Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Evi tərk etməyə hazıram?

Evi tərk etməyə hazıram?

Allahın gənclərlə bağlı əzəli niyyəti o idi ki, onlar böyüyüb ata-analarını tərk etsinlər və öz ailələrini qursunlar (Yaradılış 2:23, 24; Mark 10:7, 8). Bəs sərbəst yaşamağa, həqiqətən də, hazır olduğunu haradan bilmək olar? Növbəti üç suala nəzər sal.

 Niyyətim nədir?

Aşağıdakı siyahıya nəzər sal və özündən soruş: «Ən çox nəyə görə evi tərk etmək istəyirəm?»

  • Evdəki problemlərdən qaçmaq

  • Daha çox sərbəst olmaq

  • Dostlarımın gözündə ucalmaq

  • Dostumla birlikdə qalmaq

  • Başqa ərazidə könüllü kimi xidmət etmək

  • Həyat təcrübəsi qazanmaq

  • Valideynlərimin maddi yükünü yüngülləşdirmək

  • Digər

Demək olmaz ki, yuxarıda sadalanan səbəblər tamamilə səhvdir. Məsələ sənin bunu hansı niyyətdən irəli gələrək etməyindədir. Əgər sadəcə məhdudiyyətlərdən qaçmaq istəyirsənsə, ehtimal ki, ümidin boşa çıxacaq!

20 yaşında qısa müddətə evi tərk edən Daniella öz təcrübəsindən çox şey öyrənib. O deyir: «Biz hamımız özümüzə müəyyən şeylərdə məhdudiyyətlər qoymalı oluruq. İnsan ayrı yaşayanda iş qrafikinə və ya maddi imkanına uyğun yaşamaq məcburiyyətində qalır». Yol vermə ki, başqaları sənin qərarına təsir etsin (Süleymanın məsəlləri 29:20).

 Buna hazıram?

Evdən köçüb tək yaşamağı təbiət qoynuna uzun bir səyahətə çıxmaqla müqayisə etmək olar. Yola düşməmişdən qabaq lazımi bacarıqlara yiyələnmək gərəkdir

Evdən köçüb tək yaşamağı təbiət qoynuna uzun bir səyahətə çıxmaqla müqayisə etmək olar. Xəritədən istifadə etməyi, çadır qurmağı, ocaq qalamağı və yemək bişirməyi bacarmadığın halda yola düşərsənmi? Çətin ki! Bununla belə, bir çox gənclər əllərindən bir şey gəlməyə-gəlməyə evdən köçüb ayrı yaşayırlar.

Müdrik padşah Süleyman demişdi: «Uzaqgörən hər addımına nəzər salar» (Süleymanın məsəlləri 14:15). Ayrı yaşamağa hazır olub-olmadığını bilmək üçün aşağıdakı bəndləri nəzərdən keçir.

Puldan düzgün istifadə etmək. 19 yaşlı Serena deyir: «Mən heç vaxt öz xərclərimi özüm ödəməmişəm. Bir gün evi tərk edib, haqq-hesab işləri ilə məşğul olmaq fikri məni dəhşətə gətirir». Bəs puldan düzgün istifadə etməyi necə öyrənmək olar?

Müqəddəs Kitab məsəlində deyilir: «Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın» (Süleymanın məsəlləri 1:5). Valideynlərindən ayda bir nəfərin kommunal xidmətlərinin, kirayə, yemək, benzin və nəqliyyat pulunun təxminən nə qədər etdiyini soruş. Sonra qoy valideynlərin sənə büdcə tərtib etməyi və xərcləri ödəməyi öyrətsinlər.

Ev işlərini idarə etmək. 17 yaşlı Brayn deyir ki, evi tərk etmək barədə düşünəndə onun üçün ən dəhşətli şey paltar yumaqdır. Bəs sən öz qayğına qalmağa hazır olub-olmadığını necə öyrənə bilərsən? 20 yaşlı Harun belə məsləhət görür: «Bir həftə elə yaşa ki, guya təkbaşınasan. Yalnız öz qazancınla aldığın və özün hazırladığın yeməkləri ye. Paltarlarını özün yuyub-ütülə. Evləri yığışdır. Heç kimin səni aparıb-gətirməsini gözləmə, lazım olan yerə özün gedib-gəlməyə çalış». Bu məsləhətə əməl etməklə sən 1) faydalı bacarığa yiyələnəcək və 2) valideynlərinin sənə çəkdikləri zəhməti daha çox qiymətləndirəcəksən.

Başqaları ilə yola getmək. Valideynlərinlə və bacı-qardaşlarınla yola gedirsənmi? Əgər bunu etmək çətindirsə, sənə elə gələ bilər ki, dostunla yaşamaq daha asan olar. Ancaq gəl görək 18 yaşlı Yeva bu barədə nə deyir: «İki rəfiqəm bir yerdə yaşamaq qərarına gəldi. Bundan qabaq yaxın rəfiqə olsalar da, bir evdə yola gedə bilmədilər. Onlardan biri səliqə-səhmanı sevən, o biri isə səliqəsiz idi. Biri ruhani şeyləri birinci yerə qoyduğu halda, digəri buna bir o qədər də meyilli deyildi. Nəticədə, bu iş baş tutmadı».

Problemi necə həll etmək olar? 18 yaşlı Erin deyir: «Başqaları ilə dil tapmağı, problemlərin öhdəsindən gəlməyi və güzəştə getməyi hələ evdə ikən öyrənmək olar. Fikir vermişəm ki, valideynləri ilə münaqişə ucbatından evdən başını götürüb gedənlər problemləri həll etməyi yox, onlardan qaçmağı öyrənirlər».

Ruhani işlərin qrafiki. Bəziləri valideynlərinin təyin etdiyi ruhani qrafikdən canını qurtarmaq üçün evdən gedirlər. Digərləri Müqəddəs Kitabı oxumağa, ruhani işləri birinci yerə qoymağa qəti qərarlı olurlar, ancaq qısa bir zamanda bu işdən soyuyurlar. Sən imanının gəmi kimi qəzaya uğramasından necə qaçına bilərsən? (1 Timoteyə 1:19).

Müqəddəs Kitabı şəxsən araşdırmaq və digər ruhani işlərlə məşğul olmaq üçün yaxşı qrafik qur və ona dəqiq əməl et. Qrafiki təqvimdə qeyd et və gör valideynlərinin xatırlatması olmadan bir ay ərzində ona riayət edə bilirsənmi.

 Nəyə can atıram?

Evdən getməkdə məqsədin nədir: problemlərdən qaçmaq, yoxsa valideynlərinin başçılığından azad olmaq? Əgər elədirsə, deməli, sənin üçün əsas hara getmək yox, sadəcə evdən canını qurtarmaqdır. Bu cür davranış sürücünün maşının güzgüsündən yalnız arxaya baxması kimidir. Əgər o, təkcə geridə qalan şeylərə diqqətini cəmləyirsə, qabaqda olan şeyləri görə bilməz. Bundan nə öyrənə bilərik? Diqqətini yalnız evdən getməyə yox, qarşına hansı dəyərli məqsədlər qoya biləcəyinə cəmlə.

Məqsədin hər nə olursa-olsun, verdiyin qərarı yüz ölç, bir biç. Müqəddəs Kitab məsəlində deyilir: «Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər» (Süleymanın məsəlləri 21:5). Valideynlərinin məsləhətlərinə qulaq as (Süleymanın məsəlləri 23:22). Bu haqda dua et. Qərar verərkən yuxarıda xatırlanan Müqəddəs Kitab prinsiplərini nəzərə al.

Əslində, məsələ sənin evi tərk etməyə hazır olub-olmamağında yox, sərbəst həyata hazır olub-olmamağındadır. Əgər, həqiqətən də, hazır olduğunu düşünürsənsə, onda sənə uğurlar!