Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Kiminləsə görüşməyə hazıram?

Kiminləsə görüşməyə hazıram?

 Görüşmək nədir?

  • Əks cinsdən olan adamla tez-tez vaxt keçirirsən. Səncə, bu görüşməkdir?

  • Bir-birinizin xoşuna gəlirsiniz. Gündə bir neçə dəfə mesajlaşırsınız və ya telefonla danışırsınız. Səncə, bu görüşməkdir?

  • Dostlarınla görüşəndə həmişə əks cinsdən olan eyni insana diqqət göstərirsən. Səncə, bu görüşməkdir?

Yəqin ki, birinci suala cavab vermək o qədər də çətin olmadı. Amma, ola bilsin, ikinci və üçüncü suallar səni bir az düşündürdü. Bəs əslində görüşmək deməkdir?

Bir-birlərinə qarşı romantik hissləri olan insanların, ünsiyyət formasından asılı olmayaraq, birgə vaxt keçirməsi görüşmək adlanır.

Deməli, hər üç sualın cavabı bəlidir. Əgər siz hiss edirsinizsə ki, bir-birinizdən xoşunuz gəlir və telefonda və ya üz-üzə, başqalarının gözü qarşısında, ya da gizlicə mütəmadi olaraq ünsiyyət edirsiniz, bu, görüşmək adlanır.

 Görüşməyin məqsədi nədir?

Görüşməyin ləyaqətli məqsədi — gənc kişi və qadına bir-birləri ilə evlənmək istəyib-istəmədiklərini müəyyən etməyə kömək etmək olmalıdır.

Lakin bəzi həmyaşıdların bu məsələyə ciddi yanaşmaya bilərlər. Əslində onların evlənmək fikirləri yoxdur, sadəcə əks cinsdən olan bir insanla vaxt keçirməyi sevirlər. Hətta bəziləri üçün belə bir dost özünəhörmət hissini artırmaq və ya başqalarının qarşısında lovğalanmaq üçün taxılan dəbdəbəli aksessuardan, yaxud da qələbə medalından başqa bir şey deyil.

Əksər hallarda belə səthi münasibətlərin ömrü çox qısa olur. Hedar adlı qız belə deyir: «Gənc cütlüklərin bir çoxu bir-iki həftədən sonra ayrılırlar. Onlar münasibətlərinə ötəri bir şey kimi baxırlar; bu da onları evlilikdən çox boşanmaya hazırlayır».

Kiminləsə romantik münasibətlər quranda nəzərə al ki, qarşındakı insanın da hissləri var. Buna görə də, ilk növbədə, niyyətinin ciddi olduğuna əmin ol (Luka 6:31).

Əgər sən evlənmək niyyətin olmadan kiminləsə görüşürsənsə, yeni oyuncaqla oynayıb, sonra isə onu tullayan uşağa bənzəyirsən

Düşün. Kimsə sənin hisslərinlə oyuncaq kimi bir az oynayıb atsa, xoşuna gələr? Onda sən də qarşındakı insanla belə davranma. Müqəddəs Kitabda deyilir ki, məhəbbət «nalayiq davranmır» (1 Korinflilərə 13:4, 5).

Çelsi adlı qız deyir: «Bəzən mənə elə gəlir ki, oğlanlarla görüşmək sadəcə əyləncədir, lakin tərəflərdən biri bu məsələyə ciddi, digəri isə əyləncə kimi yanaşanda vəziyyət heç də əyləncəli olmur».

Məsləhət. Kiminləsə görüşməyə başlamazdan qabaq, eləcə də evliliyə hazırlaşmaq üçün 2 Peter 1:5—7 ayələrini oxu və üzərində işləməli olduğun bir xüsusiyyəti seç. Bir aydan sonra yoxla gör həmin xüsusiyyət haqda nə öyrənmisən və onu təzahür etdirməkdə nə dərəcədə yaxşılaşmısan.

 Kiminləsə görüşmək vaxtımdır?

  • Səncə, gənc neçə yaşında görüşə çıxa bilər?

  • İndi bu sualı valideynlərinə ver.

Çox güman ki, valideynlərinin cavabı səninkindən fərqli olacaq. Bəlkə də, fərqli olmayacaq. Ola bilsin, sən də böyüyəcəkləri və özlərini yaxşı tanıyacaqları vaxtadək görüşməmək qərarını verən gənclərdənsən.

17 yaşlı Daniella da bu cür qərar verib. O deyir: «İndi gələcək həyat yoldaşımda görmək istədiyim xüsusiyyətlər iki il əvvəlkindən xeyli fərqlənir. Lakin buna baxmayaraq, hələ də özümü belə vacib qərar vermək üçün hazır hiss etmirəm. Nə vaxt görsəm ki, xasiyyətim və istəklərim bir neçə il eyni olaraq qalır, onda bu haqda düşünəcəyəm».

Gözləməyin müdrik qərar olduğunu göstərən başqa bir səbəb də var. Müqəddəs Kitabda cinsi və romantik hisslərin güclənməyə başladığı dövr «gəncliyinin bahar çağı» adlanır (1 Korinflilərə 7:36). Əgər sən də yaşının bu çağındasansa, əks cinsdən olan bir insanla yaxın dostluq etmək istəklərini alovlandıra və səni səhv hərəkətlərə sövq edə bilər.

Ola bilsin ki, həmyaşıdların bu məsələyə o qədər də ciddi yanaşmırlar. Onların çoxu kiminləsə cinsi əlaqədə olmağa can ata bilərlər. Amma sən onlardan seçilə bilərsən və seçilməlisən də! (Romalılara 12:2). Bunlardan başqa, Müqəddəs Kitab səni cinsi əxlaqsızlıqdan qaçmağa təşviq edir (1 Korinflilərə 6:18). Gəncliyinin bahar çağının keçib gedəcəyini gözləməklə «əzabı bədənindən uzaqlaşdır»a bilərsən (Vaiz 11:10).

 Nəyə görə tələsmək lazım deyil?

Təsəvvür et ki, dərs ilinin əvvəlində səndən keçiriləcək yeni fənn üzrə yekun imtahanı verməyi tələb edirlər. Əlbəttə ki, bu, ədalətli olmazdı! Çünki fənni öyrənmək və imtahana hazırlaşmaq üçün vaxt lazımdır.

Hazır olmadığın halda kiminləsə görüşmək də belədir.

Bu, olduqca ciddi məsələdir. Bütün diqqətini bir insana yönəltməzdən əvvəl, sənə çox vacib bir «fənni» — dostluq münasibətləri qurmağı öyrənmək üçün vaxt lazımdır.

Gələcəkdə sənə uyğun olan insana rast gəldikdə artıq möhkəm münasibətlər qurmağı bacaracaqsan. Axı uğurlu nikah iki yaxşı dostun ittifaqıdır.

Görüşmək üçün münasib vaxtı gözləmək səni azadlıqdan məhrum etməyəcək. Əksinə, bu, sənə «cavanlığında sevin»mək üçün daha çox azadlıq verəcək (Vaiz 11:9). Üstəlik, sənin bir şəxsiyyət kimi formalaşmaq və ruhən inkişaf etməyə vaxtın olacaq (Mərsiyələr 3:27).

Bu arada sən əks cinsdən olan insanlarla xoş vaxt keçirə bilərsən. Bunu etməyin ən yaxşı üsulu hansıdır? Böyüklərin nəzarəti altında keçirilən qızlı-oğlanlı dostluq görüşlərində iştirak etmək. Tammi adlı qız deyir: «Məncə, belə daha şən və maraqlıdır. Çoxlu insanlarla dostluq etmək daha yaxşıdır». Monika onun fikrinə şərikdir. O deyir: «Bu, həqiqətən də, çox gözəl fikirdir. Çünki fərqli xasiyyəti olan insanlarla ünsiyyət edirsən».

Lakin əgər sən diqqətini bir insana yönəltsən, özünü mənəvi əzablara məruz qoyacaqsan. Buna görə də tələsmə. Həyatının bu çağını dostluq münasibətləri qurmağı və qoruyub saxlamağı öyrənməyə sərf et. Gələcəkdə kiminləsə görüşmək qərarına gəlsən, artıq özünü tanıyacaqsan və həyat yoldaşında hansı xüsusiyyətləri görmək istədiyini biləcəksən.

 

Əlavə məlumat

Gözaltıladığın insanın sənə uyğun olub-olmadığını necə müəyyən edə bilərsən?

Gözaltıladığın insanın əslində necə insan olduğunu necə müəyyən edə bilərsən?