Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Faciəyə necə tab gətirə bilərəm?

Faciəyə necə tab gətirə bilərəm?

Faciə hamının başına gələ bilər. Müqəddəs Kitabda deyilir: «Qaçışı həmişə bərk qaçanlar udmur, döyüşdə həmişə igidlər qalib gəlmir» (Vaiz 9:11). Gənclər də faciələrlə üzləşir. Bəs onlar buna necə tab gətirir? Gəlin iki nəfərin nümunəsinə baxaq.

 RİBEKA

14 yaşım olanda valideynlərim boşandı.

Düşünməzdim ki, valideynlərim nə vaxtsa boşanarlar. Fikirləşirdim atama sadəcə bir az vaxt lazımdır. Axı o, anamı sevir, ondan niyə ayrılsın ki? Məni niyə tərk etsin ki?

Baş verənlər haqda kiməsə danışmaq mənə çətin gəlirdi. Olanları unutmaq istəyirdim. Qəzəbli idim, amma bəzən bunu dərk etmirdim. Daima narahatçılıq keçirirdim, rahat yata bilmirdim.

19 yaşım olanda anam xərçəng xəstəliyindən vəfat etdi. O, mənim ən yaxın dostum idi.

Valideynlərimin boşanması məni sarsıtsa da, anamın ölümü ürəyimə dağ çəkdi. Hələ də özümə gələ bilmirəm. Yuxum ərşə çəkilib və narahatçılıq hissindən canımı qurtara bilmirəm.

Ancaq mənə bəzi şeylər kömək etdi. Məsələn, Məsəllər 18:1 ayəsində xəbərdarlıq edilir ki, tənhalığa qapılmayaq. Mən də bu məsləhəti tətbiq etməyə çalışıram.

Yehovanın Şahidi kimi Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatlarımızı oxumağa çalışıram. Valideynlərim boşanan vaxtlarda mənə kömək edən ədəbiyyatlardan biri «Gənclərin sualları. Praktiki məsləhətlər» (rus.) kitabı idi. Onun 2-ci cildinin «Dağılmış ailədə necə xoşbəxt ola bilərəm?» adlı məqaləsi xüsusilə yadımdadır.

Narahatçılığın öhdəsindən gəlməyə mənə ən çox kömək edən Mətta 6:25—34 ayələridir. 27-ci ayədə İsa soruşur: «Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər?»

Hamımızın başına pis hadisələr gələ bilər. Anamın nümunəsindən öyrəndim ki, sınaqlara münasibətimizdən çox şey asılıdır. O, xeyli əziyyət çəkdi: boşandı, sağalmaz xəstəliyə tutuldu, amma müsbət əhval-ruhiyyəsini itirmədi. Allaha olan imanı da sonacan möhkəm qaldı. Onun Yehova haqqında mənə öyrətdikləri ömrümdə yadımdan çıxmaz.

Düşün. Müqəddəs Kitabı və ona əsaslanmış ədəbiyyatları oxumaq sənə faciəyə tab gətirməyə necə kömək edə bilər? (Zəbur 94:19).

 KORDEL

17 yaşım olanda atamı itirdim. Başıma gələnlərin ən dəhşətlisi bu idi. Yaman sarsılmışdım.

Atamın öldüyünə inana bilmirdim. Fikirləşirdim üstü örtülmüş insan başqa adamdır, atam yox. Deyirdim: «O, sabah oyanacaq». Özümü əlacsız və kimsəsiz hiss edirdim.

Biz ailəlikcə Yehovanın Şahidiyik. Atam öləndə yığıncağımızdakı bacı-qardaşların bizə dəstəyini sözlə ifadə edə bilmərəm. Bizi yeməklə təmin edir, bizimlə qalır və yanımızdan heç ayrılmırdılar. Bunu onlar bir neçə gün yox, uzun müddət etdilər. Onların bu dəstəyi mənə sübut etdi ki, Yehovanın Şahidləri həqiqi məsihilərdir (Yəhya 13:35).

2 Korinflilərə 4:17, 18 ayələri məni sözün əsil mənasında möhkəmləndirdi. Orada deyilir: «Çünki çəkdiyimiz əziyyətlər qısamüddətli və yüngül olsa da, bizə daha möhtəşəm və əbədi calal gətirəcək. Biz gözümüzü görünən yox, görünməyən şeylərə dikmişik, çünki görünən şeylər müvəqqəti, görünməyən şeylər isə əbədidir».

Axırıncı ayə mənə güclü təsir etdi. Atamın əzabı müvəqqəti idi, Allahın gələcəkdə verəcəyi xeyir-dualar isə əbədi olacaq. Atamın ölümü mənə həyatımı nəyə həsr etdiyimin üzərində düşünməyə və düzgün məqsədlərə can atmağa kömək etdi.

Düşün. Başına gələn faciə məqsədlərinin üzərində yenidən düşünməyə necə kömək edə bilər? (1 Yəhya 2:17).