Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Gənclərin sualları

Cinsi təcavüz haqda nəyi bilməliyəm? II hissə: Emosional yaranın sağalması

Cinsi təcavüz haqda nəyi bilməliyəm? II hissə: Emosional yaranın sağalması

 Günahkarlıq hissinin öhdəsindən gəlmək

Cinsi təcavüzün bir çox qurbanları başlarına gələnlərə görə utanırlar. Hətta onlar buna görə özlərini günahkar hiss edə bilərlər. Gəlin 6 yaşından 13 yaşa kimi təcavüzə məruz qalan 19 yaşlı Karenin nə dediyinə baxaq. O deyir: «Ən pisi də günahkarlıq hissi ilə mübarizə aparmaqdır. Öz-özümə fikirləşirəm ki, bunun uzun müddət davam etməsinə necə yol vermişəm?»

Başına gələnlərə görə, ola bilsin, sən də belə hisslər keçirirsən. Gəl növbəti amilləri nəzərdən keçirək.

  • Uşaqlar nə fiziki, nə də emosional cəhətdən cinsi münasibətə hazır deyillər. Onlar cinsi münasibətin nə olduğunu anlamırlar və buna şüurlu şəkildə razılıq verəcək vəziyyətdə deyillər. Bu o deməkdir ki, başına gələn təcavüzə görə uşaq günahkar deyil.

  • Adətən, uşaqlar böyüklərə etibar edirlər. Əxlaqsız insanların pis fəndlərindən xəbərsizdirlər və bu fəndlərin qurbanı olurlar. Bir kitabda deyilir: «Təcavüzkar insanlar mahir fırıldaqçıdırlar. Uşaqlar onların hiyləgər fəndlərindən baş aça bilməzlər» («The Right to Innocence»).

  • Təcavüz zamanı uşaqda cinsi oyanma baş verə bilər. Səndə də belə olubsa, bir şeyə əmin ol ki, bu, toxunma zamanı qeyri-iradi olaraq bədənin verdiyi fiziki cavabdır. Yəni, baş verənlər sənin razılığınla olmayıb. Ona görə də özünü günahlandırma.

Təklif. Sənin təcavüzə uğradığın yaşda olan bir uşağı fikirləş. Özündən soruş: «Təcavüzün qurbanı olduğuna görə həmin uşağı günahlandırmaq düzgün olardımı?»

Karen 3 uşağa dayəlik edərkən bunun üzərində düşünmüşdü. Onlardan biri altı yaşında, Karenin təcavüzə uğradığı yaşda idi. Karen deyir: «Mən indi başa düşürəm ki, bu yaşda uşaq necə də zəif və müdafiəsiz olur. Mən də o yaşda aciz idim».

Fakt. Təcavüzkar sənə etdiyi hərəkətə görə məsuliyyət daşıyır. Müqəddəs Kitabda deyilir: «Yalnız günah edən adam öləcək» (Hizqiyal 18:20).

 Etibarlı bir insanla dərdini bölüşməyin faydası

Etibar etdiyin bir insanla söhbət etmək səni sakitləşdirə bilər. Müqəddəs Kitabda deyilir: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

Təbii ki, baş verənləri heç kəsə deməməklə hardasa özünü təhlükəsizlikdə hiss edə bilərsən. Ola bilsin, daha çox əzab çəkməmək üçün susmaqla insanlarla aranda divar hörürsən. Amma bu divar insanların sənə kömək etməsinə mane ola bilər.

Divar qıza kömək etmək istəyən insanların qarşısını kəsir

Canet adlı gənc qadın başına gələnləri danışmaqla qəlb rahatlığı tapmışdı. O deyir: «Uşaq yaşlarımdan tanıdığım və etibar etdiyim insan tərəfindən təcavüzə məruz qalmışdım, bunu illərlə heç kimə demədim. Amma bir dəfə cəsarətimi toplayıb anamla danışdım və hiss etdim ki, sanki çiyinlərimdən ağır yük götürüldü».

Özünü gözünün qabağına gətirəndə Canet başa düşür ki, bəzilərinə bu haqda danışmaq nə üçün çətindir. O deyir: «Təcavüz haqda danışmaq heç də xoş deyil. Amma mənə onu içimdə saxlamaq ağır idi. Yaxşı olardı ki, onu vaxtında deyərdim, bu qədər uzatmazdım».

 Şəfa tapmağın vaxtıdır

Başına gələnlərə görə özün haqqında yanlış fikirlərə qapıla bilərsən. Məsələn, səni korlayıblar, dəyərsizsən, başqalarına cinsi istəklərini təmin etmək üçün lazımsan. Ancaq indi bu yalanlardan qurtularaq şəfa tapmaq vaxtıdır (Vaiz 3:3). Bu işdə sənə nə kömək edə bilər?

Müqəddəs Kitabı araşdırmaq. Müqəddəs Kitabda Allahın kəlamları yazılıb. Bu kəlamlar özün haqda olan yanlış fikirləri və «güclü istehkamları yıxmağa» [qadirdir] (2 Korinflilərə 10:4, 5). Məsələn, növbəti ayələri oxu və üzərində düşün: Əşiya 41:10; Ərəmya 31:3; Məlaki 3:16, 17; Luka 12:6, 7; 1 Yəhya 3:19, 20.

Dua. Yararsızlıq və günahkarlıq hissi səni çulğayanda dua et və «qayğı yükünü Yehovaya ver» (Zəbur 55:22). Sən tək deyilsən, Yehova səninlədir!

Yığıncağın ağsaqqalları. Məsihi kişilər «küləkdən daldalanacaq, leysandan sığınacaq» olmaq üçün təlim alıblar (Əşiya 32:2). Onlar sənə özün haqqında tarazlı fikirdə olmağa və həyat yolunda addımlamağa kömək edə bilərlər.

Yaxşı ünsiyyət. Müqəddəs Kitab prinsiplərinə uyğun yaşayan kişi və qadınlara, onların bir-birləri ilə necə rəftar etdiyinə fikir ver. Bir müddətdən sonra görəcəksən ki, bu həyatda heç də hamı yaxınlarını istismar etmir.

Tanya adlı bir gənc qız da buna özü şahid olur. Erkən yaşlarında olanda bəzi kişilər ona seks obyekti kimi yanaşırdılar. O, deyir: «Mənə əziz olan kişilər mənə zərər verdilər». Vaxt ötdükcə, Tanya gördü ki, qadınları həqiqətən sevən kişilər də var. Necə?

Müqəddəs Kitab prinsiplərinə riayət edən bir ər-arvadla ünsiyyət yaradandan sonra Tanya fikrini dəyişdi. O deyir: «Bu qardaşın həyat yoldaşı ilə necə davrandığını görəndə başa düşdüm ki, kişilərin hamısı eyni deyil. O, Allahın göstərişinə uyğun olaraq arvadını qoruyurdu» * (Efeslilərə 5:28, 29).

^ abz. 27 Əgər sənin xroniki depressiya, iştahasızlıq, yuxusuzluq, özünə xətər yetirmə, zərərli maddələrə aludəçilik və ya intihara meyillilik kimi problemlərin varsa, təcrübəli bir həkimə müraciət etmək yaxşı olardı.

Əlavə məlumat

GƏNCLƏRİN SUALLARI

Cinsi təcavüz haqda nəyi bilməliyəm? I hissə: Ehtiyat tədbirləri

Üç məsləhət sənə təcavüzün qarşısını almağa kömək edə bilər.