Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Niyə mənim dostlarım yoxdur?

Niyə mənim dostlarım yoxdur?

İnternetdə dostlarının keçirdiyi axırıncı şənliyin şəkillərinə baxırsan. Bütün dostların orada imiş, gözəl vaxt keçiriblər. Amma nə isə çatışmır, daha doğrusu, kimsə çatışmır — sən!

«Bəs məni niyə çağırmadılar?» — deyə təəccüblənirsən.

Sonra başlayırsan hirslənməyə. Özünü xəyanətə uğramış kimi hiss edirsən. Sanki, bütün dostların səni bir anda atıb gediblər. Səni qəribə bir tənhalıq hissi bürüyür. «Niyə mənim dostlarım yoxdur?» — deyə gileylənirsən!

 Test

Doğrudur, yoxsa səhv?

  1. Əgər çoxlu dostların varsa, heç vaxt özünü tənha hiss etməyəcəksən.

  2. Əgər sosial şəbəkəyə qoşulsan, heç vaxt özünü tənha hiss etməyəcəksən.

  3. Çoxlu mesajlaşsan, heç vaxt özünü tənha hiss etməyəcəksən.

  4. Başqaları üçün nə isə etsən, heç vaxt özünü tənha hiss etməyəcəksən.

Bu fikirlərin dördü də səhvdir.

Nəyə görə?

 Dostluq və tənhalıq haqda faktlar

  • Dostlarının çox olması sənin tənha olmayacağına zəmanət vermir.

    «Mən dostlarıma qayğı göstərirəm, amma bəzən mənə elə gəlir ki, onlar mənə qarşı bu cür deyillər. Ən pis tənhalıq o tənhalıqdır ki, ətrafında çoxlu dostların var, lakin onlar səni sənin onları sevdiyin kimi sevmir, ya da sən onlara lazım deyilsən» (Anna).

  • Sosial şəbəkəyə qoşulmağın heç vaxt tənha olmayacağına zəmanət vermir.

    «Bəzi insanlar, sanki, dost kolleksiyası toplayırlar. Ancaq evi qiymətli əşyalarla doldurmaq hələ heç kimə sevildiyini hiss etdirməyib. Əgər insanlarla mənalı münasibət qurmamısansa, onlayn dostlar, cansız əşya kimi, heç bir işinə yaramayacaq» (Elayn).

  • Səhərdən axşama kimi yazışmaq heç vaxt tənha olmayacağına zəmanət vermir.

    «Bəzən insan özünü tənha hiss edəndə başlayır iki dəqiqədən-bir telefonunu yoxlamağa ki, birdən dost-tanışlarından kimsə ona mesaj yazar. Lakin heç bir mesaj almadığını görəndə insan özünü daha betər hiss edir!» (Serina).

  • Başqaları üçün nə isə etmək heç vaxt tənha olmayacağına zəmanət vermir.

    «Həmişə çalışırdım ki, dostlarım üçün yaxşılıq edim, ancaq sonra gördüm ki, onlar mənə qarşı belə deyillər. Yox, peşman deyiləm, sadəcə onların bu cür münasibəti mənə bir az qəribə gəlir» (Riçard).

Nəticə. Tənhalıq vəziyyətdən çox düşüncə tərzidir. Canet adlı bir gənc qız deyir: «Bu, xaricdən yox, insanın daxilindən gəlir».

Özünü tənha hiss edəndə və ya heç bir dostunun olmadığını düşünəndə nə etmək olar?

 Döyüşdə necə qalib gəlmək olar?

Özünə inamın olsun.

«Tənhalığa inamsızlıq hissi səbəb ola bilər. İnsan fikirləşə bilər ki, başqalarının diqqətinə layiq deyil, bu da ona ünsiyyət etməyə və onunla dost olmaq istəyənlərli yaxınına buraxmağa çətinlik törədir» (Canet).

Müqəddəs Kitabda deyilir: «Yaxınını özünü sevdiyin kimi sev» (Qalatiyalılara 5:14). Yaxşı dostluq münasibətlərimizin olması üçün biz müəyyən dərəcədə özümüzə dəyər verməyi bacarmalıyıq, ancaq qürurlanacaq dərəcədə ifrata varmamalıyıq (Qalatiyalılara 6:3, 4).

Özünü yazıqlama.

«Tənhalıq qumda batmaq kimidir. Çabaladıqca ondan çıxmaq daha da çətinləşir. Əgər tənhalığa sənin düşüncə tərzinə büsbütün hakim kəsilməsinə yol versən, özün üçün tənhalıq partisi qurmuş olacaqsan, heç kəs də ora gəlmək istəməyəcək» (Erin).

Müqəddəs Kitabda deyilir: «Məhəbbət... öz xeyrini güdmür» (1 Korinflilərə 13:4, 5). Əslində, özümüz haqda həddindən çox fikirləşəndə başqalarına qarşı daha az şəfqətli oluruq, bunun ucbatından da bizə dost ola biləcək insanlar bizdən uzaq dururlar (2 Korinflilərə 12:15). Unutma: əgər sən uğurlu olub-olmadığını başqalarının hərəkətləri ilə ölçürsənsə, onda sən batdın! «Heç kəs mənə zəng etmir», yaxud da «Heç kəs məni heç yerə çağırmır», — deməklə sən, mahiyyət etibarilə, öz xoşbəxtliyini başqalarından asılı vəziyyətə qoyursan. Kiməsə bu qədər səlahiyyət verməyə dəyər, səncə?

Dost qazanmaq üçün öz dəyərlərini aşağı salma.

«Tənha insanlar diqqət istəyir. Onlar hətta elə səviyyəyə gəlib çata bilərlər, bu diqqəti kimdən gəldi qəbul edə bilərlər. Onların istədiyi yeganə şey sevildiklərini hiss etməkdir. Lakin bəzi insanlar bu ehtiyacı hiss edib, əvvəlcə diqqət göstərə, sonra da səndən istifadə edə bilərlər. Onda sən özünü əvvəlkindən də tənha hiss edəcəksən» (Brianna).

Müqəddəs Kitabda deyilir: «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Süleymanın məsəlləri 13:20). Ac adam hər şey yeyir. Dost üzünə həsrət qalan insan da bəzən özünə yanlış yerdə dost axtarır. Onun hətta başqalarının həyatları ilə oynayan insanların qurbanına çevrilmək ehtimalı var, üstəlik, o düşünə bilər ki, bu cür münasibətlər normaldır və bundan yaxşısını gözləməyi dəyməz.

Nəticə. Hamımızda bəzən özümüzü tənha hiss etdiyimiz anlar olur, kimdəsə az, kimdəsə çox. Bu, üzücü hiss olsa da, hissdən başqa heç nə deyil. Bizdə bu və ya digər hisslərin yaranmasına, adətən, müəyyən fikirlər səbəb olur və bu fikirləri nəzarətdə saxlamaq öz əlimizdədir.

Həmçinin başqalarından nə gözlədiyinə dair realist ol. Yuxarıda sözləri gətirilən Canet deyir: «Heç də hər kəs sənin ən yaxşı və əbədi can dostun ola bilməz, ancaq rifahını düşünən insanları tapmaq mümkündür. Elə bu bəsdir. Bu, tənhalıqdan azad olmağına kömək edir».

Əlavə köməyə ehtiyacın var? « Qorxularını necə aşa bilərsən?» başlığını oxu. Həmçinin «Tənhalıqdan yaxa qurtarmağın üsulları» adlı çalışma vərəqini yüklə.

 

Həmçinin bax

Əlavə məlumat

Özünü tənha hiss edirsən?

Tənhalığa qalib gəlmək və dost tapmaq üçün üç məsləhət.

Əsil dost kimdir?

Yalançı dostlar çoxdur, bəs əsil dost haradan tapmaq olar?