yaxa qurtara bilməyəndə

Rüfət deyir: «Hərdən səhərlər heç yerimdən durmağım gəlmir, çünki daha bir mənasız gün yaşamaq istəmirəm». Rüfət depressiyadan əziyyət çəkir, ancaq o, tək deyil. Statistikaya görə, yeniyetməlik dövründə hər 4 gəncdən 1-i depressiyanın bu və ya digər növündən əziyyət çəkir.

Depressiyada olub-olmadığını necə müəyyən edə bilərsən? Simptomlardan bəziləri bunlardır: əhval-ruhiyyədə və davranış tərzində güclü dəyişikliklər, özünü insanlardan təcridetmə, demək olar, hər şeyə qarşı marağın azalması, qidalanma vərdişlərinin dəyişməsi, yuxunun pozulması, özünü lazımsız və boş yerə günahkar hiss etmək.

Əlbəttə, bu simptomlardan biri və ya bir neçəsi, demək olar ki, vaxtaşırı hamıda yaranır. Lakin əgər bu vəziyyət iki həftədən çox davam edərsə, həkimə gedib müayinə olunmaq barədə valideynlərinlə danış. Həkim sənin məyusluğa qapılmağının səbəbini anlamağa kömək edəcək.

Əgər sən depressiyadan əziyyət çəkirsənsə, bunda utanılacaq bir şey yoxdur. Müalicədən sonra bir çoxları özlərini əvvəl olduqlarından qat-qat yaxşı hiss edirlər. Məyusluq hissinin nəyə görə yaranmasından asılı olmayaraq, Məzmur 34:18 ayəsindəki təsəlliverici sözləri heç vaxt yadından çıxartma: «Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır».

 

Əlavə məlumat

Yaşamağa dəyərmi?

İnsanı ölümə dost gözü ilə baxmağa nə vadar edə bilər?