Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Niyə pornoqrafiyadan uzaq durmalısan?

Niyə pornoqrafiyadan uzaq durmalısan?

 Bunu etməyə iradən çatarmı?

Əgər İnternetdən istifadə edirsənsə, gec-tez pornoqrafiya ilə rastlaşacaqsan. 17 yaşlı Heyli deyir: «İndiki dövrdə pornoqrafiyanı axtarmaq lazım deyil, özü gəlib səni tapır».

Pornoqrafiya ondan uzaq durmağa qətiyyətli olan insanları da azdıra bilər. 18 yaşlı Qreq deyir: «Özümə söz vermişdim ki, ehtiyatı əldən verməyəcəyəm, ancaq bacarmadım. Heç vaxt özünə arxayın olma».

Bu gün pornoqrafiyanı əldə etmək əvvəlkindən daha asandır. Sekstinq ortaya çıxandan bir çox yeniyetmələr öz pornoqrafik görüntülərini hazırlayıb paylaşırlar.

Nəticə. Bu gün sən valideynlərinin, nənə-babanın sənin yaşında olarkən üzləşdikləri çətinliklərdən daha betərləri ilə üzləşirsən. Bu məqamda belə bir sual yerinə düşür: pornoqrafiyadan uzaq durmağa iradən çatarmı? (Məzmur 97:10).

Əsas istəməkdir, onda bacararsan. Əvvəlcə, pornoqrafiyanın pis olduğuna özün əmin olmalısan. Gəl bu mövzu ilə bağlı bir neçə yanlış və doğru fikirləri nəzərdən keçirək.

 Yanlış və doğru

Yanlış: Pornoqrafiyanın mənə zərəri dəyməz.

Doğru: Siqaret ağ ciyərlərinə necə təsir edirsə, eləcə pornoqrafiya da düşüncələrinə təsir göstərir. Pornoqrafiya səni murdarlayır. Bu, Yehova Allahın ərlə arvadın möhkəm və əbədilik bir-birilərinə bənd olmaları üçün yaratdığı bağları dəyərdən salır (Yaradılış 2:24). Pornoqrafiyaya baxsan, zaman keçdikcə vicdanın qabar bağlayacaq və yaxşını pisdən seçə bilməyəcəksən. Məsələn, bəzi mütəxəssislər qeyd edir ki, pornoqrafiyaya müntəzəm baxan kişilər qadın zorakılığına adi yanaşırlar.

Müqəddəs Kitabda «abır-həyanı büsbütün [itirən]» insanlardan danışılır (Efeslilərə 4:19). Belə insanların vicdanlarına dağ basıldığından gördükləri pis işlər onları narahat etmir.

Yanlış: Pornoqrafiya sənə cinsi münasibətlər haqqında nələrisə öyrədə bilər.

Doğru: Pornoqrafiya sənə acgözlüyü öyrədir. Pornoqrafiyaya baxanlar insanları obyekt gözündə görürlər və onların fikrincə, insan onların xudbin arzularını təmin etmək üçün mövcuddur. Təəccüblü deyil ki, bir araşdırmaya görə, pornoqrafiyaya baxmaq vərdişi olan insanlar evlənəndən sonra cinsi münasibətlərdən daha az məmnunluq duyurlar.

Müqəddəs Kitab məsihçiləri pornoqrafiyanın təhrik etdiyi pis əməllərdən — cinsi əxlaqsızlıqdan, natəmizlikdən, şəhvətdən, ehtirasdan və tamahkarlıqdan çəkindirir (Koloslulara 3:5).

Yanlış: Pornoqrafiyaya baxmaqdan imtina edən kəslər cinsi münasibətlərə ayıb bir şey kimi baxırlar.

Doğru: Pornoqrafiyaya baxmaqdan imtina edən kəslər, əslində, əxlaq dəyərləri yüksək olan insanlardır. Onlar cinsi münasibətlərə nikah bağları ilə bağlanan kişi və qadın arasındakı münasibətləri möhkəmləndirmək üçün Allah tərəfindən verilmiş bir hədiyyə kimi baxırlar. Belə insanlar evləndikdən sonra cinsi münasibətlərdən daha çox həzz duyurlar.

Müqəddəs Kitabda cinsi münasibətlər haqqında açıq danışılır. Məsələn, ərlərə deyilir: «Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!.. Onun eşqi ilə məst ol» (Süleymanın məsəlləri 5:18, 19).

 Pornoqrafiyadan necə uzaq durmaq olar?

Birdən pornoqrafiyaya baxmaq istəyi səni elə çuğlayar ki, ona müqavimət göstərməkdə çətinlik çəkə bilərsən. Belə vəziyyətlərdə «Pornoqrafiyadan necə uzaq durmaq olar?» adlı çalışma vərəqəsi sənə kömək edə bilər.

İnan ki, pornoqrafiyaya baxmaq istəyini öldürə bilərsən. Artıq belə vərdişin olsa belə, tərgitmək mümkündür. Belə etsən, hər sahədə xeyir görərsən.

13 yaşından pornoqrafiyaya baxmaq vərdişinin olduğunu etiraf edən Kalvin deyir: «Mən bilirdim ki, bu, düzgün deyil, lakin heç cür pornoqrafiyaya baxmaq istəyimi boğa bilmirdim. Hər dəfə baxdıqdan sonra özümü çox pis hiss edirdim. Nəhayət, atam bunu bildi. Düzünü desəm, elə bil, çiynimdən ağır bir yük götürdülər. Tərgitmək üçün mənə kömək lazım idi, bunu da etdilər».

Kalvin pornoqrafiyadan uzaq durmağı öyrəndi. O deyir: «Pornoqrafiyaya aludə olmaq böyük bir səhv idi. Mən onun acı nəticələrini hələ də çəkirəm, baxdıqlarım vaxtaşırı beynimdə canlanır. Hərdən məndə elə fikir yaranır ki, görəsən, baxmalı olmadığım şeylərə baxmağa hələ də davam etsəydim, daha nələr görərdim. Amma sonra oturub düşünürəm ki, Yehova Allahın dediyi kimi davrandığım üçün mən necə xoşbəxt, necə təmizəm və gələcəyim necə də parlaqdır».

Həmçinin bax