Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Cinsi əlaqəyə dair baxışımı necə izah edə bilərəm?

Cinsi əlaqəyə dair baxışımı necə izah edə bilərəm?

«Nə?! Hələ də bakirəsən?»

Əgər bu sualı sənə verənə cavab vermək istəyirsənsə və cavabın «hə»dirsə, onda sənə bunu cəsarət və əminliklə izah etmək lazımdır. Bu məqalə sənə kömək etmək üçündür!

 Bakirə olmaq nə deməkdir?

Heç vaxt cinsi əlaqədə olmayanlara bakirə deyirlər.

Təbii ki, cinsi əlaqə dedikdə yalnız adi cinsi əlaqə nəzərdə tutulmur. Belə bir cinsi əlaqədə olmayan, amma min cür oyundan çıxan bəziləri özlərini bakirə adlandırırlar.

Cinsi əlaqə dedikdə oral seks, anal seks, digər insanın cinsiyyət orqanları ilə edilən hərəkətlər və bu kimi digər şeylər nəzərdə tutulur.

Yadda saxla. Cinsi əlaqədə olan kəsi — istər oral seks, istər anal seks, istərsə də digər insanın cinsiyyət orqanları ilə müəyyən hərəkətlər etmək olsun — bakirə adlandırmaq olmaz.

 Müqəddəs Kitabda cinsi əlaqə haqda nə deyilir?

Müqəddəs Kitabda deyilir ki, yalnız ər-arvad bir-biri ilə cinsi əlaqədə ola bilər (Süleymanın məsəlləri 5:18). Deməli, Allahı razı salmaq istəyən insan evlənənə qədər cinsi əlaqədə olmamalıdır (1 Salonikililərə 4:3—5).

Bəziləri deyir ki, Müqəddəs Kitabda əxlaq barədə deyilənlər köhnəlib, müasir zəmanəyə uyğun gəlmir. Lakin unutma ki, bizim müasir zəmanəmiz boşanma, arzuolunmaz hamiləlik və cinsi yolla ötürülən xəstəliklərlə doludur. Əslində, bu dünyanın əxlaq məsələləri ilə bağlı məsləhətlər vermək ixtiyarı yoxdur (1 Yəhya 2:15—17).

Oturub fikirləşəndə görmək olur ki, Müqəddəs Kitabın əxlaq normaları məntiqlidir. Nümunə üçün: tutalım, kimsə sənə 1000 manat nəğd pul verib. Onu binanın başından yoldan keçənlərə atardın?

Cinsi əlaqə ilə də əlaqədar buna bənzər qərar verməlisən. 14 yaşlı Sera deyir: «Mən öz bakirəliyimi illər sonra adı belə yadıma düşməyəcək insanın ayağı altına atmaq istəmirəm». 17 yaşlı Tammi onun fikri ilə razıdır: «Cinsi əlaqə çox dəyərli hədiyyədir və boş yerə sərf ediləsi deyil».

Yadda saxla. Allah hələ evli olmayanlara bakirəlik və abırlı davranışı bir qanun kimi təsis edib (1 Korinflilərə 6:18; 7:8, 9).

 Sən nəyə inanırsan?

  • Səncə, Müqəddəs Kitabda cinsi əlaqə haqda deyilənlər məntiqlidir, yoxsa həddən artıq sərtdir?

  • Səncə, əgər iki insan bir-birini ürəkdən sevdiyini deyirsə, onların cinsi əlaqədə olması düzgündür?

Yaxşıca götür-qoy etdikdən sonra bir çox gənc oğlan və qızlar belə bir qənaətə gəlmişlər ki, bakirə olmaq və əxlaqi cəhətdən təmiz həyat sürmək ən düzgün seçimdir. Onlar buna görə peşman deyillər və ya özlərini nədənsə məhrum edilmiş hiss etmirlər. Bəzi gənclərin bu haqda nə dediyinə nəzər salaq:

  • «Mən çox xoşbəxtəm ki, bakirəyəm! Nikahdanqabaq cinsi əlaqə insana fiziki, mənəvi və emosional zərbə vurur. Bundan qaçmaqda qəbahət görmürəm» (Emili).

  • «Necə də sevinirəm ki, daşa dəymiş cinsi əlaqələrdən ibarət siyahım yoxdur. Cinsi yolla ötürülən heç bir xəstəliyə, cüzi də olsa, tutulmaq ehtimalı olmadığını bilmək ürəyimə su səpir» (Eleyn).

  • «Mən yaşda və məndən böyük olan neçə qızdan eşitmişəm ki, cinsi əlaqədə olduqları üçün peşmandılar. Onlar deyirlər ki, kaş gözləyəydilər. Mən onların səhvini təkrarlamaq istəmirəm» (Vera).

  • «Fikir vermişəm ki, bakirəliyini itirən və ya müxtəlif insanlarla cinsi əlaqədə olan bir çox insanların ürəklərində mənəvi çapıqlar əmələ gəlib. Məncə, bu, çox acınacaqlı həyat tərzidir» (Dian).

Yadda saxla. Sənə cinsi əlaqəyə girməyin üçün təzyiq göstərilməzdən və ya şirnikdirici təklif almamışdan qabaq nəyə inandığını bilməlisən (Yaqub 1:14, 15).

 Baxışlarını başqalarına necə izah edə bilərsən?

Kimsə səndən bu haqda nəsə soruşsa, baxışını necə izah edəcəksən? Çox şey vəziyyətdən asılıdır.

«Görsəm ki, kiminsə məqsədi ancaq məni qıcıqlandırmaqdır, durub qulaq asmayacağam. “Öz işinlə məşğul ol” — deyib oradan uzaqlaşacağam» (Korin).

«Əfsuslar olsun ki, məktəbdəki bəzi adamlar sırf kef üçün başqalarına söz atır, sataşırlar. Ola bilsin, onların bu məqsədlə verdikləri suallara heç cavab verməyəcəyəm» (Davud).

Bilirsən? Bəzən İsa peyğəmbər rişxəndçilərin verdikləri suallara susmaqla «cavab verirdi» (Matta 26:62, 63).

Bəs insan səmimi maraqdan irəli gələrək səndən nəsə soruşursa? Əgər düşünürsənsə ki, onun Müqəddəs Kitaba hörməti var, onda 1 Korinflilərə 6:18 ayəsindən sitat gətirə bilərsən. Və izah edə bilərsən ki, nikahdankənar cinsi əlaqədə olmaqla insan özünə böyük pislik etmiş olur və öz bədəninə qarşı günah işlədir.

Fərqi yoxdur, Müqəddəs Kitabdan istifadə edirsən, ya yox, əsas əminliklə danışmağındır. Yadında saxla, sənin əxlaqi cəhətdən təmiz qalmaq qərarınla fəxr etmək haqqın var (1 Peter 3:16).

«Əminliklə cavab verməyin onu göstərir ki, sən öz etiqadına əminsən və ürəyində şübhə yoxdur və başqasının sözünə görə yox, bunu düzgün hesab etdiyin üçün belə davranırsan» (Cill).

Yadda saxla. Əgər sən cinsi əlaqəyə dair mövqeyində qətisənsə, onda bunu başqalarına da izah edəcəksən. Onların münasibəti səni təəccübləndirə bilər. 21 yaşlı Melinda deyir: «İş yoldaşlarım bakirə olduğuma görə məni tərifləyirlər. Bu, onlara qəribə bir şey kimi gəlmir. Əksinə, onlar fikirləşirlər ki, bu, özünə hakim olmağın və ismətin göstəricisidir».

Məsləhət! Əgər sənə cinsi əlaqəyə dair mövqeyini daha əminliklə izah etməyin üçün kömək lazım gələrsə, «Cinsi əlaqəyə dair baxışını necə izah edə bilərsən?» adlı çalışma vərəqini yüklə. Həmçinin «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabına da baxa bilərsən.

  •  «Cinsi əlaqə münasibətlərimizi möhkəmləndirəcəkmi?» (Cild 1, fəsil 24).

  •  «Nəyə görə evlənənə qədər gözləmək lazımdır?» (Cild 2, fəsil 5, türk.).

«“Gənclərin sualları” kitablarındakı fikirlər mənim çox xoşuma gəlir. Misal üçün, 1-ci cildin 187-ci səhifəsində nikahdankənar cinsi əlaqə bahalı bir boyunbağını kiməsə pulsuz verməyə bənzədilir. İnsan özünü dəyər-dəyməzə satır. Səhifə 177-də isə bu hərəkət gözəl bir rəsm əsərini palaz kimi ayaq altına atmağa bənzədilir. Amma mənim ən çox xoşladığım şəkil 2-ci cildin 54-cü səhifəsindəkidir. Şəkilaltı yazıda deyilir: “Nikahdankənar cinsi əlaqədə olmaq hədiyyəni sənə verilməzdən qabaq açmağa bənzəyir. Sanki, sən başqasına — gələcək həyat yoldaşına aid olan şeyi oğurlayırsan”» (Viktoriya).