Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Bir-birimizə uyğun gəlirikmi?

Bir-birimizə uyğun gəlirikmi?

Qarşına çıxan insanın sənin üçün yaxşı həyat yoldaşı olacağını necə müəyyən etmisən?

Təkcə üzdə olanı görmək düzgün deyil. Ən gözəl qız etibarlı, ən populyar oğlan isə əxlaqlı olmaya bilər. Sənə elə birisi lazımdır ki, onun yanında özünü rahat hiss edəsən, xasiyyətiniz tutuşsun, məqsədləriniz üst-üstə düşsün (Yaradılış 2:18; Matta 19:4—6).

Onun daxili aləminə bax

Gözaltıladığın adama obyektiv bax. Ancaq ehtiyatlı ol! Sən onda görmək istədiyin şeyləri görməyə meyilli ola bilərsən. Tələsmə. Çalış onun əslində necə insan olduğunu öyrənəsən.

Görüşənlərin çoxu üzdə olanı görməklə kifayətlənir. Onlar daha çox aralarındakı oxşarlıqlara fikir verərək deyirlər: «Biz eyni musiqini sevirik», «eyni şeylər xoşumuza gəlir», «bütün fikirlərimiz üst-üstə düşür!». Lakin sən yalnız onun üzdə olan xüsusiyyətlərinə yox, gizli olan daxili varlığına diqqət yetirməlisən (1 Peter 3:4; Efeslilərə 3:16). Bax gör fikirləriniz üst-üstə düşməyəndə nələr baş verir.

Nümunə üçün aşağıdakılara nəzər sal:

  • Aranızda fikir ayrılığı yarananda o, özünü necə aparır: özündən çıxaraq və ya təhqiramiz şəkildə danışmağa başlayaraq öz fikrini yeridir? (Qalatiyalılara 5:19, 20; Koloslulara 3:8). Yoxsa Allahın qanunu pozulmayanda sülhü qorumaq xatirinə güzəştə gedir? (Yaqub 3:17).

  • O, başqalarını idarə etməyi sevir? İnsanlarla şəxsi əşyası kimi davranır? Qısqancdır? Səndən hər addımına görə hesabat tələb edir? Nikol adlı bir gənc deyir: «Bəzi cütlüklərin arasında dava çox vaxt onun üstündə düşür ki, nəyə görə biri o birisinə hara getdiyini, niyə getdiyini, kiminlə getdiyini deməyib. Məncə, bu heç də yaxşı əlamət deyil» (1 Korinflilərə 13:4).

  • Başqaları onun haqqında nə fikirləşir? Sən onu müəyyən vaxtdır tanıyan birindən, məsələn, yığıncağın yetkin bir üzvündən onun barəsində soruşa bilərsən. Bununla sən onun insanlar arasında necə ad qazandığını öyrənə bilərsən (Həvarilərin işləri 16:1, 2).